Modern.az

İqtisadi çətinliklər siyasi partiyaları “vurub”

İqtisadi çətinliklər siyasi partiyaları “vurub”

16 Dekabr 2016, 09:31

Devalvasiya, kommunal xidmətlər və digər sahələrdə qiymət artımı əhalinin iqtisadi vəziyyətinə pis  təsir edib. Böhranın siyasi partiyalara təsiri nələr olub? Partiya nümayəndələri Modern.az-a iqtisadi böhranın təsirindən danışıb.


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun sözlərinə görə, devalvasiya partiyaya deyil, partiyanın üzvlərinə təsir edib. 

“O da təbii ki, siyasi fəallığın aşağı düşməsinə, narazılığın artmasına, gərginliyin çoxalmasına səbəb olur. Əvvəllər loyal bir mövqe istəyən partiya üzvləri indi tələb edir ki, partiya  radikal mövqe sərgiləsin, hadisələrə əvvəlki kimi təşkilatçılığı üzərinə götürsün. Aktiv siyasi mövqe dönəminə keçməyi tələb edirlər. Bizim partiyanın maliyyə vəziyyəti əvvəl də pis olub, indi də pisdir. Olmayan maliyyə vəziyyətinə devalvasiya təsir edə bilməz.  Maliyyə olmadığı üçün, biz işçilərimizin təşəbbüskarlığı ilə fəaliyyət göstəririk”.

 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, devalvasiya hər bir insanın həyatına bilavasitə təsir göstərib.

“Partiyanı da insanlar təşkil etdiyi üçün insanların da həyatına təsir edir. Partiyaların qərargahı olduğu üçün devalvasiya və qiymət artımı partiyaya bilavasitə təsir edir. Qərargahın kommunal xərcləri və digər məsrəfləri var. Qiymətlər artdığı üçün müəyyən çətinliklər yaranıb.  Hamı necə biz də elə, fərqli bir situasiya yoxdur”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, partiya cəmiyyətin tərkib hissəsidir.

“Təbii ki, devalvasiya və qiymət artımı hamıya təsir etdiyi kimi bizə də təsir edib.  Biz bu məsələlərə hamıdan əvvəl reaksiya veririk, hamıdan öncə təsirlərini hiss edirik. İllərdir bu çətinliklərlə yaşayırıq.  Hakimiyyət elə düşünürdü ki, böhran Azərbaycandan yan keçəcək.  Böhran Azərbaycana elə təsir edib ki, çıxılmaz vəziyyətdə qalıb. Azərbaycan bu böhrana hazırlıqlı olmadı. KXCP də cəmiyyətin tərkib hissəsi olduğuna görə, hamı kimi bizə də kəskin şəkildə təsir etdi.  Partiyanın uzun müddətdir maliyyəsi yoxdur, buna görə də öyrəncəliyik bu məsələlərə.  Bu problemlərlə bağlı uzun müddətdir mübarizə aparırıq, amma heç bir nəticəsi yoxdur”.

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı  deyib ki, devalvasiyanın partiyaya təsirindən danışmağın bir mənası yoxdur.

“Ümumiyyətlə, devalvasiyanın ölkə vətəndaşlarına təsiri nələr olubsa, partiyaya da təsirləri elə olub. Onsuz da bizim partiyamızın hansısa bir hesabı, maliyyəsi yoxdur. Devalvasiya bizə bir vətəndaş olaraq təsir edib, partiyaya başqa hər hansı bir təsiri yoxdur”.


Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı devalvasiyanın  Azərbaycanın hər bir sahəsinə təsirinin hiss olunan qədər olduğunu bildirib.

“Devalvasiyanın təsirləri ilə qiymətlər bahalaşıb. Amma bunun müqabilində əhalinin əməkhaqıları artırılmayıb. Bu da manatla əməkhaqqı alanların vəziyyətinə təsirsiz ötüşmür. Müsavat Partiyasının üzvləri əsasən təqüdçülərdən  və işsizlərdən ibarətdir. Vəziyyət o hədə çatıb ki, adi üzvlük haqqının ödənilməsində problemlər yaradır. Üzvlük haqqının yığılmasına problem yaranırsa, partiyanın ödəmələrində də öz təsirini göstərir.  Bir tərəfdən də kommunal xərclərin qiymətinin artması vəziyyəti pisləşdirib”.

 

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, devalvasiya hər sahəyə təsir etdiyi kimi, partiyalara da təsir edib. 

“Parlamentdə təmsil olunan partiyalara dövlət tərəfindən yardım göstərilir. Amma bu yardım əvvəlki illərdəkindən xeyli azalıb. Manatla verildiyinə görə devalvasiyanın və qiymət artımının təsirindən tələbatları ödəməyə çatmır. Digər tərəfdən də partiya üzvlərinin həyat şəraitinə təsir edib. Özəl müəssisələrin çoxu bağlanır, işsizlərin sayı artır. Bunun da partiyaya təsirləri olur”.

 

Qafar Ağayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi