Modern.az

Məleykə Abbaszadə 9-cuların imtahanları ilə bağlı yeniliklərdən DANIŞDI

Məleykə Abbaszadə 9-cuların imtahanları ilə bağlı yeniliklərdən DANIŞDI

14 Dekabr 2016, 11:41

Bu il 9-cu sinif üzrə buraxılış imtahanlarının 1-ci mərhələsində mənfi qiymət alan şagirdlər 2-ci mərhələyə də buraxılacaqlar.

 

Modern.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”nın təsdiq edilməsi ilə əlaqədar keçirdiyi brifinqdə deyib.

 

M.Abbaszadə əlavə edib ki, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.

 

IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə təşkil olunacaq.

 

M.Abbaszadə qeyd edib ki, birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.

 

Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək.

Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

 

M.Abbaszadə bildirib ki, bu il 9-cu sinifdə oxuyan şagirdlər kurrikulumla yəhsil aldıqlarından onların biliyi yeni formada qiymətləndirilməli idi: "2013-cü ildən başlayaraq, orta məktəblərdə 5-8-ci sinif şagirdləri arasında monitorinq imtahanları keçirilib.

 

Bu imtahanların nəticələrinə əsasən, yazı işlərijin yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Qəbul ediıən yeni mexanizm yeni bir metod olaraq, 4 ildir ki, respublikada qiymətləndirilmə sahəsində tətbiq edilir".

M.Abbaszadənin sözlərinə görə, Azərbaycanda bu ildən başlayaraq, buraxılış imtahanlarına hazırlaşan IX sinif şagirdləri üçün də sınaq imtahanları keçiriləcək.

Artıq IX sinif buraxılış imtahanlarının I mərhələsinə dair sınaq imtahanlarına yazılış başlanılıb. Şagirdlər imtahan.az saytında qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərlər.

 

Mirmahmud Kazımoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı