Modern.az

Jalə Əliyeva parlamentdə təkliflərlə çıxış etdi

Jalə Əliyeva parlamentdə təkliflərlə çıxış etdi

7 Dekabr 2016, 16:15

“Hamımıza məlum olan bir həqiqəti bir daha vurğulamaq istəyirəm. Biz bütün dünyanın içərisində olduğu iqtisadi burulğanın təsirini, onun mənfi fəsadlarını ölkədə aparılan uğurlu və düzgün siyasətin nəticəsində minimuma endirməyə nail olduq. Təqribən 10 il bu böhranı ölkəmizdən uzaq tutduq.
Lakin bu da bir həqiqətdir ki, bütün cəhdlərimizə baxmayaraq bu böhran beynəlxalq iqtisadi sistemin bir parçası olan Azərbaycandan  da yan keçə bilməzdi”.

Modern.az xəbər verir ki, bu sözləri Milli Məclisdəki büdcə müzakirələri zamanı deputat Jalə Əliyeva söyləyib.

Deputat xatırladıb ki, dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün Prezidentin rəhbərliyi altında müvafiq tədbirlər görülür.

“Müzakirə etdiyimiz büdcə layihəsi də həmin tədbirlər planının icrasının təkib hisssəsidir, hətta deyə bilərik ki, onurğa sütunudur.

Əlbəttə, kəmərləri sıxmalı olduğumuzun, bu müvəqqəti çətinliklərin aradan qaldırılması üçün yardımçı olmağımızın və dövlətimizin yanında olmağımızın vacibliyini hər birimiz dərk edirik. Bu baxımdan təqdim olunan layihəni dəstəkləyirik. Eyni zamanda həllini gözləyən bir sıra məsələlər vardır ki, onların səsləndirməyi əhəmiyyətli hesab edirik”.

 


Jalə Əliyeva Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafının yaratdığı tranzit imkanları, yükdaşımalar və bu sahədən əldə olunacaq divedentlərdən danışıb.

“Ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı və ölkədə logistika mərkəzlərinin qurulması unikal coğrafi mövqeyə malik olan Azərbaycanı  regionun  iqtisadi mərkəzinə çevirmək və tranzit marşurutlarından maksimum faydalanmaq imkanı yaradır.

Bu imkanlardan maksimal dərəcədə istifadə etmək üçün logistika sahəsinin inkişaf etdirilməsi, yeni logistik məhsulun ortaya çıxarılması günün tələbidir. Bu baxımdan  məsələyə kompleks şəklində yanaşmaq, infrastruktur layihələr həyata keçirmək və yaxud mövcud olanları tamamlamaq, yeni avadanlıqların alınmasını təmin etmək, prosedurları sadələşdirmək və s. məsələləri həll etmək lazımdır.

Bu  məsələlərin həlli,   xarici iş adamları tərəfindən  ölkəmizə sərmayə yatırımının  effektivliyini artıra bilər. Belə ki, beynəlxalq nəqliyyat dəhlizlərinə çıxış və daxili infrastrukturun mükəmməl olması xarici investorları özünə cəlb edən amillərdən biridir.

Digər tərəfdən, bu sahənin inkişafının turizmin çiçəklənməsinə verəcəyi töhfəni də yaddan çıxarmamalıyıq. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolununu inşası başa çatdıqdan sonra və yaxud Azərbaycan-İran dəmir yolları birləşdirildikdən sonra Azərbaycanın turizm imkanlarına bunun pozitiv  təsir edəcəyini görməmək mümkün deyil.

Digər tərəfdən Bakı dairəvi dəmir yolunun, Bakı hava limanına qədər dəmir yolunun nəzərdə tutulan inşası  həm insanlarımızın, həm də Azərbaycana gələn turistlərin rahat və çevik hərəkət etməsinə imkan yaradacaqdır. Gələcəkdə isə Azərbaycanın bütün turizm məkanlarına rahat dəmir yolu servisinin təşkili, yeni istiqamətlərdə dəmir yollarının salınması haqqında da düşünmək olar. Bütün bunlar eyni zamanda istehsal və investisiya mərkəzi kimi də ölkənin cəlbediciliyinin artmasına, yeni  məşğulluq imkanlarının yaranmasına yol açacaqdır.

Hesab edirəm ki, yuxarıda sadaladığım məsələlərin kompleks həllinə nail olmaq üçün  gələn ilin büdcəsində yetərli vəsaitin nəzərdə tutulması məqsədəuyğun olardı”.

Deputat çıxışı zamanı daha bir neçə məsələylə bağlı tezislər səsləndirib:

“Bu yaxınlarda cənab Prezident ölkədə sosial evlərin tikilməsi üçün  sərəncam verdi. Bu sözün əsl mənasında vətəndaşa, aztəminatlı ailələrə böyük bir töhfədir. Böyük bir dövlət qayğısıdır. Bu məsələ uzun illər büdcə müzakirəsi zamanı Milli Məclisin də diqqətində olmuşdur və biz aztəminatlı ailələrin mənzil probleminin həlli yollarından biri kimi sosial evlərin tikilməsi təklifiylə  çıxış etmişdik. Cənab Prezidentin bu məsələdə initiativi ələ alması, hər zaman olduğu kimi böyük bir həssaslıq göstərməsi alqışlara layiqdir. Lakin bu həssaslığı icra orqanlarından da gözləyirik. Və arzu edirik ki, budcənin gərginliyi sosial evlərin tikilməsinin icrası işlərini ləngitməsin.

Həlli vacib məsələlərdən bir digəri  tibbi sığorta ilə bağlıdır. Əhalinin, xüsusilə aztəminatlı təbəqəsinin sosial müdafiəsinin əhəmiyyətli bir hissəsini təşkil edən tibbi sığortanın təmin edilməsini prioritet məsələlərdən biri kimi nəzərdə tutmanızı xahiş edirəm.

Daha bir məsələ. Təəssüflər olsun ki, bu gün hələ də məişət zorakılığı halları baş verir. Ailə münaqişələri zamanı ən çox zərər görən qadınlar və uşaqlar olur. Həyat yoldaşı tərəfindən hücumlara məruz qalan, dəfələrlə xəsarətlər alan qadın, çox vaxt getməyə yer olmadığı üçün bu işgəncəyə dözmək məcburiyyətində olur və təəssüflər olsun ki, bəzən bu vəziyyətin sonluğu kədərli olur. Daha əvvəlki illərdə də səsləndirmişik. Bu məqsədlə  dövlət sığınacaqlarının və yardım mərkəzlərinin açılması cəmiyyətin sağlamlaşmasına xidmət edərdi. 

Və əlbəttə ki,   mədəniyyətin inkişafı və təbliği üçün büdcədən ayırmalarda  bu sahəyə diqqətin artırılmasını xahiş edirik.

Və sonda seçicilərdən daxil olan təşəkkür məktubları haqqında da söz etmək istəyirəm. Bu günlərdə dövlət başçısı İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində, deputatı olduğum Zərdab rayonuna da səfər etdi. Son illərdə bu dövlət başçısının rayona 4-cü səfəri idi. Prezidentin rayona bütün səfərləri onlarla əhəmiyyətli müəssisənin yeni məktəb binalarının, mərkəzlərin, yolların açılışı ilə yadda qalıb. Bu dəfəki səfəri yadda qalan edən isə Zərdab rayon mərkəzi xəstəxanasının əsaslı təmirdən sonram  açılışı oldu. Uzun illər baxımsız vəziyyətdə qalan həmin xəstəxananın bütün müasir standartlara cavab verən modern bir müalicə və tibb mərkəzinə çevrilməsi əlbətdə ki bir daha vətəndaşımıza verilən dəyər və sosial siyasətin daha bir nümunəsidir.

Bu günlərdə mən Ucarlı seçicilərimdən də təşəkkür məktubu almışam. Belə ki, bundan bir müddət əvvəl Azərbaycan Dəmir Yollarının tabeliyində olan tibb müəssisələri özəlləşməli olan  müəssisələr siyahısına daxil edilmişdi. Həmin müəssisələr özəlləşdiriləcəyi təqdirdə orada çalışan 3029 nəfərin işsiz qalma təhlükəsi var idi. Eyni zamanda bunlardan 40 nəfəri Ucar xəstəxanasında çalışanlardı. Lakin məhz ölkə prezidenti İlham Əliyevin ölkədə işsizliyə qarşı apardığı islahatlara dəstək olaraq baş nazir Artur Rəsizadə tərəfindən həmin sərəncama müvafiq dəyişiklik edilmiş və həmin tibb müəssisələrinin özəlləşdirliməsinin qarşısı alınmışdır. Hökumət tərəfindən atılmış bu mühüm addıma görə birinci növbədə ölkə prezidenti İlham Əliyev cənablarına və hörmətli Artur müəllimə  minnətdarlığımızı bildiririk.

Sonda bir daha 2017-ci il dövlət büdcəsini dəstəklədiyimi bildirir və deputat həmkarlarımı layihəyə səs verməyə çağırıram”.

 

Ağa AKİFOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir