Modern.az

Bakıda bir ağac tinginə 3 min dollar xərcləyən məşhurlar... - Ağac bazarından REPORTAJ

Bakıda bir ağac tinginə 3 min dollar xərcləyən məşhurlar... - Ağac bazarından REPORTAJ

12 Dekabr 2016, 11:18

Payızın  sonu və qış fəsli ağac əkmək üçün daha əlverişli dövr hesab olunur. Çünki bu vaxt ərzində torpaq yatmış olur və yaz fəsli gəldikdə əkilən ağac artıq yeni yerində inkişaf etməyə başlayır.

Yəni payız sonu və qış fəslində əkilən ağaclar yazda əkilənlərdən daha yaxşı bitir, sürətli inkişaf edir.

 

Modern.az saytının əməkdaşı Novxanıda yerləşən ağac tinglərinin topdan və pərakəndə satış məntəqəsində olub və oradakı qiymətlərlə maraqlanıb.

 

Burada istənilən ağac tingi tapmaq olar. Qiymətlər isə müxtəlifdir. Satışda demək olar ki, hər qiymətə ağac tingi var.

 

Ağac tinglərinin topdan və pərakəndə satış məntəqəsinin Ramil satıcısı öncə bizə bəzi bahalı ağac tingləri haqda məlumat verdi. Bildirdi ki, hazırda bahalı ağaclar sırasında palma, hantorriya və zeytun (İtaliya)  öndə gedir.

 

“Bizdə İtaliyadan gətirilmiş zeytun ağacı var. Zeytun tinginin qiyməti 2 min dollardı. Həmçinin palma ağacının qiymətinin 100 manatdan 3 min dollara kimi olanı da var. Ən yaxşı palma ağacı isə Afrikada bitir. Həmin palma ağacından isə bizdə 3 dənə var. Bu ağacların da özünün alıcıları var. Bir ay bundan əvvəl məşhur bir şəxs tərəfində bu ağaclardan 5-i alındı. Onun adını isə sizə deyə bilmərəm. Amma bu ağaclara tələbat olmasa, biz onu gətirib satmarıq. Ən azı iki aydan bir bəzi tanınmış şəxslər, İcra hakimiyyətlərinin nümayəndələri, müğənnilər gəlib bizdən həmin ağaclardan sifariş edirlər. Ən çox birdəfəyə bu ağaclardan 20-ni satmışam. Hantorriya ağacı isə ən bahalı ağaclardan olduğundan bizdə - burada ondan cəmi 1 ədədi var. Amma sifariş olarsa, istənilən qədər o ağacdan gətirə bilərik. Bu ağacın sifarişi isə çox az-az olur”.

 

Satıcı məntəqədə 5-6 min ağac tinginin satışda olduğunu da bildirdi.

 

“Biz bu ağacların 90 faizini xaricdən gətirmişik. Bizdə olan ağac tinglərinin çox hissəsi İtaliya, İspaniya və Yeni Zellandiyadan gətirilib. Ağacların az bir hissəsi isə ölkəmizin müxtəlif bölgələrindən gətirilib. Quba, Göyçay və Zaqataladan. Qubadan bir çox alma, findıq və qoz, Göyçaydan müxtəlif nar və Zaqataladan isə əsasən palıd və qoz, fındıq ağaclarının tingləri bizim tərəfimizdən sifariş olunub”.

 


Ramil adlı satıcı alıcılıq qabiliyyətinin zəif olmasından da şikayətlədi.

 

“ Əvvəllər elə olurdu ki, gün ərzində müxtəlif qiymətə 6-7 ağac tingi satırdıq. İndi isəhəftə ərzində 2-3 ağac tingi satanda sevinirik. Hələ bizdə digər yerlərə baxanda qiymətlər  normaldı. Digərləri kimi qiymət artımı etməmişik. Qiymətlərə gələndə isə keçən il və ondan əvvəlki illərə nisbətən cüzi miqdarda bahalaşma var. Bölgələrimizdən gətirilən ağacların qiymətində isə artım yoxdu. Heç onları alan da yoxdu axı. Misal üçün, bizdə bir neçə növdə alça ağacı var. Alıcı soruşunda ki, hansı məsləhətlidir? Deyirik ki, yerli ağac. Yenə də gedib İtaliyadan gətirilmə alça ağacını alır. Qiyməti də bizimkindən 10 dəfə bahadı. Bizim alça ağacımız 15-50 man, İtaliyanınkı isə 500-1500 manatdır. Məhsuldarlığa gələndə isə bizim aran bölgələrimizdən gətirilən alça ağacları xaricdən gətiriləndən qat-qat üstündür. Xaricdən gətirilən ağac tinglərinin baha olmağına gəlincə isə bunu deyə bilərəm ki, dolların kursu günü-gündən qalxır. Biz də tinglərin hamısını xaricdən dollarla alırıq. Üstünə də azca pul qoyub satırıq. Biz də dolanmalıyıq. İndiki vaxtda isə yaşayış şəraiti günü-gündən çətinləşir. Çox əziyyət çəkib, az qazanırıq”.

 

Satıcı Ramilin sözlərinə görə, indi ağac əkməyin tam zamanıdı.

 

“Ağac tinglərinin əkilməsi əsasən oktyabr  ayından aprelə kimi davam edir. Apreldən sonra isə məsləhət görülmür. Düzdür, elə ağaclar var ki, bunu fəslidən asılı olmayaraq əkmək olar. Buna misal olaraq, şam, zeytun, sərv ağaclarını göstərmək olar. Amma meyvə ağaclarının əsl əkim vaxtı indidir. Bizdə olan yapon əzgili və İtaliya alça ağacının tingləri ilin istənilən vaxtında əkmək olar. Bunun üçün onlara müəyyən qulluq etmək lazımdır. Havaların soyuq keçməsi də bizim işimizə mane olan amillərdən biridir. Çünki bu havada əkilən bəzi ağacları şaxta vurur. Nəticədə isə həmin ağaclar bitmir”.

 


Satıcı ağac tingləri əkməyin qaydaları barədə də bizə məlumat verdi.

 

“Yerli ağac tingləri üçün diametri 40-50 sm, dərinliyi isə 50-60 sm olan çuxur qazılmalı və peyinli torpaqda basdırılmalıdır. Xaricdən idxal olunan ağac tingləri üçün isə diametri 50-60 sm, dərinliyi 70-80 sm çuxur qazılmalıdır. O da peyinli torpada basdırılmalıdır. Tingləri əkəndən donra onları müəyyən bir dirəyə bağlamaq lazımdır ki, külək tərpədə bilməsin. Meyvə ağaclarına tez-tez su vermək məsləhət görülmür. Çünki, ağac çürüyə bilər. Zeytun ağacına bu hal aid deyil”.


Satış məntəqəsində tinglərə baxan Mahir adlı alıcı bahalıqdan narazılıq etdi.

 

“Mən sonuncu dəfə keçən il buradan ağac tingi almışam. O zaman qiymətlər belə baha deyildi. İndi isə yeni il üçün yolka ağacı almağa gəlmişəm. Mənə yolka ağacının qiymətinin 100 manatdan başladığını və 500 manata kimi olduğunu dedilər. Bu isə mənə sərf etmir. Məndə bağ evi olduğu üçün bura gəldim ki, yolka ağacını alıb aparım həyətdə basdırım və onun üzərini bəzəyim. Keçən il Rusiyada olan zaman bunu onlarda gördüm və çox xoşuma gəldi. Bu il də istədim ki, bunu özüm edim. Amma belə baxıram ki, edə bilməyəcəm. Mən bura gələndə nəzərimdə tutdum ki, uzağı 50-60 manata bu ağacı ala bilərəm. Amma çox heyf. Ala bilmirəm. Bunu almaqdansa, gedib həyətdəki, şam ağacının üstünü bəzəyərəm”.

 

Rüfət adlı digər alıcının əlində bir neçə ağac tingi görüb, ona yaxınlaşdıq. Rüfət bu ağacları bağda əkmək üçün aldığını bildirdi.

 

“Novxanıda yeni bağ evi tikdirmişəm. İstəyirəm ki, həyətimdə bir neçə növdə meyvə ağacları olsun. Əlimə pul düşən kimi gəlib meyvə ağacının tinglərindən alıb, aparıb əkirəm. İndi isə yapon əzgili, üzüm, alma, armud, nar və iki dənə şam ağacı almışam. İmkanım olsaydı, 2 dənə də burda çox gözəl palma ağacı var, onu alardım. Bu ağacların hamısına 210 manat pul vermişəm. Bunların içində ən bahalı ağac yapon əzgilidir. Ona 70 manat pul verdim. Mən ağac xəstəsiyəm... Pulum olsa, bütün ağaclardan alıb, bağda əkərəm. Təbiətin vurğunuyam. Bunu mənə deyirdilər inanmırdım, “insan yaşlaşdıqca, təbiətə çox bağlanır”. Bunu artıq öz üzərimdə hiss etməyə başlayıram. Hamıya da məsləhət görürəm ki, nə qədər çox bacarırlarsa, ağac əksinlər. Ağac qırmasınlar”.

 


Modern.az saytı
bəzi ağac tinglərinin qiymətini təqdim edir.

 

Şam ağacı – 15-100 manat;

Eldar şamı - 15-100 manat;

Piramida yolka - 25 manat;

Limonlu yolka - 50 manat;

Palma – 100-3500 manat (qiymətin dəyişməsi tingin böyüklüyündən asılıdır);

Meyvə ağacları - 10 manatdan 300 manatdək;

Tut – 18-45 manat;

Armud – 15-45 manat;

Üzüm – 10-30  manat;

Nar- 10-70 manat;

Alma (Quba) 10-30 manat;

Alma (smerinka) - 35-55 manat;

Alma (qızıl əhmədi)- 25-80 manat;

Heyva - 10-20 manat;

Əzgil -5-15 manat;

Yapon əzgili-50-100 manat;

Gilas-10-30 manat;

Zeytun (yerli)- 10-30 manat;

Zeytun (Türkiyə)- 20-50 manat

Alça (yerli)- 15-50 manat;

Alça (İtaliya)- 500-1500 manat;

Hantorriya-5000-7000 manat;

Zeytun (İtaliya)-1500-2500 manat;

Palma-100-3500 manat.

 

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir