Modern.az

“NAZ-Lifan”ın direktoru: “Maşınları sata bilmirik” - MÜSAHİBƏ

“NAZ-Lifan”ın direktoru: “Maşınları sata bilmirik” - MÜSAHİBƏ

16 Dekabr 2016, 14:54

Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev ilin yekunu ilə əlaqədar zavodun fəaliyyəti barədə Modern.az-ın suallarını cavablandırıb.

 

- Musa müəllim, böhranlı, devalvasiyalı, çətinliklərlə dolu il sona yetir. 2016-cı il rəhbəri olduğunuz zavod üçün nə dərəcədə uğurlu oldu?

 

- Təbii ki, hər şey nəzərdə tutduğumuz kimi yerinə yetmədi. Əslində biz hər şeyi başqa cür planlaşdırmışdıq. Ancaq bizdən asılı olmayan səbəblər ucbatından hadisələr başqa cür cərəyan elədi. İstənilən halda, dünya və yaxın qonşu ölkələrdə baş verən prosesləri nəzərə alsaq, cərəyan edən hadisələrin nədən ibarət olduğunu müzakirə etsək, ümumilikdə mənzərə pis olmadı. Amma daha da yaxşı ola bilərdi. İnanırıq ki, bu il həyata keçməyən məsələlər 2017-ci ildə tamamilə başqa cür olar.

 

- Problemlər deyəndə yəqin ki, manatın məzənnəsinin, neftin qiymətinin kəskin ucuzlaşmasını nəzərdə tutursunuz. Neftin qiymətinin ucuzlaşması fonunda baş verən devalvasiya, iqtisadi sferada gedən mənfi tendensiyalar nə kimi problemlər yaratdı sizə? Yəni nələri planlaşdırmıdınız ki, onları həyata keçirə bilmədiniz?

 

- Təbii ki, iqtisadi problemləri nəzərdə tuturam. Planlaşdırmışdıq ki, bu il satış həcmini artıraq. İstehsalı heç olmasa əvvəlki il səviyyəsinə gətirib çatdırmaq istəyirdik. Amma təəssüflər olsun ki, bu yaranan vəziyyət imkan vermədi ki, qarşıya qoyulan məqsədə nail olaq.

 

- Bu il ərzində zavodda neçə avtomobil istehsal edilib?

- Bu il cəmi 270 ədəd avtomobil istehsal etmişik.

-Bəs planlaşdırdığınız avtomobil sayı neçə idi?

- Planlaşdırdığımız rəqəm 1200 idi. Yəni 2016-cı ildə 1200 avtomobil istehsal etməyi düşünürdük. Amma rəqəm 270-ə düşdü. Təəssüflər olsun ki, hələ istehsal edilən 270 avtomobilin təxminən 60 faizini realizə edə bilmişik. Qalan 40 faizi satılmayıb.

- Qalan 40 faizi niyə sata bilmədiniz? Avtomobilləri yüksək qiymətə təklif edirdiniz, yoxsa ümumiyyətlə müştəri olmadı?

- Bunun da səbəbi hamıya məlumdur. Bildiyiniz kimi avtokreditlər dayandırılıb. Səbəblər obyektiv ya subyektivdir, bunu mən tam dəqiq deyə bilmirəm. Həm də avtomobil satışının aşağı düşməsi yalnız bizim zavoddan qaynaqlanmır. Bu ümumi avtomobil bazarında olan problemdir. İnsanların vəziyyəti gərgin olanda kreditlərin qaytarılmasında da müəyyən gecikmələr yaşanır. Ona görə banklar da krediti çox ehtiyatla verirlər.

- NAZ-lifan öz avtomobillərini müştərilərə həm də kreditlə verir, yoxsa alqı-satqı bank vasitəsiləmi həyata keçirilir?

- Biz kredit təşkilatı olmadığımıza görə, avtomobilləri kreditlə satmaq imkanımız yoxdur. Qanun buna yol vermir. Biz sadəcə avtomobilləri alıcılara məbləği hissə-hissə ödəməyi təklif edirik. Doğrudur, bu da müəyyən effekt versə də, nəticə tam deyil.

- Bir də axı zavod sifariş əsasında çalışdığını açıqlamışdı. Yəni sahibkarlar, dövlət qurumları, şirkətlər sizə avtomobil sifariş verirdi, siz də müvafiq olaraq Çinin avtomobil zavoduna sifariş verirdiniz...

- Xeyr elə deyil. 140 ədəd avtomobili dövlət sifariş vermişdi. Onları da gətirdikcə,  hamısını aldılar. Qalan 130 avtomobili isə dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün gətirmişdik. Mən elə düşünürəm ki, böhran vəziyyətinin yaranması ilə əlaqədar onların da büdcəsində müəyyən kəsirlər yarandı. Bu səbəbdən də həmin avtomobilləri ala bilmədilər.

 

- Musa müəllim, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda Prezident İlham Əliyev yerli istehsalın artırılması üçün “Naxçıvanda avtomobil zavodu var, dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm” deməsindən sonra çox sayda təklif aldığınızı, hətta sifarişi çatdıra bilmədiyinizi açıqlamışdınız. Sifariş gəlirmi yenə də?

- Hazırda sifarişimiz yoxdur. Amma buna baxmayaraq, bizim zavodun fəaliyyətini dayandırmaq fikrimiz yoxdur. Hazırda sifariş almasaq da, Çinin avtomobil zavoduna 80 ədəd avtomobil sifariş vermişik. Həmin avtomobillər növbəti il fevral ayında Azərbaycanda olacaq. Məqsəd ondan ibarətdir ki, zavod dayanmamalıdır, fəaliyyət göstərməlidir. Çünki burda insanlar çalışır. Onlar işsiz qalmamalıdır. Hətta müəyyən məqamlarda ziyana işləsək belə, fəaliyyətimizi dayandırmaq fikrimiz yoxdur. Həm də düşünürük ki, bu çətinliklər müvəqqətidir.

 

- Bəs yeni sifariş verdiyiniz 80 avtomobil içərisində hansı markalar var?

 

- Onlar “X-60”, “620”dir. Bir də yeni bir modelimiz var. “620” ilə “720” markalı avtomobillərin arasında olan “650” markası.

- Hazırda zavodda ümumilikdə neçə nəfər çalışır?

- Ümumi əməkdaşlarımızın sayı 50 nəfərdir.

- Çətin iqtisadi şəraitdə işçilərin əmək haqlarının gecikdirilməsi kimi problemlərlə üzləşməmisiniz ki?

- Bizdə hər ayın 1-də işçilər öz maaşlarını alırlar. Ola bilər ki, ayın 1-i bazar yaxud bayram gününə düşsün. Yalnız bu halda 1-2 gün təbii gecikmə ola bilər. Amma başqa heç bir probemimiz yoxdur.

-Son olaraq qarşıdakı il üçün hədəfləriniz nədən ibarətdir?

- İndidən nəsə demək çətindir. Amma biz bütün gücümüzlə çalışacağıq. İnşallah hər şey yaxşı olacaq deyə düşünürəm.

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu