Modern.az

Mahir Qabiloğlunun 50 illik yükü

Mahir Qabiloğlunun 50 illik yükü

5 Dekabr 2016, 09:40

Mahir Qabiloğlu 50 yaşla vidalaşdı. Amma məni Mahir Qabiloğlunun 50 il bu dünyada nəyə görə yaşadığı yox, 50 ilin son 3 ili ərzində ortaya qoyduğu yaradıcılıq daha çox maraqlandırır. 

 

Yazıçının "Atam Qabilin qəribə əhvalatları”, "Ərmən – Şuşanikin sevgisi”, "Cəncəhim”, "Qurd yağı”, "Sandıq”, "Mənim əlli yaşım...” kitablarında toplanan roman, povest, hekayə və publisistik yazılar hesab edirəm ki, son illərdə bədii mühitə ciddi təsirini göstərən əsərlər oldu. Ümumilikdə, Mahir Qabiloğlunun əsərləri ilə tanış olanda üç məqam diqqətdən kənarda qalmır. Əsərin sonunu gormək üçün peşəkar oxucu olma məqamı, əsərdəki bənzətmələrin, müqayisələrin, təsvirlərin sürətli axını və dəyişkənliyi məqamı, ən nəhayətdə obrazların nə qədər miskin, qəddar və real görünməsi məqamı xüsusiylə qeyd olunmalıdır. Etiraf edirəm ki, "Cəncəhim” romanını ilk dəfə oxuyanda əsərdə Dostoyevski ruhunu, Mahir Qabiloğlunun əsərdəki obrazlarının Dostoyevskinin "Cinayət və Cəza” romanındakı Raslinkov az qala qan qohumluğu həddində olduğunu düşündüm. Amma əsərin sonunda bu fikirdən yan keçdim. Çünki Mahir Qabiloğlunun qəhrəmanları qəhrəmanlıq göstərməyə cəhd etməsələr də, Yucindən fərqli olaraq qorxaqlığı adi yaşam tərzi kimi qəbul edirdilər. Həmçinin əsərdəki maneralar Dostoyevski üslubundan kifayət qədər fərqli idi.

 

Daha sonra Mirzə Fətəli Axundov və ironiyalara, obrazların gülünc vəziyyətə salınmalarına görə Cəlil Məmmədquluzadə üslublarının vəhdətini axtardım Mahir Qabiloğlunun yaradıcılığında. Amma sonda çıxartdığım nəticə bu oldu ki, Mahir Qabiloğlunun əsərlərinin həm də gücü ona görədir ki, o artıq öz üslubunu yarada bilib. Bəs bu üslub nədən ibarətdir?

 

– Mahir Qabiloğlu obrazların təsvirində heç də rənglərdən bəhrələnmir. Rənglərin aldadıcı qatışığından imtina edərək boz çaları olduğu kimi ortaya çıxarır. Məsələn, Mustafa adlı qəhrəman gözlənilmədən nazirlikdə ən yüksək vəzifəyə təyin edilir. Əvəzində nazirin katibəsi ilə evlənir. Bir müddətdən sonra Mustafanın öz qızı nazirin katibəsi olur və bir müddətdən sonra nazir Mustafanın qızını da başqa birinə ərə verir. O an Mustafa anlayır ki, nazir katibələri ilə bir müddət yaşayır və sonra onun kimi miskin insanlara ərə verir. Mustafa isə sonunda bunu sadəcə olaraq qəbul etmək məcburiyyətində qalır. Gördüyünüz kimi Mahir Qabiloğlunun öz qəhrəmanına zərrə qədər yazığı gəlmir. Çünki əslində reallıq məhz budur. Mahir Qabiloğlu üslubunun ən ciddi özəlliyi də budur ki, o, cəmiyyəti insanlara öz gördükləri kimi göstərə bilir. Yəni birbaşa təmas.

 

– Mahir Qabiloğlu üslubunda ən diqqəti cəlb edən məqamlardan biri də bənzətmələr və müqayisələrdir. Bədii yaradıcılılqda müqayisələr aparmaq, bənzətmələr etmək kifayət qədər ağır bir haldır və Mahir Qabiloğlu bunu elə bir üslubla edir ki, "müqayisələr qüsurludur”– deyimi gücünü itirir.

– Mahir Qabiloğlu yaradıcılığında uzaqməsafəli proqnozların bədii dildə çatdırılması ilə yanaşı, altqatında bir ideoloji yük də var. Məsələn, "Ərmən – Şuşanikin sevgisi” əsərində bir azərbaycanlı oğlan erməni qızıyla münaqişənin qızışdığı zamanlarda ailə qurur. Övladları olur və erməni qızı təkid edir ki, oğlunun adı Ərmən olsun. Qədim türk adı. Bir müddət keçir və onlar Rusiayaya köçməli olurlar. Rusiyada hava limanında nəzarətçi uşağın sənədlərinə baxıb, uşağa Armen deyə müraciət edir. Kişi bildirir ki, oğlunun adı Ərməndi, Armen deyil. Amma sonra görür ki, ruslar "ə” hərfindən istifadə etmirlər. O zaman barmağını dişləyərək erməni hiyləgərliyi qarşısında aciz qalır. Beləcə gördüyünüz kimi Mahir Qabiloğlu "ə” və "a” hərfləri arasında keçid etməklə nə cür problemi ortaya çıxarır.

 

– Mahir Qabiloğlu üslubunun ən təhlükəli məqamlarından biri də budur ki, o, oxucularının alt şüuru ilə danışmağı bacarır. Çünki bütün obrazlarda qəhrəmanlar zahiri hərəkətləri ilə yox, daha çox alt şüurları ilə diqqət önünə gəlirlər. Bütün qəhrəmanlara alt şüurda aydın olur ki, atdıqları addımlar qüsurludur, amma adi şüur onları bu bataqlığa istiqamətləndirir. Və çox maraqlıdır ki, oxucu da əsəri oxuyanda altşüurla düşünməyə başlayır və obrazlarla özü arasında özündən xəbərsiz müqayisələrə başlayır. Dəfələrlə şahidi olmuşam ki, adi oxucu Mahir Qabiloğlunun hansısa yazısını oxuyanda əsərdəki qəhrəmanları qonşuları, tanıdıqları insanlarla müqayisəyə başlayırlar. Yəni ki, əsərdən ayrılan oxucu hələ əsəri bitirməmişdən öncə o cəmiyyətin içində özünü hiss edir.

 

Beləliklə, bütün bunları cəmləşdirərək deyə bilərik ki, Mahir Qabiloğlu 50 yaşına əliboş gəlmədi və yaratdığı əsərlər günümüzün ən tutarlı əsərləridir. Sadəcə bir məsələ qalır, daha geniş oxucu kütləsinə çıxmağın yolunu tapmaq.


Eldəniz Elgün

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı