Modern.az

Mətbuat Şurasının “Kaspi” qəzetinə yubiley təbriki

Mətbuat Şurasının “Kaspi” qəzetinə yubiley təbriki

9 Dekabr 2016, 16:55

Azərbaycanın ictimai fikir tarixində əsası dahi mütəfəkkir və alim Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın rolu son dərəcə böyükdür. Milli nəşrlərimiz XIX əsrin sonu - XX əsrin əvvəllərində dövrün görkəmli ziyalılarını öz ətrafında birləşdirərək dövlət müstəqilliyimizin ideoloji bazası rolunu oynamışlar. Bu şərəfli işi həyata keçirən mətbuat orqanlarımızdan biri də bu gün 135 illik yubileyini qeyd edən “Kaspi” qəzetidir.

 

“Kaspi” görkəmli ziyalıların, ictimai-siyasi xadimlərin və fikir dühalarının ideya və baxışlarının tribunasına çevrilmiş qəzetdir. Nəşr böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin himayədarlığı ilə azərbaycançılığı, türkçülüyü və İslam dini dəyərlərini əsas tutaraq son dərəcə müstəsna tarixi missiya yerinə yetirmişdir. Qətiyyətlə deyə bilərik ki, klassik mətbu irsimizin nümunəvi daşıyıcısı olan yubilyar nəşrin keçdiyi 135 illik yol fəxarət və qürur mənbəyimizdir.

 

“Kaspi” dedikdə gözlərimiz önündə bütöv bir mərhələ canlanır. Bu günün “Kaspi”si isə gündəlik ictimai-siyasi qəzet kimi fəaliyyəti, təşəbbüsləri, həyata keçirdiyi layihələri ilə həmin tarixi mərhələyə işıq saçır. Nəşrin dəst-xətti yüksək peşəkarlıqdan, məsuliyyətdən və həssaslıqdan qidalanır, ənənələrə sadiqlik ruhuna köklənir. “Kaspi”ni geniş oxucu auditoriyasına sevdirən də məhz budur.

 

“Kaspi” qəzetinə əlamətdar gün – 135 illik yubiley təbriklərini çatdırmaqdan məmnunluq duyuruq. Nəşrin rəhbərliyinə və kollektivinin hər bir üzvünə möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Əminik ki, üç əsrin qəzeti olan “Kaspi” müstəqil Azərbaycan Respublikasının var olduğu əsrlərə işıq saçacaq. Bu varlıq işığı isə əbədi və dönməzdir.

 

135 illik yubileyiniz mübarək, əziz həmkarlar!

 

Azərbaycan Mətbuat Şurası

                                                       

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi