Modern.az

Mopassandan nadir tərcümə - Bu barədə İLK DƏFƏ

Mopassandan nadir tərcümə - Bu barədə İLK DƏFƏ

Ədəbi̇yyat

10 Dekabr 2016, 13:07

Abid Tahirli,
Mehdi Gəncəli

 

Üç yüz ildək  tarixi olan  Azərbaycan- Fransa ədəbi əlaqələri hər iki xalqın  mədəni həyatında müəyyən izlər buraxmışdır. Fransızlar zəngin Azərbaycan şifahi və yazılı xalq xəzinəsinə  həmişə çox böyük diqqət yetirmiş, “Avesta”, “Kitabi Dədə-Qorqud”, “Koroğlu” kimi sənət abidələrini, Nızamı, Xaqani, Nəsimi, Füzuli, Xətai, M.F.Axundov və başqa görkəmli ədəbiyyatçıları tədqiq və tərcümə etmişlər.  V.Hüqo, J.Vern, A.Düma,  Balzak,  Volter, Mopassan, Molyer, Emil Zolya, Jorj Sand, Jül Romen,  Flober və başqa dünya şöhtətli fransız yazıçı və şairlərin əsərlərini Azərbaycan oxucuları həmişə  heyranlıqla mütaliə etmişlər. Hələ XIX əsr Azərbaycan maarifçiləri bu hərəkatın intişar etdiyi Avropanın  mütərəqqi ədəbi nümunələri ilə oxucuları tanış etmək üçün ilk təşəbbüslər göstərməyə başlamışlar. Adı Azərbaycan tarixinə əbədi həkk olunmuş  yazıçı- publisist,  general İsmayıl bəy Qutqaşınlının ilk bədii nəsr nümünəmiz, Salman Mümtazın təbirincə desək, “Avropa üsul və təsirində ilk hekayə” “Rəşid bəy və Səadət xanım” əsərini fransız dilində qələmə alması, yaxud sonradan fransız dilinə tərcümə edərək nəşr etdirməsi (Varşava,1835) bu dilə və  bu dildə olan ədəbi irsə marağın, meylin  bariz nümunəsidir.  Cəlal Ünsizadənin Tiflisdə əvvəlcə jurnal, sonra qəzet şəklində nəşr etdiyi “Kəşkül”də Avropa yazıçı və şairləri haqqında məlumat və əsərlərindən parçalar dərc edirdi. Sonralar digər  mətbu orqanlar- “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “İqbal” və digərləri də   bu yolla öz oxucularını Avropa  ədəbiyyatı ilə maarifləndirməyə çalışırdılar. Fransız ədəbiyyatının  parlaq nümayəndələrindən Henri Rene Albert Gi de Mopassanın (1850-1893) yaradıcılığı Fransa həyatı və ədəbi mühiti ilə sıx təmasda olan və artıq XXəsrin əvvəllərindən fəal yaradıcılığa, o cümlədən tərcüməçilik fəaliyyətinə başlayan  Ceyhun Hacıbəylinin də  diqqətini çəkməyə bilməzdi. İvan Turgenevin “Pulsuzluq” əsərini  uğurla dilimizə çevirən (1909) Ceyhun Hacıbəyli Mopassanın “Yolçu” əsərini də ilk dəfə  orijinaldan Azərbaycan dilinə tərcümə etmiş və  “Həqiqət” qəzetində dərc etdirmişdir (№ 93, 27 Aprel 1910).    
Sonrakı illərdə Azərbaycan oxucuları Abbas Səhhətin, Fərhad Ağazadənin , İsmayıl Əlizadənin, Cahanbaxışın, Əziz Şərifin, Mikayıl Rzaquluzadənin, İsmayıl Şıxlının, Hamlet Qocanın, Əziz Gözəlovun, Afaq Məsudun, Nadir Əhmədin,  eləcə də Yusif Hansen, Azad Yaşar, Sənubər, Leyla Əhməd, Svetlana Quliyeva və digərlərinin tərcüməsində Mopassanın əsərləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişlər.

Azərbaycan- Fransa ədəbi əlaqələrini, mətbuat və  tərcümə tarixini, eləcə də C.Hacıbəylinin yaradıcılığını, tərcüməçilik fəaliyyətini tədqiq etmək baxımından əhəmiyyətini nəzərə alaraq, Ceyhun Hacıbəylinin tərcüməsində Mopassanın “Yolçu” hekayəsi 106 ildən sonra ilk dəfə  oxucuların diqqətinə təqdim edilir.

 

YOLÇU

Ən məşhur Firənq hekayə-nəvislərindən Gi de Mopassanın hekayələrindən…


Bunun yaxşı günləri də var idi. On beş yaşında olduqda Varvil yolunda bir araba onun iki qıçını da əzmişdi. O vaxtdan bəri, çiyinlərini qulaqlarıyla bərabər qaldıran iki uzun ağaca təkyə edərək yollarda, kəndlərdə dilənirdi. Uşaq ikən bunu Billet kəndinin keşişi bir xəndəkdə tapıb, allah haqqına böyütmüşdü. Buna görə uşaq elm və sənətə heç bir qabiliyyət göstərmirdi. Axırda məzə üçün bir çörəkçi tərəfindən verildiyi arağı içib keyflənəndən sonra elə bəlaya düçar olur.


Başqa heç bir işə qabil deyildi. Keçənlərdə qəsəbə sahibi baron Davarinin xanımı allah eşqinə buna tavuq hininin yanında, samanla dolu, quş yuvasına bənzər, bir yatacıq verirdi və həm də aclıq günləri aşbazxanada bir tikə çörəklə bir istəkan limonat tapılması buna yəqin idi. Çox vaxt qoca xanım buna pul da verirdi. Lakin indi xanım ölmüşdü.


Kəndlərdə buna heç bir şey vermirdiler; çünki çox görüb tanıyor idilər. Qırx il idi ki, bunun cındır ve şikəst görkəmi hamını yormuşdu. Lakin bu isə bu dairədən getmək istəmirdi. Başqa bir yer tanımazdı. Öz dilənmək dairəsinə elə bir sədd çəkmişdi ki, ondan o yana addım basa bilməzdi. Hətta nəzərini məhdud edən ağaclardan o yana dünya var olduğundan da bixəbər idi.


Bunu həmən vaxt müəyyən yerlərdə görməkdən təngə gəlmiş kəndçilər: “Canım, neyçün başqa yerlərə getmirsən? Elə gərək buralarda axsaya- axsaya gəzəsən?” -dedikdə, heç bir şey söyləməzdi. Lakin çalışardı ki, tez onların gözlərindən uzaqlaşsın. Başqa yer adı çəkildikdə bunun qəlbinə qaranlıq bir qorxu çökürdü. Təzə adamlar, əziyyətlər, şübhəli baxışlar, bunlar da cift- cift gənə də jandarmalar ki, onları gördükdə kol- kəsək dalında gizlənirdi və min cürə başqa şeylərin qorxusunu çəkirdi. Hər bir qəribin və ya fəqirin ürəyində baqidir.


Ələlxüsus jandarmalar… Onların gün altında ışım- ışım ışıldayan libaslarını gördükdə bunda özünü xəlvəti bir yerə çatdırmaq üçün əcib bir cəldlik zuhur edirdi. Həmən saat özünü cəld yerə atardı ve dovşan ovçu qabağında qaçan kimi özünü yerlə yumalardı. Qəribə burasıdır ki, bunun heç vədə jandarmalarla bir işi olmamışdı. Lakin bu, bisəbəb qorxu guya bunun qanındaydı, ata- anasından qalmış bir hədiyyə idi.


Bunun heç bir müəyyən yeri yox idi ki, orada yatsın, dincelsin. Yay fəsli harada əolsa yatardı. Qışda da xəlvətcə samanlıqlara, xırmanlara girib yatardı. Bunu da elə məharətlə eylərdi ki, heç bir kimsə görməzdi, tikililərin hər bir dəlik- deşiyinə bələd idi. Əlindəki ağacların köməkliyi ilə hər bir deşikdən vurub çıxırdı. Çörəyi çatan vaxtı dört- beş gün samanlıqlarda qalardı.


İnsanlar içində meşə heyvanları kimi ömr edərdi. Kimsəni tanımazdı, kimsəni istəməzdi. Ancaq kəndlilərin nədənsə, bundan zəhləsi gedib xoşlamazdılar. Bunun adını “Zəng” qoymuşdular. Çünki təkyə etdiyi iki ağacın arasında zəng kimi yırğalanırdı.


Həmin günü Zeng, iki gün idi ki, ac idi. Daha heç kəs ona bir şey vermirdi. Daha sifətini görmək istəmirdiər. Kəndçilər qapılarının ağzında onu gendən gördükdə qışqırdılar: “Sürün burdan, heyvan! Heç üç gün deyil ki, sənə bir parça çörək verdim!”


Ağaclarının ucunda fırlana- fırlana başqa tərəfə gedərdi, lakin ordan da elə cavab alardı. Arvadlar deyərdilər: “Elə, illərnən bu tənbəlin qarnını otaracıq?” Lakin təmbəl hər gün yemək istəyirdi.


Sen-Hilyar, Varvil ve Billet kəndlərini dolansa  da, bir santim (Firəngistanda ən az bir qiymətli puldur) və ya bir tikə çörək də əlinə kəçirə bilmədi. Ümidi yalnız Tornol kəndinə qalmışdı, orada gərək iki ağac yol gədəydi; lakin çox yorgun idi və qarnı da cibi kimi boş idi. Gənə də Tornol tərəfə üz qoydu. Payızın axır ayı idi. Çöllərdə soyuq bir yel əsirdi. Qara buludlar göy üzüylə ora- bura qaçırdılar. Guya ki, bir yerə getməyə tələsirdilər. Zəng, gücüylə ağaclarını tərpədirdi ve ahəstəcə sürünürdü. Hərdən bir dalını bir təpəyə söykəyib bir qədər dincini alırdı, aclıq onun qaranlıq və ağır qəlbinə əziyyətli bir vahimə salırdı. Başında yemək sözündən başqa bir fikir yox idi, lakin nə təvr yemək, özü də bilmirdi. Tamam üç saat uzun yolda süründü, elə ki, gendən kəndin ağacları göründü, tez- tez addım atmağa başladı.


Birinci əl açdığı kəndçi buna belə cavab verdi: “A qoca kaftar, genə gəlib çıxdın? Bircə bilmirəm, sənin üzündən nə vaxt qurtaracıq?”


Zəng ondan uzaqlaşdı. Qapı- qapı gəzdi, lakin söyüşdən başqa bir şey eşitmədi. Genə də dolanmağa davam etdi, heç bir şey ala bilmədi. Binələrə tərəf üz qoydu. Palçıq elə idi ki, fəqir, ağaclarını daha qaldıra bilmirdi. Hər yandan onu qovdular. Ürəklər bağlanan, ağıllar qeyzlənən, qəlblərə qaranlıq çökən, əllər mədəd üçün açılmayan, qəmgin və soyuq günlərin biri idi.


Tanıdığı evlərin hamısını dolandıqdan sonra Zəng gedib Şika nam kəndçinin həyətindəki xəndəyin bir küncünə qısıldı, xeyli vaxt orada bihərəkətcə qaldı. Aclıq ona çox əziyyət verirdi, lakin o öz halını dürüst başa düşə bilmirdi. Hər bir insanda mövcud olan bimüəyyən intizar, bunda da var idi. Gözləyirdi, nəyi? Özü də bilmirdi. Soyuq küləyin altında küncdə titrəyə- tirəyə, allahdanmı, bəndədənmi, hər haradan olursa- olsun, bir mədəd gözləyirdi.


Cümlə məxluqu bəsləyən topraqda, özlərinə yem axtara- axtara bir sürü tavuq keçdi. Hər dəqiqədə onlar dimdikləriylə cücüdən, dəndən qoparıb öz axtarışlarına davam edirdilər. Zəng heç bir şey fikr etməyərək onlara baxırdı. Sonra birdən onun başına deyil, bəlkə qarnına fikr deyil,  bəlkə bir hiss gəldi ki, bu heyvanların birisini ocaq üstə qovrulduqdan sonra yemək üçün bəd olmazdı. “Oğurluq” sözü onun heç ağlına belə gəlmirdi.


Birdən bir daş götürüb yanındakı tavuğa atdı. Heyvan böyrü üstə yıxılıb çabalamağa başladı. Başqaları öz həmcinsini belə halda gördükdə qoyub qaçdılar. Zəng, cəld ağaclarını götürüb yüyürdü ki, öz şikarını götürsün. Elə al- qana boyanmış balaca cəmdəyə yaxınlaşım- dedikdə, daldan bunu elə itələdilər ki, ağacları əlindən düşdü, özü də bir on addım qabağa yumalandı. Tavuq yiyəsi bərk qəzəblənmiş, oğrunun üstünü aldı ve yumruq, təpiklə özünü müdafiə etməyi bacarmayan şikəsti vurmağa başladı. Kənd adamları dəxi gəlib, ev sahibi ilə fəqiri əzməyə başladılar. Onu doyunca əzdikdən sonra götürüb ambara saldılar ve qapısını da bağladılar ki, jandarma çağırsınlar. Zəng ölümcül halətdə, qana bələnmiş, canı çıxmaq dərəcəsinədək ac, quru yerdə sərilmişdi. Axşam düşdü, sonra gecə oldu, sonra sübh açıldı. Heç bir şey ağzına dəyməmişdi. Günorta çağı jandarmalar gəldilər ve özlərini, ev sahibinin sözüylə, böyük bir müsadəməyə hazırlaşmaq üçün lazımi halətə salıb ahəstəcə qapını açdılar. Onların böyüyü çığırdı: “Hey, ayağa dur!” Lakin Zəng daha tərpənə bilmirdi. Genə də güc elədi ki, qalxsın, qalxa bilmədi. O biriləri elə bildilər ki, bu biclik edir, yalandan özünü belə hala salır. Həmən dəm jandarmalar onu yerdən yığışdırıb güclə ayaq üstə qoydular.


Şikarın ovçu müqabilində, siçanın pişik müqabilində hiss etdikləri qorxu kimi ata- babadan qalmış sarı hamayıl (Frəng jandarmalarının hamayılı olur) qorxusu, bunun əndamına çökdü. Böyük bir zəhmətlə ayaq üstə durmağa qadir oldu. Jandarmaların böyüyü əmr etdi. “Haydı!”


Getdiler, hamı kənd əhli onların dalınca baxırdılar. Arvadlar ona yumruqların göstərdilər, kişilər acı- acı gülürdülər, söyürdülər. Axır ki, canları qurtardı! Uzaqlaşdılar. Fəqir axşamadək sürünməyə özündə güc tapdı, lakin ölü kimi idi, heç bir şey qanmırdı, heç bir müəyyən fikri yox idi.


Yolda düçar olan adamlar bir qədər dayanıb baxırdılar ve sonra deyirdilər: “Görəsən, hansı oğrunun biridir?”


Gecə ikən şəhərə gəldilər. Buranı şikəst görməmişdi. Nə olub ve nə olacağını o əməlli başa düşə bilmirdi. Təzə evlər, təzə adamlar bir qədər onu sıxırdılar. Bir söz də olsun söyləməmişdi. Deyəcək bir sözü də yox idi, çünki heç bir şey anlamırdı. Zatən illərlə kimsəylə danışmadığına görə  bir qədər lallığı adət etmişdi və fikirləri dəxi elə qaranlıq idi ki, onları dillə izhar edə bilməzdi.


Onu dustaqxanaya saldılar. Jandarmalar fikr etmədilər ki, bəlkə bunun yeməyə ehtiyacı vardır. İstintaqı sabaha qoydular.


Lakin sabah gəlib onun qapısını açdıqda gördülər ki, ölübdür… Çox təəccüb etdilər…

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!