Modern.az

Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ

Alan da şikayət edir, satan da... - “Heç kimdə bayram ovqatı qalmayıb” - Bazardan REPORTAJ

9 Dekabr 2016, 10:50

Dekabr ayı yeni ilin müjdəçisi olaraq bilinir. Dekabr ayında hamı yeni il üçün hazırlıqlarını görməyə çalışır. Kommunal xərclərin qiymətlərinin artması, manatın dollar qarşısında hər gün daha da ucuzlaşması əhalinin yeni il hazırlığına mane olur. Manatın dəyərdən düşməsi və kommunal xərclərin bahalaşması digər sahələrdə də bahalaşmaya yol açır. Elə ticarətdə də həmçinin..


Modern.az
saytının əməkdaşları qiymət artımının bazarlara təsirini əyani şəkildə görmək üçün Nizami rayonunda yerləşən “8-ci km bazarı”na üz tutub. Bazardakı vəziyyəti alıcı və satıcılar təsvir etdilər. 

Satıcı Vaqif Ağayev  meyvə-tərəvəzin qiymətinin çox da baha olmadığını dedi.

“Əvvəlki  illərlə müqayisədə alıcılıq qabiliyyəti çox azalıb. Əgər iş yeri çox olsa, əhali də qazanc götürər, təbii ki, bizim də alverimiz yaxşı olar. Bizə də çox çətin olur, gündə müəyyən qədər alver etməliyik ki, bazarın yerpulunu verək. Bazarda yerpulunu çox qaldırıblar.  Əvvəllər 1300  manat, indi isə 1500 manat yerpulu veririk. Onu vermək bizim üçün çox çətindir. Mən əvvəllər Rusiyada bazarda işləmişəm, orada alıcılıq qabiliyyəti buradan çox yüksəkdir”.


Həmsöhbətimiz bildirdi ki, hər alıcı piştaxtaya yaxınlaşanda sevinirlər.


“Onlar da qiyməti soruşur, ciblərinə uyğun olmadığını biləndən sonra uzaqlaşırlar. Bu millətin halına yanan yoxdur. Rəhmətlik Mirzə Ələkbər Sabirin dediyi söz lap yadıma düşdü: “Millət necə tarac olur olsun, nə işim var?”. İndi qarşıdan yeni il gəlir. Meyvə-tərəvəzi əvvəl hansı qiymətə satırdıqsa, yenə də həmin qiymətə təklif edirik. Cüzi miqdarda qiymət artımı var. Onun da səbəbi yerpulunun çox olması ilə əlaqədardır. Axı mən də burdan 3-5 qəpik qazanıb, övladlarıma yedizdirməliyəm”.

Digər satıcı Namiq Məmmədov çərəzlərin qiymətlərinin  keçən ilkindən xeyli fərqləndiyini bildirdi.


“Əhalidə bahalaşan çərəzləri almağa pul yoxdur. İnsanlar işləməyəndən sonra onlarda pul hardan olsun ki? Qiymətlər 50 qəpik - 1 manat arası qalxıb. Çünki burada elə məhsullar var ki, biz onu xaricdən alırıq. Məcburuq ki, üstünə o pulu qoyub, yerpulunu və bir tikə çörəkpulumuzu qazanaq”.

Alıcı qıtlığından şikayətlənən satıcı dedi ki, insanların kredit borclarının olması bazarlara da təsir edir.
“Dollar bahalaşandan sonra da dollarla krediti olanların borcu daha da artıb. Bilmirlər ki, kredit ödəsinlər, ya gəlib bazarlıq etsinlər. Keçən il bu vaxtlar yeni ilə görə alıcı əlindən bazarda tərpənmək olmurdu. İndi isə piştaxtaya yaxın gələn yoxdu. İnsanlarımızın maddi durumu həddindən artıq pisləşib. Mən inanıram ki, bu gedişlə yeni il də qeyd edən olmayacaq”.


Bazarın Elman adlı qəssabı da alıcı qıtlığından şikayətləndi.


“İnanırsınız ki, 3 gün bundan əvvəl kəsdiyim quzu ətini hələ də sata bilmirəm. Alıcılıq qabiliyyəti çox aşağıdır. İnsanlar bu dəqiqə bilmirlər ki, kommunal xərcləri ödəsinlər, ya qarınlarına nəsə alsınlar. Mən mal ətini 10, quzu ətini isə 11 manata satıram. Bu qədər əziyyətin müqabilində isə mənə qəpik-quruş qalır. Heç bu mənim gördüyüm işin əziyyətinə belə, dəyməz. Amma neyləmək olar, çörəyimizin xətrinə buna məcburuq”.

 

 

Bazara müştəri qismində gələn Elmira adlı alıcı da qiymətlərin bahalığından şikayətləndi.

Onun sözlərinə görə, bazara böyük bir siyahı ilə gəlmişdi, amma qiymətlərə görə siyahıda  bəzi ixtisarlar etdi.

“Bazara hər dəfə gələndə qiymətlərin daha da artdığına şahidlik edirik. Kommunal xərclərin qiyməti artdı. Hər şeyə qənaət edirik ki, bir təhər yaşayaq. Qarşıdan yeni il gəlir, qiymətlər indi belədirsə, bir neçə günə daha da bahalaşacaq. Bazarlıq təkcə ərzaqla bitmir. Evdə tək yoldaşım işləyir. Onun da aldığı maaş 600 manatdır. Bu pulla bir ailə necə yaşasın?.. Əvvəllər ayda 5,6 kq ət alardıq. İndi 2-3 kilonu güclə alırıq. Bazardakı satıcıları da qınamıram. Onlar da aldıqlarının üzərinə pul qoymalıdılar ki, dolana bilsinlər. Onlar da bu soyuqda burda dururlar ki, evlərinə bir tikə çörək aparsınlar, amma qiymət bahadır hamı sadəcə qiymətləri soruşur. Qiymət baha olunca da, mənim kimi kor-peşman geri dönürlər”.



Başqa bir müştəri Adil Məmmədov bildirdi ki, Azərbaycanda yaşamaq getdikcə çətinləşir.


“Tək bazarda deyil, hər sahədə qiymətlər od tutub yanır.  İki uşağım var, bütün valideynlər kimi mən də onlara hər şeyin yaxşısını vermək üçün çalışıram. Uşaqla bazara gəlməyə üzüm gəlmir. Uşaqların sağlamlığı üçün keyfiyyətli qidalardan istifadə vacibdir. Amma qiymətlər o qədər bahadır ki, heç nədən normasında ala bilmirik. İşığın və qazın da bahalaşması bir tərəfdən ailə büdcəmizə təsir etdi. Yeni ilin gəlişinə çox az vaxt qalıb, amma heç kimdə bayram təəssüratı qalmayıb. Bazara hər dəfə gələndə qiymət artımı ilə rastlaşırıq. Əvvəl satıcılar çaşıb qiyməti asağı salırdılar. Amma indi hec o da yoxdu, satıcı dediyi qiymətdən aşağı düşmür”.

 

Modern.az-ın əməkdaşları bazardakı qiymətləritəqdim edir, buyurub tanış olun.


Tərəvəzlər

Göyərti – 7 ədidi 1 manat

Soğan - 35 qəpik

Kələm - 50 qəpik

Kartof - 70-80 qəpik

Turp - 1 manat

Pomidor - 1-1.50 manat

 Xiyar – 2-2.50 manat

Tənək yarpağı – 3 manat

Göbələk - 3 manat

Turşular - 1-10 manat arası

 


Meyvələr

Xurma – 1-1.50 manat

Nar – 2-2.50  manat

Portağal - 1.60-2  manat

Alma -  1 manat

Narıngi – 1 man

Banan -2 manat

Kivi - 2.50 manat

Heyva - 2.50 manat

Əzgil – 3 manat

Armud - 3-3.50 manat

 Üzüm – 4 manat


Quru meyvə-tərəvəz və çərəz

Düyü (uzun) - 2 manat

“Tamaşa” düyüsü - 3 manat

“Sultan” düyüsü - 3 manat

“Şahənşah” düyüsü - 3 manat

Mərci - 3,50 manat

Noxud - 3,50 manat

Qaragöz lobya - 4 manat

Lobya - 4 manat

Maş lobya - 4 manat

Meyvə qurusu - 7 manat

Qaysı – 8 manat

Xurma - 8 manat

Kişmiş - 8-18 manat

Şabalıd - 12 manat

Qoz - 14-18 manat

Fındıq - 15 manat

Badam - 20 manat

Püstə - 22-25 manat

Yerfındığı - 5 manat

Ət və süd məhsulları 

Qatıq - 1 manat

Toyuq kq - 3-5 manat

Pendir - 3.50-5 manat

Quzu əti - 11 manat

Mal əti – 10 manat

Hinduşka -10 manat

 

 


Balıqlar

Kütüm - 8 manat

Naxçıvan sazanı - 8 manat

Çapak -2 manat

Sazan - 5 manat

Sudak - 3 manat

“Belamur” - 6 manat

 

Mirmahmud KAZIMOĞLU
Qafar AĞAYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı