Modern.az

“Kaspi”nin baş redaktoru: “Böyük şəxsiyyətlərə layiq olmağa çalışırıq”

“Kaspi”nin baş redaktoru: “Böyük şəxsiyyətlərə layiq olmağa çalışırıq”

9 Dekabr 2016, 11:42

Bu gün “Kaspi” qəzetinin 135 illiyi tamam olur. Qəzet ilk dəfə 1881-ci ildə rus dilində fəaliyyətə başlayıb. 1919-cu ildə fəaliyyəti dayandırılan qəzet 1999-cu ildə Sona Vəliyevanın təşəbbüsü ilə yenidən uğurlu fəaliyyətini bərpa edib.

Modern.az saytı “Kaspi”nin yaranma günü ilə bağlı qəzetin baş redaktoru İlham Quliyevin təəssüratlarını öyrənib.


3 əsrin qəzeti

İlham Quliyev qəzetin 135 illik tarixinə qısa nəzər salarkən, onun hər zaman dövlətçilik mövqeyindən çıxış etdiyini bildirib.

“Biz “Kaspi”ni 3 əsrin qəzeti adlandırırıq. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəlində rus dilində çap olunub. 1919-cu ildə fəaliyyətini dayandırıb. 1999-cu il martın 6-da ümummilli lider Heydər Əliyevin xeyir-duası və Sona xanım Vəliyevanın təşəbbüsü ilə fəaliyyətini bərpa edib. Fəaliyyətini bərpa etdiyi gündən bəri “Kaspi” qəzeti dövlətçilik, maarifçilik mövqeyindən çıxış edib. Cəmiyyətin ciddi imicini qoruyub saxlamağa çalışıb. Ölkənin informasiya yükünün bir hissəsini öz çiyninə götürüb və ölkə vətəndaşlarını maarifləndirib. Həm də xarici auditoriyanın Azərbaycan həqiqətləri barədə məlumatlandırılması işində bir pay sahibi olub”.


“Fəxr edirik ki, bu qəzetin varisləriyik”

Baş redaktor qəzet fəaliyyətini bərpa edəndən burada çalışdığını deyib.


“1999-cu ildən, yəni qəzet fəaliyyətini bərpa edəndən bəri müxbir, şöbə müdiri, redaktor müavini kimi çalışmışam. Hal-hazırda isə baş redaktor vəzifəsində çalışıram. “Kaspi” mənim üçün çox doğma bir məkandır. Hər gün saat 9-dan axşam saat 10-na kimi işdə oluruq. Belə deyək də, günün çox hissəsini qəzetin redaksiyasında keçiririk. 135 illik yol çox şərəfli bir yoldur. Qəzet yarandığı gündən burjua qəzeti kimi fəaliyyət göstərib. Lakin Topçubaşovun qəzetə baş redaktor keçməsindən sonra ümumi Azərbaycan problemlərinin müzakirə olunduğu dövr başlanıb. Həmin dövrlərdə böyük ziyalılar, qəzetin yazarları olublar. Öz fikirlərini xalqa, ictimaiyyətə “Kaspi” vasitəsilə çatdırıblar. Biz fəxr edirik ki, bu qəzetin varisləriyik və o yolu 20-ci əsrin sonu, 21-ci əsrin əvvəllərində davam etdiririk. Böyük şəxsiyyətlərə layiq olmağa çalışırıq”.


“Sona Vəliyeva ilə birgə çalışmaq çox rahatdır”

İlham Quliyev qəzetin fəaliyyətindən danışarkən, təsisçi Sona Vəliyevanın xidmətlərini xüsusi qeyd edib.

““Kaspi” qəzeti Sona Vəliyevanın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.  Sona xanım qəzeti təsis etdiyi gündən ona  çox böyük diqqət yetirir. İndiyə kimi qəzetin 5 baş redaktoru olub. Bu müddət ərzində qəzetin xəttində hər hansı dəyişikliyə rast gəlinməyib. Burda Sona xanımım xüsusi rolu var. Sona xanımın hər zaman maarifçilik, mənəvi dəyərlərimiz və dövlətçilik məsələlərinin qorunması işində tövsiyələri olur. Biz hər zaman onun diqqət və qayğısını öz üzərimizdə hiss edirik. Onunla çalışmaq bizim üçün çox rahatdır. Sona xanım insan kimi də çox gözəl insandır. Həm də yaradıcı xanımdır. Qəzet sahəsində çalışan insanlar bilirlər ki, bu sahəyə yaradıcı insanın rəhbərlik etməsi daha doğrudur. Nə sözümüz olursa, hansısa bir layihəni reallaşdırmaq istəyiriksə, bizim rəhbərliyə izah etməyə ehtiyac olmur. Çünki Sona xanım işlərin içindədir və nə edəcəyini bilir. O hər zaman bizim yanımızdadır”.

Məktub yazan oxucular...

İlham Quliyevin sözlərinə görə, “Kaspi” qəzetinə bölgələrdən məktub yazan oxucular da var.

““Kaspi” qəzetinin böyük  oxucu kütləsi var. Başqa qəzetlərlə müqayisədə oxucularla münasibətlərimizi yaxşı qura bilmişik. Çoxlu sayda daimi oxucularımız var. İndi internet əsri olduğundan Facebook vasitəsilə hər gün oxucularımızdan müxtəlif fikirlər alırıq. Bu müxtəlif fikirlərin arasında tərif də, təşəkkür də, tənqid də olur. Redaksiyamıza zənglər olur. Xüsusən regionlarda qəzetin elə oxucuları var ki, qədim ənənə olan məktublar vasitəsilə bizə ürək sözlərini, müraciətlərini bildirirlər. Biz hər zaman oxucularımıza tribuna verməyə hazırıq. Gənclərə də kömək etməyə çalışırıq. Onların yazılarının qəzetimizdə çap olunmasına şərait yaradırıq.

Hal-hazırda daimi əməkdaşlarımızın sayı 20 nəfərdən çoxdur. Kənar müəlliflərimiz də var. Tanınmış qələm sahibləri, millət vəkilləri, yazıçılar, şairlər, dövlət tərəfindən təltif edilmiş şəxslər var ki, bizim qəzetin yazarları olaraq çıxış edirlər. Flora Xəlilzadə, Fəxrəddin Salehov və digərləri bizim qəzetimizlə əməkdaşlıq edir. Geniş araşdırma yazılar yazılır”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir