Modern.az

Bəxtiyar Sadıqov qəzetləri “vurdu”: Sanki boyunlarına “qəzet buraxmaq yükü” qoyulub

Bəxtiyar Sadıqov qəzetləri “vurdu”: Sanki boyunlarına “qəzet buraxmaq yükü” qoyulub

13 Dekabr 2016, 09:33

Soyuq qış günlərinin bir cəhəti də odur ki, o, yalnız insanı üşütmür. Həm də əl-ayağını çöl-bayırdan yığır. Axı yağışlı-çiskinli, soyuq, küləkli havada kim küçədə gəzməyə, yaxud parklarda oturub “hava udmağa” həvəs göstərər?

Evə dönəndə isə hamımızın bir “əsas” yeri var: mavi ekranın qarşısı! Günün istənilən vaxtı əlimizdə pult kanalları ələk-vələk edirik - aşağıdan yuxarı və yuxarıdan aşağı! Təəssüf ki, çox nadir hallarda (reklam çarxları imkan verəndə) marağımızı təmin edən veriliş tapa bilirik.
Hər hansı bir kanalda “xəbərlər” proqramına baxanda (cüzi istisnalarla hamısı bir-birinin eynidir) ölkədə nə baş verdiyini bilirsən. 
Bəs sonra?
Sonra yenə kanallarda kino, yaxud serial axtarırsan. Əcnəbi qeyri-həyatı, şişirdilmiş qəhrəmanların qeyri-real macəralarından bəhs edən filmlər də, yerli süni və qurama ssenarilər əsasında çəkilən əttökən seriallar da insanı bezdirir.
Yenə kanalları çək-çevir edirsən...
Yenə bezirsən...

Təkcə mavi ekran bu gündə deyil! Qəzetlər də basmaqəlib formada bir-birini inadla təkrarlayır: manşetdə yalançı bir sensasiya, ucdantutma kriminal xəbərlər, eyni mənbələrdən götürülmüş informasiyalar, oxucuya təzə heç nə deməyən “mütəxəssis” “şərhləri və açıqlamaları”, şou əhlinin “sevgi macəraları”ndan bəhs edən “həyəcanlandırıcı” xəbərlər və s. Əksər qəzetlər bir yerdə səhifələnib, “bir əldən” çıxdıqlarına görə hətta zahirən belə bir-birlərinə bənzəyirlər! 
Sanki sahiblərinin boynuna “qəzet buraxmaq yükü” qoyulub və bunu o qədər həvəssiz çəkirlər ki...
Əlbəttə, bir kanal, yaxud bir qəzet hamının zövqünü oxşayacaq qədər veriliş və material verə bilməz! Əslində, bu, mümkün də deyil! (sovet dövründə cəmi iki kanal vardı və hamını qane edirdi. Bəs bu nə paradoks idi?) Amma cəm halda ondan çox kanala və iyirmidən çox qəzetə baxıb tələbini ödəyəcək heç nə tapmayasan, buna nə ad vermək olar?
Niyə belə olub?
Niyə mənəvi tələbatını ödəməkdən ötrü axtardığını tapmırsan?
Niyə bezirsən?
Axı rejissor Ramiz Həsənoğlunun Üzeyir bəyin və mollanəsrəddinçilərin qələmindən çıxan, bəzən müasir dramaturqların yazdıqları əsərlər əsasında hazırladığı tamaşalara, sovet dövründə çəkilmiş bir neçə bədii filmə dönə-dönə baxsan da (filmləri ifrat dərəcədə təkrar göstərərək səni bezdirmək istəsələrdə) yenə baxa bilirsən, usanmırsan...
Sirr nədədir?
İndi niyə belə tamaşalar və verilişlər yoxdur?
Ümumi səviyyəmi enib?
Maraqlı və dəyərli ssenarilərmi yazılmır?
Aparıcı səriştəsiz və dayazdırmı?
Peşəkarlıqmı yoxa çıxıb?
Olmaya ölüm-itim xəbərlərindən, şou əhlinin şit duzsuz hərəkət və danışıqlarından doymuşuq deyə daha ekrandan zövq almırıq?
Bəlkə ekran və qəzetlərdə əvvəlki tək mənəvi qida tapa bilmirik?
Hər halda düşündürücüdür!
Düşünüb tapmaq üçün isə bir daha tənqidi şəkildə nəzərdən keçirməliyik.

 

“NÜMUNƏVİ QƏHRƏMAN”SIZ KEÇİNMƏK OLARMI?

 

Uşaqlar özlərini hansısa qəhrəmana bənzətməyi, onu təqlid etməyi sevirlər və zaman-zaman onların “sevimli qəhrəman”ları olur və hətta həmin qəhrəman dəyişikliyə də uğrayır!
Gənclər “Leyli və Məcnun” kimi sevmək istəyirlər və daim “qəfil gələn, ülvi və fədakar” məhəbbətin həsrətini çəkirlər!
Yaşlılar isə daha çox mənəviyyata, əsərlərdəki həyatiliyə və dəyərlərə, haçansa qiymətli sayılan keyfiyyətlərə meyil edirlər.
Bu deyilənlər də “resept” deyil və bütün maraqları əhatə etmir.
Əgər istədiyimizi tapa bilmiriksə, onda gəlin yoxa çıxanların nə olduğunu aydınlaşdırmağa çalışaq!
***
Kim deyər ki, həyatda yaxşılar yoxdur, yaxud qəhətə çəkilib!
Mümkün deyil, çünki həyat da, dünya da yaxşıların üstündə qərar tutub, onların sayəsində yaşayır!
Bəs elə isə “nümunəvi qəhrəman”lar niyə gözə görünmür? 
Axı uşaq da, yeniyetmə də, gənc də kiməsə özünü oxşatmalıdır və hökm deyil ki, bu onun atası, yaxud anası olsun!
Onda bəs kimə? Bəlkə belələri yoxdur?
Adətdir, yaxşıların sayı həmişə az olur (yoxsa onlar yaxşı sayılmazdı) və indi görünür bazar iqtisadiyyatı münasibətlərinin və bir də qaçqınçılığın fəsadlarının təsirindən onlar bir qədər də azalıb!
Nə vaxtsa artacağına isə zərrə qədər də şübhə yoxdur! Çünki yaxşıların tükənməsi həyatın, həm də dünyanın sonunun çatması demək olardı!
Allah o günü bizə göstərməsin!

 

QƏHƏTƏ ÇIXAN NƏDİR?

 

1941-1945-ci illər müharibəsinin ağrı-acısını yaşamış anam həmişə deyərdi ki, müharibədən və ondan sonrakı aclıq dövründən insanlar bir-birinə həyan durması, kömək göstərməsi nəticəsində salamat çıxdı. Ailələrin çoxu başıpapaqsız qaldığından əksəriyyət eyni vəziyyətdə idi və dolanışıq çox ağır keçirdi. Amma hamı bir-biri ilə mehriban idi, imkanlı imkansıza təmənnasız əl tuturdu. Bir torba unu olan onu gizlətmirdi! Ondan qonşusuna bir ovuc verirdi ki, yetim qalmış uşaqlarına horra bişirsin. Hamı çətinliklə də olsa, övladını böyüdüb bir tərəfə çıxartdı.
İndi əksəriyyətinin hər şeyi var. Dövlətimiz də ilbəil qüdrətlənir, vətəndaşının rifahını daha da yüksəldir. Xüsusi mülkiyyətə yol verildiyindən bir neçə yerdə evi, bir neçə minik avtomobili olanlar da (sovet dövründə belə hal mümükün deyildi, hətta qanunla cəzalandırılırdı) kifayət qədərdir. 
Təəssüf ki, insanlar bir-birindən bir qədər soyuyub, uzaqlaşıblar!
Vaxt var idi ki, kənddə qonum-qonşu yığışar, evi olmayana, yaxud bədbəxt hadisə nəticəsində evi uçana, sel aparana, yanana iməcilik qaydasında - palçıqdan kərpic kəsməklə, küləşlə dam örtməklə, palçıqla suvamaqla yeni daxma tikərdilər. İndi çoxları öz gücünə yaxşı, müasir ev tikmək imkanındadır və tikir də!
Amma əvvəlcə hasar çəkərək özünü qonşulardan ayırır, sonra hasarı o qədər qaldırır ki, bir-birini görə bilməsinlər!
Niyə?
Axı heç kəs başqasının olanını zorla əlindən ala bilməz! Ən azı ona görə ki, bu cinayət məsuliyyəti yaradır! 
Bəs niyə yanaşı yaşadıqlarımızı görmək istəmirik, niyə qınımıza çəkilməyə çalışırıq?
Həm də əvvəllər belə olmamışıq axı!
Bineyi-qədimdən Bakı bağlarında hasar olmayıb. Heç tikanlı çəpər də (respublikanın digər kənd rayonlarında olduğu kimi) çəkilməyib. Abşeron bağlarının ləzzəti gün batandan sonra insanların (qonşuların) bir yerə toplaşıb söhbətləşməsi, arvadların isə “mırtlaşması” olub. Kimin də evində nəyi olubsa, qonşuya ondan pay verib! İndi görün daş hasarsız bir bağ, həyət, villa taparsınız?! Yox!!!
Məsələ təkcə “qonşunu görməmək istəyi” ilə bitsəydi, nə vardı ki! Bu itirilən keçmiş dəyərlərdən yalnız biridir!
Həm də təkcə biri deyil!
***
Çap və elektron KİV-də hər gün rast gəldiyimiz mövzulardır:
- Dələduzluq yolu ilə insanların pulunu əlindən alıb;
- Sahibkar bir mənzili bir neçə adama satıb;
- Ata oğlunu bıçaqlayıb;
- Oğul atasını qətlə yetirib;
- Qız anasını döyərək öldürüb;
- Ər arvadının başını kəsib;
- Arvad ərini, qardaş qardaşını öldürüb və s...
Bu xəbərlər oxucuya nə verir?
Könül xoşluğu? 
Sevinc hissi?
Bəs nə öyrədir?
Doğmalarına, əzizlərinə əl qaldırmağı? 
Sənə ən yaxın insanların qanını axıtmağı?
Nəyə təhrik edir?
Cinayətə? 
Sözün çəp gəldiyi adamla mübahisədə kimliyinə baxmayaraq, bıçağa və baltaya əl atmağa, onu həyatdan məhrum etməyə?
Bəlkə belə hadisələrə nifrət etməyə, ondan çəkinməyə?
Xeyr! 
Çünki həmin yazılar əsasən kriminal informasiyalar olduğundan onlarda nə qınaq olur, nə hadisəyə mənfi münasibət bəslənən mövqe, nə də çəkindirici hüquqi və mənəvi maarifləndirmə məqamları!
Ən nəhayət, yaxşılığa, qəhrəmanlığa, xeyirxahlığa, humanizmə, sədaqət və etibara, inam və dəyanətə... bütün yüksək dəyər və keyfiyyətlərə yönəldən nümunələr görünmür!
Adətən müsbət nümunə müsbət qəhrəmanın timsalında təbliğ olunur!
Mətbuat da, əbəbiyyat da, müxtəlif sənət növləri də həmişə çalışıblar ki, insanları müsbət nümunələr, hadisələr və qəhrəmanlar timsalında tərbiyə etsinlər!
Bəs bu gün həmin “müsbət qəhrəman”lar (nümunələr), niyə yoxa çıxıb (çıxarılıb), yaxud onların yerini kimlər tutub?!

 

MÜSBƏT İDEALA XİDMƏT EDƏN MƏNFİLƏR

 

Müəyyən dövrdə Azərbaycan ədəbiyyatında (o cümlədən milli mətbuatında) tənqidi realizm üslubu güclü olub. Bu, dövr və zamandan irəli gələn məsələdir. Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə kimi dühalar hər iki sahənin tanınmış və yüksək istedadlı qələm sahiblərindəndir. Adətən ədəbiyyatda tənqid (eyni zamanda mənfi qəhrəman da) müsbət ideala xidmət edə bilər və edir! Əvvəla, ədəbi janrlar buna imkan verir. İkincisi, ədəbi əsərlərin həcmi yazıçı və ya şairin manevr imkanlarını genişləndirir (daha doğrusu onu sıxmır). Ən nəhayət, hər mənfi qəhrəmanın qarşısına bir müsbətini də qoymaq, yaxud müsbət idealı göstərərək müqayisə etmək və birinciyə üstünlük vermək imkanı mövcuddur.
KİV-də isə məsələ belə deyil! Əvvəla, jurnalistikanın janrları buna imkan vermir. İkincisi, yazıçıyla müqayisədə jurnalistin təsvir və təhkiyə imkanları məhduddur. Ən nəhayət, təbliğat müsbət nümunəni sevir və tələb edir!
Burada kimsə (yeni “demokrat”lardan) etiraz edib deyə bilər ki, mətbuat təbliğat vasitəsi deyil! Bu, sovet dövründən, Lenindən qalan yanaşmadır.
Yaxşı olar ki, bu cür düşünənlər ABŞ-ın (Hollivudun) çəkdiyi tarixi və müasir mövzulardakı filmlərə bir daha, həm də açıq nəzərlə baxsınlar! Diqqət yetirsinlər: amerikalı qəhrəman (“Vətənpərvər”, “Rembo” və s. bədii filmlərdəki baş qəhrəmanlar) kimdir. Onlar necə humanist, uşaqların və qadınların müdafiəçisi, haqq-ədalət tərəfdarı, zəifi müdafiə edən, dünyanı terror təhlükəsindən və nüvə müharibəsindən xilas edən və s. “müsbət keyfiyyət” daşıyıcılarıdır. Sonra Vyetnam və Əfqanıstanda, hazırda isə ərəb dövlətlərində törədilənləri xatırlasınlar. 
Niyə hər dəfə ABŞ hərbi əməliyyatlarda iştirak edəndə mətbuata güclü senzura nəzarəti qoyulur, jurnalistlərə yalnız “filtr”dən keçirilmiş informasiyalar ötürülür!
Mətbuat da (elektron və çap versiyası), televiziya da, kino da təbliğat vasitəsidir, bütün faktlar kimlərinsə marağı əsasında toplanaraq məqsədyönlü şəkildə istifadə edilir, yayılır, “müsbət qəhrəman”lar isə bəzən mənfur niyyətlərin pərdələnməsi üçün uydurulur. Terrorçuya münasibətdə ikili standartların mövcudluğu, onların “yaxşı” və “pis”ə bölünməsi dediklərimizə əyani misaldır.
Jurnalistikada müsbət nümunə (qəhrəman) vacibdir, hər bir millətə məxsus olan yüksək dəyərlər və keyfiyyətlər onların timsalında nümayiş edilərək təbliğ olunur, belə təbliğatın təsir və sirayətedici gücü isə daha üstün sayılır!
Elə isə bizim “müsbət qəhrəman”ımız, yaxud müsbət ideallara xidmət edən bədii və ya publisistik obrazımız niyə qəzet səhifələrindən, yaxud televiziya ekranlarından itib, yaxud itirilib?!
Bu təsadüfdürmü?!

 

MEYDANI KİMLƏRƏ VERMİŞİK

 

Məşhur bir atalar sözü var: sən nə çalırsan çal, mən “Heyvagülü” oynayacam!
Dəfələrlə televiziya kanalları, orada nümayiş etdirilən verilişlər, aparıcılar barədə kifayət qədər, həm də samballı və peşəkar insanlar tərəfindən tənqidi fikirlər səsləndirilib, ağıllı məsləhətlər verilərək düzgün yol göstərilib!
Amma yenə görüb-eşitdiyimiz “Heyvagülü” havasıdır! KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edildikdən, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradıldıqdan və onun vasitəsilə müxtəlif layihələr reallaşdırıldıqdan (proses indi də davam edir), habelə müxtəlif yaradıcılıq müsabiqələrinin keçirilməsi yolu ilə çap mediasında müəyyən dəyişiklik yaranıb. Artıq dövlətin marağında olduğu mövzular və məsələlər qəzet səhifələrində daha tez-tez görünməkdədir. Amma “rəsmi”, “quru yazılar” təsiri bağışlayır! Daxildən gələn yaradıcılıq həvəsinin bəhrəsi olan materialları təsadüfi hallarda görürük! Elə bil ki, jurnalistlər təklif olunan (və mükafatlandırılan) mövzularda yazı yazarkən əllərinə əlcək geyinirlər! Son dövrlərin dəbi sayılan sensasiya yaratmaq (stəkanda fırtına qoparmaq) istəyi sanki onların bütün yaradıcılıq eşqini yoxa çıxarıb!
Ürəkdən və beyindən su içməyən yazı isə kiminsə nə qəlbinə, nə də şüuruna təsir göstərər!
Ölkəmizdə mətbuat və söz azadlığının bərqərar olması bizi senzuranın buxovlarından qurtarıb. İndi kim nədən, necə yazmaq, nəyi necə təqdim etmək istəyirsə, bunda tam sərbəstdir və kimsə ona mane olmur! Qalıb öz istedad, bacarıq və vicdanına! Bir də ürəyində gizlətdiyi niyyətə!
Sözün azadlığa buraxılmasının iki fəsadı da olub:
Əvvəla, Azərbaycan xalqının jurnalistlərə olan hörmət və məhəbbətindən bəhrələnmək istəyən bəzi ünsürlər bu sahəyə axışaraq “reket jurnalistikası” formasında özlərinə çirkin biznes qurublar və beləliklə, jurnalistikanı və azad sözü nüfuzdan salıblar!
İkincisi, söyüş, təhqir “azadlığı” başlayıb, insanlara utanmadan şər-böhtan atılır, nəticədə sözün məsuliyyətini unudanlar çox asanlıqla açdıqları qəzetin səhifələrini məsuliyyətsiz söz meydanına çevirirlər!
Bir tərəfdən dövlətin mətbuata nəzarətdən imtina etməsi, digər tərəfdən qeyri-ixtisas sahiblərinin, diletantların jurnalistikaya axını müxtəlif fəsadlar törədib. Məsələn, “yeni jurnalistlər” (onlar özlərini “demokrat” sayır və mətbuata “yeni rakursdan” baxırlar) belə hesab edirlər ki, jurnalist üçün ixtisas təhsili vacib deyil, əsas “istedad”ın olmasındadır?! Əlbəttə, bu yanaşmanı ciddi saymırıq, hətta bəzən sahənin “nüfuzlu nümayəndələri” tərəfindən səsləndirilsə də belə! Sokratın məşhur fikridir: nə qədər oxumamışdım, elə bilirdim ki, hər şeyi bilirəm. Elə ki oxudum, gördüm dünyadan xəbərim yox imiş! O, insanlar ki, jurnalistika fakültələrində gələcək qələm sahiblərinə nə öyrədildiyindən bixəbərdirlər, onlar elə bilirlər ki, xüsusi təhsilə ehtiyac yoxdur! Azərbaycan xalqının da məşhur misalı var: hər oxuyan Molla Pənah, hər qatırçı Murad olmaz! Mənası odur ki, hətta oxuyanların hamısı belə kamil mütəxəssis ola bilmir! Sözsüz, təhsil də vacibdir, istedad da!
Xüsusi təhsilə biganəlik jurnalistikanı özünə “çörək ağacı” seçənlərin ən azı onun vacib prinsip, qayda, janr və bu sahədəki milli ənənələri öyrənmələrinə maneçilik törədir. Kiminsə zəif qələm sahibi olması elə də böyük faciə deyil! Amma bütövlükdə milli mətbuatın səviyyəsinin aşağı düşməsi və tarixi ənənələrin unudulması son dərəcə ziyanlı və xoşagəlməz haldır!
“Yeni yanaşma”nın digər mənfi məqamlarına da diqqət yetirək.
Jurnalist peşəkarlığı haqqında çox bəsit düşüncə formalaşıb: əgər yazı yaza bilirsə və mətbu orqanında işləyirsə, deməli “peşəkar jurnalist”dir! Hətta “universitetlər peşəkar jurnalistlər hazırlayırlar” kimi bəsit fikir səsləndirənlərə də təsadüf edilir. Onlar bilmirlər ki, ali təhsil müəssisələri “ixtisaslı kadrlar” hazırlayırlar. Peşəkarlıq isə uzun müddətli gərgin əməyin və yaradıcı axtarışların nəticəsində qazanılır. Həm də hamı bu səviyyəyə yüksələ bilmir! Nə qədər stajı və titulları olsa da belə!
Bir ara “reket jurnalistika”ya qarşı mübarizənin səngiməsi (hətta onların bir qisminə “bəraət” verilməsi) bu sahədə qazanılan əvvəlki uğurları da heç etdi. Belə əməl sahibləri özlərini “düzəltmək” əvəzinə internet saytlarına transfer etdilər. Bu gün “reket saytlar” “reket qəzetlər”i xeyli üstələyiblər. 
Məmur himayədarlığı onlara qol-qanad verir! 
Artıq informasiya toplayıb yaymaqla yox, “ifşaedici çəkilişlər” aparmaqla şantaj şəbəkəsi qurublar və bundan heç də az pul qazanmırlar!
Jurnalistikanın nüfuzdan düşməsi və çoxunun jurnalistlərdən qaçmağa can atması, telefon zənglərinə cavab verməməsi günümüzün acı reallığıdır.
Milli mətbuatın Həsən bəy Zərdabidən başlayan ənənələri itməkdədir!
Qəzet və sayt rəhbərləri üçün milli maraqlar arxa plandadır!
Antiazərbaycan fəaliyyəti göstərənlərə qarşı mətbuatda bir “dözümlülük”, loyallıq müşahidə olunur! Elə bil maraqları tapdalanan, şər və böhtana, ikili standartlara məruz qalan hamının vətəni sayılan müstəqil Azərbaycan deyil!
Vətənpərvərlik tərbiyəsi sistemli və ardıcıl, məqsədyönlü şəkildə aparılmır, milli-mənəvi dəyərlərin qorunmasına biganəlik göstərilir, ailə institutunun ləğv edilməsi uğrunda qızğın və barışmaz mübarizə gedir! 
Söz o qədər ucuz və məsuliyyətsiz olub ki, alıcısı yoxdur! Yeni qəzet köşkləri isə (paytaxtın ən gur və işlək yerlərində qoyulan, əsas təyinatı isə qəzet satmaq olan) əvvəlkilər kimi “mini-bazar” funksiyası daşıyır!
Deyilənləri ümumiləşdirsək, çap mediasının qabarıq görünən nöqsanlarını aşağıdakı kimi qruplaşdıra bilərik:

* Əsl peşəkar jurnalist muzey eksponatı kimi nadir tapılan peşə sahibinə çevrilib: universitetlərin müvafiq şöbə və ixtisaslarını bitirənlər praktik baxımdan qəzetdə işləməyə yaramır, başqa sahələrdən gələnlər isə əvvəla, bilmədiklərini bilmirlər, ikincisi isə öyrənmək niyyətində deyillər! 
* Sözün qədrini bilən və məsuliyyətini dərk edən, mətbuat və söz azadlığı ilə bahəm insanın şərəf və ləyaqətini uca tutmağı bacaranlar getdikcə tükənirlər! 
* Jurnalistikanın janrları qəzet səhifələrindən yoxa çıxıb, araşdırma və təhlili materialları yazanlar isə yox dərəcəsindədirlər!
* Qəzetin funksiyasını yalnız “informasiya, xəbər çatdıran” kimi başa düşənlər mətbuatın maarifçilik funksiyasının da olduğunu sanki unudublar!
* Qəzetlərdən elektron mediaya transfer edənlər bəzi qorxaq “sifarişçilərin” və üzdəniraq məmurların sayəsində “reket jurnalistika”nı hələ də qoruyub saxlayırlar!
* Mənəviyyat, müstəqillik, vətənpərvərlik, qaçqın və məcburi köçkün həyatı, azərbaycançılıq ideyası, diaspor quruculuğu və digər vacib mövzular yalnız dövlətdən qrant alanda yada düşür!
* Çox az qism redaktorlar nömrənin manşetini düzgün müəyyənləşdirə bilirlər!
***
Televiziyanın mətbəxində isə nələrin baş verdiyini söyləməkdə çətinlik çəkirik. Çünki bizim gördüyümüz yalnız verilişlər və onların aparıcılarıdır. Ən çox göstərilənlər isə şou-proqramlardır. Xarici kanallardan baha qiymətə alınıb gətirilən “nimdaş layihələr” milli-mənəvi dəyərlərə zidd olmaqla bərabər, onlarda əsas ağırlıq dava-dalaşa, qaraqışqırığa, iştirakçıların bir-birinə kobud, hörmətsiz münasibətinə, “mənəvi kriz”lərin üzərinə salınır.
Həftəlik və aylıq proqramları təhlil etdikdə nə görürük?
Özəl telekanallar adları müxtəlif olsa da, əslində, bütün günü eyni qəlibdən çıxan verilişləri verirlər. Onlar aşağıdakı mövzulardadır:
- “xörəkbişirmə elmi”nin tədrisi;
- özəl klinikaların tanınmamış həkimlərinin “müalicə məharətləri”nin təbliği;
- toy müğənnilərinin bitib-tükənməyən qalmaqalları;
- xalqımızın mənəviyyatsızlığını “ifşa edən” “yerliləşdirilmiş” layihələrin saatlarla nümayişi.
Bütün bunları seyr edəndən sonra düşünürsən:

* Doğrudanmı Azərbaycanda heç kim xörək bişirə bilmir və onu yalnız televiziyadan öyrənmək mümkündür?
* Doğrudanmı ən yaxşı həkim və ən yaxşı müalicə yalnız özəl klinikalardadır və Azərbaycan vətəndaşları bundan xəbərsizdirlər?
* Doğrudanmı Azərbaycanda “ən səviyyəli insanlar” toyda oxuyanlardır və “ən çətin məsələlərin həllində” onlar məsləhətçi olmalıdırlar?
* Görəsən nə vaxtadək kişilər (kişi aşpazlar) arvadlara xörəkbişirmə dərsi keçməlidirlər ki, arvadlar bir şey öyrənsinlər?
* Görəsən nə vaxtadək özgə ölkələrdən gəlmiş (gətirilmiş) tanınmamış həkimlər (yaxşı həkim olsaydılar, öz xəstələrini vətənlərində qoyub dərbədər düşməzdilər) yerli həkimlərdən üstün tutulacaqdır?
* Görəsən nə vaxtadək toy müğənnisinin dedikləri telekanallar üçün ziyalı, mütəxəssis, yazıçı və zabit sözündən üstün tutulacaqdır?
Vətənpərvərlik tərbiyəsi ilə kim məşğul olmalıdır? 
Yalnız dövlətə məxsus kanallar və mətbu orqanları? Axı vətən belə bölünmür ki, onun təbliği və tərənnümü də mövcud imkan və vasitələr arasında paylansın!
Nə vaxtadək milli-mənəvi dəyərlərin qorunması, yaşadılması və təbliği məsələləri mətbəx, özəl klinika və şou proqramlarından aşağı və dəyərsiz tutulacaqdır?
Onsuz da həmin proqramları yaradanlar və yaşadanlar məqsədlərinə çatıblar! Böyük əksəriyyət yerli kanallardan üz çevirib! Kabel televiziyaları vasitəsilə xarici telekanallara baxırlar!
Axı maarifləndirici funksiyasını unudan, yaradıcılıqdan uzaq düşən, yalnız primitiv əyləndirici verilişlər verən kanallara kim baxar?
Bezdirir!
***
Telekanalların aparıcıları haqqında ayrıca danışmağa dəyər. Çünki bu gün telekanalların “məşhur siması” aparıcı olub: kanallarda nə redaktor mətni hiss olunur, nə rejissor dəstxətti görünür.
Müasir aparatların yaratdığı imkanlar isə daha “operator məharəti”nə yer qoymayıb.
Bəs verilişdə “hər şeyin sahibi” olan aparıcı nə aparır və özünü necə aparır?
Birbaşa söyləsək, aparıcı çox zaman veriliş aparmır, əslində, baş aparır: istədiyi qədər danışır, müsahibinin sözünü istədiyi vaxt kəsir, dəvət etdiyi qonağın öz fikrini axıradək söyləməsinə imkan vermir və s.
Eyni zamanda: 
* Aparıcı şpaqat açır!
* Aparıcı verilişdə nümayişkaranə şəkildə pul cırır!
* Orijinallıq xatirinə unitazda oturaraq məhsulu “reklam” edir!
* Hətta özünü elə aparır ki, qonağı onu itələyərək yerə yıxır!

Sovet dövründə televiziya üçün aparıcıların (diktorların) seçilməsinə son dərəcə ciddi və məsuliyyətlə yanaşırdılar. Bir neçə mərhələdən ibarət olan seçim müsabiqəsində diktorun:
- səsinin ekrana (efirə) düşməsi, müvafiq tembrdə olması;
- Azərbaycan dilini (həm də rus dilini) təmiz bilməsi, vurğuları düz qoyması və dəqiq intonasiyası;
- ali təhsili, dünyagörüşü və ümumi səviyyəsi;
- Azərbaycan xalqının milli zahiri görkəminin simasında qabarıq görünməsi (yaraşıqlı və cəlbedici olması);
- sifətində əyrilik və ciddi (görünən) qüsurların olmamasına da xüsusi fikir verilərdi.
İndi bu sənət o qədər dəyərdən düşüb ki, hamı aparıcı olmaq istəyir və istəyinə (müxtəlif vasitələrlə) çatır da!
Artıq aparıcılarda nitq qüsurları, cır və bezdirici səs, ləhcə ilə danışıq, insanlarda ikrah yaradan “çayxana səviyyəsi”, vurğuları hecaya düzgün qoymağı bacarmaması, vulqar ifadələr, açıq-saçıq geyim, millətini təyin etməyə imkan verməyən ifrat makiyaj, üzdə əyrilik və digər ciddi qüsurların mövcudluğu adi hala çevrilib! Onlara veriliş etibar ediləndə heç bir müsabiqə filan keçirilmir.
Gözümüzün qabağına gətirək: indiyədək kimlərdən aparıcı olmayıb və bu gün kimlər aparıcılıq etmir?!
Azərbaycan balaca ölkə olduğundan hamı-hamını yaxşı tanıyır! Üstəlik, sosial şəbəkələr və telekanalların özlərinin “həvəslə” yayımladıqları qalmaqallar örtülü heç nə qoymayıb! Bu mənbələrə istinadən və gördüklərimizə əsasən tərəddüdsüz deyə bilərik:

* Tərbiyəsi naqislər əxlaq qarovulçusu rolunu oynayır;
* Mənəviyyatsızlar verilişinə gətirdiyi “mənfi qəhrəman”ının ittihamçısına çevrilir;
* Ömründə ailəsi olmayanlar ailədaxili münasibətlərin yaranmasından və münaqişələri nizamlamaqdan dərs keçirlər;
* Boşananlar “qayınana-gəlin münasibətlərində mehribançılıq” üzrə ekspertlik edirlər;
* Oriyentasiyası şübhəlilər verilişlərdə “kişi razborka”ları (kişi söhbəti) zamanı heç kimə söz deməyə imkan vermir, yaxa cırırlar!

Maraqlı burasıdır ki, başqa sahədə uğur qazanmayanlar aparıcılığa gəlirlər:
Yarımçıq müğənni aparıcı olur!
Yarımçıq aktyor aparıcı olur!
Aparıcı qayıdıb “toy müğənnisi”nə çevrilir və yenə aparıcılıq edir!
Elə bilirlər ki, ən asan işlərdən biri aparıcılıqdır!
Elə sanırlar ki, hamı aparıcı ola bilər!
Görünür onlara etibar edən kanal rəhbərləri də bu fikirdədirlər!
Amma belə deyil! 
Aparıcıdan xüsusi qabiliyyət, bacarıq, hazırlıq, hətta istedad tələb olunur!
Saqqalı sinəyə düşən, ölçüsü əndazədən çıxan, plastik əməliyyatların yeri açıq-aydın görünən, bir çimdik duzu olmasa da, “zarafat” verilişlərini aparan, sifəti ekrana sığmayanlar meydan sulayırlar.
Bunlardımı Azərbaycan qadın və kişilərinin (həm daxili, həm zahiri əlamətlərinə görə) təmsilçiləri? Axı bir çox kanallar xarici ölkələrdə yayımlandığından ekrandakılar həm də xalqımızın simasının təmsilçisi də sayılırlar!
Bəlkə də bütün bu biabırçılıqlara dözmək olardı! Amma aparıcılar artıq özlərini telekanalların “müsbət qəhrəmanı”na çeviriblər və utanmadan itmiş, yaxud itirilmiş həmin qəhrəmanın yerini tutublar!

 

İTƏNİN YERİNDƏ BİTƏNLƏR

 

“Müasir” aparıcı təkcə “sensasiya” yaratmır. O, həm də “müsbət qəhrəman”dır: itənləri tapır, tapılanları vətənə qaytararaq doğmaları ilə görüşdürür, həmin görüşlər zamanı “dramatik anlar” yaşayır (az qala ağlayanların göz yaşları içində boğulur), zərərdidələrin haqqını bərpa edir, onlara ev tapır, iş düzəldir, hətta bəzən ərə verir (evləndirir) və s. 
Özünü “müsbət qəhrəman” qiyafəsində təqdim edən aparıcı bəzən prokurorsayağı “amansız ittihamçıya” çevrilir, bəzən “müdrik hakim” kimi “müttəhimi” - verilişdəki “mənfi qəhrəman”ı ifşa edir, bəzən rəhmdil vəkilə dönərək qurbanını studiyadakı “ekspert-hücumçular”ın təzyiqindən müdafiə edir.
“Aparıcı - müsbət qəhrəman” daim verilişdə qonaqlar tərəfindən çəpik çalınaraq alqışlanır, “yağlı sözlərlə” (təşkil olduğu dərhal sezilir) gen-bol təriflənir, regionlara gedəndə isə “maç-maç, quc-quc” ara vermir... Onların hər verilişinə də “bütün Azərbaycan xalqı” (özlərinin dediyinə görə) baxır! 
Yazıq xalq, görəsən on kanalın hamısına eyni vaxtda necə baxır?
Aparıcı “müsbət qəhrəman”qismində çıxış etdiyindən, şübhəsiz, verilişdə “mənfi qəhrəman” da olmalıdır. Bu gün ekranları başına alan “mənfi qəhrəman” bolluğu da məhz buradan yaranır!
Kimdir o “mənfi qəhrəman”lar? 
Adətən onlar psixi cəhətdən problemli, hüquqi cəhətdən savadsız insanlar olur. Hərdən özlərinə baş ucalığı gətirməyən və şəxsi həyatlarına aid olan müzakirələrin bu sayaq - insan kimi aşağılanaraq keçirilməsinə necə razılıq vermələri adamı olduqca təəccübləndirir. Bəlkə də (əksərən belə olur) kimdənsə qisas almaq, hayıf çıxmaq üçün televiziyaya gəlirlər! Amma alçaltmaq istəyəndə özlərinin də alçaldığını dərk etmirlər!
Belələrinin əməl və hərəkətlərinin müzakirəsi insanlarda ikrahdan başqa hansı hissləri doğura bilər?!
Başqa bir məqam da var: mənfiliklərin çox deyilməsi və göstərilməsi bəzən onların reklamına çevrilir və belə hərəkətləri adiləşdirir!
Adiləşmiş iyrəncliklər daha təhlükəli deyildirmi?!
“Müsbət qəhrəman”ı əvəz edən aparıcılar belə “reytinqli” şoularla xalqın mənəvi dəyərlərinə necə ağır zərbə vurduqlarının fərqində deyillər! Özlərini “zəmanəmizin qəhrəmanı” kimi aparmaqla bəlkə də “qəhrəmanlıq” göstərdiklərinə özlərini də inandırıblar...
Bu sahədəki nöqsanları isə aşağıdakı kimi qruplaşdırmaq olar:

* Əksər televiziya kanallarında yaradıcı mühit görünmür;
* Veriliş ssenarisiz, iştirakçıların davranış və cavablarından asılı olan axarda inkişaf edir; 
* Köhnə, kiflənmiş layihələr Avropadan, Türkiyədən, Rusiyadan gətirilərək primitiv formada (yamsılamaqla) “təzə mal”, “yaradıcılıq məhsulu kimi” tamaşaçılara sırınır;
* “Hamı aparıcılıq edə bilər” prinsipi verilişlərin təsadüfi, bu funksiyanın qayda, prinsip və tələblərindən bixəbər olanlara etibar edilməsinə yol açır;
* İştirakçılara danışmaq imkanı verməyənlərə, sualı da, cavabı da özü söyləməyə çalışanlara aparıcılıq missiyasının tapşırılması mədəni, abırlı və savadlı qonaqları verilişlərdən qaçaq salıb;
* Bəzən aparıcılar nəzəri və praktiki cəhətdən bilmədikləri, ağızdan eşitdikləri məsələ və problemlər barədə telediskussiyalara “ağsaqqallıq” edir, nəticədə gülməli sualları və gülünc tezisləri ilə mütəxəssislərin təbəssümünə, xəbərsiz insanların isə “təəccübünə” səbəb olurlar;
* Artıq bir sıra kanallarda aparıcılar zahiri görkəmləri, nitq qabiliyyəti və polemikanı idarəetmə “məharətləri”, “mədəni davranışları” ilə “fərqlənərək” millətimizin tipik təmsilçisi yox, ekranların simasızlıq simvoluna çevriliblər!

 

“MÜSBƏT QƏHRƏMAN” AXTARIŞINDA

 

Telekanallardakı belə nöqsan və çatışmazlıqları söyləməklə Amerikanı yenidən kəşf etdiyimizi düşünmürük! MTRŞ-nin sədri Nuşirəvan Məhərrəmlinin noyabr ayında APA-ya verdiyi müsahibədən iki məqamı diqqətə çəkmək istəyirik: “... Təəssüf ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi çox narahat edir”. Şura sədri məsələnin çətinliyini də vurğulayıb: “Bizim hüquqlarımız çərçivəsində nə mümkündürsə, biz onu edəcəyik ki, efirimizdən utanmayaq. Amma bu, çox çətindir”.
Bəli, səylər birləşdirilməsə, dəyişiklik yaratmaq asan olmayacaq!
Müstəqilliyin 25 ili ərzində bütün çətinlik və məhrumiyyətlərə baxmayaraq, çox şeyə nail olmuş, bütün parametrlər üzrə sürətlə inkişaf etmişik. Həll edə bilmədiyimiz bircə problem var: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi!
Hər bir jurnalist müstəqil dövlətin vətəndaşı olduğunu unutmamalıdır - onun uğuruna sevinməli, çatışmazlıqların aradan qaldırılmasına yardım göstərməlidir!
Təbii, inkişaf olan yerdə, nöqsanlar da olur!
Amma gəlin “yaxşı” ilə “pis”in nisbətinə baxaq və yazılarımızda, verilişlərdə həmin nisbəti qoruyaq!
Gəlin ətrafımıza baxaq, əvvəlcə yaxşıları, müsbət nümunəyə çevrilə bilənləri qələmə alaq!
Niyə həsrətini çox çəkdiyimiz, böyük çətinliklər və qan bahasına əldə etdiyimiz müstəqilliyimiz gündəlik “müsbət qəhrəman”ımıza çevrilməməlidir?
Məgər müstəqillik dövründə təkcə şou-biznes inkişaf edib?
Nəyə görə “yüksək reytinq” (hələ onu kim, necə və nə məqsədə müəyyən edir, bilinmir) xatirinə (deməli, həm də reklam və pul xatirinə) mənəvi dəyərlərimizi zərbə altında qoymalıyıq? Axı müstəqil Azərbaycan dünyaya həm də mənəvi dəyərləri - qeyri-maddi mədəni irsi və multikultural ənənələri ilə çıxır və nümunə göstərir. Axı biz yoxsul deyilik ki, pula (reklama) görə mənəviyyata arxa çevirək!
Müharibə şəraitində olduğumuzdan bizim üçün vətənpərvərlik və hərbi vətənpərvərlik tərbiyəsi son dərəcə vacibdir!
Hər şəhidlik bir vətənpərvərlik nümunəsi sayılmırmı?
Hər əsgər və zabit canlı vətənpərvər deyilmi?
Başqa reallıqlar da var:
* Bu gün əməli fəaliyyəti ilə Azərbaycana xidmət edən, onun maraqlarını dünyanın hər bir nöqtəsində qoruyan gənc əsl Azərbaycan vətənpərvəridir!
* Bu gün xalqın milli-mənəvi dəyərlərinin daşıyıcısı və qoruyucusu olan hər bir insan vətənə bu yolla hörmət gətirən vətənpərvərdir!

Onları biz tanımalı və tanıtmalıyıq - biz jurnalistlər!
Onlar qəzet, ekran və internet saytlarının daimi qonaqları və qəhrəmanları olmalıdırlar!
Və bunu biz etməliyik!
Yaxşı nə varsa, ilk növbədə onları müsbət qəhrəmana çevirməliyik!

 

Bəxtiyar SADIQOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir