Modern.az

SSRİ rəhbərinin “vurulduğu” azərbaycanlı xalq artisti

SSRİ rəhbərinin “vurulduğu” azərbaycanlı xalq artisti

Mədəni̇yyət

8 Dekabr 2016, 09:56

A.N. Kosıgin dedi: “Nə gözəl xanımdır! ("kakaya krasivaya dama !)”


Vəli Axundov:  “Mən isə cavab  verdim ki, bütün azərbaycan qızları gözəldir
    


Səhnə gənclik və gözəllik sevir. Məlahətli səslə  təbii gözəllik birləşəndə səhnədə füsunkar bir harmoniya, gözəl bir effekt yaranır. Allah - təala xalq artisti Sara xanım Qədimovaya hər şey vermişdi: tarın bütün pərdələrində asanlıqla gəzişə bilən zil, ipək kimi yumşaq və məlahətli səs, təbii gözəllik, bəstə boy-buxun , xanımyana oturuş-duruş.
Şair və akademik Aslan Aslanov deyərdi: “Sara xanım səhnəyə cıxanda, salonda bir canlanma yaranır, səhnəyə elə bil bahar gəlir, oxumağa başlayanda  sanki qartalı xatırladırdı. Sağa, sola boylanıb, muğam və mahnıları ifa edəndə  dağ başında dayanan qartala bənzəyirdi”.

         
Bəstəkar, xalq artisti Tofiq Quliyevin xatirələrindən: “Sara Qədimova bir qadın kimi çox gözəl idi. Bəlkə bunu demək o qədər də yaxşı düşmür, ancaq beləydi və bu gözəllik bütün dinləyiciləri özünə cəlb edirdi. Oxumağa başlayarkən Sara xanımın gözəlliyi daha da artırdı”. 

Təbii gözəlliyinə, özünü xanımyana aparmasına, gozü toxluğuna görə respublikaya gələn yüksək səviyyəli qadın sənətkarlardan Zəlihə xanımın, Emel Sayının, Mərziyə xanımın, Pərvanə xanımın, İlahə xanımın və Lyudmila Zıkinanın qarşılanmasının müşayiət olunması  Sara Qədimovaya tapşırılırdı.     

1945-ci ilin dekabr ayında Tiflis şəhərində Zaqafqaziya respublikalarının musiqi festivalı keçirilirdi. Burada Azərbaycandan çoxsaylı musiqi kollektivləri təmsil olunurdu. Festivala Üzeyir bəyin özü rəhbərlik edirdi. Festivalın bağlanışının Azərbaycana həsr olunmuş yekun konsertində Filarmoniyanın gəns solisti 23 yaşlı Sara Qədimova “Şahnaz” muğamını ifa etmişdi.

     
Uzun illər Üzeyir Hacıbəylinin katibi olmuş Ramazan Xəlilovun xatirələrindən: “Tiflisdə Azərbaycan günləri böyük müvəffəqiyyətlə keçdi. Gürcüstanda yaşayan azərbaycanlılar, elə gürcülərin özləri Bakıdan gəlmiş artistləri görmək üçün konsertlərə axışırdılar. Üzeyir bəy Saranı “səhnəmizin gözəl Sarası” adlandırırdı. Gənc və gözəl Saranın yekun konsertində oxuduğu  “Şahnaz” muğamı hamını valeh etdi və sürəkli alqışlarla qarşılandı. Müharibə yenicə qurtarmışdı. Sara xanımın ifasında muğamı dinləyən, müharibədə öz oğullarını, ərlərini və yaxın adamlarını itirən yaşlı adamların təsirlənərək hönkürtü ilə ağladıqlarını indi də unuda bilmirəm. Yəqin elə buna görə də  Üzeyir bəy Saraya tapşırırdı ki, müğamı nikbin oxusun.

    
Saranın və o vaxtlar Filarmoniyanın Mahnı və Rəqs ansamblının solisti olan Leyla Bədirbəylinin təbii gözəlliyi gürcü oğlanlarının da diqqətindın yayınmırdı. Onlar bu qızların ətrafında fır-fır fırlanırdılar. Bunu duyan Üzeyir bəy məni yanına çağırıb dedi:” Ramazan, Saranı və Leylanı gözdən qoyma, onların yanında ol, gürcü oğlanlarını onlara yaxın düşməsinə imkan vermə". Mən Bakıya qayıdanadək hər iki qızı yanımdan kənara buraxmırdım”.

    
Ramazan Xəlilov ömrünün son günlərinə qədər bu hadisəni xatırlayırdı. Üzeyir Hacıbəylinin yubley günlərinin birində o, bəstəkar Sərdar Fərəcovun yanında bu barədə Sara xanıma danışanda , böyük müğənninin gözləri yaşardı və kövrək halda dedi:
- Ötən günə gün çatmaz, calasan da günü -günə.    

Mənim üçün unudulmaz bir gün olan 1957-ci ilin iyun ayının 7-si heç bir vaxt yadımdan çıxmır. Keçən əsrin 50-60-cı illəri Sara Qədimovanın sənətinin zirvəsi, ifaçılıq məharətinin gurlayan vaxtları idi. Hamı onu dinləməyə, sevimli müğənnini görməyə can atırdı. Sara xanımın ifasında “Ay işığında”, “Nə vaxta qaldı”, “Nədən oldu”, ”Lay-lay”, “Tar çalan oğlan”, “Xatirələr”, “Qara tellər”, “Hind qızı” və onlarca digər Azərbaycan mahnıları və həmçinin ərəb mahnısı “Xəyalımın nuru” və “Qatar" muğamı sevilə-sevilə dinlənirdi. Mənim kimi valideyinlərini itirmiş kimsəsiz, ac-susuz müharibə uşaqları üçün ən böyük var-dövlət elə bu mahnılar idi. Bu mahnılardan başqa  bizim heç nəyimiz yox idi. Sevimli nəğmələrin sədaları altında  məktəbə gedir və ehtiyacın nə olduğunu  hiss etmədən böyüyürdük.
Şuşada böyük müğənninin pərəstişkarı olan bir dəstə gənc və yeniyetmə oğlan, burada müğənni kimi tanınan İsa Rəhimov adlı birisi başda olmaqla, Sara xanımı Leyli rolunda görmək üçün üstü açıq maşınla Bakıya gəldik. Çox çətinliklə Opera və Balet Teatrını tapdıq. Həmin gün Sara Qədimovanın və Əbülfət Əliyevin  iştirakı ilə “Leyli və Məcnun” operası var idi. İsa kassirə yaxınlaşıb bilet istədi. Kassir qadın hündürdən dedi:

- Nə danışırsınız, indiyə bilet qalar?  Biletlər çoxdan satılıb qurtarıb.      

12 uşaq idik. Bakını birinci dəfə idi ki, görürdük. Gecələmək üçün yerimiz olmadığından  İsa bizi indiki dənizkənarı bulvara gətirdi. Səhərə qədər yatmayıb, ac-susuz bütün gecəni burada qaldıq ki, təki Sara xanımı bircə dəfə görə bilək. Ertəsi günü səhər tezdən Filarmoniyanın yanına yığışdıq və afişada oxuduq ki, həmin gün Filarmoniyada verilən konsertdə Sara xanım da oxuyacaq. Bütün günü gözləməli olduq. Axşam saat 6 olardı. Filarmoniyanın qarşısına çoxlu adam toplaşmışdı. Birdən kimsə dedi ki, Sara xanım gəlir. Adamlar  səkidə qarşı-qarşıya dayandılar. Burada təbii dəhliz yarandı. Sara xanım “pobeda” maşınından düşüb, adamların arası ilə gülə-gülə irəliləyir,  kimi onunla hal-əhval tutur, kimi gül dəstəsi verir, kimi də ovcundakı çiçək ləçəklərini ona tərəf atırdı. Filarmoniyanın qarşısında bir bəxtiyarlıq yaranmışdı. Bu adamlar Sara xanımı heç olmasa bircə dəfə görmək, onun təbii gözəlliyinə tamaşa etmək üçün gəlmişdilər.  O vaxtlar rayonlarda televiziya verilişləri göstərilmədiyinə görə, buraya toplaşanların çoxu respublikanın şəhər, kənd və qəsəbələrindən  gəlmişdi. Onda sənət və sənətkar, sədaqətli dinləyici auditoriyası var idi. Sevdiyin, kumiri olduğun müğənnini görüb, tanış olmaq  böyük xoşbəxtlik hesab edilirdi

     
Elə ki, söhbət gözəllikdən düşdü, mən 1959-cu ilin may ayının 22-sindən iyunun 2-sinədək Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasını heç bir vaxt unuda bilmirəm. Mən də  Şuşa şəhər mədəniyyət evinin bədii özfəaliyyət kollektivinin üzvü kimi dekadada iştirak edirdim.
      
Ustad xanəndə Sara xanım Qədimova, Azərbaycan Dövlət Dram teatrının aktyoru, xalq artisti Leyla Bədəlbəyli və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, SSRİ xalq artisti Firəngiz Əhmədova  "Moskva" mehmanxanasında  bir otaqda qalırdılar. Mən də onlar olan otağın qarşısındakı foyedə yerləşdirilmişdim. İyun ayının 2-də gecə saat 4 olardı, birdən qapı döyüldü. Sara xanım yerindən cəld qalxıb qapını açanda, dekadanın bədii rəhbərləri və  təşkilat komitəsinin sədrləri Əfrasiyab və Şəmsi  Bədəlbəylilərin yanında Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi İman Mustafayevi gördü və özünü tamamilə itirdi, onun necə rəng verib, rəng aldığını indi də xatırlayıram. İman Mustafayev narahat halda dedi:

- Sara xanım, sən Xan Şuşinski və Şövkət xanımla birlikdə bu gün dekadanın bağlanışında "Qarabağ şikəstəsi" oxumalısan. Əfrasiyab və Şəmsi deyirlər ki, sən bu təklifə etiraz edirsən. Mən məcbur olub özüm gəldim. Axı, hamımız ambisiyalarımızı, narazılıqlarımızı bir kənara qoyub, Azərbaycan üçün, millət üçün çalışmalıyıq. Sənin barəndə düzgün mövqe tutulmadığını bilirəm.

Sara xanım heç bir söz demədi. İman Mustafayev ona buraxılış vəsiqəsini uzadıb, "bu gün saat 10-da Böyük Teatrda məşqdə olmalısan", - dedi.
     
Sonra öyrəndim ki, o dövrdə Azərbaycan SSR mədəniyyət naziri Məmməd Qurbanov Sara xanıma qısqanclıq göstərərək, "badalaq" vurmaq istəyən yaxın bir rəfiqəsinin sözü ilə dekadanın bağlanışında veriləcək yekun konsertdə onun adını "Qarabağ şikəstəsi"ni oxuyacaq müğənnilərin siyahısından çıxararaq, Sara xanımın yerinə yerinə Rübabə Muradovanin adını yazmışdı. İmam Mustafayev yekun konsertin məşqinə baxarkən trionun tərkibində Sara xanımın olmadığını görüb çox əsəbləşmiş və soruşmuşdu ki, "Qarabağ şikəstəsi"ni Sara xanım cox yaxşı oxuyur, onu nə üçün yekun konsertinə buraxmırsınız?
Əfrasiyab və Şəmsi  Bədəlbəylilər birinci katibə məlumat verib bildirmişdilər ki, dəfələrlə dəvət olunmasına və xahiş edilməsinə baxmayaraq, Sara xanım tərsliyinə salıb, inadkarlıq edərək trionun tərkibində oxumaqdan imtina edir. Ona görə də İman Mustafayevin özü  işə qarışmalı oldu.
      
Sara xanım "Qarabağ şikəstəsi"ni  keçən əsrin 40-cı illərindən oxuyurdu. Hələ heç bir qadın müğənni Sara xanım qədər bu şikəstəyə müraciət etməmişdi. Bütün Azərbaycan bilirdi ki, "Qarabağ şikəstəsi"ni Sara xanım çox gözəl oxuyur. Müğənninin ifasında bu şikəstə Azərbaycan musiqi tarixində özünə məxsus yer tutur. Lakin Rübabə Muradovanın səsinin ahəngi, diapazonu bu şikəstəyə uyğun gəlmirdi. Musiqinin ritmi, onun tamlığı pozulurdu, yaxşı uğur alınmırdı.
     
Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Xan Şuşinski və Səid Rüstəmov dönə-dönə tələb edirdilər ki, Sara xanım uzun illər "Qarabağ şikəstəsi"ni oxuduğu üçün trionun tərkibinə Rübabənin əvəzinə Sara xanım  salınmalıdır, bu onun halal yeridir.
    
 Sara xanım ğarabağlılara məxsus çox zabitəli, zəhmli, prinsipial, sözündən dönməyən adam idi. Xasiyyətində bir qədər də tərslik  vardı. Onun oxuması üçün Əfrasiyab və Şəmsi Bədəlbəylilər nə qədər təkid edirdilərsə  o, "yox" deyib dururdu. Deyirdi ki, "əgər mən  lazım idimsə, əvvəlcədən məni trionun tərkibinə daxil edəydiniz”.
İman Mustafayevin tapşırığından sonra Sara xanım səhər saat 10-da məşq üçün Böyük teatrın səhnəsinə çıxanda, bütün orkestrin   ayağa qalxaraq, onu necə səmimi alqışladığı heç vaxt yadımdan çıxmır. Onun iştirakı ilə füsünkar bir ifa alındı. İndi tez-tez televizorda 3 nəhəng sənətkarın- xalq artistləri Xan Şuşinskinin, Sara Qədimovanın və Şövkət Ələkbərovanın ifasında dinlədiyimiz “Qarabağ şikəstəsi” o illərin yadigarıdır.

    
Sara xanım hələ sağlığında hər dəfə həmin lent yazısına baxanda İman Mustafayevi xatırlayır və onun ruhuna min rəhmət oxuyurdu.
    
Söz ki, səhnəmizin gözəl Sarasından düşdü,  Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi Vəli Axundovun Moskva şəhərində keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti dekadasında Sara xanımla bağlı  söhbəti yada düşür. O, danışırdı ki, "1969-cu ilin iyun ayının 2-də dekadanin bağlanışında Azərbaycan  incəsənət ustalarənən yekun konserti idi. Konsertdə partiya və sovet rəhbərlərindən A.B.Aristov, N.Q.İqnatov, A.İ.Kiriçenko, F.R.Kozlov, N.A.Muxiddinov, Y.A.Furtseva,  N.M.Şvernik, P.N.Pospelov, A.N.Kosıgin, SSRİ mədəniyyət naziri N.A.Mixaylov,  Azərbaycandan isə  Nazirlər Sovetinin sədri kimi mən, Azərbaycan KP Mərkəzi Komitənun katibi A.S.Bayramov və mədəniyyət naziri M.Q.Qurbanov iştirak edirdik".

     
Sov.İKP Mərkəzi Komitənin birinci katibi N.S.Xruşşov, deyilənə görə, xəstə olduğuna görə yekun konsrtində iştirak etmirdi. Azərbaycan KP Mərkəzi Komitənin birinci katibi  İman Mustafayev isə işdən çıxarılma ərəfəsi olduğuna görə Moskvaya gəlməmişdi. 1959-cu ilin iyul ayında İman Mustafayev işdən azad olunub, onun yerinə Vəli Axundov seçildi.

 
İncəsənət ustalarımızın çıxışları hamını məftun edirdi. Xalq atisti Xan Şuşinski, o vaxtlar əməkdar artisilər Sara Qədimova və Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni oxumaq üçün səhnəyə çıxırlar. İfaya birinci olaraq Sara xanım Qədimova başlayır. O, səhnədə muğam və mahnı ifa edəndə mələklər kimi daha da gözəl görünürdü. Sara xanımın yaraşıqlı sifəti, canlı gözlıri, mütənasib boy-buxunu onun ifaçılıq sənətinə xüsusi gözəllik verirdi.

     
"Partiya və hökümət  rəhbərlərinin istifadə etmələri üçün lojaya binokllar qoyulmuşdu. Sara xanım oxumağa başlayanda eyni vaxtda onların yanında əyləşdiyimə görə SSRİ Nazirlər Sovetinin sədri A.N.Kosıgin, Sov.İKP Mərkəzi Komitənin katibləri Y.A.Furtseva və A.İ.Kiriçenko üzlərini mən tərəfə çevirib, Sara xanımı göstərərək, “nə gözəl xanımdır” ("kakaya krasivaya dama"),- dedilər. Mən də söz altında qalmadım: "Bütün azərbaycan qadınları gözəldir,"- deyə cavab verdim",-Vəli Axundov danışırdı.

    
Sara Qədimova SSRİ mədəniyyət naziri Y.A.Furtsevanın çox xoşuna gəlmişdi. Sonralar o, SSRİ mədəniyyət naziri işləyərkən, Sara xanımı fasiləsiz olaraq xarici ölkələrə qastrollara gəndərirdi.  Məncə bu çoxsaylı qastrollar Sara xanımın dekadanın yekun konsetindəki uğurlu çıxışı və gözəl görünüşü ilə  bağlı idi. Dekadadan üç il sonra Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə  Sara xanım Qədimovaya Azərbaycan SSR xalq artisti fəxri adı verildi.

    
Dünyanın 22 olkəsində konsert proqramları ilə çıxış edən Sara Qədimova Rəşid Behbudovdan sonra keçən əsrin 50-70-ci illərində   Azərbaycan musiqisini xarici dövlətlərdə ən cox  təmsil edən sənətkardır. O vaxtlar Filarmoniyanın direktoru olmuş Tofiq Quliyev deyirdi ki, Filarmoniyada müğənnilər və xanəndələr Sara xanımı  Azərbaycan incəsənətinin xarici ölkələrdə səfiri adlandırırdılar.

  
1963-cü ildə Sara xanım 3 ay İndoneziyada  82 konset verdi. SSRİ-nin ilk  kosmonovat qadini Valentina Tereşkova və SSRİ mədəniyyət naziri Y.A.Furtseva da  burada idilər. Yekaterina Furtseva Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə  göndırdiyi məktubda yazırdı:

- Azərbaycan SSR xalq artisti Sara Qədimova İndoneziyada böyük müvəffəqiyyət qazandı. Kosmonavt  Valentina Tereşkovanın iştirak etdiyi və SSRİ inşaatçılarının  tikib istifadəyə verdikləri  100 min nəfərlik stadionda o, Prezident Sukarnonun  sevdiyi  İndoneziya  mahnısını  boyük məharətlə oxudu. Stadiondakı 100 min nəfərlik publika  həmin mahnını Sara Qədimova ilə birlikdə  ifa etdi. O, Svet adamının yüksək adına xələl gətirən heç bir hərəkətə yol vermədi”.


Sara xanım İndoneziyanın dövlət mükafatı ilə təltif olundu. SSRİ mədəniyyət işçilərinin şərəfinə Cakartada SSRİ səfirliuində böyük ziyafət verildi. Sukarnonun iştirak etdiyu bu ziyafətdə Sara xanım Azərbaycan mahnıları ilə yanaşı,  Sukarnonun ən çox sevdiyi  mahnını təkrar oxudu.


Sevimli müğənni Sara xanım Qədimova  qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaq.

                                                                             

Çingiz Fərəcov
Xalq artisti Sara xanım Qədimova irsinin tədqiqatçısı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir