Modern.az

Mənim kəndim: “Anam dedi ki, "səni tapşırıram Allaha", öləndə şəklimi əlində tutmuşdu” - LAYİHƏ

Mənim kəndim: “Anam dedi ki, "səni tapşırıram Allaha", öləndə şəklimi əlində tutmuşdu” - LAYİHƏ

10 Dekabr 2016, 15:46

Kövrək uşaqlıq xatirələri, ata yurdu həsrətinin ifadəsi ilə zəngin “Mənim kəndim” layihəsinə davam edirik. Bu dəfə alim, sosioloq olmaqla bərabər, çağdaş poeziyamızda orijinal şeirləri ilə fərqlənən Əhməd Qəşəmoğlu anadan olduğu Babək rayonunun Vayxır kəndi və oradakı uşaqlıq illərindən danışıb.

Bu müsahibə deyil, daha çox “ürəkboşaltma” söhbəti olduğu üçün əvvəldən-axıra həmsöhbətə danışmaq imkanı verilir.

Əhməd Qəşəmoğlu o yerləri, o illəri belə xatırlayır... 

 

Mənim kəndim-mənim evim

-Naxçıvanda, Babək rayonunun Vayxır kəndində anadan olmuşam, 16 yaşına – Bakıda universitetə daxil olduğum vaxta qədər bu kənddə yaşamışam. Uşaqlığını kənddə keçirmək böyük xoşbəxtlikdir. Kənd uşağı təkcə öz evində, eyvanında, həyətində böyümür ki, o bütün kənd ərazisində böyüyür. Kəndinin sərhəddi haradan keçirsə, oralara qədər öz doğma evi bilir. Həm də o hislərlə böyüyür ki, həyətindən kənarda nə varsa, onun olduğu kimi, həm də o biri kənd  uşaqlarının, kənd camaatınındır.

Məni də kəndimizin əzəmətli, müxtəlif rənglərə, müxtəlif sehrli şəfəqlərə boyanan, zirvələri göy üzünə boy verən nağılvari dağları, hər addımında  ulu tarixin izləri olan düzləri, meyvə bağları, doğma insan nəfəsi ilə dil açıb danışan arxları, Naxçıvan çayı, dumduru sulardan boy verən Günəş cilvələri  böyüdüb. İlboyu dağların, sıldırımların kəpir daşlarından  sürüşə-sürüşə, oradan topladığım otları, etdiyim ovları kənd camaatı ilə bölüşə-bölüşə, o dağlarla nəfəs-nəfəsə böyümüşəm. Mən uşaq olanda kəndimizdə “Əyribucaq”, “Yeddi qardaş”, “Damın dalı”  deyilən sahələrdə kolxozun sıx meyvə bağları var idi. Kəndin oğlan uşaqları demək olar ki, o bağlardakı meyvə ağaclarının hamısını tanıyırdılar. Hansı dağın hansı təpəsində, hansı düzdə nə bitirdisə, hər kəs əzbər bilirdi. Əhalinin güzəranın ağır illərində o təpələrin, düzlərin ot-əncəri insanlara xeyli kömək olurdu.

“İlk sevgim, ilk bənövşəm”

 “Damın dalı” və “Yeddi qardaş”  deyilən ərazi bizim evə daha yaxın idi. O ərazilərdəki hər qarış torpaqla bağlı bir xatirəm var. “Damın dalı”  deyilən ərazi qəlbimdə bəlkə də, ilk sevgi duyğularını formalaşdıran bir yerdir. Orada bir qoz ağacı var idi ki, dibində çox gözəl bənövşələr bitərdi. İl boyu mart ayının gəlməsini arzulayar, qar əriyəndən bir az sonra tez-tez o qoz ağacının altına qaçar, həsrətlə bənövşənin baş qaldırmasını gözləyirdim. Hər bahar o bənövşələri sevgilisini gözləyən gənc oğlandan  daha dərin bir intizarla gözləyərdim. Bəlkə də, bu həsrət mənim qəlbimdə ilk sevgi hislərini formalaşdırıb. Bizim evlə o qoz ağacının altına qədər olan yol ilk baharda yamyaşıl, güllü-çiçəkli olardı. Burada sarı, bənövşəyi, qırmızı, ağ, göy rəngli müxtəlif çiçəklər bitərdi. Mənim qəlbimdə gözəllik haqda ilk təsəvvürləri o yaşıllıq, o çiçəklər yaradıb. Ətirli qızılgüllər, ağappaq itburnu çiçəkləyəndə saatlarla həmin ərazidə gəzib dolaşar, evə qayıtmaq istəməzdim. Yağışdan sonra bura heyratəmiz gözəl olardı. Bəzən dərslərimi elə oradaca hazırlayardım. Sarı rəngli itburnu çiçəkləyəndə və onu üzərində duman sürünəndə isə mən əməlli başlı  sevdalanardım. 

“Bu dağlar ulu dağlar
Çeşməli, ulu dağlar”

Kəndimizin dağları haqda xüsusi ilə danışmaq istəyirəm. Ümumiyyətlə, yer üzünün ən qədim yaşayış mərkəzlərindən biri olan Naxçıvanda  dağların hər birində uludan ulu tarixlər yatır. Bu dağların qeyri-adi görkəmi, hələ bilinməyən xeyli sirri var. Bu sirlərin biri haqda danışmaq istəyirəm: Naxçıvana yolu düşən hər kəs bilir ki, burada dağlar ilboyu çılpaq olur. Gözə yaşıl olan nəsə dəymir. May ayında qalxan zəif bir yaşıllıq qısa zamanda yanıb sovrulur. Amma bir neçə il bundan əvvəl, bir dəfə yazda Naxçıvana sərasər iyirmi günə qədər yağış yağdı. Həmin il o çılpaq dağlarda yaşıl ot bir metrdən artıq boy vermişdi və hər yanı iri lalə zəmiləri bürümüşdü. Heç kimin yadına belə bir mənzərə  gəlmirdi. Hamı heyrət və təəccüb içində idi. Demə, illər boyu bu dağların torpağı həm də yaşıllığa təşnə olaraq, belə bir qüdrətini də qoruyub saxlaya bilmişdi. Bu dağların bundan da qat-qat  dərin sirləri var.

 

Kəndimizin arxasındakı Şiş dağı olduqca əzəmətlidir. İllər keçdikcə mən bu dağın xüsusi bir energetikası olduğunu hiss edirəm. Mənim öz inamıma görə bu dağ öz ətrafında olan ucsuz -bucaqsız ərazilərədə xüsusi, müqəddəs bir baş təyinata malikdir. Bu dağın ətklərində, Sulu dərə deyilən hissədən üstə Köhnə Vayxır yerləşir. Görünür, nə zamansa kənd camaatına həmin yer darısqallıq etmiş və onlar kəndin indiki ərazisinə - iki kilometrə qədər aşağıya, Naxçıvan çayının vadisinə daşınmışlar, bu yerdə daha böyük kənd salmışlar. Kənd uşaqlarının maraqla gəzdiyi ərazilərdən biri də elə bu köhnə kənd yeri idi. Biz buradan xeyli qədim keramik qırıntılar tapırdıq.

Kəndimizin qəbristanlığı da Şiş dağının ətəyindədir. Mənə hərdən elə gəlir ki, o qəbristanlıqda yatanlar  başlarını özlərinə ana hesab etdikləri dağın  dizləri üstə qoyaraq əbədiyyət aləmindədirlər.

Kəndimizdən Şahbuza tərəf yenə də əzəmətli bir Sarı dağ var. O dağ öz görünüşü ilə sanki bir nəhəng aslandır, pələngdir, qollarını qarşıya uzadıb keşik çəkir. Mənbəyi Şahbuz ərazisində olan Naxçıvan çayı sanki bu aslanın pəncəsindən keçib kəndimizə daxil olur. Həmin əraziyə Qızıl boğaz deyilir. Çünki bu hissədən Şahbuz dağlarının saf havası kəndə axır.  Sıldırımlı bu dağn aslan başına bənzəyən hissəsində qədim qalalar var. Daha əzəmətli, qalıqlara bu günə gəlib çatan bir qalanın adı Gavur qalasıdır. Deyilənə görə, ərəblər bu torpaqlara gələn zaman islamı qəbul etmək istəməyən yerli əhalinin sığındığı qaladır. Doğrusunu gələcəkdə tarix elmi aşkar edəcək.


Kəndin Naxçıvan şəhərinə tərəf olan hissəsində bir qədər boz, göy rəngə çalan Quyulu dağ yerləşir.  Burada dağın zirvəsinə doğru olan bir hissədə dibi görünməyən bir quyu var.  Deyilənə görə, bu quyunun dərinliyindən başlayan yol, yerin dərinliyində başqa ölkələrə qədər davam edən yollar şəbəkəsinə qoşulur. Ağlım kəsən zamandan kəndimizdən bir neçə nəfər burada sərvət axtarmaq məqsədi ilə quyuya düşmək istəyib. Heç nə alınmayıb. Ətrafda yaşayış məskəni kimi bir meydança var. Dağın ətəyindən kiçik bir arx axır. O arxda dəhnələr var. Hiss olunur ki, uzun əsrlər əvvəl burada maraqlı bir yaşayış məntəqəsi olub.

İndi bizim kəndi daha çox məşhurlaşdıran buradakı tərkibi Yesentuki sularına çox yaxın olan Vayxır adlanan mineral sular və Qızıl boğazdakı böyük Vayxır dəryaçasıdır.

 

İlk dostlarım - atam, anam

...Mən uşaq olanda kəndimiz ağsaqqalları, ağbirçəkləri olan, əhalisi mehriban, ədəb-ərkanlı bir kənd idi... O vaxt xeyli gənc olsa da, məktəb direktoru vəzifəsində çalışan atam da kəndin hörmətli, söz sahibi olan insanlarından biri idi. Kimsənin işi məmurların yanında çətinliyə düşəndə, o vaxt az sayda olan savadlı bir insan kimi bu sahədəki problemləri yoluna qoymaq işi atamın öhdəsinə düşürdü. Kasıb evimizdə ən çox gözə dəyən şey atamın mütamadi olaraq evə gətirdiyi kitablar, bədii jurnallar idi. Elə mənim də əsas oyuncaqlarım şəkilli kitablar olub.


Hər kəs anasını çox istəyir. Amma mənim adı Mələk olan anam  doğrudan, bir mələk, müdrik, yüksək intellektli bir xanım idi. Bunu indi bütün kənd camaatı, onu tanıyan hər kəs deyir. Onun ilk övladı idim. Biz həm də onunla çox yaxın dost idik. Ayağım yer tutandan həyətyanı sahədə şitilləri birlikdə əkir, birlikdə alaq edir, saatlarla həmsöhbət olurduq. Cəmi yeddi sinif bitirmişdi. Amma əlaçı olmuşdu. Mənim yeddinci sinifə qədər dərs hazırlamaqda ən yaxın köməkçim, indiki dillə desək, repititorum oldu. Bütün dərslərin hər birini, riyaziyyatdan, fizikadan  məsələ və misalları müəllimlərimdən daha yaxşı izah etdiyini görəndə təəccüb edirdim. Mən yeddinci sinfi əlaçı bitirəndə baxdı, baxdı və dedi:

- Əhməd, səni buraya qədər mən gətirdim, indi səni tapşırıram Allaha! Ailədə yeddi uşaq olmuşuq: iki oğlan, beş qız. O zaman kənddə belə bir dəb var idi ki, evdə oğlan uşağı tək olmaz. Onun bir qardaşı da olmalıdır. Bu prinsipi əsas tutan valideynlərim ikinci oğlan anadan olana qədər uşaqların sayını artırıblar. Amma anam ölüm yatağına qədər mənə daha çox bağlı olduğunu gizlətmədi. Can verəndə belə, mənim şəklim əlidə olub. Amma anam bütün uşaqlaını eyni fədakarlıqla böyüdüb,  boya-başa çatdırıb. Bu uşaqların hamısı ali təhsili, hər biri öz sahəsindi ciddi, tanınan ziyalılar oldu. Bacılarımdan biri, ölkəmizdə və başqa ölkələrdə ədəbiyyatçı kimi geniş tanınan professor Tahirə Məmməddir.
Tamara adlı başqa bir bacım Türkiyədə təhsil sahəsində nüfuzlu bir müəllim, lisey müdiridir. Digər bacılarım da sayılıb seçilən müəllimədirlər. Qardaşım Şəmsəddinsə təsərrüfatla məşğul olur.

 

Məktəbin ən balaca uşağı

İlk dəfə məktəbə dörd yaşında getmişəm. Qonşumuzun məndən üç yaş böyük olan, bütün günü bir yerdə olduğum  oğlu məktəbə gedəndə anamı məcbur etdim ki, məni də məktəbə göndərsin. Həvəsimi görən müəllimlər sinifdə oturmağıma icazə verdilər. Amma on gündən sonra məktəbdə darıxdım. Həmin il daha dərslərə getmədim. Amma bir il sonra, beş yaşında həvəslə sinif otağında oturdum. Dərsləri də hər kəsdən yaxşı öyrənməyə çalışırdım. Dekabr ayının sonuna qədər, dərsə gedirdim, müəllimim də başqa uşaqlar kimi məndən dərs soruşurdu. Evdə də ciddi cəhdlə dərsə hazırlaşırdım. Demə, müəllim inadımı, həvəsimi  görüb mənə bir söz deməsə də yaşım az olduğundan,  valideynlərimlə  razılaşaraq, məni əslində məktəbə götürməyiblər.

Dekabrın sonunda sinif jurnalını əlimə aldım və öz adımı  orada tapmadım. Bu zaman  müəllimimiz sinifə daxil oldu, tələsik ondan soruşdum ki, bəs mənim adım burada niyə yoxdur? Müəllim başımı tumarladı, mehribanlıqla dedi:

- Eybi yox, sənin adın gələn il jurnalda olacaq.

İşin nə yerdə olduğunu başa düşdüm və bərk qışqırıb dedim: - Deməli, mən şagird deyiləm?

Cavabı gözləmədən soyuq şaxtalı havada paltomu da geymədən var gücümlə qışqıra-qışqıra evə qaçdım. Məni həyətdə anam qarşıladı, Səsimi eşidib evdən həyətə çıxmışdı. Elə bilib ki, məni it qovalayır, yaxud it qapıb. Anamı görcək daha da kövrək və qəzəblə, dəli kimi qışqırdım: - mən şagird deyiləm!!

Yazıq tələsik məni qucaqladı və sakitləşdirmək istədi. Köməyi olmadı. Üzü üstə xalçanın üzərinə uzandım. Sonra anam götürüb məni yatağa qoymuşdu. Sabaha qədər ac, susuz yatdım. Oyadıb yedizdirmək istəyənlərə məhəl qoymadım. Sonrakı il, 6 yaşımda artıq həqiqətən də birinci sisnif şagirdi idim. Amma bu yaşımda artıq, “Koroğlu” dastanını üzündən sərbəst oxuyurdum. Kənd cammatı bəzən bu dastanı mənə oxudub təəccüblə baxardılar.


“Salam, Musa dayı”

Kəndimiz o zaman  o qədər də böyük olmasa da, burada çox gözəl bir mənəvi mühit vardı. Məşədi Həbib kəndin necə deyərlər, baş ağsaqqalı sayılırdı. Kimlərinsə arasına nifaq düşəndə başda Məşədi Həbib, yanında atam və başqaları zərər görən adamın qapısına gedər, sözü-sovu ortadan götürərdilər. Toyda, nişanda da bu ağsaqqallar qrupunun sözü qanun idi. Toyların yaraşığı, anamın bibisi oğlu, pəhləvan cüssəli, gülərüz, sürücü Həmzə idi. Ona eyni zamanda toybabası deyirdilər. Yəni toy zamanı bütün proses onun ixtiyarında idi. Kimə nə desə qanun idi. O çox gənc ikən, naşı cərrahın günahı üzündən apendiks əməliyyatı zamanı rəhmətə gedəndə bütün kəndin ağladığı indiyə kimi yadımdadır. O rəhmətə gedəndən sonra toybabası Musa kişi oldu. O sadə bir kəndli idi və su kanalında çalışırdı. Amma kəndin başında, kanalın yanında bekar dayanmazdı, elə imkan düşən kimi oralarda ağac əkərdi. Elə mənim ilk şeirlərimdən birinin də adı “Musa kişi” idi. Şeir bu sətirlərlə bitirdi:

...ömrünün divarından

son kərpic düşəndə

meşə kimi bitəcəksən

kəndimizin başında.

 

Doğrudan da, indi kəndimizin başında gözəl bir meşə var. Mən hərdən o meşəni görəndə pıçıldayıram: - salam, Musa dayı...

 

Kəndçimiz “Rəşid Behbudov”

 

Mənim üçün kəndin ən maraqlı adamı atamın doğma əmisi Mehrac kişi idi. Xarici görünüşcə Rəşid Behbudova çox bənzəyirdi. Çox gözəl də səsi vardı. Gənclikdə ona çox demişdilər ki, aşıq olsun, istəməmişdi. Hər dəfə deyirdi ki, mən camaat qabağında  oynamağı xoşlamadığımdan aşıq olmadım. Sonra müharibəyə getmiş, müharibədən sonra  evə dönərkən elə qatarda bir ermənin çuğulluq etməsi üzündən Xarkovda qatardan endirilib həbs olunmuşdu. Kəndimizə 1956–cı ildə gəlib çıxmışdı. Azərbaycan folklorunu, xüsusi ilə aşıq şeirlərini onun qədər  çox bilən başqa adama rast gəlmədim. Bir çox qədim aşıqların heç kimin xəbəri olmayan sözlərini mən, sonralar bacısı oğlu Qaşlar tez-tez onun dilindən yazıb Azərbaycan radiosuna, “Bulaq” verilişinə göndərirdik. Adım onun böyük qardaşının adı olduğundan hər zaman mənə “dadaş” deyərdi və xüsusi bir məhəbbətlə mənimlə söhbət edərdi. Həyatda ilk ən böyük müəllimlərim, daxili aləmimin formalaşmasına ciddi təsir göstərən insanlar anamla Mehrac əmim olub. Sonralar dərslərimi daha ciddi oxumağıma isə o zaman Bakı Dövlət Universitetinin fizka fakultəsinə oxuyan Əli dayım olub.

 

132 yaşlı müəllimim

 

Sonrakı həyat yolumun müəyyənləşməsində isə anamın dayısı, qonşu kənddə yaşayan, 132 il ömür sürmüş Şirin dayımla bir söhbətimizin mühüm rolu olub.

 

12 yaşım vardı. 6-cı sinifdə oxuyurdum. Yay idi. Evimizin şüşəbəndində oturub babalarımızın necə inqilab edib, sovet hökumətini qurmasına aid bir kitab oxuyurdum. Şaumyanın, Çaparidzenin, Əzizbəyovun rəşadətindən, düşmən müsavatçılardan bəhs edirdi kitab. Bu zaman gördüm ki, o zaman yaşı 100 ə yaxınlaşan Şirin dayı bizə gəlir. Elə sevindim ki... Şirin dayının inqilab illərində Bakıda fəhlə işlədiyini bilirdim. Tez qabağına qaçdım elə həyətdə sorğu-suala tutmağa başladım:
- Şirin dayı, inqilabı necə etdiniz?  Şaumyanı, Əzizbəyovu görmüşdünüzmü?

Əzəmətli, ağır, ciddi bir insan olan Şirin dayım maddım-maddım mənə baxdı və dedi: - nə inqilab, bala?

Oxuduqlarımı bir-bir ona danışmağa başlayanda qaşları çatıldı. Əlindəki əsanı bir neçə dəfə yerə döyəcləyib, işarə elədi ki, şüşəbəndə keçək. Mənə dedi, get, pəncərələri bağla. Sonra mehriban və qayğılı səslə dedi: - aramızda bir kişi söhbəti etsək olarmı?

Şərt qoydu: - bu söhbəti ancaq ikimiz biləcəyik. Atana, anana, heç kimə demə.

Bəli, o zaman 1962- ci ildə sovet hakimiyyətinin tüğyan etdiyi illərdə bu söhbətdən kimsə xəbər tutsaydı, Şirin dayımın işi fənadan fəna olardı. Təbii ki, məktəb direktoru işləyən atam Kommunist partiyası sıralarından xaric olar, işdən çıxarılar və bəlkə də, həbs edilərdi. Mənim həyatımsa, tamam alt-üst olardı. Amma kişi, bu  söhbəti mənimlə etməyi özünə mənəvi bir borc bilmişdi. Üz-üzə oturduq. Yenə əsanı bir neçə yerə vurdu. Birdən inqilab edənləri qəzəblə, çılpaq bir söyüşlə söydü. Onun ağzından ilk dəfə söyüş eşitdiyimə görə diksindim. Sonra mənə o zamankı 1915 – ci ildə Bakı qətliamı, Xalq Cümhuriyyəti haqda danışdı. Şaumyanın kim olduğunu izah elədi. Söhbətini belə yekunlaşdırdı:

“o vaxt ölkəyə bərk aclıq saldılar. sonra Şura hökuməti gəldi, camaata çörək verdi və camaat onun dalınca getdi”.

Bu söhbət mənim həyatımda inqilabi bir rol oynadı. Həmin vaxtdan mən  humanitar fənlərdən soyudum və riyaziyyata daha çox diqqət verməyə başladım.

 

Kəndimizin mənəvi həyatına təsir edən  insanlardan biri də, nəsillikcə molla olan Molla Mirməhəmməd ağa idi. O insanların sağlam, əxlaqi yöndən dini maariflənməsində mühüm rol oynayırdı. Aşıq Ələkbər isə tez-tez məclislər qurar, camaatı öz dastanlarımızla yaxından tanış edərdi. Kəndimizə arada bir Azərbaycanın məşhur aşıqları da qonaq gələrdi. Onların gəlişi kənddə böyük toy-bayram olardı.

 

“Ah, nə gözəl qaydaydı şal sallamaq”

 

Kəndimizin ən təmtəraqlı günləri Novruz bayramında olardı. Camaat Novruza bir ay qalmış hazırlaşar və  onu müqəddəs bir ayin kimi yerinə yetirərdi. Bayram qabağı küsülüləri ağsaqqaların barışdırması, insanların biri-birinin evinə bayramlaşmağa getməsi, qəbristanlıqda əziz insanların qəbrinin ziyarəti, atçapma yarışları, bir mərtəbəli evlərin üstündə alovlanan ilaxır tonqalları,  qapılara papaq atılması və s. hadisələr  həmin günləri daha da təmtəraqlı edirdi. Papaq atmanın  kəndimizdə bir maraqlı  analogiyası da var idi.  O zaman qədim qayda ilə tikilən evlərdə həm də baca olardı. Bu baca ondan yana idi ki, evi qızdırmaq üçün böyük otağın ortasında bir təndir də olardı. Bu təndir gündə bir dəfə odunla yandırılar, köz düşəndə üstündə kürsü qurulardı. Kürsünün üzərinə çox böyük bir kürsü yorğanı salınardı və  ailə üzvləri, evə gələn qonaqlar ayaqlarını o kürsünün altına soxar, yorğanı sinələrinə qədər çəkərd, mütəkkələrə söykənib söhbət edər, qızınar, elə orada da yatardılar. Kürsünün üstə çərəz, çay olardı. Bayaq dediyim, 132 il ömür sürən Şirin dayı gənc olanda  qapıdan papaq atmaq əvəzinə, o bacadan icəriyə, ipi əlində olan bir böyük kisə salamışdı. Kisəyə, nə qoymuşdularsa çəkməmişdi. Bizdə adət idi ki, papaq atan papağa pay qoyulandan sonra götürmürdüsə, deməli pay onu razı salmamışdı. Gənc Şirin dayımdan da nə istədiyini soruşanda, təbii ki, zarafatla, evdə, onun istədiyi qızın kisəyə qoyulmasını  arzu etdiyini  demişdi. O hadisə hamının yadında idi və buna görə də hərdən bacadan zarafatla kisə salanlar da olurdu.




Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir