Modern.az

Vicdan mühakiməsi

Vicdan mühakiməsi

9 Dekabr 2016, 15:57

Hidayət Elvüsal



Bütün müharibələr çirkindir. Və bu müharibələr igidləri, qəhrəmanları, şərəfli əsgərləri ilə yanaşı… xainləri, satqınları, yalançıları, dələduzları… yaradır.

Jurnalistikanın da bəlkə çoxlarının bəyənmədiyi bir qaydası (“qanun” da deyərdim) var. Baş verən hər hansı hadisə barədə bir neçə mənbədən məlumat alırıq. Əgər onların arasında öz əməkdaşımız varsa, xəbəri, informasiyanı məhz onun adı ilə təqdim edirik.

Bu gün də ürəyimizdə sağalmaz yaraları olan Xocalı faciəsi kimi. Həmin axşam bir neçə adam “Səhər” qəzeti ilə əlaqə saxlayıb, o dəhşəti xəbər vermişdi. Xocalının o zamankı prokuroru Atakişi Atakişiyevin hönkürtü ilə ağlaması, üsyan etməsi hələ də yaddaşımdan silinməyib: “O Bakıda oturanlar bizi güdaza verdilər. Camaatı qırdılar. Sizə inanıram. Bu xəbəri dərc eləyin! Qoy bütün xalq faciəni bilsin!”

Sarsılmışdıq. Artıq bütün bu zənglər faciənin dəhşətindən, miqyasından təxminlər etməyə zəmin yaradırdı.

Həmin axşam “Səhər”in müxbiri Şamil Sabiroğlu da Ağdamda idi. O da bizi aramışdı. Xocalıdan qaçıb, canını qurtaranların dediklərini telefonla bildirmişdi.

Şamili tanıyırdım. Bir neçə dəfə görüşüb söhbət etmiş, yazılarını vermişdik. Açığı çox tərbiyəli, dürüst bir insan təsiri bağışlamışdı. Salyandan idi. Bir müddət Xocalıda müəllimlik eləmişdi. Vəziyyət ağırlaşandan sonra oradan uzaqlaşmışdı.

Və günlərin birində Şamil Sabiroğlunu tanıdığımı, inandığımı deyib, “Səhər”in baş redaktoru, yaradıcısı Məzahir Süleymanzadədən xahiş etdim ki, onu işə götürsün. Əməkdaşlarımız hər zaman Qarabağ bölgəsində olmur. Məzahir müəllim həmişəki kimi bu dəfə də sözümü yerə salmadı.

Şamil fəal idi. Mütəmadi əlaqə saxlayıb, xəbərlər göndərirdi. Bəzən isə topladığımz yardımları Qarabağa aparırdı. Bəlkə unudub, amma mənim yadımdadır – bir dəfə Şuşa üçün nəzərdə tutduğumuz yardımı o aparmışdı. Ağdamdan mənə zəng etdi. Dedi ki, bu yardımı Şuşaya göndərmək mümkün deyil, yollar bağlıdır, vəziyyət ağırdır. İcazə verin Xocalıya göndərim. Əlbəttə, icazə verdim.

Bu kiçik misalları ona görə xatırlatdım ki, Şamil Sabiroğlu yaddaşını təzələsin. Biz insanıq, balıq hafizəli canlı deyilik!

Və… Xocalı faciəsi… Sağalmayan yaramız.

Həmin axşam növbəti sayımızı hazırlayıb əməkdaşlarımıza tapşırdım. Məzahir müəllimin vacib işi vardı, həmişə olduğu kimi qəzeti mənə, yəni müavininə etibar etmişdi.

Evə gedəndən xeyli sonra telefon zəng çaldı. Nəsimi Həbiboğlunun qəhərli bir səslə söylədikləri bütün varlığımı titrətdi. Ayaqüstə dayana bilmədim. Stula oturdum və telefonun dəstəyini bərk-bərk əlimdə sıxdım. Evdəkilər də susmuşdular. Nəyin isə baş verdiyini hiss eləmişdilər. Birtəhər özümə gəldim. Nəsiminin son sözlərini xatırladım:

- Məzahir müəllim dedi ki, Hidayəti çağırın.

Mətbəəyə çatanda hamı “Səhər” qəzetinin hazırlandığı dəzgahın ətrafında idi. Məni görüb susdular. O birilər öz qəzetlərinin yerinə getsələr də, “Aydınlıq” qəzetinin əməkdaşları bizimlə qaldı. Nəsiminin hazırladığı xəbərə baxdım. Artıq səhifəyə qoyulmuşdu. Sonuncu qərarı mənim verməli olduğumu hiss edirdim. Məzahir müəllim xəbərin çapına qərar vermişdi. Həmişəki kimi mənim də fikrimi öyrənmək istəyirdi. Nəsimi dedi:

- Yazını aparıb oxudum, Məzahir müəllim.

- Göndərin çapa! – dedim.

Və həmin an Məzahir müəllimi niyə məni geri çağırdığını anladım. Baş redaktorun məqsədi yalnız fikrimi öyrənmək deyildi. Həm də bu xəbərə görə qəzetin çapının dayandırılmasından ehtiyat edirdi. Bilirdi ki, sona qədər vuruşacam. Qəzetin məhz bu xəbərlə çap olunmasına çalışacam.

Bu vaxt zəng gəldi, kimsə:

- Hidayət müəllim, səni istəyirlər! – dedi.

Hamımız telefonun ətrafına yığışdıq. Dəstəyi götürdüm. Hönkürtü səsi, hər kəsin eşidəcəyi qədər aydın eşidilirdi. Xocalının o zamankı prokuroru Atakişi Atakişiyev idi. Üsyan edirdi:

- Sizə inanıram! “Səhər”ə inanıram! – dedi. Heç olmasa siz bu milləti tək qoymayın!

Mən bu acı xəbərin artıq çapa getdiyini dedim. Ona təsəlli vermək istəsəm də, özümə bir təsəlli verənə ehtiyacım vardı. Bir az da baş verənlərdən danışırdı. Atakişi kimi bir insanın ağlaması, sınması faciənin amansızlığından, miqyasından xəbər verirdi.

Qəzet plyonkaya çıxarılarkən yenə zəng gəldi. Bu dəfə Şamil Sabiroğlu idi. İkinci dəfə zəng edirdi. O da həyəcanla, üsyanla baş verənləri anlatdı. Dedim ki, xəbər artıq səhifədədir və çapa gedir. Həyəcanlı idi:

- Hidayət müəllim, ən azı min adam ölüb. Qalanları dəhşətli vəziyyətdə gəlib çıxır. Şəkillər çəkmişəm, göndərəcəm.

“Plyonka” sexində olan qəzeti saxlayıb 1000 nəfərə qədər insanın öldürüldüyünü xəbərə əlavə etdik.

Sonrakı günlərdə Şamil o dəhşətli şəkilləri göndərdi və çap üçün mümkün olanları (elə şəkillər var ki, onları təqdim etmək mümkün deyil) həm “Səhər”də çap etdik, həm də digər qəzetlərə payladıq.

Və… sonralar, yəni 20 ildən çoxdur ki, Şamil Sabiroğlu baş verənləri radio və televiziyalarda, qəzetlərdə, saytlarda danışır. Amma… hər dəfəsində fərqli bir variantda. Yəqin ki, arxivlərdə saxlanılır. O məsum, o dürüst, tərbiyəli, gözütox (?!!!) insanı yavaş-yavaş dəyişirdi və dəyişib. Bunları da keçib gedərdim. Amma…

Xocalı faciəsi libasına bürünüb indi qapı-qapı gəzən bu adam bizim mənfi obrazımızı yaratmaq çabasındadır. Niyəsini bir azdan deyəcəm. Hələlik isə son “qırılma” nöqtəsini xatırladıram.

Şamil Sabiroğlu yubileyini keçirirdi. Məzahir Süleymanzadə də, mən də iştirak edirdik. Məzahir müəllim onun haqqında layiq olduğu xoş sözləri söylədi. Dəfələrlə elan etsələr də, hətta israr etsələr də mən çıxış eləmədim. Bəyin xətrinə dəyib. Niyə? Əvvəla xasiyyətim deyil. İkincisi…

Artıq qulağıma bəzi söz-söhbətlər çatmışdı. O gün Facebook-da Şamilə cavab olaraq yazdığım iki-üç cümlədən sonra bələdiyyələrdən, bəzi təşkilatlardan, hətta qeyri-hökumət təşkilatlarından mənə zəng edənlər oldu. Xocalı faciəsinin hər ildönümü ərəfəsində Şamil Sabiroğlunun daha “fəal” olduğunu, müxtəlif bəhanələrlə çox qapılarını döydüyünü dedilər. Əlbəttə, bu deyilənlərlə məşğul olmaq bizim deyil, hüquq-mühafizə orqanlarının işidir. Biz belələrini yalnız öz vicdanlarının  mühakiməsinə veririk. Yalnız onu deyə bilərik ki, millətin faciəsindən qazanc mənbəyi kimi istifadə etmək şərəfsizlikdir.

Bu adam özünü meydanda tək görür. Bu adamın gözü o qədər tutulub ki, həmin gecə onunla olan telefon söhbətlərimin ən azı on-on beş nəfərin şahidliyi ilə etdiyimi ağlına gətirə bilmir. Atakişi müəllim də, o da mənimlə danışanda hər şeyi hamı eşidirdi.

İndi dəyişmiş simasına uyğun yalanlar uydurur. Saytların birinə verdiyi müsahibədə deyib ki, o gecə Hidayət müəllimə zəng edəndə dedim ki, 1000 nəfərə qədər adm öldürülüb. Hidayət müəllim də dedi ki, sən nə danışırsan, orada cəmi 2 nəfər ölüb.

Bu yerdə tərbiyəmi pozub “Yalançının…” demirəm.

Daha sonra deyib: Bundan sonra Məzahir müəllimi aradım. Vəziyyəti danışdım. Və mənim dediklərimi qəzetdə  yazdı.

Bir daha “Yalançının…” demirəm.

Amma Məzahir Süleymanzadə onun bu sərsəm iddialarını oxuyub, həmin saytdakı jurnalistlə əlaqə saxlayıb. Şamil Sabiroğlunun dediklərini yalan olduğunu bildirib. O gecə Şamilin səsini eşitmədiyini söyləyib. Xəbəri Nəsimidən, Mehdidən, Rizvandan öyrəndiyini deyib.

Və Məzahir müəllim demiş – o saytda çalışan jurnalist neynəsin? Özünü o günlərin qəhrəmanı elan edən bu adam bilmir ki, FACİƏNİN QƏHRƏMANI olmur. İkincisi, o gecə o xəbəri başqalarından da almışıq!

 

P.S. “Səhər”in kollektivi və digər şahidlər Şamil Sabiroğlunu söhbətdə dəvət edir. Saytların, qəzetlərin nümayəndələri də iştirak edə bilərlər. Xocalının keçmiş prokuroru Atakişi Atakişiyev, o faciədə anasını itirmiş həmkarlarımızdan Səriyyə Müslümqızı, atasını itirmiş Ələmdar Quluzadə də dəvət olunacaq. Buyursun Şamil Sabiroğlu! Bu dediklərini o şahidlərin də qarşısında təkrar eləsin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq