Modern.az

Şükürsüz üç il

Şükürsüz üç il

14 Dekabr 2016, 13:59

Əli NƏCƏFXANLI

  ...O gün tanımadığım nömrədən bir  zəng gəldi:

          -Salam, əmi. Rəhmətlik ŞÜKÜR SƏLİMXANLInın oğluyam.

          -Hə, salam. ALLAH atana rəhmət eləsin. Buyur, qardaşoğlu, eşidirəm.

          -Əmi, dekabrın 25-də bacımın toyudur. Sizi də dəvət edirik.

          “Mübarəkdir!”, -deyib iştirak edəcəyimi bildirdim.

          ŞÜKÜR köhnə dostlardandı. Balalarının heç birinin toyunu görmədən fani dünyanı qəfil tərk eləyib. Artıq üç ildir ki, onsuzuq. Yarım əsrlik ömründə çoxlu yarımçıq işləri qaldı rəhmətliyin.

          1959-cu ildə Yardımlı rayonunda anadan olmuş ŞÜKÜR SƏLİMXANLI indiki N.Tusi adına ADP -nin filologiya fakültəsini bitirib. Bir müddət Lənkəran Televiziyasının baş redaktoru işləyib. Daha sonra isə ANS-in cənub bölgəsi üzrə xüsusi müxbiri olub, müxtəlif qəzet və portallarla əməkdaşlıq edib.

          ŞÜKÜRün üç mərasimi günü onun haqqında yazdığım qısa qeydləri "ELEGİYA” adı ilə sosial şəbəkədə paylaşmışdım. Bu gün internetdə axtarıb tapdığım o qeydləri yenidən təqdim edirəm:

          “İnanılmaz bəd xəbəri sübh tezdən Hilal müəllim telefonda hönkürtü ilə çatdırdı mənə. Elə göylər də hönkürürdü. Hava da bərk soyumuşdu. Buna baxmayaraq, tezliklə xeyli adam yürümüşdü ŞÜKÜRün kirayədə yaşadığı ünvana.

          ...O,əsl istedad sahibi idi. İstedad bənövşə kimi olur. İstedad elə ŞÜKÜRün özü kimi olur: abırlı, həssas, sakit, səssiz, bəzən də məlul-müşkül. ...ŞÜKÜRün fəlsəfi-poetik düşüncələri maraq doğururdu. Obrazlı düşüncə tərzinə oxucuları heyran qalırdı. Güclü müşahidələri, özəl mənalandırmaları vardı. Haqqında yazdığı adamın portretini isə, nədənsə, görmək istədiyi kimi yaradırdı. Gözəllik axtaranların köhnə xasiyyətidir.

          ...Az yazırdı, amma saz yazırdı. Sağlığında "Ölümün nimdaş sifəti", bir də “Nəsil yaddaşı” adlı kitabları çıxmışdı. Ölümündən sonra isə onun yarımçıq qalmış “Təmiz adın sahibi” kitabını jurnalist dostumuz Əyyar Cəfərli tamamladı.

          ...Adı ŞÜKÜR idi, özü də bu zalım dünyada elə ŞÜKRANlıqla yaşayırdı. Qismətin azına qane olardı. Alın yazısına inanardı. Bir də sabahın möcüzələrinə ümidi böyük idi onun. Amma...

          ...Əlvan arzular bəsləmişdi könlünün bağçasında. Axırda hamısını qönçə-qönçə dəstələyib ürəyinin "barxana"sına yığdı və özü ilə apardı. Yarıda bilmədiyi arzularını taleyin umuduna buraxdı. ALLAHın bildiyinə ŞÜKÜR!

          ...O, Sumqayıta ev, imarət, SARAY  yiyəsi olmağa gəlmişdi. Axırda SARAYa köçdü, yəni bu adı daşıyan qəsəbədəki məzarıstana. Barı orda nur içində yatsın! Ruhu ALLAH dərgahında rahatlıq tapsın!

          ...Şəhər mühiti onu zərrəcə dəyişə bilməmişdi. Sumqayıtda, Bakıda, Dərbənddə Yardımlının dipdiri bir parçası kimi gəzib-dolaşırdı. “Dünyanın harasında olursan ol, olduğun yerde deyil, düşündüyün yerdəsən”. Onun düşündüyü yer doğma Çanaqbulaq kəndi idi. ŞÜKÜR bu kəndin saf suyu kimi idi,.. axdı getdi,.. torpağa hopdu. Ölməz şairimiz MƏMMƏD ARAZ sanki bu misraları onunçün söyləyib:

                               Mən getsəm saç yolub dağların çəni,
                               Ağlayar bir ana, bir bacı kimi.
                               Təbiət düşünər, düşünər məni,
                                 Bir fiqur itirən şahmatçı kimi...

          
...Ölümünə inanmadığımız insanlardandır ŞÜKÜR. Zatən o, ölməyib ki, sadəcə ünvanını dəyişib. Türkiyəli dostu Mehmet İhsan Tanrıkulu da acı xəbərə inanmayıb yazmışdı: “Şükür hocam, inanmıyorum ya!!! İnanmıyorum, olamaz... gerçekten vefat etmiş olamaz benim hocam...”  

          ...Budur, yenə də üz-üzəyik: mənəm və ŞÜKÜR haqqında pərakəndə qeydlərimi yığdığım kompyuter. Kompyuter demişkən, bilmirəm nə səbəbdənsə, ŞÜKÜR dünyasını dəyişəndən bir qədər sonra “FB”-də onun səhifəsini açıb baxdım. Və ömrünün son ayları - 2013-cü il martın 8-dən dekabrın 11-nə kimi yazdığı statusları oxudum. Bu statuslarda həm onun xarakter cizgiləri var, həm də sanki ürəyinə  damanlar. İzn verin, ŞÜKÜRün “FB”-dəki son paylaşımlarını indi də mən burda paylaşım. Onun ömür ağacından qopan son yarpaqlar kimi...

          8 mart: “Bak şu dünyanin haline, Sürecek sefası yok.Kırma insan kalbini, yapacak ustası yok”. 

          20 aprel: müəllim Kamal Aşurovla yazıçı Aslan Quliyevə  doğum günü təbrikləri, uzun ömür arzuları...

          24 aprel: “Türkün karvanı” sərgisini qoyub və altında yazıb ki, “Şu yalan dünyaya geldim, giderim...”

          23 noyabr: “Gözyaşlarım taşırır nehirleri” mahnısını paylaşıb.

          11 dekabr: Əri ermənilərə qarşı döyüşlərdə şəhid olmuş müğənni xanımın erməni Makaryanla musiqi keyfi təsvir olunmuş şəkli qəzəblə paylaşıb.

          Nəhayət, həmin gün sonuncu statusunda namaz şəkli qoyub. Altında da yazıb ki, “Allahın önündə əyilə bilməyənlər heç bir yerdə ucala bilməz...”

          Bəli, Allahın önündə əyilən (namaz qılan) ŞÜKÜRün torpağa əyilməsindən üç il ötür. Bu müddətdə dostları onu vaxtaşırı yada salıb haqqında söhbətlər ediblər. Gücləri buna çatıb. Kiminsə sözüdür: nə qədər ki insan xatırlanır, deməli, o, hələ yaşayır.

          Onu da deyim ki, “FB” dəki “ŞÜKÜR SƏLİMXANLI” səhifəsi bu gün də davam edir. Oğlu Rauf üçün bu, atanı yaşatmaq vasitələrindən biridir. ŞÜKÜRSİZ vaxtlarda Türkiyədən, Kiprdən olan bəzi dostları hər ilin aprel ayında ona doğum günü təbrikləri yazıblar. Naçar oğlu Raufsa təşəkkür edərək bildirməli olub ki, ...amma atam artıq həyatda yoxdur.

          ...Oğlunun o günkü zəngi nədənsə mənə  ŞÜKÜRÜN “Ölümün nimdaş sifəti” kitabındakı bir cümləsini xatırlatdı: “Atam öləndən sonra hiss elədim ki, kürəyim yaman yelçəkən olub...” 

           ALLAH balalarını saxlasın, ŞÜKÜR! Qızının toyu mübarək!                                                  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?