Modern.az

TV-lər arasında bir “SPACE” fərqi...

TV-lər arasında bir “SPACE” fərqi...

13 Dekabr 2016, 14:33

Hər zaman olduğu kimi, bu gündə cəmiyyətin inkişafı  prosesində ən ağır yük mətbuatın, xüsusilə hər gün evimizin “qonağı” olan radio və televiziyaların üzərinə düşür. Gizli deyil ki, mənəvi-əxlaqi dəyərlərin yaşamasında, gənc nəslin formalaşmasında teleradio kanalları mühim önəm daşıyır. Bu baxımdan Azərbaycan teleməkanında “Space” TV əhəmiyyətli rol oynayır. Tam səmimiyyətlə deyə bilərəm ki, bu kanal fəaliyyət göstərdiyi dövr ərzində fəaliyyəti, yaradıcılıq axtarışları, eləcə də cəmiyyət həyatına müsbət mənada müdaxiləsi ilə diqqət çəkib.

“Space” milli-mənəvi dəyərlərimizin inkişafında, tariximizin və mədəniyyətimizin  tanıdılmasında, əxlaqi  dəyərlərin  qorunmasında, gənc nəslin tərbiyəsində, maarifçilik ideyalarının yeni ənənələrlə inkişafında, mənəviyyatın zənginləşməsində  böyük  səy göstərib.

Bu  televiziyanın  fəaliyyətini, bir - birindən fərqli və maraqlı proqramlarını daim diqqət mərkəzində saxladığımdan, təəssüratlarımı qısaca şəkildə oxucularla bölüşmək istərdim. Sözügedən TV-nin araya-ərsəyə gətirdiyi verilişlərin əksəriyyətində  klassika ilə müasirliyin  vəhdəti qorunub. İnformasiyaların tərəfsiz  və qərəzsiz  olmasına xüsusi  diqqət  yetirilib. Analitik materialların    təhlili zamanı obyektivlik qorunub. Bununla yanaşı, tolerantlığa, milli adət-ənənələrə söykənmək, azərbaycançılıq dəyərlərinə üstünlük vermək, maarifçilik ruhlu proqramlar hazırlamaq “Space”nin əsas fəaliyyət prinsipinə çevrilib. Əlbəttə, əldə edilən uğurlarda, heç şübhəsiz, kanal rəhbərliyinin, xüsusilə, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət mükafatı laueratı, görkəmli rejissor  Vaqif Mustafayevin rolu danılmazdır. Onun yüksək səriştə və  bacarığı,  televiziyanın  fəaliyyətinə  peşəkarcasına rəhbərliyi, hər bir proqramın hazırlanmasına diqqət  və həssaslıqla yanaşması, ictimai  rəyə  üstün yer verməsi  bu gün cəmiyyətdə  “Space” TV-yə  böyük  nüfuz  və  hörmət  qazandırıb.

 

Azərbaycançılığı  yeni  dəyərlərlə  yaşatmaq,  inkişaf etdirmək, ictimai, milli-bəşəri əhəmiyyətli  maarifçilik  təcrübəsini  genişləndirmək, zənginləşdirmək və bu istiqamətdə  maraqlı  layihələr  həyata keçirməklə nümayiş mədəniyyətinin ən yaxşı nümunələrinə  imza atmaq   “Space” TV-nin bütünlükdə məram və məqsədini ifadə edir, desək, yanılmarıq. 

 “Space”nin respublikamızın siyasi, iqtisadi, humanitar həyatında baş verən yeniliklərə dair xəbərləri, reportajları, müsahibələri mövzunun aktuallığı, ekran-efir həlli, operativliyi, ən başlıcası  isə dolğunluğu ilə həmişə diqqəti cəlb edib. Bir-birindən maraqlı müəllif proqramları, tok-şoular, musiqli-əyləncəli və intellektual verilişlər hazırlayaraq tamaşaçılara təqdim ediblər və bu fəaliyyət hazırda da uğurla davam etdirilir.

Əminliklə deyə bilərəm ki, ötən illər ərzində formalaşan  “Space”nin    bu gün özünəməxsus siması var və hazırda Azərbaycanın ən uğurlu televiziya kanallarından  birincisidir. Bu  uğur gərgin yaradıcılıq axtarışları nəticəsində əldə edilib. Rəhbərlik   bir məsələyə daim mühüm önəm verib: kanal müasir zamanın tələblərinə cavab verməli, onun qarşıya qoyduğu vacib məsələləri həll etməyi bacarmalıdır.

 

Hazırda ölkəmizin  sosial- ictimai həyatında çox böyük, mütərəqqi proseslər cərəyan edir. Azərbaycan yeniləşir, müasirləşir, həyatın müxtəlif sahələrində çox geniş, əhatəli  islahatlar aparılır. Dövlət başçısı cənab İlham Əliyevin yorulmaz səyi nəticəsində respublikamız  həm daxili, həm də xarici siyasətdə böyük uğurlar əldə edir. Təbii ki, belə şəraitdə “Space” televiziyası cəmiyyətdə gedən mühüm, aktual proseslərdən kənarda qala bilməz və qalmır da. Bax, bu baxımdan kanalın hazırladığı sosial-iqtisadi, ictimai xarakterli verilişlər keyfiyyət baxımından diqqət çəkməklə yanaşı, respublikamızda yaşanan prosesləri hərtərəfli işıqlandırır. Burada bir məqamı da xüsusi vurğulamaq yerinə düşərdi. “Space” belə verilişlər hazırlayarkən, ilk növbədə, ölkədə baş verən yenilikləri, mühüm hadisələri önə çəkir, həm də bu  zaman ictimaiyyətin təkliflərini, tələblərini,   təşəbbüslərini diqqətlə hərtərəfli araşdırmağı,   təhlil etməyi unutmur.

 

“Space” TV-nin ölkəmizin beynəlxalq aləmdə təbliği, dünya xalqları ilə dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində özünəməxsus dəst-xətti var. Bu, ayrı-ayrı vaxtlarda  xarici ölkələrin Azərbaycandakı səfirlərinin, eləcə də respublikamızdan kənarda yaşayan həmvətənlərimizin sözügedən kanal barədə fikirlərində də öz ifadəsini tapıb. Yeri gəlmişkən, xatırladım ki,  “Space” TV hazırda dünyanın aparıcı KİV-ləri, o cümlədən bədii və sənədli filmlər istehsal edən şirkətləri ilə sıx əməkdaşlıq əlaqələri qurub. Kanalın verilişlərinə hazırda dünyanın bütün qitələrində tamaşa edirlər.

Xatırladım ki, bu yayım şəbəkəsi, əsasən, respublikamızın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı, adı çəkilən TV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir.

 “Space” televiziya kanalının Azərbaycan Respublikasının bir çox nazirlikləri ilə birgə layihələri var. Daxili İşlər Nazirliyi tərəfindən dəstək verilən “Siqnal”, telekanalın və TQDK-ın birgə yaratdığı“Abituriyent”,  Səhiyyə Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın nəticəsi olan   “Sağlamlıq” verilişləri buna misal ola bilər.

“Space” TV-nin əsas qayəsi yuxarıda xatırlatdığım kimi,  öz fəaliyyətində azərbaycançılığı, milli-mədəni dəyərləri təbliğ etmək, plüralizmi daha da genişləndirməkdir. İctimai-siyasi məsələlərin daha geniş əhatə olunması, elmin, təhsilin inkişafı ilə bağlı yeni proqramların işlənməsi, müxtəlif mədəniyyət, incəsənət layihələrinin inkişaf etdirilməsi, ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların fəaliyyəti ilə əlaqədar verilişlərin hazırlanması bu baxımdan diqqət çəkir. Bunlara misal kimi “Hər səhər”, “Hər gün”,  “Hər həftə”, “Xanımlar saatı”, “Bizim həkim”, “Uşaq aləmi”, “İşgüzar xəbərlər”, “Siqnal”,  “Zəhmətkeş ulduzlar”, “Banu”  və s. adlarını çəkmək olar.

Tamaşaçılara təqdim olunan verilişlərdən bəzi məqamlara da toxunmaq istərdim. Amma bu zaman əvvəlcə kanalda yaradılan yaradıcılıq ab-havasına ötəri nəzər salmaq istərdim. Şübhəsiz ki, belə mühit, şərait  aparıcıları ekrandan  məsuliyyətlə söz deməyə sövq edir. Bu isə  kanala  geniş auditoriyanın hörmətini qazanmaq imkanı yaradır. Bununla bağlı elə təkcə “Hər gün”   informasiya proqramına nəzər  salmaq kifayətdir. Bu proqramı diqqətlə izləyən peşəkar tamaşaçı kanalda  telejurnalistikanın qəbul edilən norma və standartlarına ciddi əməl edildiyinin şahidi olur.   

“Hər gün”  ölkənin ictimai-siyasi, sosial həyatının əks olunmasında mühüm önəm daşıyır  və aparılan sorğular, təhlillər  göstərir ki, bu informasiya proqramı tamaşaçılar tərəfindən böyük maraqla baxılır. Adı çəkilən  verilişin məntiqi  davamı kimi “Hər həftə”  analitik proqramında isə həftə ərzində respublikamızda  baş verən ictimai-siyasi hadisələrə analitik prizmadan yanaşılır, qiymət verilir və müəyyən proseslər tamaşaçılara obyektiv  şəkildə açıqlanır.

Bir məsələni də xüsusi vurğulamaq istərdim. “Space” TV-də  reportyor, xəbər aparıcısı və şərhçi fakt və hadisələrə balanslı və qərəzsiz yanaşmağı bacarır, pafosu yaxına buraxmır. Kanalda yurnalistlərin hadisələrə yanaşması, xəbəri çatdırma tərzi yeni, oxu və danışıq manerası təbii, tamaşaçı ilə ünsiyyəti səmimi olur.

Yeri gəlmişkən, “Hər səhər” (musiqili-informasiya proqramı) verilişinin adını da xüsusi çəkmək istərdim. Bu proqram özünəməxsusluğu və orijinallığı ilə seçilir.   Verilişə mütəmadi olaraq elm, təhsil, mədəniyyət, media sahəsində çalışan tanınan simalar dəvət edilir, tamaşaçılar baş verən müxtəlif hadisələrlə tanış olur, eyni zamanda,  müxtəlif janrlı musiqi nömrələri zövqləri oxşayır.

 

Kəsəsi, “Space” TV səmimidir. Bu televiziya qeyd etdiyim kimi, milli-mənəvi dəyərlərimizin qorunmasında,   tariximizin və mədəniyyətimizin  yaşadılmasında, gənc nəslin tərbiyəsində  əvəzsiz rol oynayır.  “Space” TV-yə belə uğurlu fəaliyyətin davam etdirilməsini  arzulayıram.

   

 
Rəşad  VƏKİLOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır