Modern.az

Milli Məclis avtomobillərin parklanmasını nəzarətə götürdü

Milli Məclis avtomobillərin parklanmasını nəzarətə götürdü

16 Dekabr 2016, 14:08

“Son dövrlərdə dövlətimiz çoxlu sayda yeraltı parklar tikib. Bakının tək mərkəzində avtomobili saxlamaq üçün yerlər var. Amma maşınlar niyə orada saxlanılmır? Səbəb budur: elə bir qiymət qoyulur ki, orada sadəcə siçanlar oynayır”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Siyavuş Novruzov “Yol hərəkəti haqqında” qanuna dəyişiklik məsələsi müzakirə edilərkən deyib.

Deputat qeyd edib:

“Onda bu nədən ötəri tikilib? Çünki hər saatına 1 manat pul istəyirlər. Əgər bir şəxs həmin əraziyə yaxın yerdə işləyirsə, hər həftə 40 manat pul ödəməlidir. Ay ərzində isə bu 200 manat pul edir. Bir vətəndaş avtomobilini saxlamağa görə, maaşının 30-40 faizini ödəməlidir. O da məcbur olur ki, qadağan olunmuş yerlərdə saxlasın. Nəticədə də dövlətin tikdiyi parklanma yerləri boş qalır. Ona görə də qiymətlər tənzimlənməlidir. Tarif Şurası hər şeyə baxır. Arada bir üzünü bu tərəfə də çevirsin, bir bura da baxsın. Bir qiymət müəyyənləşdirsin.
Kim hansı qiymət istəyir, onu da qoyur. Hansı ticarət mərkəzi yaxşı işləyirsə, parklanmanın saatını 2 manat edir. Başqa birində isə zəifdirsə, 1 manat təyin edirlər. Kart vasitəsi ilə qeydiyyatdan keçəndən sonra ödənilən bütün vəsaitdən dövlətə vergi verilməldir. Hərə qoltuğuna bir parkomat vurur, gətirir, hara gəldi qoyur. Dövlətə də bir xeyri yoxdur, üstəgəl tıxac yaradır”.

Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib.

Dəyişikliyə əsasən, nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda İnzibati Xətalar Məcəlləsinin nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib olunur, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilir. Sürücü nəqliyyat vasitəsinin aparıldığı duracaq barədə məlumatı parkomat vasitəsi ilə də əldə edə bilər. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda sürücü 20 manat məbləğində cərimə edilir.


Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?