Modern.az

Generaldan Netanyahunun Bakı səfərinə REAKSİYA: “Gizlətmək olmaz”

Generaldan Netanyahunun Bakı səfərinə REAKSİYA: “Gizlətmək olmaz”

14 Dekabr 2016, 12:19

Dekabrın 13-də İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfər etdi. Baş nazirin Bakı səfəri bölgədə əməlli narahatlığa səbəb olub.

 

Azərbaycan prezidenti İlham Əliyev yəhudi baş nazirlə birgə keçirdiyi mətbuat konfransında deyib:

"İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu əməkdaşlıq artıq bir neçə ildir davam edir”.

 

Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Modern.az-a açıqlamasında baş nazirin səfərinin hərbi perspektivləri barədə danışıb.

 

“Sözsüz ki, Azərbaycan İsraillə müxtəlif sahələrdə əməkdaşlıq edir. Siyasi tərəfini deyə bilmərəm, amma hərbi sahədə əməkdaşlıq daha da genişlənəcək. Hərbi- texniki sahə elə geniş sahədir ki, orada müəyyən texnologiyaların, silahların yaradılması, təkmilləşdirilməsi, maliyyələşdirilməsi məsələsi var. Ona görə də bir dövlətlə hərbi əməkdaşlıq etmək olmur. Bir neçə dövlətlə bu istiqamətdə işlər aparılır”-deyə o qeyd edib. 

 

Yaşar Aydəmirov Netanyahunun Bakı səfərinin Rusiyada qısqanclıq yaratması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib:

 

“Digər bir dövlətlə hərbi-texniki əməkdaşlıq yaranarsa, burada qısqanclıq mütləq olacaq. Hərbi bazarı itirməmək, ya da, hərbi bazarda daha mühüm rol oynamaq üçün müəyyən fikirlər söylənilə  bilər. Amma Azərbaycana bunun elə bir təsiri yoxdur. Çünki Azərbaycan hansı dövlətlə hansı sahədə əməkdaşlıq etməyi çox yaxşı bacarır.

 

Eyni zamanda, hərbi satış bazarında rəqabət getdiyini gizlətmək olmaz. Silahların əldə edilməsinə gəlincə, Azərbaycan bunu özü təyin edir. Hərbi texnika silahlarından bütün dövlətlər bütün istiqamətlərdə eyni  nailiyyət əldə edə bilmirlər. Elə dövlətlər var ki, orada bu hərbi-texnika növü inkişaf edib. Digərlərində isə əksinə”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir