Modern.az

Məşhurların övladları: Xəyyam Mirzəzadənin diplomat oğlu - FOTO

Məşhurların övladları: Xəyyam Mirzəzadənin diplomat oğlu - FOTO

10 Dekabr 2016, 15:14

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

 

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

 

Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

 

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

 

Budəfəki təqdimatımız bəstəkar, xalq artisti Xəyyam Mirzəzadənin oğlu Pərvin Mirzəzadə haqqındadır.


Bu yaxınlarda 81 yaşını tamam edən Xəyyam Mirzəzadə hazırda Azərbaycanın ən tanınmış bəstəkarlarından biridir.

Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 20-dək dram tamaşasına, estrada və caz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib. 52 il Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olandan sonra oradan çıxıb.

"Ağlar və qaralar bbaletinin müəllifi, Xalq artisti, əməkdar incəsənət xadimi Xəyyam Mirzəzadə 2000-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.

Xəyyam Mirzəzadənin oğlu Pərvin Mirzəzadə diplomatiya sahəsində çalışır, fövqəladə və səlahiyyətli səfir rütbəsinə malikdir.

Pərvin Mirzəzadə 19 iyun 1965-ci il tarixində Bakı şəhərində anadan olub.

Bül-Bül adına orta ixtisaslı xüsusi musiqi məktəbini bitirib. 1983-88-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb bölməsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirən P.Mirzəzadə 1993-cü ildə Misir Ərəb Respublikasının Diplomatik Akademiyasında akademik kurs keçib. 2000-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə akademik kursunu bitirib.
O. 2003-2007-ci illərdə ikinci ali təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini fərqlənmə diplomu ilə başa vurub.

Pərvin Mirzəzadə Azərbaycan Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Əlaqələr şöbəsinin II katibi (1989-1991), Dövlət Protokolu İdarəsinin II katibi (1991-1993), bölmə müdiri (1993-1997), şöbə müdiri (1997-2002), rəis müavini (2002-2004) vəzifələrində çalışıb.

2004-cü ildən Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi postunu tutur.

Azərbaycan Prezidentinin 06.06.2012-ci il tarixli sərəncamı ilə ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.
Diplomatiya sahəsindəki xidmətlərinə görə, bir sıra təltiflərə layiq görülüb.

İngilis, rus, türk və ərəb dillərini bilir.

Evlidir, 2 övladı var.

 

A.Qorxmaz

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?