Modern.az

““Dünya Azərbaycanlıları İttifaqı yaşamalıdır!

““Dünya Azərbaycanlıları İttifaqı” yaşamalıdır!”’

9 Dekabr 2016, 12:18

Rusiya Ali Məhkəməsi “Dünya Azərbaycanlıları İttifaqı”nın ləğvi barədə qərar qəbul etdi

 

Rusiyadakı Azərbaycan diasporunun hazırki durumu Moskva qışına çox bənzəyir. Rusiya paytaxtı bu gün pis hava şəraitinə təslim olub: yollar sürüşkən və yağmurludur,  güclü qar isə həm avtomobilçilərin, həm də piyadaların həyatını çətinləşdirib. Moskvalılar artıq iki aydır ki, parlaq günəş üzünə həsrətdirlər. Həm də hava o qədər tez dəyişir ki, hətta sinoptiklər də proqnozlarını yeniləməyə çatdırmırlar. Moskvalıların özləri isə son 2 ildə Rusiyada hökm sürən maliyyə-iqtisadi böhran ucbatından daha qəmqin və qaşqabaqlı olublar. Onların əhval ruhiyyəsindən görünür ki, onları bədbinlik basıb və sabahkı günə əminlikdən məhrum olublar.

Təəssüf ki, Rusiyada yaşayan 2 milyonluq Azərbaycan diasporunun da hazırki vəziyyətini belə bir tutqun mənzərə ilə təsvir etmək olar. Rusiyadakı iqtisadi böhrana görə bu ölkədə bir çox həmvətənlərimizin biznesləri batıb və bir çox azərbaycanlılar burdan Azərbaycana qayıdırlar. Nəticədə son illər azərbaycanlıların Rusiyadan vətənə göndərdikləri pul vəsaitlərinin həcmi də sürətlə azalır. Əgər 2014-cü ildə Rusiyada işləyən azərbaycanlılar vətənə 600 milyon dollar göndərmişdilərsə, 2015-ci ildə bu göstərici 2 dəfə azalaraq 300 milyon dollara düşmüşdür. Gözlənilir ki, bu ildə bu rəqəm daha da azalacaqdır.


Rusiyadakı həmvətənlərimizin maddi vəziyyətlərinin pisləşməsi Azərbaycan diasporunun bu ölkədəki ictimai təşkilatlarının işinə də olduqca mənfi təsir göstərdi. Lakin, Azərbaycan diasporunun təşkilati strukturunu yalnız maliyyə-iqtisadi böhran yox, həm də daxili münaqişələr və intriqalar , o cümlədən Rusiya hakim dairələrinin həmvətənlərimiz tərəfindən qurulmuş ictimai təşkilatlara qeyri-dost münasibəti pozur. Rusiya dövlət orqanlarının əllərinin altına düşən belə təşkilatlardan biri də Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” (DAİ) oldu. Məhz bizi də Moskvaya gətirən 1 dekabr tarixində Rusiya Ali Məhkəməsində baxılan DAİ ilə bağlı məhkəmə işi oldu. Daha dəqiq desək, Rusiya Federasiyası Ədliyyə Nazirliyinin RF Ali Məhkəməsinə göndərdiyi Beynəlxalq ictimai birliklər ittifaqı "Dünya Azərbaycanlıları İttifaqı” nın fəaliyyətinə xitam verilməsi haqqında inzibati iddia tələbi.

 

Düzünü desək, RF Ali Məhkəməsinin Povarskoy küçəsi 15 ünvanında yerləşən binasına gəldikdə, Rusiya Ədliyyə Nazirliyinin diasporumuzun nüfuzlu və hörmətli təşkilatlarından biri olan "Dünya Azərbaycanlıları İttifaqı”nı bağlamaq cəhdlərinə qarşı həmvətənlərimizin mitinq və ya heç olmasa piket keçirdiyini görəcəyimizi gözləyirdik. Ancaq, binanın məhkəmə iclas iştirakçılarının buraxıldığı 5-ci alaqapısının qarşısında çox qəmli və narahat gəzişən və siqaret çəkən bircə nəfər azərbaycanlı tapdıq. Bizi RF AM nin binasına buraxmadıqlarına görə qərara aldıq ki, məhkəmə binasının girişində duran yeganə həmyerlimizdən məlumat alaq. Xoşbəxtlikdən, o kifayət qədər söhbətcil insan çıxdı və dərhal özünü təqdim etdi:


- Mənim adım İlqardır. "Dünya Azərbaycanlıları İttifaqı”nı dəstəkləmək üçün Kostromadan gəlmişəm. Ancaq, məni məhkəmə iclas zalına buraxmadılar və dedilər ki, orda yerlər məhduddur.

- Bəs niyə təksiniz? - biz soruşduq. -Biz düşünürdük ki, azərbaycan diasporunun nüfuzlu ictimai təşkilatını müdafiə etmək üçün Rusiya Ali Məhkəməsinin binası qarşısında minlərlə azərbaycanlı yığışacaq.

- Sizə kim dedi ki, mən təkəm?, - İlqar etiraz etdi. - Bura Ali Məhkəmənin binasıdır. Burda mitinq və piketlərin keçirilməsinə icazə verilmir. Hətta tək nəfərlə piket keçirmək çətindir. İcazə verilməmiş piketə və ya başqa aksiyaya görə polis dərhal onun iştirakçılarını həbs edir. "Dünya Azərbaycanlıları İttifaqı” na mənəvi dəstək üçün yalnız Moskvadan yox, Rusiyanın digər regionlarından da çoxlu azərbaycanlılar gəlib. Mən Stavropol, Saratov və Vladimir vilayətlərindən gələn həmvətənlərimizin təxminən 27 avtomobilini saydım, onlardan 3- ü mikroavtobus idi. Onlar hamısı DAİ-ni dəstəkləmək üçün gəliblər. Lakin, onları hətta icazə vermədilər ki, maşınlarını Məhkəmə binasının ətrafında saxlasınlar. Ona görə də təxminən həmyerlilərimizin 30 avtomobili qonşu həyətlərdə və Povarskoy küçəsi boyunca dayanıblar. Hər 10-15 dəqiqədən bir məhkəmə prosesindən xəbər almaq üçün biz bir-birimizi əvəz edirik. Bizə məlumat verdilər ki, məhkəmə iclası 15 dəqiqə gec başlayıb. Ümid edirik ki, Ali Məhkəmə "Dünya Azərbaycanlıları İttifaqı” nın ləğv olunmasına dair Ədliyyə Nazirliyinin iddiasını təmin etməkdən imtina edəcək...

 

İlqarla ünsiyyətdə olduğumuz ərəfədə daha 3 azərbaycanlı bizə yaxınlaşdı. Biləndə ki, biz Azərbaycan KİV nümayəndələriyik, nəsə demək istədilər. Ancaq, heç özlərini təqdim etməyə də imkanları olmadı. Həmin dəqiqə iki polis nəfəri bizə yaxınlaşdı və dağılmağımızı ‘’xahiş’’ etdilər.  “Bura Rusiya Ali Məhkəməsinin binasıdır, xalqın yığıncaq yeri deyil. Söhbət üçün başqa yerə gedin’’, - kapitan rütbəli polis əməkdaşı dedi.

Bundan sonra qərara gəldik ki, İlqarla və digər 3 həmyerlimiz ilə "Dünya Azərbaycanlıları İttifaqı”nı dəstəkləməyə gəlmiş həmyerlilərimizin avtomobillərinə tərəf gedək. Ancaq onlarla söhbətimiz sevindirici olmadı. Estafeti Moskvaya DAİ ni dəstəkləmək üçün Kazandan gələn Çingiz götürdü:

- İradə xanım, digər yerlilərimizdən fərqli olaraq mən bədbinəm. Qorxuram ki, bu gün Ali Məhkəmə Ədliyyə Nazirliyinin "Dünya Azərbaycanlıları İttifaqı”nın ləğv olunmasına dair iddiasını təmin edəcək. Bu gün bir çoxlarına məlumdu ki, son zamanlar Rusiya məhkəmə instansiyaları RF Ədliyyə Nazirliyinin ilkin tələbi ilə milli diasporlarla bağlı ictimai təşkilatları bağlayırlar. Bu daha çox onu göstərir ki, Rusiya hakimiyyətinin milli diasporların ictimai təşkilatlarına qarşı münasibəti köklü dəyişib və onlar artıq müxtəlif diasporların fəal ictimai fəaliyyətini alqışlamırlar. Belə olan halda sual yaranır: o zaman Rusiyada hansı vətəndaş cəmiyyətinin inkişafından söhbət gedə bilər, bir halda ki, RF Ali Məhkəməsi Ədliyyə Nazirliyinin elə ilkin tələbi əsasında ictimai təşkilatları bağlayır?

Söhbətimizə Tümen şəhərində bizneslə məşğul olan Nizami müdaxilə etdi:

- Allah eləməsin, əgər həqiqətən "Dünya Azərbaycanlıları İttifaqı”nı bağlasalar, bundan sonra Rusiyada azərbaycan diasporunun vəziyyəti ciddi mənada sarsılacaq. Risk var ki, Rusiyadakı diasporumuz maraqları ilə heç kəsin hesablaşmadığı müdafiəsiz ‘’boz kütlə’’ yə çevriləcək. ‘’DAİ’’ nin  bağlanması Rusiyada yaşayan və işləyən bütün həmvətənlərimiz üçün güclü zərbə olacaq. Axı, məhz diaspor təşkilatlarımızın hüquqi, bəzən hətta maddi dəstəyi ilə çətinliyə düşən bir çox yerlilərimiz məhkəmə və digər orqanlarda öz hüquq və maraqlarını müdafiə edirlər. Çünki, yerlilərimizdən çoxunun pulu yoxdur ki, təcrübəli yüksək ixtisaslı vəkil tuta bilsin.

Söhbətimizə ‘’DAİ’’ ni dəstəkləmək üçün Voloqdadan Moskvaya gəlmiş Osman Vəliyev qoşulur:

- Çox təəssüf ki, son illər Rusiyada Azərbaycan diasporunun ictimai təşkilatları bir-birinin ardınca bağlanır, qalanların isə səsi demək olar ki, çıxmır. Belə ki, Rusiya azərbaycanlılarının federal milli-mədəni muxtariyyatı “AzerRos” (“FMMM AzerRos”) müxtəlif intriqalar nəticəsində dağıldı, onun rəhbərləri - Abbas Abbasov və Söyün Sadıqov isə müxtəlif təzyiqlər altında Azərbaycan diasporu ilə aktiv işdən uzaqlaşdırıldılar. Səngiməyən intriqalar hətta ona gətirib çıxardı ki, Azərbaycanın baş nazirinin keçmiş birinci müavini - Abbas Abbasov tamamilə ictimai-siyasi fəaliyyətini dayandırdığını bəyan etdi.

Bu məqamda mikroavtobusdan yığışanların Hikmət dayı dediyi ağ saçlı, yaşlı bir kişi çıxdı. Hikmət dayı ‘’DAİ’’-na dəstək olmaq üçün Saratovdan gəlmişdi. ‘’Ağsaqqal nə deyə bilərsiniz?’’ sualımıza Hikmət dayı cavab verdi:

- Nə deyə bilərəm? Yaxşı heç nə yoxdur. Mən özüm öyrənmək istəyirəm, əgər "Dünya Azərbaycanlıları İttifaqı”nı  da bağlasalar, o zaman Azərbaycan diasporunun sonrakı taleyi necə olacaq? Rusiyada yaşayan və işləyən azərbaycanlıları hansı gələcək gözləyir? Əgər biz hər il həmvətənlərimizin ən nüfuzlu ictimai təşkilatlarını itiririksə, biz idarə olunmayan bir kütləyə çevrilməyəcəyikmi? Axı "Dünya Azərbaycanlıları İttifaqı” , ‘’AzerRos” kimi təşkilatların qurulmasına və tanınmasına 10 illər lazım olub, böyük maliyyə resursları xərclənib. Çox böyük insan enerjisi sərf olunub. Mənə çox ağır gəlir ki, digər diasporlar, xüsusilə də erməni diasporu Azərbaycan diasporunun təşkilati strukturunun sakitcə dağılmasına baxaraq sadəcə gülürlər. Belə davam etsə, heç kəs bizimlə hesablaşmayacaq.

- Hikmət dayı, Rusiyada azərbaycan diasporunun mövqeyini möhkəmləndirmək üçün nə etmək lazımdır?

- Ermənilər etdiyi kimi, məharətlə öz diasporunu müdafiə etməyi öyrənmək lazımdır. Bu gün demək olar ki, bütün nüfuzlu rusiya KİV lərində ermənilərin təmsilçiləri var və onlar bu KİV lərin redaksiya siyasətinə güclü təsir göstərirlər. Əgər doğma Azərbaycanın hakimiyyəti bizə kömək etməsə, qorxuram ki, bizim diasporumuz tamamilə öz nüfuzunu itirəcək, bunun ardınca isə ‘’əlavə səs-küy’’ dən ehtiyat etməyərək, azərbaycanlıların bizneslərini əllərindən almağa başlayacaqlar.

Hikmət dayı birdən susdu, siqaretini çıxartdı və çəkməyə başladı. Onun gözləri yaşardı, dərindən nəfəs aldı, titrəyən əlləri ilə ağarmış saçlarını daradı. Siqaretdən bir neçə qullab alıb tüstüsünü burnundan çıxardıqdan sonra, Hikmət dayı söhbətə davam elədi:

- Mənim belə bir hissim var ki, "Dünya Azərbaycanlıları İttifaqı”nın ləğvi Rusiyadakı azərbaycan diasporunun həyatında dönüş nöqtəsi olacaq. Özü də sözün ən pis mənasında. Axı ‘’DAİ’’ bizim həmvətənlərimizin həmin ictimai təşkilatıdır.

Yerlilərimizlə söhbət əsnasında hətta 3 saatdan artıq vaxtın necə tez keçdiyinin fərqində olmadıq və bizə xəbər verdilər ki, məhkəmə iclası bitib və RF Ali Məhkəməsi RF Ədliyyə Nazirliyinin "Dünya Azərbaycanlıları İttifaqı” nın ləğv olunmasına dair inzibati iddia tələbini təmin edib. Bu qəmli xəbəri eşidəndə hamımız donub qaldıq. Sükutu məhkəmə iclasında dinləyici qismində iştirak edən yerlilərimzidən biri pozdu. Bizə yaxınlaşaraq dedi:

- "Dünya Azərbaycanlıları İttifaqı” nın işi ilə bağlı bugünkü məhkəmədən sonra “Rusiya məhkəməsi - dünyadakı ən insaflı məhkəmədir” ifadəsinə kinayə ilə yanaşmaq üçün daha bir səbəbim yarandı. RF Ali Məhkəməsi tərəfindən bu işə baxılması şəraiti imkan vermir ki, bu məhkəmə instansiyasının hökmünü obyektiv və ədalətli adlandıraq. Bir neçə aşkar faktlar var ki, "Dünya Azərbaycanlıları İttifaqı”nın taleyinin rusiya hakim dairələri tərəfindən hələ  “DAİ”  işi üzrə məhkəmə iclasına qədər həll olunduğundan xəbər verir. Buna görə də tanınmış və təcrübəli vəkil Nikolay Dmitrieviç Tutovun ‘’DAİ’’ lehinə bütün inandırıcı və sağlam dəlilləri hakimi qane etmədi. Görünür ki, RF Ali Məhkəməsinə yalnız azərbaycan diasporunun ictimai təşkilatının işinə formal olaraq ‘’baxmaq’’ və daha əvvəl qəbul edilmiş qərarı hüquqi rəsmiləşdirmək qalıb.

O, Zəhmət olmasa, özününüzü təqdim edin’’ xahişimə əhəmiyyət verməyərək nitqinə davam etdi:

- ‘’DAİ’’ işinin gedişatının məhkəmə iclasına qədər müəyyən olunmasını xüsusilə hakimin çıxışı da təsdiq edir, çünki, o ’’DAİ’’ nin bağlanmasını tələb edən Ədliyyə Nazirliyinin inzibati iddiasına dair materiallarla yalnız tərəflər çıxış edən zaman tanış oldu. Onun çıxışından görünürdü ki, məhkəmə iclasına qədər iş materiallarını heç oxumayıb. Əlbəttə, bir halda ki, Məhkəmənin qərarı əvvəlcədən ‘’məlum’’ dur, o zaman nə üçün işin materiallarını oxusun ki?’’ - deyə o ritorik sual verdi.

Onun sözlərinə görə Ədliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında özünü çox cürətkar aparırdı və ‘’DAİ’’ yə qarşı düşmənçilik mövqeyini gizlətmirdi. Planlı sənəd yoxlamasında ortaya çıxarılmış nöqsanları aradan qaldırmaq üçün onlara şans verilməsini xahiş edən ‘’DAİ’’ nümayəndəsinin xahişini rədd edən xanım öz çıxışında qəti idi. Ədliyyə Nazirliyinin nümayəndəsinin Ali Məhkəmə iclasındakı şəxsi davranışları, daha dəqiq desək onun ‘’DAİ’’ inzibati işindəki ‘’arxayınlığı’’ da az sual yaratmır. Məhkəmə iclasında dinləyici qismində iştirak edən jurnalist və politoloq Mehman Qafarlı onunla söhbət əsnasında dedi ki, ‘’belə kiçik şeylərə görə ictimai təşkilatı ləğv edə bilməzlər’’, o isə istehza ilə təbəssüm edərək ‘’məhkəmənin qərarını gözləyin’’ dedi. O fakt da maraqlıdır ki, məhkəmə hökmü elan ediləndən dərhal sonra Ədliyyə Nazirliyinin xanım nümayəndəsi kiməsə zəng etdi və sevinclə məlumat verdi ki, ‘’Dünya Azərbaycanlıları İttifaqı” nı bağladılar. Əgər o hansısa üçüncü şəxslərin maraqları çərçivəsində hərəkət edirdisə, o zaman burda açıq-aydın maraqlar toqquşması mövcuddur, bu isə rusiya qanunvericiliyinə görə cinayət məsuliyyəti yaradır.

Bu arada öyrəndik ki, Rusiya Ədliyyə Nazirliyinin ‘’DAİ’’ ni təqsirləndirdiyi bütün ‘’pozuntular’’ elə həmin RF Ədliyyə Nazirliyi tərəfindən 2005 ci ildə qeydiyyata alınmış ‘’DAİ’’ Əsasnaməsindədir. Lakin, 2010 cu ildə rusiya qanunvericiliyində dəyişikliklər edilib və ‘’DAİ’’ nin Əsasnaməsinin bəzi müddəaları köhnəlib. Eyni zamanda ictimai təşkilatların fəaliyyətini tənzimləyən rusiya qanunvericiliyinin yenilənməsindən sonra ötən altı il ərzində, RF nın həmin Ədliyyə Nazirliyi digər səlahiyyətli dövlət orqanları ilə paralel olaraq artıq bir dəfə ‘’DAİ’’ ni yoxlayıb və  "Dünya Azərbaycanlıları İttifaqı” nın fəaliyyətində ciddi hüquq pozuntularına rast gəlinməyib. O zaman nəyə görə 2016 cı ilin yanvar-fevral aylarındakı planlı yoxlamanın yekunlarına görə ‘’DAİ’’ nin Əsasnaməsindəki həmin ‘’çatışmazlıqları’’ əsas götürərək Ədliyyə Nazirliyinin bu ictimai təşkilatı bağlamaq qərarına gəlməsi cavabsız sual olaraq qalır.

Bundan başqa hazırkı planlı yoxlamadan sonra Ədliyyə Nazirliyində  hər dəfə ‘’DAİ’’ nümayəndələrindən yeni sənədləri qəbul etməkdən imtina edərək, süni olaraq vaxtı uzadıblar ki, ‘’DAİ’’ nin Əsasnaməsindəki çatışmazlıqların aradan qaldırılması üçün bütün müddət ötsün və Azərbaycan diasporunun bu təşkilatı seytnot vəziyyətinə düşsün. Belə ki, sənəddə olan çatışmazlıqlar, o cümlədən  RF Ədliyyə Nazirliyinin nümayəndələri tərəfindən ortaya çıxarılmış qrammatik və üslüb xətaları paket sənədlərlə tanış olduqdan sonra ‘’DAİ’’ nümayəndəsinə cəm halda yox, ayrı-ayrı epizodlarla, ‘’ortaya çıxdıqca’’ bildirilib. Yəni ki, ‘’DAİ’ də bir səhvi düzəldən kimi, başqa iradlar ortaya çıxıb.

Həm də ‘’DAİ’’ Əsasnaməsindəki bütün ‘’çatışmazlıqlar’’ ictimai təşkilatın öz səhvi ucbatından yox, Rusiya qanunvericiliyinin dəyişməsi nəticəsində yaranıb. 11 il əvvəl RF Ədliyyə Nazirliyi üçün norma hesab edilən hallar, bu gün ‘’kobud nöqsan’’ a çevrilib. Buna baxmayaraq, öz Əsasnaməsindəki bu çatışmazlıqları aradan qaldırmaq və onu yeni Rusiya qanunvericiliyinin tələblərinə uyğunlaşdırmaq üçün "Dünya Azərbaycanlıları İttifaqı”na imkan vermədilər.

Ancaq, bizim üçün xüsusilə acı olan o faktdır ki, bütün dünyadakı Azərbaycan diasporunun birləşməsi və təşkilati strukturunun yaradılması işində Fizuli Məmmədovun maksimal şəxsi əməyinə və xərclədiyi pullara baxmayaraq, həmvətənlərimizin ictimai təşkilatlarının fəaliyyət göstərdiyi bütün zaman ərzində ən çox ziyanı da məhz o çəkib.

Çox ağrılıdır ki, "Dünya Azərbaycanlıları İttifaqı” nı 12 illik mövcudluğundan sonra bağlamağa çalışırlar.

“DAİ” ləğv olunarsa, Azərbaycan diasporu ilə işləməyə davam etmək niyyətiniz varmı?’’ sualımıza Fizuli müəllim belə cavab verdi:

- Mən heç yerə getməyə hazırlaşmıram. Azərbaycan diasporu ilə necə işləmişəmsə, eləcə də işləməyə davam edəcəyəm. "Dünya Azərbaycanlıları İttifaqı” isə hər bir halda yaşayacaq! Əgər həqiqətən də Rusiyada ‘’DAİ’’ ni bağlasalar, yenidən RF Ədliyyə Nazirliyində azərbaycan diasporunun həmin adda ictimai təşkilatını qeydiyyatdan keçirəcəyik. Əgər Rusiya Ədliyyə Nazirliyi yenidən bizə problem yaratsa, o zaman yeni ‘’Dünya Azərbaycanlıları İttifaqı” nı Belorusiyada və ya digər Avropa ölkələrində qeydiyyatdan keçirəcəyik, Rusiyada isə bu təşkilatın nümayəndəliyini açacağıq. Hər bir halda ’’Dünya Azərbaycanlıları İttifaqı” qalacaq.

 

 

Moskvadan İradə Axundova,
 xüsusi olaraq Modern.az üçün

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir