Modern.az

Zindan, sürgün bədəli və müxalifətçilik qisası

Zindan, sürgün bədəli və müxalifətçilik qisası

Aktual

13 Dekabr 2016, 12:40

Vəfa Allahverdiyeva

 

İctimai rəy “Beynəlxalq Bank işi”, “MTN işi”, ayrıca ikinci ilə əlaqəli “Rabitə Nazirliyi işi” adı altında sərlövhələnən, kirli və sirli məlum  cinayət dosyesini incələyən məhkəmə proseslərini xüsusi bir maraqla izləyir.

Çünki bədəli haqlı olaraq zindanla ödənən ağır dövləti cinayətlər söz predmetidir, bu prosesin necə bir sonucda dayanacağı cəmiyyətin ilgisini çəkməyə bilməz.  

Hələliksə diqqət mərkəzinə öz maraqlılığı ilə başqa nüanslar  gəlir.

Həbs və türmə həyatı  azadlıqda, görəvdə ikən statusu hesabına  güclü görünən, bu güclə qarşısındakı istənilən zəifi əzmək qüdrətinə sahib hökmlü böyük isimlərin böyük obrazını kiçildir və onların zəif nöqtəsini-ağır şəraitə fiziki, psixoloji dözümsüzlüyünü ortaya çıxarır.

Ta indiyə kimi tanıq olduğumuz, mötəbərlik nərdivanından düşən əksər komanda üzvlərinin davranış oxşarlığı, zahiri görüntü  həbs müstəvisində eyni olub-miskinləşib, sıradan bir adama çevriliblər. Uşaq təbiətinə xas xəbərçilik, satqınlıq, hətta təhdid üsuluna cummaq  keyfiyyəti ilə kiçilə bildikcə kiçiliblər.     

...Onlarla belələrinin misalında karyeraya nöqtə ağır suçla və həbsxana küncünə atılmaqla qoyulur.

Kübarlıq ayaqlar altına düşür.

Təmtəraqlı həyat finala vaxtsız, həm də utanc töhmətlə çatır.

Mövqedən irəli gələn təntənəli yeriş az sonra maddi-mənəvi yoxsul, aciz  insanın sönük addımlarına bənzərləşir.

Parlaq karyeradan şuxlanan qamət bir gün əyilir.

Həbs durumuna, itirilən ağla verilən cəzaya uyğunlaşmamağın, başqa sözlə, uduzmaqla barışmamağın birinci qaynağı bunlardır.  

Onların özlərinə rəhmli və bağışlanma, cəza formasını dəyişmə   münasibətində silah kimi istifadə edə biləcəyi müxtəlif xəstəliklər, şiddətli ağrılar  iddiası da  bu güclü insanların  xarakter zəifliyini, cılızlığını  çılpaqlayır. Fikir vermisinizsə, hər biri eyni üslubda, həbsə düşər-düşməz canındakı sızıntıları ön plana çəkir.      

Azadlıqda ikən sağlam vicud həbs evinin ağır aurasında, ya gerçəkdən zədələnir, ya da müttəhimin yapışdığı hiylə rolunu oynayır.  

Digər ilgiçəkən məqam azadlıqda ikən hakim komandanın alovlu təbliğatçısı olub, vurulmuş biri olaraq isə, valın üzünü döndərmək, komanda yoldaşlarını qaralamaq, dolayısı ilə özünü hakimiyyətə yönəlik əvvəlki təriflərində əslində yalançı kimi təqdim etməkdən ibarətdir.   

Müttəhim çıxışları və vəkillərin müdafiə ifadələri öz cəbhəsindən dünən ayrılanları bu cəbhəyə qarşı bu gün müxalif bir statusda hiss etdirir. Siyasi əxlaqsızlığın nümunəsi kimi.

Fərq  indilikdə bu müxalifətçiliyin dərəcəsində, inkişaf həddinin qeyri-məlumluğundadır.   

Vaxtilə vəzifədə olmuş, öz siyasi platformasını ideal səviyyədə təbliğ etmiş, bu mövqeyindən irəli gələrək sərvət toplamış iqtidar mənsublarının müxalifətçi əhval-ruhiyyəsi qəribə deyilmi? Hamıya aid olaraq?!

Ümumiyyətlə, ortada bunca ciddi qanun pozuntularından tərtib edilmiş cinayət dosyesi varkən, müəyyən fraqmentlərin etirafı yerinə, hər ittiham cümləsini təkzib etməklə, kinliləşib, vaxtilə aydan arı, sudan duru göstərməyə çalışdığın düşərgəyə, komandaya  özünü müxalifət olaraq hiss etdirmək normaldırmı?

Cahangir Hacıyev, Akif Çovdarov-Eldar Mahmudov tandemi, rabitə sferasının siyasi çəkisi ağır gələn məhbus isimlərinin timsalında bu suallara cavablar axtarılır.   

Belə bir təcrübə var. Vurulmuş adamlar anındaca qisas hissinə köklənir və bunun məzmunu əsasən, müxalifətə çevrilmək, mövcud opponent  düşərgə ilə əlaqələri gizli koordinasiya etmək şəklində formalaşır.

Məmur-oğru və məmur-cinayətkar kateqoriyaya elə gəlir ki, onlar nəinki həbsxana dəhlizlərinə düşə, hətta yuxarı səviyyədə danlaq belə, eşidə bilməzlər. Və hirs, hikkə belə insanların içindəki müxalifətçilik toxumlarını bir gün  çüçərtməyə başlayır.  

Xəyanət və rüşvət, koorrupsiya cinayətlərinin bədəlini türmə ilə axıra kimi ödəyən Əli İnsanov bu müxalifətçi nümunənin yeganə və hələlik sonuncu yaradıcısıdır. Öz müxalifətçiliyini ənənəvi siyasi müxalifətlə yalnız bəyanat və fikir olaraq uzlaşdıran. Maliyyəsi ilə müxalif cəbhəyə yardım edən yox. Əgər kəskin həbs əlində bu işi yönəldə biləcək maliyyə saxlamışdısa...

Fərhad Əliyev başından oynadığı müxalifətçiliyi həbsxana şərtləri altında qoruyub saxlaya bilməyən və azadlıq üçün yalvaran, ömrünə mədəni sürgünlə rüsxət alan komanda üzvü kimi ictimai hafizəyə köçdü.

Müxalifətçilik niyyətlərində davamlı Rəsul Quliyev Bakıdakı həmfikir düşərgənin geniş spektrinə qədər əl atıb, aktiv siyasi mübarizə üçün böyük pullar xərcləsə də, ən sonda uduzmuşlar sırasında yerini tutdu. 

Bir neçə isimlər var ki, dövləti cinayətlər deyil, müəyyən fikir, mənafe ziddiyyətləri hakimiyyətlə yolların ayrılmasına hökm verdi və onların müxalifətçilik əhval-ruhiyyəsi diplomatik rütbə kimi yaxşı aqibətlə önləndi; Bununla da potensial, ya da sadəcə, sıradan bir  düşmən olmaq vəziyyəti tamamilə aradan qalxdı.

Öz cinahını dürüst və alternativi olmayan bir ideoloji müstəvi kimi alqışlayan Gültəkin Hacıbəyli şəxsi maraqları tapdanan andan müxalifətçi qiyafəyə girdi və çox asanlıqla nifrət etdiyi başqa cinaha transfer oldu. Baxmayaraq ki, elə də böyük vəzifə, səlahiyyət sahibi deyildi. Bədəlini zindanla ödəyəcək cinayətlərə bulaşmamışdı. Lakin cəmiyyətin iti görən gözləri hakimiyyətin alovlu təbliğatçı olmasına sahidlik edə biləcək qədər yaddaşlıdır ki, şəxsi mənafenin tapdanması ucbatından təmsil olunduğun xəttə 180 dərəcə dəyişməyin siyasi əxlaqla heç bir əlaqəsi yoxdur...      

Cahangir Hacıyev, Akif Çovdarov, rabitə sahəsinin hazırda dəhşətli cinayət qovluğunda adı keçən məmurları elə suç üstündə yaxalanıblar ki, onların bərk gələn səsi qisas əvəzi kimi müxalifətçilik çaları hiss etdirə bilər, lakin ciddi  müxalif mübarizənin təkanverici dəstəyinə çevrilə bilmək potensialı bu isimlərdə yoxdur.

Bu adlar Əli İnsanovdakı dözüm və dikbaşlıq  örnəyini  deyil, olsa-olsa, Fərhad Əliyev kimi yazıqlaşma nümunəsini götürənlərdən olacaq.     

Sirli cinayətlər dosyesinin baş ismi generel Eldar Mahmudovun potensial müxalifətə çevrilib-çevrilməyəcəyini isə söyləmək o qədər də rahat deyil. Çünki onun azadlığı hələ də həbsxana divarları arasındakı çıxılmazlığa, əl-qolu bağlayan dörd divarın imkansızlığına  gömülməyib. Açıq əllər isə savaşa inamlı və həvəsli olur...

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır