Modern.az

FED-in qərarı: ABŞ neft satacaq, dünyada neft ucuzlaşacaq

FED-in qərarı: ABŞ neft satacaq, dünyada neft ucuzlaşacaq

16 Dekabr 2016, 09:22

Dünya bazarlarında neftin qiymətinin qalxması üçün OPEK-ə üzv ölkələr noyabrın 30-da neft hasilatının həcmini sutkada 1,2 mln. barel azaldılmasına dair qərar qəbul edib. OPEK-ə qeyri-üzv dövlətlər dekabrın 10-da Vyanada keçirilən görüşdə neft hasilatının həcmini sutkada 612 min barel azaltmağı qərara alıblar.

Dekabrın 15-ə isə uzun müddətdir ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən gözlənilən qərar verildi və FED uçot dərəcəsini 0,5-0,75% artırdı. Bir çox ekspertlərin proznolarına görə, FED-in uçot dərəcəsini artırması neftin dünya bazarlarında qiymətlərinin aşağı düşəcəyinə səbəb olacaq.

 

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Modern.az-a açıqlamasında deyib ki, uçot dərəcələrinin son bir ildə ilk dəfə qaldırılması Amerika iqtisadiyyatında gedən proseslərin labüd nəticəsidir:

 

“Amerikada ÜDM artımı 3 faizdən yuxarı olub, işsizlik dərəcəsi 2007-ci ildən sonra minimuma enib. Bu, Amerikanın bütün indeksləri üçün pozitiv göstəricidir.

Bu ölkədə inflyasiya səviyyəsi təxminən 2 faiz civarındadır. Bunun obyektiv səbəbləri var. Bu səbəblər ona gətirib çıxartdı ki, Federal Ehtiyatlar Sistemi ölkədəki real iqtisadiyyatı dəyərləndirərək belə bir addım atdı.

Yeni seçilmiş prezident Trampın yeni iqtisadi siyasəti dəyərləndirərək, 2017-ci ildə daha 2 dəfə belə bir addım atacağı gözlənilir. Bu təbii ki, inkişaf etməkdə olan bazarlara, onların valyutalarına ürəkaçan mənzərə vəd etmir. O cümlədən də xammaldan asılı olan ölkələrə”.

 

İ.Şabanın sözlərinə görə, 2017-ci ildə Amerikanın özünün neft ehtiyatlarını satışa çıxarmasını bəyan etməsi də neftin qiymətlərinə bu və digər dərəcədə təsirsiz ötüşməyəcək:

“Ancaq istənilən halda qarşıdakı ildə neftin qiymətləri 2016-cı illə müqayisədə artan xətt üzrə gedəcək.

Mən nə bankların, nə investisiya aparatlarının, nə enerji agentliklərinin verdiyi proqnozlara inanıram. Mən hasilatçı şirkətlərin proqnozlarına daha çox üstünlük verirəm. Bu baxımdan onların neftin qiymətlərilə bağlı proqnozları 50-55 dollar arasındadır. Bu isə pis göstərici deyil. Çünki neft bazarında kifayət qədər dəyişikliklər baş verəcək ki, neftin qiymətlərinin 2016-cı illə müqayisədə artımına təkan verəcək”.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər