Modern.az

Qarabağda itkin düşmüş 18 Əfqanıstan müharibəsi veteranı axtarılır

Qarabağda itkin düşmüş 18 Əfqanıstan müharibəsi veteranı axtarılır

Aktual

9 Dekabr 2016, 09:40

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Əfqanıstanda döyüşmüş və Qarabağ müharibəsində itkin düşmüş 18 hərbçi ilə bağlı müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

 

Qurum rəsmisi qeyd edib ki, Dövlət Komissiyası itkin düşmüş şəxs kimi adları qeydiyyatda olan vətəndaşlarla bağlı dəqiqləşdirmə işini bu gün də davam etdirir:

 

“Dəqiqləşmə prosesində təbii ki, yeni-yeni məqamlar da üzə çıxır. Dövlət Komissiyası itkin düşmüş şəxs kimi adları qeydiyyatda olan vətəndaşlarla bağlı dəqiqləşdirmə işini bu gün də davam etdirir. 

 

Misal üçün, bu il ərzində aparılmış araşdırmalar zamanı itkin düşmüş 3118 hərbçinin arasında 1979-1989-cu illərdə Sovet ordusunun tərkibində Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirmiş və Qarabağda torpaqlarımızın müdafiəsi uğrunda hərbi əməliyyatlarda itkin düşmüş 18 hərbçinin adını müəyyən etdik. Ümumiyyətlə, bu, çox həssas və çoxşaxəli problemdir və araşdırdıqca yeni çalarlar ortaya çıxır. Bu gün Dövlət Komissiyasını itkin düşmüş 18 Əfqanıstan veteranının taleyi çox düşündürür.

 

Ona görə də Sizin vasitənizlə xüsusilə Əfqanıstanda döyüş yolu keçmiş MDB ölkələrinin bu sahədə fəaliyyət göstərən təşkilatlarına və harada yaşamasından asılı olmayaraq, beynəlmiləl ruhu ilə yaşayan hər bir “əfqanlı”ya müraciət edirik”-deyə Eldar Səmədov bildirib.

 

Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov əfqanlardan keçmiş döyüşçü yoldaşlarının həyatlarına biganə qalmamamı xahiş edib:

 

“Onlardan xahiş edirik ki, döyüş yoldaşlarının taleyinə biganə qalmasınlar və onların taleyinin müəyyən edilməsi işində yardımçı olsunlar. MDB ölkələrindəki təşkilatlara ona görə müraciət edirik ki, onların qarşı tərəfə ən azından söz demək, təmas yaratmaq imkanları var. Əgər bu sahədə qeyd etdiyim təşkilatlar və insanlar bizə kömək edərsə və heç olmasa, bircə insanın da taleyi müəyyən edilərsə, biz o insanlara minnətdar olarıq.

Mən şübhə etmirəm ki, səsimizə səs verən tapılacaq. İndi axtardığımız həmin 18 nəfərin bəlkə də vaxtilə Əfqanıstanda ölümdən qurtardığı cəbhə, səngər yoldaşları hazırda başqa bir ölkədə, başqa bir şəhərdə yaşayır. Əminəm ki, bu müsahibəmdən sonra onlar səngər dostlarının taleyinə biganə qalmayacaqlar. Çox çətin də olsa, söyləyim, bəlkə də 18 nəfərdən bəziləri bu gün həyatda yoxdur. Amma, heç olmasa, onların ruhu qarşısında bir dost, yoldaşlıq borcunu qaytarmış olarlar”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır