Modern.az

Elmi dərəcəyə görə verilən müavinətlərdən vergi tutulmasın - TƏKLİF

Elmi dərəcəyə görə verilən müavinətlərdən vergi tutulmasın - TƏKLİF

7 Dekabr 2016, 17:22

“Əgər biz Azərbaycanda elm adamlarının və elmi-texniki sahədə çalışan əməkdaşların nüfuzunun qorunub-saxlanmasını istəyirksə, o zaman bu sahəyə lazımi vəsait ayrılmalıdır”.

 

Modern.az-ın xəbərinə görə, bunu deputat Gövhər Baxşəliyeva Milli Məclisdə 2017-ci ilin dövlət büdcə layihəsinin müzakirələri zamanı deyib.

 

Deputat bildirib ki, 2017-ci ildə elm sahəsinə 118, 5 milyon manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da ümumi büdcənin 0,7 faizi deməkdir:

 

“Düzdür indiki maliyyə böhranı fonunda bu vəsaiti qənaətbəxş hesab etmək olar. Ancaq “2020: Gələcəyə baxış” Proqramında Azərbaycan elminin inkişafı istiqamətləri müəyyənləşdirilib, xüsusən də elm adamları və elmi-texniki potensialın nüfuzunun artırılması əsas istiqamətlərdəndir. Əgər biz elmi-texniki potensialın qorunub, inkişaf etdirilməsindən danışırıqsa, açıq deməliyik ki, AMEA-da bu məsələ ilə bağlı ciddi problemlər var. Bu da AMEA-da çalışanların maaşlarının az olması ilə bağlıdır”.

 

G. Baxşəliyeva vurğulayıb ki, maaşların aşağı olması hesabına gənc və orta yaşlı bacarıqlı, istedalı mütəxəssislər AMEA-dan çıxıb gedir, başqa sahələrə üz tuturlar.

 

“Təbii ki, biz bu kadrların getməsini istəməzdik. Çünki bir kadrın yetişdirilməsi uzun zaman alır və böyük xərclər hesabına olur. Biz belə istedadlı kadrların itirilməməsi üçün bu məsələyə ciddi diqqət yetirməliyik”.

 

Deputat elmi dərəcəyə görə verilən müavinətlərin vergidən azad olunmasını təklif edib:

 

“Bu gün fəlsəfə doktorları 60 manat, elmlər doktorları isə 100 manat əlavə pul alır və bu vəsait ümumi maaşa əlavə edilərək, verilir. Bundan sonra vergi ümumi maaşdan tutuluduğundan bu da maaşa ciddi təsir edir. Hökumətə təklif edirəm ki, elmi dərəcəyə görə verilən müavinətdən vergi tutulmasın və onlar vergidən azad olunsun”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir