Modern.az

AMEA-nın komissiyasından GÖZLƏNTİ: “Dini düşüncə heç bir cəmiyyəti inkişaf etdirməyib”  

AMEA-nın komissiyasından GÖZLƏNTİ: “Dini düşüncə heç bir cəmiyyəti inkişaf etdirməyib”   

10 Dekabr 2016, 14:34

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyası yaradılıb.

Komissiyanın yaradılmasında məqsəd yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirməkdir.

Bu komissiyanın elmin inkişafına hansı təsirləri olacaq? Mübarizə necə aparılmalıdır? 

 

Fizik Yalçın İslamzadə Modern.az-a deyib ki,  bu komissiyanın nə qədər effektiv olacağı və necə fəaliyyət göstərəcəyini indidən demək çətindir.

 

“Çünki, indiyə qədər biz AMEA-nın elmin təbliği sahəsində ciddi fəaliyyətini görməmişik. Odur ki onların elm anlayışına bələd deyilik və yalançı elm dedikdə nəyi nəzərdə tutduqlarını bilmirik. AMEA işçilərinin normal fəaliyyətindən elmi araşdırmalar aparmaq, bunları nəşr etmək, elmin xalqa açıqlanması, təbliğ edilməsi istiqamətində hansı tədbirlər nəzərdə tutduqlarını bilmirik. Əksinə, indiyə qədər bəzi əməkdaşların elmdən kənar görüşləri daha çox müzakirə mövzusu olub  -mələklərinin sürətinin və cəhənnəmin temperaturunun hesablanması, yerin düz olduğu iddiaları kimi.

 

Bu gün ölkəmizdə elmin təbliğatı lazımi səviyyədə deyil, alimlərin xalqa açıq konfransları, elmi-kütləvi jurnal və kitabların nəşri, tərcüməsi minimal səviyyədədir. Ancaq əks istiqamətdə, ciddi təbliğat gedir, yaradılışçıların, spiritualistlərin, mistiklərin əsərləri tərcümə olunur, təbliğatı aparılır. Milli Kitabxanada, elmi kitablar kateqoriyasında təkamül nəzəriyyəsi əleyhinə yazılmış kitab varkən, təkamülə dair ən son kitab 1989-cu il tarixlidir”.

 

Fizik bildirib ki, inkişaf etmiş istənilən cəmiyyətin lokomotivi elm və texnologiya, modern təhsil sistemi olub.

“Poetik, mistik, dini düşüncə heç bir cəmiyyəti inkişaf etdirməyib. Ümid edirəm ki, bu komissiya ciddi fəaliyyət göstərəcək, təbliğatı aparılan psevdo-elmi istiqamətləri müəyyən edəcək və onların tezislərini elmi dəlillərlə çürüdən kitablar, məqalələr və jurnallar yayınlayacaqlar.

Elm düşüncəni həm psevdo-elmi cərəyanlardan qorumaq, üstəlik elmi düşüncənin özünün də təbliğini aparmaq lazımdır. Komissiyanın əməli fəaliyyətinin bizi qane edəcəyinə ümid edirəm”.

 

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, yalançı elm problemi bütün dünyada var və çox qədim problemlərdəndir.

 

“Bütün dövrlərdə savadsız və saxtakar insanlar özlərini elm adamı kimi qələmə verməyə çalışıblar. Bunu bacaranlar da çox olub, yaxşı pul və şöhrət qazanıblar. Amma əlbəttə ki, onların “bəyliyi” uzun çəkməyib, elm özü-özünü təmizləyir, burada yalanların ifşa olunması ancaq vaxt məsələsidir.

 

Fəqət yalançı elm bu gün də var, yenə də kimlərsə, bu yolla cəmiyyəti aldatmaqda davam edir. Burada iki istiqaməti ayırardım: Birincisi, lap qədim dövrlərdən mövcud olan paraelmlərdir: astrologiya, bioenergetika, alternativ tibb, ekstrasensorika... İnsanlar hələ də bunların yalan və şarlatanlıq olduğunu sonacan dərk edə bilməyiblər və həmin sahələrlə məşğul olan şəxslərə müraciət edir, pul verirlər. Nəticədə hərtərəfli itirirlər.

 

İkinci istiqamət isə ən yeni elm sahələrilə bağlıdır. Elm sahəsindəki son yeniliklərdən çoxunun xəbəri yoxdur, kəşflərin və nəzəriyyələrin mahiyyətini düz başa düşmürlər; buna görə də bəzi fırıldaqçılar kvant, nanotexnologiya, gen mühəndisliyi, klonlaşdırma, lülə hüceyrələri və sair bu kimi terminlərdən istifadə edib, insanları aldada bilirlər. Yalançı elmi və onunla məşğul olanları barmaqla göstərərək, ifşa etmək lazımdır”.

 

Vüsal Məmmədovun sözlərinə görə, cəmiyyətə aydın kriteriyalarla başa salmaq lazımdır ki, elm nədir, paraelm nədir, onların arasında hansı fərqlər var.

“Paraelmin güclənməsi və yayılması cəmiyyəti cəhalətə sürükləyir, inkişaf etməyə qoymur, əsl elmin inkişafına da mane olur. Onun qarşısını kəsmək əslində bir qurumun yox, bütün ziyalıların və savadlı insanların işi olmalıdır”.

 

Qafar AĞAYEV 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir