Modern.az

Trampın Azərbaycanla bağlı planları nədir?

Trampın Azərbaycanla bağlı planları nədir?

13 Dekabr 2016, 11:36

Noyabr ayının 8-i ABŞ-da keçirilən  seçkilərdə  Respublikaçıların namizədi Donald Tramp  qalib gəldi.  Donald Tramp ziddiyətli seçki vədləri ilə gündəmə gəlmişdi.  

Gənc fəal, politoloq Bəxtiyar Hacıyev Modern.az-a Donald Trampın prezident seçilməsinin dünyaya təsirləri haqqında danışıb.

 

“Onun prezident seçilməsi dünyanın bir çox ölkəsində, xüsusilə də Avropan;n bir neçə ölkəsində populist siyasətçilərin ruhlanmasına səbəb olub.

 

Artıq Avropanın bir neçə aparıcı ölkəsində populist namizədlər sorğularda irəliləyir, seçkilərə daha ümidlə və inamla gedirlər. Lakin, Trampın populist, parçalayıcı və azlıqda olan din, millət, irqdən olanları aşağılayan ritorikası daha çox qanunsuz miqrasiyanın təsirinə düşmüş ölkələrdə öz nəticələrini göstərə bilər.

 

Bir çox ölkədə Klintonun prezidentliyi müddətində hansı dəyişikliklərin baş verə biləcəyini asanlıqla proqnozlaşdırmaq olurdu. Çoxları status-kvonun davam edəcəyinə hazırlaşmışdı. Ancaq Trampın prezident seçilməsi dünya liderləri üçün qeyri-müəyyənlikləri artırdı. Onun indiki keçid komandası, növbəti kabineti üçün nəzərdə tutduğu kadrlar da özü qədər qeyri-müəyyənliyi artıran şəxslərdir”.

 

Ekspertin sözlərinə görə, Tramp daha çox ABŞ-ın dünyanın supergücü olmasını, ABŞ-ın dünyada öz şərtlərini diktə etməli olduğunu göstərən obraz kimi özünü təqdim etməyə çalışır.

 

“Onun atdığı bəzi addımlar indidən ABŞ-ın digər ölkələrlə əlaqələrini sual altında qoyur. Məsələn, Trampın yeni seçilmiş prezident kimi Tayvan hakimiyyəti ilə telefon danışığı, ondan sonra Çin Xalq Respublikası ilə uzun müddət davam edən ikitərəfli əlaqələri zərbə altında qoyacaq açıqlamalar verməsi diqqət çəkdi. Trampın prezidentliyi dövründə hansı diplomatik qalmaqalların ortaya çıxa biləcəyini göstərir.

 

Bundan başqa, Mərkəzi Kəşfiyyat İdarəsi ABŞ prezidenti Barak Obamanı və Senat üzvlərini seçkilərdə Rusiyanın müdaxiləsi ilə bağlı məlumatlandırıb. Eyni zamanda, Tramp öz administrasiyasında dövlət katibi postuna Rusiya ilə sıx əlaqələri olan “Exxon Mobil” şirkətinin rəhbərini təyin etməyi planlaşdırır. Mərkəzi Kəşfiyyat İdarəsinin Trampın Rusiya ilə əlaqələri ilə bağlı məlumatına Tramp özünün tvitter hesabında çox aşağılayıcı şəkildə cavablar verib. Bu isə, Rusiya təsiri altındakı ABŞ-ın dünyada sülhü necə bərqərar edəcəyini sual altında qoyur”.

“Trampın Prezident olmasının Azərbaycana hansısa təsirləri ola bilər” sualını cavablayan Bəxtiyar Hacıyev bildirib:

“Trampın böyük ölkələrlə, böyük məsələlərdə hansı addımları atacağını indidən proqnozlaşdırmaq çətindir, o ki qaldı Azərbaycan kimi kiçik ölkələrlə bağlı məsələlərdə.

 

Bir şey aydındır ki, Rusiya ilə sıx münasibətləri olan şəxsin ABŞ prezidenti olması və regionla bağlı hər hansı bir anlaşmasının olması Azərbaycanın əleyhinədir”.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı