Modern.az

“Take 6” qrupu Heydər Əliyev Mərkəzində çıxış etdi - FOTOLAR+VİDEO

“Take 6” qrupu Heydər Əliyev Mərkəzində çıxış etdi - FOTOLAR+VİDEO

9 Dekabr 2016, 15:26

Məşhur “Take 6” vokal seksteti dekabrın 8-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

 

ABŞ-ın ən çox titul qazanan, eləcə də 10 dəfə “Qremmi” mükafatı laureatı olan akapella qrupu qospel, caz, R&B və pop musiqi janrlarında ifa edir.

 

“Take 6” (Klod Maknayt, Mark Kibl, Coel Kibl, Deyv Tomas, Elvin Çea, Kristian Dentli) Bakı tamaşaçılarına müxtəlif üslubların sintez olunduğu, özünəməxsus improvizələrlə zəngin konsert proqramı təqdim edib.

 

Qrup Çarli Çaplinin “Smile” mahnısı kimi dünya hitlərini, Piter Qebriel və Stinqin kompozisiyalarını və s. ifa edib. Hər çıxışdan öncə tamaşaçılarla səmimi ünsiyyət quran musiqiçilər insanın vokal aparatının sərhədsiz imkanlara malik olduğunu nümayiş etdirib, izləyicilərə unudulmaz gecə yaşadıblar.   

 

Qeyd edək ki, qrup 1980-cı ildə ABŞ-ın Alabama ştatındakı Okvud Kollecində Klod Maknayt tərəfindən “The Gentleman’s Estate Quartet” adı ilə yaradılıb. Kollektiv daha sonra “Alliance” kimi tanınıb. 1987-ci ildə “Reprise Records” şirkəti ilə müqavilə bağlayan zaman artıq eyniadlı musiqi kollektivinin olduğu bəlli olub və qrup “Take 6” adlandırılıb.

 

“Take 6” qrupunun ilk albomu dinləyicilərin, caz, pop tənqidçilərinin rəğbətini qazanıb və bununla da kollektiv məşhurlaşıb.

 

Ümumiyyətlə, bu möhtəşəm “6-lığın” hər bir musiqi albomu dünya cazında hadisəyə çevrilib və milyonlarla tirajla satılıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir