Modern.az

Müasir “Kaspi”çiləri tanıyaq

Müasir “Kaspi”çiləri tanıyaq

9 Dekabr 2016, 16:43

Yenilikçisi, məsuliyyətlisi, səxavətlisi, yatağanı, üşüyəni, xoşbəxt olanı var 

Deyir xoşbəxt o insandır ki, hər səhər evdən işə, axşam isə işdən evə tələsir. İşdən evə necə qayıtdıqlarını deyə bilmərəm, amma redaksiyaya daxil olan hər kəsin səhər işə həvəslə başladığına əminəm. Əsas işə - yəni yazılarımıza başlamamış planlaşdırma xarakterli bir iclasımız olur. Amma işə iclas vaxtı yox, iclasdan ən azı yarım saat əvvəl gəlmək lazımdır.
 
Gündəmin halından xəbərdar olub, iclasa gedirik. İclas hər kollektivdə fərqli bir tərzdə keçə bilər. İclasda ölkədə nəşr olunan qəzetlərlə tanış olur, yazılarımızı müzakirə edirik, təkliflər veririk. Bu təkliflərə hər kəsin yanaşması dinlənilir... Onu da deyim ki, iclas otağımız bizim həm də zarafat meydanımızdır. Mövzuları müəyyənləşdirənə qədər hər kəsin zarafat etmək haqqı tanınır. Bir növ bu zarafatlarla bütün stressi üzərimizdən atırıq. Və birdən... Baş redaktorumuzun "keçirik mövzulara” xəbərdarlığı gəlir... Hə, bundan sonra ciddi müzakirələr başlayır. 
 
 
 
 
Tənqidi də motivasiya verən baş redaktor 
 
Hər kəsin yazacağı mövzular bəlli olduqdan sonra hamı iş masasına tələsir. Amma işləmək üçün yox ha... Meyvə yeməyə. Qızların bəzisi meyvə soyur, bəzisi də mətbəxə tələsir. Yeməyə yox, çay gətirməyə. Redaktorumuz da deyir ki, bu mərasim başa çatdıqdan sonra "obed vaxtıdır” çağırışı eşidiləcək.  Hə, indi də keçək hər kəsin gündəlik iş rejimi barədə müşahidələrimə. Başlayaq elə baş redaktorumuz İlham Quliyevdən. İşə başladığım ilk gündən bir şeyi kəşf etmişəm ki, o yenilik axtarışındadır. Hansısa yazını çox bəyənirsə, yeni ideya, fərqli yazı görürsə, bunu mütləq deməlidir. Bu, tək bizim öz yazılarımıza aid deyil. Digər sayt və qəzetlərdə özəl və fərqli yazı görəndə oxumağımızı məsləhət görür. Əgər bir nəfəri tərifləyirsə, bunu elə bir şəkildə edir ki, digərləri sadəcə, nümunə götürsün. Tənqidi isə heç vaxt iclasda, hamının yanında etmir. Başqalarını bilmirəm, amma mənim yazılarımla bağlı hansısa iradı olanda, bunu elə tərzdə deyir ki, sanki əməkdaşına motivasiya verir. 
 
 
 
Tələbkar redaktor 
 
Baş redaktorun iki müavini var. Məğrur Əli Polad və Natiq Muxtarlı. Məğrur müəllim qəzet çapa gedənə kimi redaksiyada olur. Çox məsuliyyətli insandır. Xüsusilə də Xəyalənin (Xəyalə Məmmədova) yazıları ilə bağlı. Düzdür, o, hər birimizin yazılarını redaktə edir, amma əsas dialoqu Xəyalə ilə olur. Məğrur müəllim savadlı, yüksək analiz qabiliyyəti olan ekspertlərin müsahibələrini oxuyandan sonra tənqidi fikirlərini hər kəslə mütləq bölüşməlidir. 
 
 
 
 
 
 
 
 
Çiynimi mövzu yükü ilə dolduran və... 
 
 
Natiq müəllim redaksiyamızda yenidir. Bir neçə aydır işə başlasa da, artıq "Kaspi” ailəsinin bir üzvü olaraq hər kəslə səmimi münasibəti var. Bundan əlavə, yeni mövzuları çoxdur. Bu ay ərzində təkcə mənə o qədər yeni mövzu verib ki, yeni ilə qədər çətin o mövzu yükündən qurtula bilim. Redaksiyaya gələn gündən iş masasının üstündə daim meyvə, şokolad, şirniyyat olur. Özü də bir nəfərlik yox ha... Ürəyi istəyən hər kəs bu süfrədən istədiyi zaman nə istəsə rahatlıqla götürə bilər. Adətən çay içmək üçün nəsə tapmayanda Natiq müəllimin yanına üz tuturuq. Səxavətindən özüm bu qədər çox söz açdım ki, yazılarıma irad tutmasın... 
 
 
 
Bizə mövzu saxlamayan xanım... 
 
 
Əslində masa düzülüşünü nəzərə alsaq, indi növbə Azər müəllimin (Azər Nuriyev) olmalıydı. Amma fikirləşdim ki, mədəniyyət şöbəmizin müdiri Təranə Məhərrəmova haqda ondan əvvəl yazım. Təranə xanım 18 ildir "Kaspi”də çalışır. Hansısa tədbirdə olanda, reportaja gedəndə "Kaspi” adı çəkiləndə Təranə xanımı tanımayan çox az adam olur. Hələ səyahət sevgisi də hər kəsə bəllidir. Çoxdandır gözləyirəm ki, yolu Belçikadan da düşsün. Söz verib ki, Belçikaya növbəti səfərində xüsusi olaraq mənə şokolad gətirəcək. Bir də onu da deyim ki, yeni nə mövzu təklif etsək, Təranə xanım deyir ki, o haqda filan vaxt yazıb. Qısası, bizə işləməyə mövzu saxlamayıb...
  
 
Və 18 ildə ilk dəfə istirahət edən Bəy
 
  
Gündəlik planlaşdırmada bəzən hansısa işçiyə mövzu verilmir, bir gün istirahət edir. Amma heç vaxt bu istirahətdən pay götürməyən insan 18 ildir beynəlxalq aləmdən yazan Azər müəllimdir. Hər gün hamıdan əvvəl işə gəlir, işini hamıdan da əvvəl bitirir. Hətta keçmişdən danışanda deyir ki, cavan vaxtlarımda məni ofisdə görməzdiniz, tədbirlər, reportajlar, müsahibələr. Siyasətlə maraqlanmasam da, jurnalistika ilə bağlı sualım olanda təcrübəsini bizimlə bölüşür. Hə, onu da deyim ki, o, məhz bu sayımızın hazırlanmasında iştirak etmədi. 18 ildə ilk dəfə istirahət etdi. 
 
 
 
Lalənin müsahib siyahısı
 
 
"İşini sevən, hər zaman yeni nəsə axtaran, müsahibindən gözlədiyini ala bilməyəndə əhvalı pozulan əməkdaşımız” deyəndə redaksiyada hamı bilir ki, söhbət "Gənclik” əlavəmizin redaktoru Lalə Musaqızından gedir. Hər zaman baş redaktor redaksiyanın gənc nəslinə yazılarını oxumağı məsləhət gördüyü jurnalistlərdən biri də Lalədir. Onun yazı üslubu hər kəsdən fərqlidir. Onu da deyim ki, hər zaman axtarışdadır. Onun müsahiblərinin adları  olan siyahısını bir görəsiniz... Kənardan çox quru görünən bir mövzunu öz üslubunda işləyib, mütləq maraqlı tərəflərini tapıb, ortaya qoyacaq. 
 
 
 
 
Şou-biznes nümayəndələrinin qənimi
 
 
Əməkdaşlarımız dəhlizdə gələn ayaq səslərindən kimin redaksiyaya varid olduğunu bilirlər. Gələn Xəyalə Rəisdir. İkinci ixtisası "Teatrşünas” olan mədəniyyət müxbirimiz Xəyalə Rəisi deyirəm. Dəhliz boyu hərəkət etdikcə qonşu ofislərdə oturanların da kef-əhvalını soruşur, sonra otağa daxil olur. Otağa daxil olanda  da "Salam olsun mənim mehriban kollektivimə” deyir. Bu cümlə ilə otaqdakı ab-havaya əlavə rəng qatmış olur. Pah, əgər müsahib onun zənginə cavab verməsə, aləmi bir-birinə qatacaq. Həmin şəxsi tapmayana qədər dili dincəlməyəcək. Hələ bir arada vaxt tapıb redaktorlara da hədə-qorxu gəlir. Özündən o qədər əmindir ki, "redaktor yazımı oxumasa da olar” deyir. O, həm də "Teatr” əlavəmiz üçün yazır. Onu şou-biznes nümayəndələrinin qənimi kimi də xarakterizə edirlər. 
 
  
 
 
"Xoş avaz”ına həsrət qaldığımız əməkdaş 
 
 
Parlament müxbirimiz, siyasi yazarımız Rufik İsmayılov haqda danışmasaq olmaz. Yazı istiqaməti siyasət olsa da, iclaslarda sosial, iqtisadi sahələrlə bağlı mövzular da çıxarır. Əgər yeni, maraqlı nə isə axtarışında olsaq, o, çox qısa zamanda bununla bağlı ideyasını təklif edəcək. Qayda-qanunlara riayət etməsi, işinə məsuliyyətli yanaşması bir tərəfə... Deyilənlərə görə yaxşı səsi, şeir demək qabiliyyəti də var. Amma son vaxtlar işi çox olduğundan qulaqlarımız "xoş avaz”ına həsrət qalıb. 
 
 
 
O, heç kimə yox deməyəcək
 
 
Aygün Əziz də "Gənclik” əlavəmizin zəhmətkeş əməkdaşlarındandır. Hara getsə, ordan müsahibəsiz, reportajsız qayıtmaz. Bir dəfə dedi ki, bütün gün yeni ideyalar fikirləşir və tapır da, amma vaxt azlığından hamısını reallaşdıra bilmir. Bir də onun yazıları ilə müsahibələrinin eyni günə təsadüf etdiyini görəsiniz. 5 adama zəng vura, hamısı da sabah görüşmək istədiyini deyə... O, heç kimə yox deməyəcək, hamı ilə görüşəcək. 
  
 
 
Həmişə üşüyən əməkdaşımız 
 
 
Siyasət yazarlarımızdan biri də Şəfa Tapdıqdır. Siyasətdən uzaq olduğum üçün yazıları haqda fikir səsləndirə bilmərəm, amma onu deyim ki, redaksiyanın ən çox üşüyən işçisidir. Yay-qış, fərq etməz. Rufik onun haqqında belə deyir: "Qışda təbii soyuqdan, yayda da kondisionerin havasından üşüyür Şəfa”. Böyük bir şala bürünüb, kompüterdə yazılarını yazır, bircə gözlərini görə bilirik. Hə, işgüzarlığını da deyim də. 4-5 fincan çayı bir əldə gətirmək məharətinə söz ola bilməz. 
 
 
 
Redaksiyanın neft mütəxəssisi və Fərid Hüseynin müsahibləri
 
 
Şəbnəm Mehdizadə işə təzə başlayanda mənə deyirdi ki, iqtisadiyyat çətindir, necə yazırsan? Amma çox keçmədi ki, o, özü iclasda iqtisadi mövzular təklif etməyə başladı. "Redaksiyanın neft məsələləri üzrə mütəxəssisi” də deyirik ona. Müsahibi cavab verməyəndə isə üzünü görmə, qanı qaralacaq. Ona mövzunu redaktor verəndə işi rəvan gedir. Amma mövzunu özü təklif edəndə hər dəfə bir əmma çıxır ortaya. 
  
 
"Kaspi”nin "Ədəbiyyat” əlavəsinin redaktoru isə gənc şair Fərid Hüseyndir. Onu deyim ki, redaksiyaya gələn zənglərin 50 faizində Fəridi soruşurlar. Bir kitab ölçüsü yazı göndərib "bunu qəzetdə verin” deyənlər də olur. Hansısa müəllif təsadüfən bir yazı göndəribsə və o yazı keyfiyyətlidirsə, Fərid onu mütləq yenə də yazmağa sövq edəcək. Bir də onu deyim ki, o, yazıları redaktə edərkən mütləq səsinin tonunu qaldırmalıdır. Yaxın masada oturanlar onun hansı yazını oxuduğunu bilirlər. Deyir ki, yazını astadan oxuya bilmir.
 
 
 
Hər kəsin zəhmət payı...
 
 
İngilis dilli saytımızın əməkdaşları Nərmin Məmmədova və Məlahət Nuriyevadır. Onlar bizim yazılarımızı tərcümə edib, sayta yerləşdirirlər ki, dünyanın o biri tərəfində olanlar da yazdıqlarımızla tanış olsunlar. Nərmin bir az yox, çox sakitdir, otağa daxil olanda verdiyi salamı heç kim eşitməyə bilər. Amma deyib-gülən, mehriban əməkdaşlarımızdandır. Məlahət isə redaksiyaya gəldiyi ilk gündən hər kəslə xoş ünsiyyət qurmağı bacarıb. Elə bil illərdir bu kollektivdə olub.
  
 
Şəkili olasan, bir çimdik də... 
 
 
Qəzetimizin dizayneri isə İlham İsmayılovdur. Redaksiyada kimin kompüterlə bağlı nəsə problemi olsa, onun üstünə qaçır. Hətta bəzən kompüteri elektrik mənbəyinə qoşmayıb "İsmayılov mənim kompüterim işləmir” deyənlər də var. Gəlir, sakitcə kompüteri elektrik mənbəyinə qoşur və "düzəltdim” deyib gedir. Şəkidəndir. Amma bir çimdik də olsun yumor hissi yoxdur. İşi-gücü ancaq Azər Nuriyevə söz atmaqdır. Amma insafən, onu deyim ki, məhz Azər müəllimə atmaca atarkən onda bir az duzluluq hiss olunur. Hə, bir də onu deyim ki, o, hər gün redaksiyada ən azı 20-30 dəqiqə yatmalıdır. Eləcə başını masanın üzərinə qoyub, elə şirin-şirin yatır ki... Onu yuxudan redaktorumuz ayıldır. Ayılan kimi də gərnəşib, "elə şirin-şirin yatmışdım ki” deyir. 
  
 
Dilbər Əlimədətli və Mərcan Rüstəmova bizim yazılarımızın ərsəyə gəlməsində yardımçı olan operatorlardır. Aldığımız müsahibələri daha tez bir zamanda kompüterdə yazıb, işimizi asanlaşdırırlar. Yəni, qəzet səhifələrində görünən yazılarda onların da zəhməti danılmazdır.
 
 
  
 
Bir azcıq da özümdən yazım. Kim öz ayranına turş deyər ki? Ona görə özümdən yazmasam da olar. İşini sevən, insanlarla işlədiyi üçün sadəcə, çox xoşbəxt olan birisi - Aygün Asimqızı. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı