Modern.az

Jurnalistlərin alış-veriş etdikləri böyük ticarət obyektləri – Kim haranı seçir?..

Jurnalistlərin alış-veriş etdikləri böyük ticarət obyektləri – Kim haranı seçir?..

Mədəni̇yyət

28 Noyabr 2016, 16:34

Bəzi insanlar alış-veriş üçün böyük ticarət mərkəzlərinə - super-marketlər və “Mall”ara getməyə üstünlük verirlər. Psixoloqların fikrinə görə, super-marketlərdə, “Mall”arda alış-veriş edən insanlar stressdən uzaq olurlar. Geyim, qida, aksesuar, uşaq oyuncaqları, kitab mağazalarının tək bir mərkəzdə birləşməsi buranı insanlar üçün daha da cəlbedici edir.

Maraqlıdır, Bakıda daha çox hansı ticarət mərkəzinə alış-veriş etməyə gedirlər? Doğrudanmı bu obyektlərdə ucuzluq olur?

Modern.az saytı bu suala jurnalistlərdən cavab istəyib.

 

Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlı “Mall”ların  heç birindən istifadə etmədiyini deyib.

“Mən bir dəfə “28 Mall”da olmuşam. O da yadımda deyil nə vaxt. Xoşuma gəlmir elə yerlər. Hamı bir-birinin ağzına baxır. Elə bil ki, kimsə nəsə səhv edəcək və ona əskik adam kimi baxacaqlar. Həm də orada bəziləri adama yuxarıdan aşağı baxır. İnsanlar  elə yerlərdə təbəqələşirlər. Ona görə də “Mall”lardan istifadə etdmirəm”.

Şərq qəzetinin baş redaktoru Akif Aşırlı isə “Binə” və “Sədərək” ticarət mərkəzlərindən istifadə edir.

“Çünki oradakı qiymətlər mənim büdcəmə daha uyğundur. Digər böyük ticarət mərkəzlərində və “Mall”lardakı qiymətlər isə çox bahadır.  Məni qane etmir. Ona görə onlardan istifadə etmirəm. Uşaqlarım Türkiyədə təhsil aldıqlarına görə, ora tez-tez gedib-gəlirəm. Lazım gələrsə, elə oradan da alış-veriş edirəm”.

 

 “Cümhuriyət” qəzetinin əməkdaşı Yeganə Quliyeva son vaxtlar geyimlərinə nəzər salanda əksəriyyətinin “28 Mall” və “Metropark” ticarət mərkəzlərindən aldığını görür.

 “Orda qiymətlərin həddən artıq şişirdilmiş olmasından da xəbərdaram. Onu da bilirəm ki, hətta geyim məhsullarının çeşidlərində də o qədər rəngarənglik yoxdur. Xidmət qane etməsə də buna məcburuq. Çünki bu obyektlər şəhərin mərkəzində, yolumun üstündə yerləşdiyindən işdən sonra olsa da, gedib ehtiyacımızı qarşılaya bilirik. Təəssüf ki, çox çeşidliliyi ilə seçilən “Binə” Ticarət Mərkəzi indi demək olar ki, boşdur və yeni mallar gətirilmir”.

Azvision.az-ın əməkdaşı Şəhanə Rəhimova də “Mall”lara müraciət etmədiyini bildirib.

 “Daha çox alış-verişi Sumqayıtdakı yerli bazardan və 28 may metrosunun keçidindən edirəm. “Mall”lar arasında isə ən çox alış-verişi “28 Mall”dan edirəm. Çünki ora mənim iş yerimə daha yaxındır. Xidmətlər isə normaldır. Pis münasibət görməmişəm. Sadəcə olaraq “Mall”lardaki qiymətlər baha olduquna görə onlara çox da müraciət etmirəm”.

Mövqe.az-ın əməkdaşı Mübariz Bayramov “Mall”lardan arada bir alış-veriş etdiyini bildirib.

“Əsasən “28 Mall”dan alış-veriş edirəm. Çünki adətən belə ticarət mərkəzləri yüksək səviyyədə xidmət göstərirlər. Yəni bir insanın onların xidmətindən narazı qalması real görünməz. O cür böyük ticarət mərkəzi insanların düşündüyü, gördüyü, eşitdiyi əksər xidmətləri təchiz edirlər. Qane olmayacağımız tərəf isə yalnız qiymətlərin bahaçılığı ola bilər”.

 

“Report”un bölgələr üzrə redaktoru Valeh Dadaşov daha çox “28 Mall” dan  alış-veriş edir.

“Xidmət isə zəifdi. Ancaq buna baxmayaraq, istənilən malı almaq və asanlıqla tapmaq mümkündür. Qiymətlərə gəlincə isə digərləri ilə müqayisə etmədiyim üçün bahalı və ya ucuz olmasını deyə bilmərəm”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!