Modern.az

Bakıda banklar dollar ALMAĞI dayandırıblar

Bakıda banklar dollar ALMAĞI dayandırıblar

7 Dekabr 2016, 17:01

“Bankların əksəriyyəti dollar alışını dayandırıblar. Təəccüblənməyin, söhbət nə qədər qəribə olsa da dollar satışından deyil, alışından gedir”.

Modern.az xəbər verir ki, bu haqda şərh verən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası güman edir ki, bu, valyuta artıqlığı ilə bağlıdır:

 

“Banklara nəzarət edən qurumlar bu istiqamətdə heç bir göstərişin verilmədiyini bildirirlər. Sadəcə, əksər bankların eyni zamanda dollar alışından imtina etməsinin təsadüf olması şübhə doğurur. Digər tərəfdən, əksər banklarda eyni gündə dollar artıqlığının olması da nəzəri və praktiki baxımdan mümkün deyil. Digər tərəfdən, əgər banklarda dollar artıqlığı varsa o zaman vətəndaşlara niyə dollar satmırlar? Dollarlarını vətəndaşlara uyğun kursla satsınlar ki valyuta artıqlığı bir az azalsın- sadə iqtisadi məntiq bunu deyir”.

 

Bəs, dollar alışından imtinanın səbəbi nədir?

Ekspert bildirib ki, səbəb sadədir: “İnzibati yol ilə dollarlaşmanın qarşısını almaq və vətəndaşlarda dollar tələbini azaltmaq. Vətəndaş aldığı dolları sata bilmirsə dollarla yığımlarını azalda bilər. Bu səmərəli yoldurmu? Təbii ki, yox. Əslində, belə inzibati metodlar valyuta bazarında əks effektlər yarada bilər.

Nəticədə bu bir neçə gün davam edərsə, dollarla yanaşı manatın da “qara bazarı” yaranacaq. Bu halda vətəndaşlar “qara bazar”a dollar almaq deyil, həm də dollar satmaq üçün gedəcək. Deməli, dollar alış qadağası qalarsa “qara bazar”dakıların “əl-qolları” genişlənəcək, valyuta əməliyyatları tamamən banklardan qapalı və qaranlıq otaqlara köçəcək. Maraqlıdır, ölkəyə gələn turistlər dollarını necə dəyişəcək? Belə çıxır ki, hotellərdə “qara bazar” ilə bağlı xüsusi məlumatlandırma kursları olmalıdır ki, tursitlər bilsinlər ki haradan manat ala bilərlər. Bu zarafata bənzəsə də əksər bankların dollar almadığı şəraitdə xeyli real görsənir.

Digər tərəfdən, əgər dollar artıqlığı varsa o zaman ən sadə məntiqlə sabahkı hərracda banklar dollar almayıb, əksinə dollar satmalıdırlar. Deməli, dollar təklif etməlidirlər. Hərrac qaydalarına əsasən isə dollar təklifi tələbini üstələdiyi halda dolların kursu düşməli, manatın kursu möhkəmlənməlidir. Bu belə olacaqmı? Əksər bankların izah edilməsi çətin olan qərarları əsasında nə isə demək mümkün deyil. Sabahı gözləyək. Amma belə olmayacaqsa deməli, banklarda dollar artıqlığı yoxdur. Dollar alışından imtina bütün hallarda inzibati yollarla həyata keçirilir- valyuta bazarına nəzarət edən qurumların təkziblərinə baxmayaraq”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir