Modern.az

Küçənin düz ortasında yarmarka…- FOTO

Küçənin düz ortasında yarmarka…- FOTO

7 Dekabr 2016, 15:37

Sumqayıt sakinləri kənd təsərrüfatı yarmarkasının əlverişsiz yerdə təşkil olunmasından şikayətçidir. Bu haqda Modern.az-a şikayətçi Həsən Həsənov məlumat verib.

 

O deyib ki, keçən ilin dekabrın 26-sından Sumqayıt şəhərində, 12-ci mikrorayonda - Dəmiryol Vağzalının yanında yarmarka açılıb:

 

“Şənbə-bazar günlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası düz Üzeyir Hacıbəyov küçəsinin orta hissəsində fəaliyyət göstərib və bu ətrafda yol hərəkətini məhdudlaşdırıb. Yarmarkanın həmin küçənin Koroğlu prospekti ilə kəsişdiyi, avtomobillərin intensiv hərəkət etdiyi yerdə olması gediş-gəlişə bir az da maneə törədib.

Yarmarkanı, ona nə qədər ehtiyac olsa da, piyadalar və maşınlar üçün daha rahat olan yerdə təşkil etmək yaxşı olardı ki, ərazidə gərginlik, basabas yaranmasın. Üstəlik yarmarka keçirilən günü bir çox avtobus marşrutları, həmçinin adi avtomobillər yolunu dəyişmək məcburiyyətində qalırlar. Bu isə həm sərnişinlər, həm piyadalar, həm də sürücülər üçün əlavə narahatlıq yaradır.

Amma keçən ay –noyabr ayı Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"nda dəyişiklikləri təsdiq edib və bu dəyişikliklərə əsasən, yaşıl bazarlar və kənd təsərrüfatı yarmarkaları üçün xüsusi qaydalar müəyyən edilib”.

Şəhər sakini öz şikayətini Nazirlər Kabinetinin qərarı ilə əsaslandırıb:

“Nazirlər Kabinetinin yarmarkalar üçün təsdiq etdiyi xüsusi qaydalarda belə bir bənd var ki, harada yarmarka keçirmək olmaz. Həmin bənddə deyilir:

Bu yerlərdə yarmarka keçirmək olmaz

Yarmarkaların keçiriləcəyi ərazilər baytarlıq-fitosanitar, sanitar-epidemioloji və ekoloji nəzarət qaydaları və normalarına, yanğından mühafizə qaydalarına uyğun və əhalinin gediş-gəlişi üçün rahat yerdə olmalıdır. Mədəniyyət, idman, təhsil və səhiyyə müəssisələrinin, avtovağzal, dəmiryol və dəniz vağzallarının ərazilərində, eləcə də yolun hərəkət istiqamətində və yaşıllıq ərazilərində yarmarkaların keçirilməsi qadağan edilib.

Kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkilinə və onların fəaliyyətinə ümumi nəzarəti Kənd Təsərrüfatı Nazirliyi, digər məhsullar üzrə təşkil olunan yarmarkalara isə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları həyata keçirməlidirlər.

Şəkildəndən,videodan da aydın görünür ki, Sumqayıt şəhərində, 12-ci mikrorayonda yerləşən yarmarka həm Dəmiryol Vağzalının yanında , yolun hərəkət istiqamətində, özü də düz yolun ortasında təşkil olunur ki,bu da qayda pozuntusudur.Əlbəttə yarmarka üçün şəhərdə yer qıtlığı ola bilər,amma bu qanunları pozmaq üşün heç kimə bəraət qazandıra bilməz. Görəsən niyə Sumqayıt İcra Hakimiyyəti ali dövlət orqanı olan Nazirlər Kabinetinin qaydalarını saya salmır?”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir