Modern.az

Kirayə ev axtaranların PROBLEMİ - Tələbələrə, subaylara verilmir... - REPORTAJ

Kirayə ev axtaranların PROBLEMİ - Tələbələrə, subaylara verilmir... - REPORTAJ

8 Dekabr 2016, 10:40

Rayonlardakı işsizlik səbəbindən Bakıya axın böyükdür. Bunun nəticəsində də Bakıda həm ev alqı-satqısındakı qiymətlər, həm də evlərin kirayə pulu getdikcə bahalaşır. Xüsulilə də payız-qış  aylarında...

Mənzil bazarındakı son durumu elə yerindəcə öyrənmək üçün Modern.az-ın əməkdaşları “Neftçilər”  metrostansiyasının yaxınlığında yerləşən “ev bazarı”na yollanıblar.

Bazarda bizi müştəri hesab edən ev-alqı satqısı ilə məşğul olan 10-a yaxın makler ətrafımıza yığışdı. Amma bildirəndə ki, jurnalistik, başladılar müştəri qıtlığından şikayətlənməyə. Qeyd edək ki, burada 1 saat yarımdan çox vaxt “öldürməyimizə” baxmayaraq,  4-5  nəfər kirayə mənzil axtaran gördük, ev almaq istəyən isə heç gözümüzə dəymədi.

Ceyhun adlı makler ev axtaranların sayında əvvəlki aylarla müqayisədə çox da fərq olmadığını bildirdi.

“Kirayə evlərə tələbat çoxdur, amma kirayə evin sayı yetərli deyil. Kirayə ev axtaranlar daha çox ucuz qiymətli evlərə üstünlük verirlər. 150 manatlıq evlərin şəraiti yaxşı vəziyyətdə olmur. Ümumiyyətlə  150 manata kirayə ev tapmaq çətindir, tapsan da kənar ərazilərdə həyət evi olar.  Daha çox metroya yaxın evlər axtarılır ki, işə, universitetə rahat gedib-gəlsinlər. “Neftçilər”  tərəfdə evlərin kirayəsi və satış  qiymətləri şəhərin digər istiqamətləri ilə müqayisədə aşağıdır. Bəzi vaxtlar ev sahibləri tələbələrə, subaylara kirayə vermək istəmir.  Hazırda müraciət edənlərin əksəriyyəti rayonlardan işləmək məqsədilə Bakıda gələnlərdi. Avqust, sentyabr aylarında tələbələr daha çox kirayə ev üçün müraciət edirdi. Kirayə bazarında nisbətən hərəkətlilik olsa da,  ev-alqı satqısı çox zəifdir. Bizə müraciət edən şəxslərlə əlaqə saxlayırıq, evlərinə müştəri aparırıq, amma aralarında razılıq əldə olunmur. Razılığın əldə olunmamasının əsas səbəbi qiymətin yüksək olmasıdır. Bir aya yaxındır burada nə bir ev kirayə vermişik, nə də sata bilmişik”.

 

Əhməd adlı digər makler sentyabr, avqust ayına nisbətən kirayə evlərin qiymətində azalma olduğunu dedi.


“Bu ərazidə əşyasız kirayə evlər 180 manatdan, əşyalı isə 220 manatdan başlayır. Amma evin vəziyyətinə görə qiymət arta bilər. Yeni tikilən binalarda hər bir şəraiti olan, kombili evlərin qiyməti təxmini 300 manatdan başlayır. Əsas müraciət edənlər tələbələr və bölgələrdən gələn sakinlərdir.  Tələbələrə ev sahibləri kirayə vermək istəmir. Amma ev sahibi müştəri tapa bilməyəndə məcbur olub evini tələbəyə kirayə verir. Bəzən yeni ailə quranlar da yaxşı şəraitli kirayə ev axtarırlar. Bu yaxınlarda iki oğlan tələbəyə birotaqlı evi 250 manata verdik. “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metrostansiyalarının ətrafındakı evlər digər yerlərə - “Əhmədli”, “Həzi Aslanov”a nisbətən daha baha olur”.   

 

“Neftçilər”in yaxınlığındakı bu “ev bazarı”nda gəzişən Məhəmməd dayı da ərazidən keçənlərə kirayə evinin olduğunu bildirirdi. Onun sözlərinə görə, ev Həzi Aslanov qəsəbəsində yerləşir.


“Həzi Aslanov qəsəbəsində olan evlərimi kirayə verirəm. 150 manata həyət evini, 200 manata isə bina evini kirayə verirəm. Amma uzaq olduğu üçün heç kim gəlmək istəmir”.

 

Kirayəyə mənzil axtaran müştəri Ramiz Səlimov Bakıya işləmək üçün gələnlərdər. 


“Mən Bakıya Sabirabaddan gəlmişəm. Hazırda müvəqqəti olaraq qohumumgildə qalıram. Bir həftə olar ki, Bakıda şirkətlərin birində işə düzəlmişəm. Alacağım maaş isə 550 manatdır. Bu gün “Neftçilər”ə gəldim ki, kirayə evlərin qiyməti ilə maraqlanım. Qiymətlər aldığım maaşa görə çox bahadır. Mən istəyirəm ki, kirayə tutduğum ev iş yerimə yaxın olsun.  İş yerim isə “Xalqlar dostluğu”ndadır. Orda isə kirayə evlərin qiyməti çox bahadır. Mən bilmirəm ki, qazancımla ailəmi, uşağımı dolandırım, yoxsa kirayə ev tutum. Çox çətindir”.

 

Tələbə Tural Kamalov da kirayə ev axtaranlar arasındaydı. Tural deyir ki, hazırda kirayədə qaldığı evin yiyəsi oğluna yanvarda toy edəcək. “Ona görə də bizə deyib ki, gedin özünüzə ev axtarıb, tapın”.

“Mənim dərsim günorta başladığı üçün indi evlərin qiyməti ilə maraqlanıram. Günortadan sonra isə dostlarım şəhərə çıxıb evlərin qiyməti ilə maraqlanacaqlar. Hazırda “Elmlər”də kirayədə qaldığımız 2 otaqlı evin qiyməti 300 AZN-dir. Ona uyğun qiymətdə ev axtarıram. Bilmirik ki, universitetə gedək, ya kirayə ev axtaraq. Evlərin qiymətinə gəldikdə isə çox bahadır. Digər tərəfdən də subay olduğumuza görə bizə kirayə ev verən də yoxdur. Subay olanda nolur ki, guya. Bir makler tapmışıq, ev yiyəsini razı salıb. Onun da qiyməti 350 manatdır. Ev isə “Nərimanov”dadır. Gözləyirəm ki, yoldaşlarım da dərsdən çıxsın, gedib ora baxaq. Əgər bəyənsək, razılaşıb o evi kirayə götürəcəyik”.

 

Qafar Ağayev
Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?