Modern.az

Əflatun Amaşov TƏSDİQLƏDİ: Habil Vəliyevi reketliyə görə DTX həbs edib

Əflatun Amaşov TƏSDİQLƏDİ: Habil Vəliyevi reketliyə görə DTX həbs edib

Media

7 Dekabr 2016, 13:08

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Gündəlik Bakı” qəzetinin redaktoru Habil Vəliyevin xüsusi əməliyyatla saxlanılmasına münasibət bildirib.

Ə.Amaşov Modern.az saytına açıqlamasında deyib ki, Azərbaycan Mətbuat Şurası yarandığı gündən medianın saflaşması uğurunda mübarizə aparan bir qurumdur:

“Şura ilk yarandığı gündən etibarən çoxsaylı şikayətlər daxil olub. Mətbuat Şurası daxil olan şikayətləri araşdırıb. Müraciətlərin bir qismi insanların şərəf və ləyaqətini alçaltmaqla, insanlara böhtan atmaqla onlardan nələrisə qopartmaq, onları qorxu altında saxlamaq olub. Biz Azərbaycan Jurnalistlərinin Qurultayında belə qərara gəldik ki, bu cür nəşrlərə, saytlara qarşı mübarizə aparmaq üçün Mətbuat Şurasının Reketçiliyə Qarşı Mübarizə Komissiyası yaradılsın. O Komissiya yarandı, fəaliyyətini genişləndirdi. Bu sayaq hadisələr araşdırıldı və qiymət verildi.

Nəticədə Mətbuat Şurası həmin mətbu nəşrləri, saytları “qara siyahı”sına saldı. Bu minvalla Mətbuat Şurasının “qara siyahısı”nda 70-ə yaxın kütləvi informasiya vasitələrinin adı salınıb”.

 

Ə.Amaşov bildirib ki, istər “Gündəlik Bakı”, istərsə də “Bizim dövr” qəzetlərinin redaktorlarına qarşı irəli sürülən ittihamlar təsdiqini taparsa, onlar öz layiqli cəzalarını alacaqlar:

 

““Bizim dövr” və “Gündəlik Bakı” qəzetlərinin baş redaktorları ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinin apardığı əməliyyatlarda onlar saxlanılıb. Araşdırmalar aparılacaq. Araşdırmalar nəticəsində deyilən iddialar öz təsdiqini tapacaqsa, bu məsələlərə hüquqi qiymət veriləcək. Onlar hüquqi cəzalarını alacaqlar. Ümumiyyətlə, Mətbuat Şurası yarandığı gündən bu hallara qarşı ciddi mübarizə aparır. Mübarizə bu gün də davam edir, sabah da davam etdiriləcək. Mətbuat Şurası hüquq-mühafizə orqanlarının bu işhidi apardıqları əməliyyatları dəstəkləyir. Çünki artıq bu məsələlər söz azadlığı müstəvisində deyil, cinayət müstəvisində araşdırılır.

Mətbuatı qorumaq vacib məsələdir. Onu reket ünsürlərindən qorumaq isə yalnız Mətbuat Şurasının öhdəsində olan məsələ deyil. Bu cəmiyyətin problemidir, cəmiyyətin sifarişidir. Bu məsələlərlə hüquq mühafizə orqanları məşğul olsalar, daha yüksək nəticələr əldə etmiş olarıq.

Hazırda hər iki qəzetin rəhbərlərinin saxlanılması ilə bağlı istintaq davam edir. Onların həqiqətən də təqsirləndirildikləri məsələlərdə günahları təsdiqlənəcəksə, öz cəzalarını alacaqlar”.


Habil Vəliyev

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin  həbs olunduğu barədə məlumatında bildirlib ki,ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı tədbirlər davam etdirilir.

Həmin cinayət işi üzrə davam edən istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru H.Vəliyev də hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

“Dekabrın 3-də DTX “reket” mətbuatın digər nümayəndəsi “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və qəzetin bir neçə əməkdaşını həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunur”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi