Modern.az

“Reket jurnalistlərin arxasında məmurlar durur”

“Reket jurnalistlərin arxasında məmurlar durur”

Media

5 Dekabr 2016, 13:38

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən vətəndaşları şantaj edən dəstə zərərsizləşdirilib. Belə ki, “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilibər.

 

Məsuliyyətə cəlb edilənlərin hazırladıqları şantaj xarakterli materiallar, ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Maraqlıdır ki, reket jurnalistlərdən ibarət dəstənin tutulması fonunda  digərlərinin də istintaqa cəlb edilməsi davamlı ola bilərmi?

Yaxud da, bu cür əməl sahiblərini  istintaq  yolu ilə  cəzalandırmaq, digərlərinin də qorxmasına yol açarmı?

 

“Azərbaycan” qəzetinin baş redaktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, deputat Bəxtiyar Sadıqov Modern.az-a açıqlamasında mövzunu şərh edib. Onun sözlərinə görə, bir reket jurnalistin tutulması digərində qorxu hissi yarada  bilməz.

 

“Güman etmirəm ki, birinin həbs edilməsi, cəzalandırılması digərlərində  qorxu yaratsın. Əvvəla, Azərbaycanda jurnalistikaya həmişə hörmət olub. Söz və mətbuat azadlığı yaranandan sonra müəyyən insanlar bu hörmətdən sui-istifadə etməyə başladılar. Qəzet buraxmaqla, sayt açmaqla, jurnalistikanı da, jurnalistləri də hörmətdən saldılar. Özləri üçün bundan çirkli dolanışıq mənbəyi yaratdılar.

 

Beləliklə,  reket jurnalistlər, həm də yaramaz insanların tapşırığı ilə jurnalist adından istifadə etməklə, insanları şantaj etmək, hədə-qorxu gəlmək, insanlar haqqında mənfi kompromatları açıqlamaqla “sizi biabır edəcəyik” deyib soyğunçuluqla məşğul oldular. Təəssüf ki, arxalarında nüfuzlu məmur qrupu dayandığına görə uzun müddət bunların əməlləri intişar tapıb və bunlar bu işdən yaxşı qazanıblar”

 

Baş redaktor bir məqama toxunaraq deyib ki, məlum “MTN işi”ndə reket jurnalistlərin də barmağı olub.

 

""MTN-işi” baş verən zaman məlum oldu ki, oradakı mənfi işlərlə məşğul olan generallar həm də mətbuatla əlaqəli işləyərək bu əməllləri törədiblər. Sirr deyil ki, bir neçə qrup var ki, o işlə məşğuldur. Həmin o  qəzetlər,  saytlar,  jurnalistlər bu işlə məşğul olurdular.

 

Nədənsə, elə oldu ki, dərhal səslərini kəsdilər. Çağrılıb sorğu-sual edəcəklərini gözlədilər. Bir müddət keçdi. Qəfildən bu sükut da bitdi. Hər şeyi arayıb-axtaran, ifşa edən  jurnalistlərimiz səslərini çıxarmadılar. Sonra həmin qrup qabaqdangəlmişlik etməyə başladı. Hamıdan çox əl-ayağa düşüb bu cür hərəkətləri pislədilər. Bunların harada fəaliyət göstərmələri ofisləri faktlarla ortaya çıxdı”.

Bəxtiyar Sadıqov onu da bildirib ki, bu cür həbslər davamlı ola bilər.

“Belə hesab edirəm ki, jurnalistikada qayda-qanun yaratmaq istəyiriksə, bu cür həbslər davamlı olmalıdır. Sadəcə bu cür məsələlər əşyayi-dəlillər vasitəsilə sübut olunmalıdır. Həm də bunların tələsinə düşən insanların müraciəti də kömək edə bilər”.

 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir