Modern.az

Cənnətin ilk diri sakini

Cənnətin ilk diri sakini

10 Dekabr 2016, 10:30

Azad Müzəffərli


(Hekayə)

Qisməti ayaqüstəydi. Gəncliyinin gurladığı bir dövrdə dünyanın ən zəngin transmilli şirkətlərindən biri ona miras qalmışdı. Ötən illərini də hədər keçirməmişdi.  Biznesdə zirvələr fəth etmək üçün yüksək ali təhsil almış  və kifayət qədər təcrübə toplamışdı.  Rəhbərlik etdiyi iqtisadi qurumun varidatına, nəinki, planetin ayrı-ayrı şirkətləri, hətta, əksər dövlətləri belə həsəd apara bilərdi. Sərvətini saymaqla qurtaran deyildi.

        
Yenicə işə başlasa da, üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəlirdi, biznesini xeyli genişləndirmişdi. Var-dövlətə hərislikdə dədə-babasından geri qalan deyildi. Pul da ki, pul gətirər. Şan-şöhrət, kapitalını daha da artırmaq istəyi ilkin dövrdə ona güc gəlirdi. Yoruldum demək bilmirdi. Öz imicinin üstə əsim-əsim əsirdi.

      
İllər bir-birini qovaladıqca yeni-yeni arzular onu qanadına alırdı. Biznesdə kimsənin onunla ayaqlaşa bilmədiyi göz qabağındaydı. Bunu bütün həmkarları acizanə şəkildə etiraf etmək məcburiyyətində qalırdılar. Qısa müddətdə kapitalını da bir neçə dəfə artırmışdı. Artıq dünyanın ən varlı şəxslərindən biriydi. Nəhayət, iş-gücdən doydu. Xəyalından planetin dördbir tərəfini ürəyincə gəzib-dolaşmaq istəyi keçdi.

     
Günlərin birində dünya səyahətinə çıxmaq qərarını qətiləşdirdi. Şirkətin idarəçiliyini etibarlı dostlarına həvalə edib yola düzəldi. Gəzib-dolaşmadığı məkan qalmadı. Planetin gəzməli-görməli yerlərini ələk-vələk elədi. Nəsli kəsilməkdə olan tayfaların məskunlaşdıqları cəngəlliklərə qədər baş vurdu. Yer kürəsini ayaqaltına çevirdi.

      
Görüb-götürdükcə iştahı daha da itilənirdi. Antik dünyanın yeddi möcüzəsinə tamaşa etmək fürsətini də əldən vermədi. Türkiyədə Halikarnas mavzoleyini, Misirdə piramidaları və İsgəndəriyyə mayakını, İraqda Semiramidanın asma bağlarını, Yunanıstanda  Artemida məbədini, Rodoslu Kolossu və Olimpdə Zevsin heykəlini ziyarətdən olmazın həzz aldı.

      
Gözü, könlü doymaq bilmirdi. Arzu da ki, arzu gətirər. Gündən-günə cilalanan zövqü də onu rahat buraxmırdı. Bu dəfə dünyanın ən hündür nöqtəsində və ən dərin çökəkliyində olmaq istəyi keçdi içindən. Puluna minnət. Var-dövlətin aça bilmədiyi qapı yoxdu. Bircə, həqiqi dəyərlərə söykənən insanların qəlbinin qapısından başqa. Nəinki, qalan qapılar, hətta, istənilən darvazalar belə pul-paranın qarşısında acizdi, səs-sorağı eşidilən kimi laybalaydılar. Məşhur alpinistlərin dəstəyi ilə tezliklə Himalay dağının Çin-Nepal sərhədindəki  Comolunqma yüksəkliyini  fəth etdi. Tibetlilərin İlahə - Qarlar anası( Saqarmatxa), nepallıların Kainatın anası(Comolunqma), dünyanın varını-yoxunu özəlləşdirməkdə tayı-bərabəri olmayan ingilislərinsə, məşhur tədqiqatçı Con Everestin şərəfinə Everest adlandırdıqları bu uca nöqtədə var-gəl edərkən, o, öz gözündə bir az da yüksəldi. Comolunqmanın ağ örpəyi onun ucu-bucağı görünməyən qatar vaqonları tək sıralanan arzularına işıq saldı. Batiskafla Marian çökəkliyinə enərkən də,  elə bil, Sakit Okeanın deyil,  istək, arzular dəryasının dərinliklərinə baş vurdu. Şəffaf başlı yastı balıqlar, səkkizayaqlı ilbizlər, gözləri təpəsinin tən ortasında qərar tutan bədheybət amöblər və buranın sakini olan digər möcüzəli canlılar onu növbəti səyahətlərə köklədi.

     
Yerdə gəzib-dolaşmadığı məkan qalmadığından içindən göylərdə pərvaz etmək istəyi keçdi. İlkin olaraq, turist firmalarından birinin xəttilə kosmosu hava şarı ilə təqribən 30 kilometrlikdəki ənginliklərdən  seyr etdi. Təəssüratı insan təsəvvürünə sığışmırdı, heyrət içindəydi. Cəsarətləndi. Tanrının yaratdıqlarına kosmik peykdən tamaşa etmək xülyasına qapıldı. Bu, başqaları üçün əlçatmaz ola bilərdi. Pullu kişilər üçün isə qanadlanmayan arzu yoxdu.  Aylarla əziyyətə qatlaşdı, tam hazırlıq keçəndən sonra göylərin sıravi bəndələr üçün əlçatmaz olan qatlarına da yüksəldi, barmaqlarını dişləməkdən yara elədi.

     
Yerə dönəndən etibarən yenə sakitlik tapmadı. Xeyli götür-qoydan sonra qərara gəldi ki, indiyəcən heç bir bəşər övladına qismət olmayan fövqalədə nəyəsə imza atmalıdır. Düşünürdü ki, ötən illərdəki “rekordları” təzələnə bilər. Öz gözündə o qədər ucalmışdı ki, tarixə düşməyi haqq etdiyinə əmindi. Tanrının daha böyük mətləblərindən hali olmaq istəyi də tükənməzdi. İnsafən, təkcə özünü düşünən də deyildi, iliyinəcən mərhəmətliydi, heç vaxt insanlardan xeyirxahlığını əsirgəməmişdi. Günlərlə, aylarla baş sındırdı. Təfəkkür və təxəyyülünə bir an belə dinclik vermədi. Nəhayət, aradığını tapdı; cənnəti diri gözlə görən ilk insan o olmalı idi. 

     
Yenə “tapmacalar” burulğanındaydı. Bəs, bu ideyasını hansı yolla araya-ərsəyə gətirəcəkdi, o müqəddəs Tanrı səltənətinə necə yol tapacaqdı?!. Suallar labirintində ilişib qalmışdı. İndiyə qədər ona yar olan var-dövləti də növbəti arzusunun çin olmasında acizdi. Gecəsini gündüzünə qatsa da, xeyri olmadı. Heç də pis işləməyən qafasından əlavə əsas “silahı” pul-parasıydı. Reallığa söykənməkdən başqa çarəsi qalmadı. Nəhayət, öz anlamınca, mümkün sağlam məntiqə gəldi. Fikirləşdi ki, cənnətə izn yalnız və yalnız Tanrıdan keçdiyindən onun yaratdıqlarına qayğısını qat-qat artırmaqla savaba batar, bəlkə, bu yolla ümdə məqsədinə yetmək imkanı qazana bilər. O andan insanlara və təbiətə mərhəmətini əsirgəmədi.

       
Fauna və floranın sağlamlaşdırılmasına pullar tökdü. Nəsli kəsilməkdə olan heyvan və bitkilərin himayədarına çevrildi. Ekoloji məsələlər gündəmindən çıxmadı. İnsanların da pənah yerinə çevrildi. Savabını yığıb-yığışdırmaqla qurtarılması mümkün olmayan əməllərinin sorağı tezliklə ərşə dirəndi.

      
 Hər kəsdən və hər şeydən zərgərdəqiqliyi ilə agah olan Tanrı günlərin birində onun başının üstünü kəsdirdi.


-Ey, bəni-insan, diri-diri cənnəti görmək sənin nəyinə gərəkdir, axı?!. Bir də ki,  belə getsə, yəqin, sən də geci-tezi oralıq olacaqsan, ona görə, sənin mətləbini tuta bilmirəm?!.


-Ya Tanrım, sadəcə, içimdən keçdi. Boynuma alıram, özünə aludəçilik də bizlərin sağalmaz şakərimizdir. Lap düzünü deyim, artıq dünyada mənim üçün əlçatmaz heç nə yoxdu, çin olmayan arzum qalmadı. Bu təqdirdə mümkün olmayanı arzuladım, insanlar belədir, göbəkləri belə kəsilib. Başa düşürəm ki, bu dəfəki arzum həqiqətən xülyadır, di gəl, qərarımda israrlıyam.  O da danılmaz reallıqdır ki, əlacsız qaldığımız məqamlarda bizlər haqqımız olub-olmamasına baxmayaraq Uca Varlığa üz tuturuq. Bu, qanımıza, canımıza hopub.  Ona görə də, son ümidim Sizədir!?. Acizanə şəkildə təvəqqe edirəm, məni sağ ikən cənnətə aparın!?.


- Xoşməramlı əməllərindən xəbərim var, əksiltmə. Di gəl, sənin həmin əlçatmaz məqsədinə yetməyin üçün bunlar kifayət deyil. Ta əzəldən xeyirxahlıq insanlara məndən ərmağandır. Yer üzündə sənin kimi savab əməl sahibləri az deyil. Sən, istəyinə çatmaq  üçün indiyəcən insanlıq tarixində rast gəlinməyən hallallığa nail olmalısan, həm miqyasına, həm də keyfiyyətinə görə. Onu da deyim ki, bu da mütləq sənin daxili dünyandan qaynaqlanmalıdır, mənlik deyil. Ayrı-seçkilik eləməyə mənim də haqqım yoxdur.  Bunun yolunu da özün tapmalısan?!.


- Minnətdaram, Tanrım, Siz mənə güc-qüvvət verdiniz, mənim cüzi insanpərvərliyimi həddən ziyadə qiymətləndirdiniz. Ya qismət!?.


- Lap yerinə düşdü, qismət olsa, görüşərik. Mən insanlara haqqa yetmək üçün min bir yol qoymuşam, sadəcə, sağlam düşüncəylə aramaq və məramına sadiq qalmağı bacarmaq lazımdır. Çin olmayan arzu yoxdu, təbii ki, həddini aşmamaq şərtilə...

      
Söhbət burada tamamlandı. Tanrı qəfildən peyda olduğu kimi bir göz qırpımında da öz səltənətinə çəkildi.

     
Yenə də güc düşdü təfəkkür və təxəyyülünə. Tanrının ona təklif etdiyi ip ucunun açması ilə bağlı gecəli-gündüzlü baş sındırdı. Günlərin birində ona elə gəldi ki, aha, deyəsən, tapdı!?. Başçılıq etdiyi şirkətin xəzinəsi bir anlığa gəldi gözləri qarşısına. Anladı, bu qədər pul-para hallallıqda yalnız onunku ola bilməzdi. Qazandıqlarının müqabilində verdikləri yetərli deyildi. Lap cüzi idi. Bu transmilli şirkətin sayagəlməz uğurları üçün neçə-neçə insan can qoyub, bunun müqabilində aldıqları məvacib isə aydan-aya yetə, ya yetməyə?!.. Onlar daha artığını haqq edirlər.  Hansı donu geyindirməyə çalışırsan-çalış, mizan tərəzisinin birtərəfli işlədiyi şəksizdi. Birinə milyardlar, o birilərinə qəpik-quruş?!. Tanrının kitabında belə haqq-hesab mövcud deyil!!! Bu, insanların quramasıdır, vəssalam!!!

       
 Nə etməli, ən düzgün çıxış yolunu necə tapmalı?!. Olduqca mürəkkəb sualdı?!. Asan gəlməsin, onun da aləmində, zəhmət haqqı ilə bağlı ənənəvi “halallıq düsturu”nu köklü şəkildə dəyişmək özü-özünü “baltalamağa” bərabərdi. Amma gecdi, hətta, istəsəydi də, geriyə yolu yoxdu. Beləki, onun mətləbindən artıq Tanrı da hali idi. Əslində, o, özü də geriyə dönmək fikrində deyildi. Dünya varında artıq gözü yoxdu. Onun dərdi, indi başqa dərddi.

      
Hallallığın ən məqbul yolunu axtarmaq niyyəti bir neçə gün də vaxtını apardı. Müdrikləri başına yığdı, min dəfə götür-qoy elədilər. Nə qədər ölçsələr, biçsələr də, fikirləri haçalanırdı. Axırda qərar vermək yenə onluq oldu. Sonda əqlinin və ürəyinin səsinə qulaq kəsildi. Bütün işçilərinə elan elədi ki, kimin nəyə ehtiyacı varsa, təcili ona yazılı şəkildə müraciət eləsinlər. Hamı nağıllar aləmində idi. Heç kəsin arzusunu ürəyində qoymadı. Kiminə tam təmirli mənzil, kiminə hər cür şəraiti olan bağ evi, kiminə yağ içində avtomobil, kiminə də ən bahalı məişət texnikaları, nə bilim, nələr, nələr hədiyyə etdi. İmkansızlıq ucbatından illərdi övladlarına toy eləyə bilməyənlərin də sevincini yığıb yığışdırmaqla qurtaran deyildi. Neçə-neçə işçisinin balası dünyanın ən nüfuzlu ali təhsil ocaqlarına göndərildi. Planetin ən bahalı klinikalarında müalicə alaraq sap-sağlam evlərinə dönənlərin də sayı vardı, hesabı yoxdu. Ömründə ilk dəfə xarici ölkələrə səyahətə gedənlər də kifayət qədərdi. Kimsənin müraciəti cavabsız qalmadı. Həmin kollektivdə əsl kommunizmdi. Bu hələ harasıdır, əmr verdi ki, şirkətdə əvvəllər çalışanlar da haqqına çatdırılsın. Bütün bunlardan sonra yenə özünə də, gələcək nəsillərinə də bəs edəcək qədər pul-parası qaldı. Məmnundu. “Mümkün olmayanın” öhdəsindən gəlmişdi.

       
Tanrı da onunla görüşünü ləngitmədi. “Əhsən” deyərək onu cənnətə yola saldı. Elə, ilk baxışdaca gördükləri onu yamanca təəccübləndirdi. Cənnətlə cəhənnəm qonşu idi, bu hələ harasıdı, qıl körpüsünə bənzər sərhəd də tam şəffafdı. Di gəl, nə o yana, nə də bu yana kimsənin addaması qeyri-mümkündü. Tanrının gözündən heç nə qaça bilməzdi. Həmin səbəbdən kimsə buna cəsarət də etmirdi. Təəssüratlarını yığıb-yığışdırmaqla qurtaran deyildi.

       
Bir müddət sonra Uca Varlıq cənnətdə də ona baş çəkməyi unutmadı.


-      Hə, bəni-insan, necəsən, bu arzuna da yetdin!?.


-      Şükürlər olsun, hədsiz dərəcədə minnətdaram, ey, Ulu Yaradan!!! Təəssüratlarım, yaşantılarım sözlə ölçüyəgəlməzdir!!!


-      Bəs, cənnətdə ən çox nə xoşuna gəldi?


-      Sualınız lap ürəyimcə oldu. Məhz şəhidləri cənnətin ən səfalı guşələrində, ən sayılıb-seçilən məhəllələrində yerləşdirməyiniz. Bu, Sizin Mötəbərliyinizin, Yekliyinizin danılmaz sübutudur.


-      Şəhidlik əlçatmaz zirvədi, oradan paklıq əksilməməlidir!!!


-      İnsanlıq adına Sizə sonsuz təşəkkürümüzü yetirirəm!!! – deyə bəndə dilləndi, - İzninizlə, olar, bir sual da mən verim?


-      Təbii, buyurun.


-      Siz, nəyə görə cənnətlə cəhənnəmi qonşu yaratmısınız? İlk baxışdan bu heç cür anlaşılan deyil?!. Mənə çox qəribə gəldi...


-      Bu sizlik deyil, həmin sirr yalnız mənə məxsusdur. Sadəcə, ümumilikdə onu deyə bilərəm ki, ən böyük məntiqlər əksliklərin vəhdətindən doğur. Fikrim sənə aydın olsun deyə, adi bir misal çəkim. Siz insanlar elektrik enerjisi işlədirsiniz, mənfi ilə müsbət olmasa, işıq yana bilərmi, əlbəttə, yox. Həmin naqilləri bir-birindən elektrik enerjisini keçirməyən adicə örtük ayırır, elə deyilmi?!. Əgər, o örtük olmasa, nə baş verər, bəllidir. Eləcə də, həmin naqillər qoşalaşmasa, heç cür elektrik enerjisi alına bilməz, düzdümü!?. Yəqinki, indi fikrimi tutdun. Bax, ona görə də, cənnətlə cəhənnəm də qoşadır.  Eyni okeandakı dənizlərin suları bir-birinə zərrəcə qarışmadığı kimi onlar da  təmasda olsalar da, di gəl, bir-birindən tam ayrıdırlar.


-      Hə, indi demək olar ki, anladım.  


-      Yaxşı, başqa nə düşünürsən?!.- Tanrı bu sualı təsadüfən verməmişdi, insan xislətinə bələddi.


-      Hələlik, heç nə, Yerə qayıtmaq istərdim?!.


-      Axı, sən məndən yalnız cənnətdə olmağı təvəqqe etdin, geriyə qayıtmağı yox?!.


-      Bu, heç ağlıma gəlməyib, yəni buna ehtiyac vardı?!.


-      Əlbəttə, axı,indi sən mənim xeyli sirrimdən agahsan, vaxt ver, düşünüm!?.


-      Oldu, Uca Varlıq. Yəqin, bu, bir müddət çəkər?


-      Sözsüz, asan məsələ deyil...


-      Mümkündürmü, burada bekar qalmamaq üçün Yerə dönənəcən mən cəhənnəmə də baş çəkim, amma geriyə cənnətə qayıtmaq şərtilə?!. – deyə bəni insan özünün də xəbəri olmadan içindən gələn və gizli saxlamağa çalışdığı növbəti istəyini bədahətən büruzə verdi.

 
Tanrı eşitdiklərinə mat-məəttəl qalsa da, bəndəsini cavabsız qoymadı: - Sən, adi maraq naminə gedər-gəlməzə də yol almağa hazırsan? Qəribədi? Qorxmursan, çəkinmirsən?!.


-      Sizə arxayınam!!!  Bir də ki, bu dəfə bəri başdan geri qaytarmağımı da Sizdən xahiş elədim!?. 


-      Yaxşı, istisna qaydada, sənin üçün, bu, bir neçə saatlığa mümkündür. Unutma, əməlli-başlı sinə gərməli olacaqsan. Bir daha xəbərdarlıq edirəm, asan işə girişməmisən. Cəhənnəmin “təndir”inə duruş gətirmək bəni insanın gücündə deyil, amma mən bacardıqca səndən köməyimi əsirgəməyəcəyəm.


-      Olsun. Bilirsiniz, Sizin bu mütləq alicənablığınızın qarşısında,  gec də olsa, düzünü deməyi özümün mənəvi borcum bilirəm. Bu adicə maraq deyil, cənnəti gözlərimlə görəndən sonra cəhənnəmi təxmini təsəvvür edirəm, kimsənin ora düşməsini istəmirəm. Sizin yüksək lütfkarlığınızdan yararlanıb, cəhənnəmdən də kifayət qədər agah olmaq istərdim, insanların bircəciyinin belə oralara düşməməsi naminə. Yerə qayıdandan sonra mən canlı şahid kimi bunun üçün var qüvvəmlə çalışmaq istərdim. Axı, Yerdə heç də, hamı cəhhənəmlə cənnətin varlığına tam əmin deyil.

 
İndi bəndəsinin əsl məramı ona bütövlükdə aydın oldu. Cənnətdəkilərə nəzarət etmədiyindən Tanrı buna qədər onun da niyyətindən axıra qədər xəbərdar deyildi. Bığaltı gülümsəyən Uca Varlıq başını yelləyərək ona sonuncu dəfə nəzər saldı və bəndəsinin ürəyigenişliyindən təsirlənərək uğurlar diləməyi də unutmadı.      

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?