Modern.az

Ceyhun Hacıbəylinin araşdırmaları

Ceyhun Hacıbəylinin araşdırmaları

7 Dekabr 2016, 11:48

Abid TAHİRLİ


Çoxşaxəli, çoxsahəli  fəaliyyəti ilə xalqımızın  istiqlal mücadiləsi tarixində olduğu kimi,  ədəbi-mədəni, mətbu həyatında da xidmətlər göstərən Ceyhun Hacıbəylinin folklorşünaslıq, ədəbiyyatşünaslıq, sənətşünaslıq, tarix və politologiya istiqamətlərində araşdırmaları bu gün də aktuallığını və əhəmiyyətini itirməmişdir.  Fikrimizcə, C. Hacıbəylinin  araşdırmaları barədə dolğun, sistemli  elmi –nəzəri nəticələr əldə etmək üçün ayrı-ayrı tədqiqat sahələrinə müvafiq olaraq onun qələmə aldığı əsərlərin təsnifatını verməklə təhlil etmək və dəyərləndirmək məqsədəuyğundur.

1.Ədəbiyyatşünaslığa, tariximizə, mətbuat, mədəniyyət və incəsənət  xadimlərinin həyat və yaradıcılığına  dair əsərləri.

Hələ ilk yaradıcılığı dövründə ədəbiyyat tarixi və ədəbiyyatşünaslıq məsələlərinə maraq göstərən C. Hacıbəyli sahə ilə bağlı bir sıra dəyərli məqalələr yazmış və dövrün mətbu orqanlarında dərc etdirmişdir. Mühacirətəqədərki dövrdə Ceyhun Hacıbəyli  publisist, ədəbiyyatşünas, maarifpərvər din xadimi, M. F. Axundovun məsləhəti ilə tərtib etdiyi “Azərbaycanda məşhur olan şüəaranın əşarına məcmuədir” adlı dördcildlik  əsəri ilə milli ədəbiyyat tariximizin öyrənilməsinə qiymətli töhfə verən ( həmin əsərdə XVIII- XIX əsrlərdə yaşayıb- yaratmış Azərbaycan şairlərinin əsərlərindən nümunələr toplanılmışdır)  Mirzə Hüseyn Əfəndi Qayıbov haqqında (1830-1917) yazdığı məqaləni  bu gün də ədəbiyyatşünaslığımızın dəyərli qaynaqlarından hesab etmək olar.  Şair, yazıçı, alim, tərcüməçi Abbasqulu Ağa Bakıxanov haqqında  Ceyhun Hacıbəylinin  Fransa mətbuatında dərc etdirdiyi məqalə həm Vətənimizin, onun şöhrətli övladlarının tanıdılması baxımından, həm də A. Bakıxanovun irsinin tədqiqi yönündən mühüm əhəmiyyət kəsb edir. Mühacirətdə ikən də  Azərbaycanın ədəbiyyat, mədəniyyət və incəsənətini təbliğ etməyə çalışan C. Hacıbəylinin  fransız mətbuatında – qəzet və jurnallarında dərc etdirdiyi məqalələr daha çox diqqətəlayiqdir.

Abbasqulu Ağa Bakıxanov haqqında 1934-cü ildə «İki dünyanın jurnalı»nda dərc etdirdiyi məqalənin əvvəlində göstərir ki, Qafqaz xalqlarının tarixinə həsr edilmiş əsərlər çox azdır. Qədim tarixçilər, xüsusilə ərəb, yunan və farslar bu barədə təsadüfdən-təsadüfə, daha çox müdaxilə və basqınları təsvir edərkən bəhs etmişlər. Ceyhun bəy təəssüflə yazırdı ki, biz öz tariximizi, xüsusilə monqol müdaxiləsindən başlamış rus işğalınadək olan dövr haqqında çox az bilirik.

Azərbaycan XX əsrin sonunda ikinci dəfə müstəqillik əldə etdikdə C.Hacıbəylinin 30-cu illərin ortalarında xarici mətbuatda qaldırdığı problem bütün çılpaqlığı ilə özünü göstərdi. «Tarix» ideologiyaya xidmət etdiyi üçün yaşamadı. Sovet tarixçiləri həm son 70 ilin saxta tarixini yazmışlar, həm də əvvəlki dövrləri təhrif etmiş, bir çox tarixi faktlara qəsdən, bilərəkdən göz yummuşlar. SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı qarşısında bütün çətinliyi ilə duran suallardan biri də tariximiz oldu. İş o yerə çatmışdı ki, xalqımızın, dilimizin adı, Konstitusiyada onların necə adlandırılması referenduma çıxarıldı. Bütün bu problemlər şübhəsiz ki, tariximizdəki, daha dəqiq desək, tarix haqqında yazılan əsərlərimizdəki boşluqların, çatışmazlıqların nəticəsi idi. C.Hacıbəyli 1934-cü ildə yazırdı ki, «bu boşluğu, qismən də olsa, Abbasqulu Ağa Bakıxanov adlı bir azərbaycanlı alimin «Gülüstani-İrəm» adlı əsəri doldura bilər.

 Ceyhun bəy əsərin əhəmiyyətini qeyd etdikdən sonra «Gülüstani-İrəm»in nəşr olunub-olunmaması barədə fikir və mülahizələrini bölüşür. Qeyd edir ki, onun bəhs etdiyi variant rus dilindədir və 320 səhifədən ibarətdir. Müəllifin fikrincə, «Şirvanın və Dağıstanın tarixi» adlanan rus variantı stilistik və qrammatik cəhətdən zəifdir, bununla belə əhəmiyyətini itirmir. Məlum olur ki, rus variantında müqəddimədən sonra 21 səhifə ölkənin coğrafi təyinini və təsvirini verir. Əsər beş dövrə həsr olunmuş beş hissəyə bölünüb: «Qədim dövrdən ərəblərin Qafqazda peyda olmasına kimi» adlanan  I hissə 30 səhifədən ibarətdir və burada həmin dövrün tarixi mənzərəsi ətraflı  işıqlandırılır. 40 səhifəlik II hissə ərəblərin peyda olmasından (VII əsrin ortaları) monqol işğalı (VIII əsrin ortaları) arasındakı dövrə həsr olunub. 27 səhifəlik III hissə monqol-tatar müdaxiləsindən İranda Səfəvilər sülaləsinin taxta çıxmasınadək (XV əsr) tarixi əhatə edir və bu sülalənin bütün hökmdarlarının siyahısını nəzərə çatdırır. Ən böyük, 96 səhifəlik IV hissə XV əsrdən Nadir şahın ölümünə qədərki dövrdən bəhs edir (XVIII əsrin ortaları). Nəhayət, 75 səhifədən ibarət olan V hissə ölkənin Nadir şahın ölümündən Rusiya və İran arasındakı Gülüstan müqaviləsinədək (XIX əsrin əvvəli) olan dövrü təsvir edir. 17 səhifəlik əlavə Şirvan və qonşu ərazilərin «diqqətəlayiq adamların, ziyalı və alimlərin həyatına aid kiçik qeydlərə həsr olunub. Bu əlavə bütün müsəlman aləmində məşhur olan Xaqani, Fələki, Çələbi, Nizami, Əbül-üla və s. kimi 20-yə yaxın şəxsin tərcümeyi-halından ibarətdir.

C.Hacıbəyli göstərir ki, A.Bakıxanov bunlardan başqa daha 30 nəfərə yaxın Şirvan mənşəli yazıçının adını çəkir. Müəllif yazır: «O, əsəri öz şəxsi həyatına aid bəzi detalları verməklə bitirir və deyir ki, «bu onun qürur hissindən deyil, adətə hörmətdən və onun məhz bu ölkədən çıxmasından doğan məğrurluqdan irəli gəlir». «Başqaları qızılgül və jasmin, mən isə yalnız itburnu gülü olsam da, bu bizə eyni gül bağından olmağımıza mane olmur».

       C. Hacıbəylinin görkəmli yazıçı- publisist İsmayıl Qaspiralı, milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, ədəbiyyat və mətbuat xadimlərindən , Qasım bəy Zakir,  Mirzə Ələkbər Sabir, Abdulla bəy Divanbəyoğlu, Haşım bəy Vəzirov istedadlı və nakam aktyor Hüseyn Ərəblinski, tanınmış tatar şairi Abdulla Tukay,  görkəmli macar türkoloqu Yuli Remet,  gürcü şairi, yazıçı, ictimai xadim Akaki Sereteli (1840-1915), klassik Şərq poeziyasını parlaq simaları Hafiz Şirazi,  Əbülqasım Firdovsi kimi ədəbiyyat, mədəniyyət xadimlərinə    həsr etdiyi yazılar  onun maraq dairəsinin zənginliyinə, eyni zaman da peşəkar, səriştəli  tədqiqatçı olduğuna dəlalət edir.

       
Ceyhun Hacıbəlinin sevə-sevə haqqında bəhs etdiyi İsmayıl Qaspiralı türk dünyasının mədəni, mətbu-ictimai-mənəvi tarixində misilsiz rol oynamışdır. Onun həmişəyaşar  ideyaları taleyin hökmü ilə dünyaya səpələnmiş böyük bir millətin illər uzunu arzu və istəklərini əks etdirməklə bərabər, tərəqqi, dirçəliş, xilas yoluna işıq saçmışdır. Bu ideya çox yığcam şəkildə belə ifadə olunmuşdur: «Dil, fikir və iş birliyi». Bu ideyanın formalaşmasına, sonralar isə alovlu təbliğinə İ.Qaspiralı bütün həyatını həsr etmişdir.

C.Hacıbəyli sevə-sevə “mədəniyyətimizin pioneri” adlandırdığı milli mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin həyat, fəaliyyətinə də dəfələrlə məqalələr həsr etmişdir. Bu baxımdan onun «Kaspi» qəzetində dərc olunan və «Həsən bəy Məlikovun xatirəsi» (1912-ci il, № 269) və «Müsəlmanın qeydləri» rubrikası ilə «Yeddi il» adlı məqalələri (1914-cü il, №267) diqqəti xüsusi ilə cəlb edir. C.Hacıbəyli Həsən bəy Zərdabi ideya və əməllərinin daim aktual və əhəmiyyətli olduğunu diqqətə çatdırır və bu məsələnin həmişə gündəlikdə saxlanılmasında qələm əhlinin üzərinə böyük vəzifə düşdüyünü vurğulayır. 
       Ceyhun bəy böyük alim və maarifçi mühərrir Həsən bəy Zərdabinin vəfatının 7 illiyi münasibəti ilə yazırdı: «Bu gün müsəlman-maarif işinin pioneri sayılan H.Məlikovun ölümündən 7 il keçir. Gurultulu nitq və təntənəli mərasimlə dəfn olunan Məlikovun vəfatından 7 il keçir». («Kaspi» qəzeti, 1914-cü il, 29 yanvar, № 10). Məqalə müəllifi mərasimdən sonra H.Məlikova münasibətlə bağlı hansı işlər görüldüyünü araşdırmaq istəyir. Bu qənaətə gəlir ki, «deyəsən, o çıxışları elə həmin gün külək aparmışdı...

Böyük xalq xadimi təntənə ilə dəfn olundu, qəzetlər iki-üç gün yazdı, şəkil və tərcümeyi-halı dərc edildi. Vəssalam. Müsəlman cəmiyyəti bu nəhəng şəxsiyyəti unutdu. Həsən bəyə abidə qoymadı. Mərhuma baş daşı qoymaq üçün onun xanımınına yardım belə etmədi». C.Hacıbəyli bu münasibətin təsirindən hiddətlə yazırdı ki, vəhşilər belə öz rəhbərlərinin qəbrini abadlaşdırır, bəzəyirlər.

Böyük xalq xadiminə ögey, laqeyd, biganə münasibətdən hiddətlənən C.Hacıbəyli məqaləni daha sərt cümlələrlə bitirir: “Bütün hallarda, iş yerinə zəmanət verməkdə də, yerə təqdim etməkdə də, vəzifədə yüksəlməkdə də Məlikovlar ailəsindən yan keçilir. Bunu izah etmək çox çətindir. Hər halda xalq xadiminin ailəsinə nəinki yardım göstərilmir, əksinə, bu ailənin üzvləri sıxışdırılır, öz əməkləri hesabına yaşamağa maneçilik törədilir. Bunlar nəyə lazımdır? Nə məqsədlə edilir? Bəzilərinin bildiyi, lakin susduğu, bəzilərinin isə bilmədiyi bu vəziyyət xüsusi öyrənilməli, araşdırılmalıdır. Yoxsa, öz canyandıranımızın, himayədarımızın xatirəsinə bu cür münasibət az-çox mədəni cəmiyyətdə hələ təsadüf olunmayan xüsusiyyətlərimizi üzə çıxara bilər. Hətta vəhşilər belə öz başçılarının məzarlarını bəzəyirlər. Bizdə vəhşilik dövrü keçmişdirsə də, mədəni dövr hələ başlamamışdır…”

Mətbuat və mədəniyyət tariximizdə silinməz iz buraxmış «Әkinçi» qəzetinin redaktoru H.Məlikovun vəfatının beş illiyi münasibətilə C.Hacıbəyli yazırdı ki, hər bir jurnalistin borcudur ki, bu əlamətdar tarixi günü qeyd etsin. Bu ictimai və mənəvi şüura təsir edir, onu dirçəldir. («Həsən bəy Məlikovun xatirəsinə» məqaləsi, «Kaspi» qəzeti, 1912-cü il, 28 noyabr, № 267).

Görünür, C.Hacıbəyli bir qədər əvvəl «Müsəlmanın qeydləri»ndə cəmiyyətin diqqətini bu məsələyə yönəldəndə ümid edirdi ki, xeyriyyə cəmiyyətləri onun dediklərindən nəticə çıxaracaq. («Kaspi» qəzeti, 1915-ci il, 29 yanvar, № 29).  Bütün həyatını xalqa həsr etmiş, xalq naminə şəxsi səadətdən imtina etmiş, bir çox sahələrdə pioner olan bu şəxsə müsəlman cəmiyyətində adi baş daşı qoymağa pul tapılmadı.

Ceyhun bəy böyük satira ustası M.Ә.Sabir və xalqın tərəpqisi, maariflənməsi yolunda ömrünü şama döndərən H.Vəzirovun da irsinin toplanması, gələcək nəslə çatdırılması, adlarının əbədiləşdirilməsini çox zəruri vəzifə kimi irəli sürürdü. («Bir ölüm ətrafında» məqaləsi, «Kaspi» qəzeti, 1913-cü il, 20 aprel, № 87, «Kədərli ildönümü» məqaləsi «Kaspi» qəzeti, 1917-ci il, 5 fevral, № 29). H.Vəzirovun fəaliyyətini ehtiramla yad edən C.Hacıbəyli təlaşla soruşur: «Haşım bəyin adı Qafqaz müsəlmanlarının ictimai-milli dirçəliş tarixinə düşəçəkmi?» Cəmiyyətdə  hökm   sürən  etinasızlıq müəllifi kədərləndirir. Müəllif H.Vəzirovun əsərlərinin çapını, tərcümeyi-halının tərtib edilməsini, xidmətlərinin qələmə alınmasını günün təxirəsalınmaz vəzifəsi hesab edir.

  «Bir ölüm ətrafında» adlı məqaləsində Volqaboyu müsəlmanlarının adlı-sanlı söz ustası Abdulla Tukayın vəfatının adamları nə qədər sarsıtdığından bəhs edən C.Hacıbəyli göstərir ki, biz istedadlı şair Sabiri ləyaqətlə dəfn edə bilmədik. Onun əsərlərinin çapı üçün isə qəpik-qəpik vəsait toplamaq məcburiyyətində qaldıq. Abdulla bəy Divanbəyoğlunun “Can yanğıs” povestinin mövzu və ideya baxımından təhlil edən Ceyhun bəy əsəri yüksək dəyərləndirir. 

        Ceyhun Hacıbəyli tərəfindən  mətbuat tariximizlə bağlı müəyyən araşdırmalar aparılmış, xatirələr,  icmallar yazılmışdır. Ceyhun bəy ilk dəfə Azərbaycan mətbuat tarixinin elmi, sistemli və əhatəli tarixini qələmə almışdır. Firidun bəy Köçərli ədəbiyyat tariximizin, C.Hacıbəyli mətbuat tariximizin bünövrəsini, təməlini qoymuşlar. Onun 1909-cu ildə mətbuat tarixi ilə bağlı araşdırmasını (MDƏİA, fond 649, iş 104) ilk dəfə  AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.n. Mənzər İbrahimova üzə çıxarmış və “Molodyoj Azerbaydjana” qəzetinin iki nömrəsində  “Əkinçi”dən “Həqiqət”ədək” adı ilə dərc etdirmişdir (3, 6 iyul 1994, №73, 74). C.Hacıbəyli “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Rəhbər”, “Dəbistan”, “Təkamül”, “Yoldaş”, “Molla Nəsrəddin”, “Füyuzat”, “Tazə həyat”, “Tərəqqi”, “Proqres”, “İttifaq”, “Zənbur”… kimi mətbu orqanların da məramı, ideya-istiqaməti, toxunduğu problemlər, redaktor və mühərrirləri haqqında geniş bəhs edir, onların cəmiyyət həyatında yeri və rolunu dəyərləndirir.

       Məsələ burasındadır ki, bütün həyatını mətbuata həsr edən C.Hacıbəyli bu tədqiqat əsərindən əvvəl də, sonra da mətbuat, mətbəə-nəşriyyat problemlərinə dair xeyli məqalə yazmış və dərc etdirmişdir. “İncəsənət və müsəlmanlar” adlı məqaləsində (“Baku” qəzeti, №196, 2 sentyabr, 1909) “Qələm qələbənin və təntənənin simvoludur” yazan Ceyhun bəy təəssüflə göstərirdi ki, bir nəfər də olsun rəssamımız, heykəltəraşımız, artistimiz yoxdur və əgər xalqın mədəni səviyyəsi onun mətbuat orqanlarının miqdarı ilə müəyyən edilir fikri ilə razılaşsaq, o zaman bizim müsəlmanlar yalnız amerikalı hindilərlə rəqabət apara bilərlər”. “Qəzet işi haqqında” məqaləsində (“Kaspi”, №226, 1912) C.Hacıbəyli kədərlə qeyd edir ki, Rusiya imperiyasında yaşayan 20 milyon müsəlmanın 4 adda gündəlik qəzeti olmaqla cəmi 8 qəzeti və 3 jurnalı var: hər 2 milyon yarım adama 1 qəzet, hər 7 milyona 1 jurnal.

        Mətbuatın problemlərinə həsr etdiyi çoxsaylı məqalələrində C.Hacıbəyli qəzet və jurnalların mövzu, onun aktuallığı, əhəmiyyəti, ideya-istiqaməti, oxucu, dil-üslub, sənətkarlıq, eləcə də maliyyə- texniki məsələləri ilə bağlı peşəkar münasibət bildirir, mülahizələrini bölüşür.   Ceyhun Hacıbəyli İranın mətbuat tarixi ilə də bağlı irihəcmli məqalə qələmə almışdır (“Kaspi”, №103, 1913). Məqalənin əvvəlində müəllif göstərir ki, Rəşt şəhərindəki İngiltərənin vitse-konsulu İran mətbuatı tarixinə dair maraqlı araşdırma aparmış, ilk qəzetin nəşrindən bugünədək çıxan bütün orqanlar haqqında məlumat toplamış və bununla bağlı Fransa mətbuatında məqalə dərc etdirmişdir. Ceyhun bəy həmin məqalənin məzmunu ilə oxucuları tanış etməklə kifayətlənmir, materialı yeni faktlarla zənginləşdirir.

       C. Hacıbəylinin 1911-ci ildə «Kaspi» qəzetində «Azərbaycanın gülləri» adlı iri həcmli məqaləsi dərc olunmuşdur. Həmin məqalədə 7 nəfər Azərbaycan şairəsinin- Ağabəyim Ağa, Aşıq Pəri, Gövhər Ağa, Fatma xanım Kəminə, Xurşud Banu Natəvan, Fatma Bikə, Qubalı Bikə xanımın həyat və yaradıcılığından bəhs olunur: Məqalədə məsələnin qoyuluşu maraq doğurur. Ceyhun bəy fəxrlə yazırdı ki, dini qadağalara, təqiblərə baxmayaraq hüquqsuz Azərbaycan qadınları azadlıq uğrunda mübarizə aparmaqla kifayətlənmir, həm də yaradıcılıqla məşğul olur, ürək sözlərini sənətdə yaşadırdılar. C.Hacıbəylinin təbirincə desək, «bu qadın şairlər öz kişi həmkarlarından geri qalmır, insan qəlbinin incə hisslərini, tellərini vəsf edəndə isə onları üstələyirlər».

Ədəbiyyat tariximizdə ilk dəfə olaraq bu qadın  şairlərin bədii irsini C.Hacıbəyli  rus və fransız dillərinə tərcümə etmiş və onların yaradıcılıq haqqında elmi mülahizələr söyləmişdir. Qeyd etdiyimiz kimi, C.Hacıbəyli mühacirət dövründə də bu mövzuya müraciət etmişdir. Onun fransız dilində yazdığı  «Azərbaycan şairələri» məqaləsi, həm də ona görə maraq doğurur ki, müəllif burada şairlərin yaradıcılığını yüksəltməklə yanaşı, sovet ədəbiyyatşünaslığını tənqid hədəfi seçir. Tədqiqatçı yazır ki, Bolşevik təbliğatçıları XX əsrin feodal Azərbaycanından, xüsusilə, qadınların həyatından bəhs edərkən, hec bir işıqlı cəhət görmürlər. Halbuki, Azərbaycan öz tarixində lirik və hətta fəlsəfi xarakterli poeziya nümunələri yaradan şairələr az olmamışdır.

Ceyhun bəy ehtimal edir ki, qadın şairlərin, xüsusilə Natəvanın irsində «sinfi çaların» olmadığı üçün bolşevik poeziya həvəskarlarının diqqətini cəlb etmişdir. Lakin, həm  də ola bilər ki, bu qadın şairləri təbliğ etməklə «müasir qadın poeziyasındakı boşluğu» doldurmaq istəyirlər. «Bax, beləcə 40 ildir ki, onlar öz Natəvanlarını gözləyirlər. O gələcəkmi - hələ məlum deyil»- deyə  C. Hacıbəyli məqaləni qəmli notla bitirir.


2. Folklorşünaslığa dair araşdırmalar və folklor nümunələrindən istifadə.


“Ceyhun Hacıbəyli və folklor” mövzusundan bəhs edərkən , fikrimizcə, problemə bir neçə aspektdən  (Ceyhun Hacıbəyli-  folklor toplayıcısı, folklor tədqiqatçısı, folklor nümunələrindən yaradıcı şəkildə,  yerli-yerində istifadə edən yazıçı kimi)  yanaşmaqla daha sanballı , daha dolğun və doğru elmi-nəzəri  nəticələr əldə etmək olar.

      1919-cu ilədək Qarabağı oymaq-oymaq gəzmiş, ağsaqqallar və ağbirçəklərlə görüşmüş, şifahi söz bilicilərini dinləmiş, yüzlərlə bayatı, alqış, qarğış, yalvarış, and, məzhəkə, oyun, müraciət formaları, hərbə-zorba, oxşama, layla, yanıltmac, ağı, zarafat, məzəli deyimlər və sair kimi şifahi xalq ədəbiyyatı nümunələrini toplamış, mühacirətdə ikən onları fransız dilinə çevirmiş və 1934-cü ildə Parisdə nəşr olunan “Asiya” jurnalında “Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)” adı ilə nəşr etdirmişdir. Ceyhun bəy folklor nümunələrini toplamağa görkəmli türkoloq Radlovun tədqiqatlarının davamçısı olan M.Samoyloviçin məsləhəti və köməyi ilə başladığını yazır. Sonralar baş verən ictimai-siyasi proseslər bu işi yarımçıq qoyur…

       Ceyhun bəy folklor nümunələrini toplamaqla kifayətlənməmiş, Qarabağ dialekti və folklorunun özünəməxsus məziyyətləri, ölkəmizin digər bölgələrinin şifahi ədəbi nümunələri ilə onların oxşar və fərqli cəhətləri barədə maraqlı mülahizələr irəli sürmüş, yeri gəldikcə xalq deyimlərinin yaranma səbəbləri, məna, məzmun və mahiyyəti, işlənmə məqamı barədə dolğun məlumat vermişdir. Onun fikrincə, Qafqaz Azərbaycanında işlənən müxtəlif dialektlər içərisində Qarabağ dialekti səslənməsinə görə çox zəngin, formasına görə çox cazibədardır. Bir sözlə, bu əsəri ilə o, mahir folklorşünas kimi də diqqəti çəkir.

           C.Hacıbəylinin təxminən 100 il əvvəl topladığı, 80 il əvvəl Parisdə fransız dilində nəşr etdirdiyi “Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)” kitabı ilə Azərbaycan oxucusu, elmi ictimaiyyəti yalnız 1999-cu ildə tanış olmuşdur: AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, f.e.n. Bayram Ağayev həmin əsəri “Asiya” jurnalındakı variantına əsasən tərcümə və Kirill əlifbası ilə nəşr etdirmişdir (Bakı, “Ozan”, redaktoru prof. Məhərrəm Qasımlı, 1999, 48 səh.). Əsər bu gün də aktuallığını saxlamaqdadır və Qarabağ etnoqrafiyasını, dialekt və folklorunu öyrənmək üçün mötəbər məxəzdir.

Bir məsələni də vurğulamaq vacibdir. Ceyhun bəyin  folklor nümunələrini toplaması onun bu sərvətdən  Azərbaycan , rus və fransız dillərində yazan Ceyhun Hacıbəyli hər üç dildə qələmə aldığı yazılarda Azərbaycan folklor xəzinəsindən gen -bol istifadə etmişdir. Əcnəbi dildəki əsərlərində müəllif folklor nümunələrindən  ya hərfi , ya bədii tərcümə yolu , ya da olduğu kimi verməklə bəhrələnmişdir. Ceyhun Hacıbəyilinin  yaradıcılığında və fəaliyyətində   folklor nümunələri,  izləri və elementləri bu bu qənaətə gəlməyə əsas verir ki, yazıçı- publisist:

-həm mühairətəqədərki dövrdə  maarifçilik missiyası ilə qələmə sarılanda, həm də  mühacirət dövründə istiqlal mücahidi kimi sovet rejimi və kommunist ideologiyasına qarşı mübarizə aparanda bədii və publisistik əsərlərində şifahi ədəbi nümunələrdən məharətlə bəhrələnmiş , bunun sayəsində  ideya və istəklərini,  milli duyğu və düşüncələrini daha canlı, daha obrazlı, daha təsirli çatdırmağa müvəffəq olmuşdur;

-tükənməyən  sevgi və qayğı ilə folklor nümunələrini toplamaqla, tədqiq və təbliğ etməklə Azərbaycan mədəni irsinin qorunmasına və tanıdılmasına böyük töhfə vermişdir;

-bu gün də aktuallığını itirməyən irsi ilə, eyni zamanda  folklor toplayıcısı və  folklorşünas kimi də tariximizdə qalmaq haqqını qazanmışdır.


3. Sovetologiya, politologiya və tarix sahəsində araşdırmalar.


Mühacirət illərində Münhendəki SSRİ-ni Öyrənən İnstitututla sıx əlaqə saxlayan və əməkdaşlıq edən Ceyhun Hacıbəyli nüfuzlu sovetoloq kimi də tanınmışdır.  O, bir tərəfdən sovet rejimi və kommunist ideologiyası ilə bağlı araşdırmalar aparır, digər tərəfdənsə bu problemlərlə bağlı yazılara rəy verirdi. «Bərpa quruculuq işinin ümumi problemində Azərbaycanda iqtisadi vəziyyət», «İslam əleyhinə təbliğat və onun Azərbaycanda yeni metodları», «Rus demokratları bolşeviklərlə harada birləşir», «Söz və əməl»,«SSRİ-də ziyalılar» və digər irihəcmli  məqalələri Ceyhun Hacıbəylinin səriştəli, sanballı sovetoloq və politoloq olduğunu təsdiqləyir. Bu yazılarında Ceyhun bəy sovet rejiminin antibəşəri mahiyyətini açmağa və onun gec-tez məhvə məhkum olacağını inandırıcı arqumentlərlə əsaslandıdmağa nail olmuşdur.

C. Hacıbəylinin arxivindəki sənədlər onun tarixlə bağlı araşdırmalar apardığını da söyləməyə əsas verir. Onun fondunda tarixi şəxslərə,  qədim Arran dövlətinin,  Bakı,  Bərdə və Dərbənd  şəhərlərinin, Türkiyənin, İranın, Gürcüstanın, Dağıstanın  tarixinə, Rusiyanın Qafqaz siyasətinə , eləcə də Türkmənçay və Gülüstan müqavilələrinə dair əlyazmaları , qeydləri, makina yazıları Ceyhun bəyin tarixi mövzularda tədqiqatlarından xəbər verir. Fransız dilində olan həmin materiallar öz araşdırmaçılarını gözləyir.


4. Tərcüməçilik fəaliyyəti.

 
Doğma dildən başqa rus və fransız dillərini də mükkəməl bilməsi Ceyhun Hacıbəyliyə həm hər üç dildə yazmağa, həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olmağa imkan vermişdir.   İvan Turgenevin "Pulsuzluq" komediyası (1909-cu il) ilə Azərbaycan oxucusu ilk dəfə məhz C.Hacıbəylinin tərcüməsindən tanış olmuşdur. . Mühacirət dövründə Ceyhun bəyin tərcüməçilklə fəal çəşğul olduğu məlumdur. Hələ  1925-ci ildə C. Hacıbəylinin tərcüməsində və onun rejissorluğu ilə Parisin “Femina” teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası tamaşaya qoyulmuşdur.  Bunlardan əlavə o, öz əsərlərindən bəzilərini də fransız dilinə çevirmişdir.

     Ceyhun Hacıbəylinin  müxtəlif sahələrdəki araşdırmaları bu gün də aktuallığını saxlamışdır və onların dərindən öyrənilməsinə , dəyərləndirilməsinə ehtiyac vardır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir