Modern.az

İqtidarla müxalifətin başsağlığı PROBLEMİ - Deputat bunu anormallıq sayır

İqtidarla müxalifətin başsağlığı PROBLEMİ - Deputat bunu anormallıq sayır

9 Dekabr 2016, 16:29

Siyasi fikir ayrılıqları mövcud olan cəmiyyətlərdə yas mərasimlərinə münasibət də  birmənalı olmur. Çox vaxt müxalifət cameəsində təmsil olunan hansısa şəxsin, ya da ailə üzvlərinin, yaxınlarının dünyasını dəyişməsinə iqtidar tərəfi başsağlığı vermir. Amma bunun əksi də baş verir. 

Hətta, iki fərqli düşərgənin insanları  yas məclisində bir araya gələrsə, cəmiyyətin reaksiyası da fərqli olacaq. Yenə də qınaq obyektinə tuş gəlinəcək.

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a açıqlamasında mövzuya münasibət bildirib.

Deputat, bu cür halları normal qəbul etmədiyini deyir.


“Bu, düşündürücü məsələdir. Çox vaxt hansısa tərəfin yas mərasimlərində iştirak etməsini siyasi baxışlara, mövqelərə görə əsaslandırmağa çalışırlar. Bu da münasibətlərdə rol oynayır. Bir çox hallarda insanların vəzifədən çıxarılmasına təsir edir. Yaxud da hansısa müxalifətçi  iqtidar təmsilçisinin yas mərasiminə qatılanda, həmin şəxsin iqtidarın adamı olması fikirləri formalaşır”.  


Fazil Mustafanın sözlərinə görə, bu, tendensiyaya çevrilməməlidir.

“Hansısa siyasi cameənin yas mərasiminə qatılmamaq,  anormal mühitin yaratdığı gerçəklikdir. Mənə elə gəlir ki, belə hadisələr siyasi mədəniyyətin aşağı olduğu ölkələrdə ola bilər. Açıq etiraf edək ki, insanlar belə bir fərqli mövqedə olurlar. Əslində belə olmamalıdır. İnsanlar özlərini bu mənada rahat hiss etməlidirlər. Hər hansı şəkildə belə bir kompleksə qatılmamalıdırlar. Təəssüf ki, bunu gündəlik həyatımızda yaşadığımıza görə, bu, tendensiyaya çevrilməməlidir”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...