Modern.az

Əbədiyyətə də qar yağır

Əbədiyyətə də qar yağır

Ədəbi̇yyat

17 Dekabr 2016, 10:15

Qış duelə çağırdığı  payızın sinəsinə qəddarcasına çökmüşdü. Bakı küləyi də ki, qılıncdan da betərdi. Göy üzündəki buludlar nabələd kəsləri andırırdı. Qaramtıl yağış buludlarına qətiyyən bənzəmirdilər. Topa-topa da deyildilər. Acıbağırsağa oxşayırdılar. Rəngləri avazımışdı. Sanki, üzərlərinə qara rəngdə yüngül sürmə çəkilmişdi. Soyuq iliyə işləyirdi. Meteoroloqlar, paytaxta ilk qarın yağacağını bir neçə gün əvvəldən xəbər vermişdilər. 

      Damarlarında qanı yaxşı işləsin deyə can həkimi ona hər gün bir neçə saat var-gəl etməyi tapşırmışdı. Yenə Akademiya bağının enini-uzununu ölçürdü. Ətrafdakı payız lövhələrini gözünə təpirdi. Elə bil, amansız qışın löyünbəlöyün xəzanı birdəfəlik əlindən alacağından narahatdı.  Xəzərin ətrafındakı  yaşıllıqlara sarı yön alan dəstə-dəstə qarğaların “qqaaaaarr, qqaaaaarr, ..” zəngulələri də ilk qarın müjdəsiydi.

      Qar özünü çox gözlətmədi. Dənələr lopa-lopa olmasa da, payızın qiyafəsinə yeni çalarlar qatmağa yetərliydi. Tədricən ağaclar dümağ donunu əyninə keçirdi. Qış səbirsizcəsinə payızın yerini dar eləyirdi. Nəhayət, xeyli çarpışmadan sonra payız geri çəkilmək məcburiyyətində qaldı. Ağ kəlağayıya büründü.

     Diqqətini hara gəldi təpilməyə tələsən insanlar çəkdi. Sanki, güllə-barandan qurtulmağa çalışırdılar. Qaranəfəs özünü taksiyə, metroya, avtobusa yetirənlər, iş yerlərinə, mağazalara dürtülənlər pərən-pərən düşmüş qoşunun can hayında olan əsgərlərini xatırladırdılar. Ətrafda ilk qarın ləzzətini çıxaran kimsə gözə dəymirdi.       

      Qalın geyinsə də, ona da soyuqdu. Hələki titrəmirdi. Üşüməsin deyə Akademiya bağından ayrıldı, addımlarını yeyinlədərək Hüseyn Cavid prospekti boyunca irəliləməyə başladı. İlk qarın macəralarından həzz ala-ala bir də xəbər tutdu ki, Şəhidlər Xiyabanının beş addımlığındadır. Xeyli vaxtdı bu müqəddəs məkana baş çəkməmişdi. Buradan yan ötməyi kişiliyinə və mənliyinə sığışdırmadı. Yaxınlıqdakı dükandan xeyli gül almağı da unutmadı.

       Şəhidlər Xiyabanına ayaq basar-basmaz başqa bir dünyaya düşdüyünün mahiyyətinə vardı.  Azca keçmiş fikir verdi ki, heç üşümür də. Gödəkçəsinin yaxasını açdı, başından papağını da çıxardı. Matdım-matdım ətrafa boylandı. Bura da qar yağırdı. Özü də qar da, həmənki qardı. Di gəl, həmin məkan valideyn qucağı, xüsusilə, ana qucağı tək istiydi. Bu məqamda ayıldı ki, İlahi, axı, mən əbədiyyatdayam. Bura cənnətdi. Anındaca tutdu; Şəhidlər Xiyabanında qar insanın ruhuna ələnir, saflığa, arılığa-duruluğa çevrilir. 

      İlk məzarı ziyarət edəndə, birdən ayıdı ki, burada o tək deyil. Hər məzarın baş tərəfində bir qadın əyləşib. Anaların baxışları uzağa dikilmişdi. Gözlərindən qətiyyən yaş gəlmirdi. Başlarını dik tutmuşdular. Nəzərini arxa tərəfdə sıralanan şümal qamətli kişilərin səfi çəkəndə az qaldı özünü itirə. Atalar Vətən naminə hər an əmrə müntəzirdilər. Tələm-tələsik səfərbər olmağa, çaşqınlığını büruzə verməməyə səy göstərdi. Şəhid məzarlarına baş əyə-əyə  üzərlərinə gül düzməkdə davam elədi. Bu dəfə başını qaldıranda gözünə nişan üzüyü dəydi. Qarşısındakı xanım-xatun qızın da nəzərləri çox uzaqlardaydı. Məgrurdu. Baxışlarındakı bəxtiyarlıqla  güclə seziləcək məyusluq qoşaydı. Əbədi Məşəl abidəsinə yaxınlaşana qədər barmaqlarındakı nişan üzüyü üsyan eləyən daha bir neçə qızla göz-gözə gəldi. Gördüklərindən şaşırmışdı, birtərəhər duruş gətirməyə çalışırdı.

       Üzü şölə saçan  alova sarı idi. Alov dilimlərinin Vətən Oğulları və Qızlarının qəhrəmanlıqları barədə salnaməsi ara vermirdi. Bacardıqca diqqət kəsildi.  Dualarını əsirgəmədi. Təəssüratına tab gətirməkdən ötrü çaba göstərdi. Gücü başqa nəyə çatasıydı ki. Əbədi Məşəl abidəsinin yanından, xarici qonaqlara paytaxtın panoramı nümayiş etdirilən nöqtədən Bakı ovucun içindəki kimi görünürdü. Nisbətən də olsa ovunmaq üçün ağ örpəyə bürünən şəhəri xeyli seyr etdi.

     Qəfildən duydu ki, donub, əməlli-başlı titrəyir. Narahatlıq onu sardı; özü cəhənnəmə, birdən şəhidlərin əzizlərinə soyuq olar!?.  Əynindəkiləri canla başla onlara verməyə hazırdı. Hövlnak qanrıldı. Yenə də çaşqınlıq içindəydi. Göz işlədikcə, məzarlar boyunca başdaşılar, küknar və şam ağacları, bir də, ara-sıra salxım söyüdlər baş-başa vermişdilər.

      Anladı. Artıq əbədiyyətin kandarındaydı. Qar daha şiddətlə yağırdı, külək də tüğyan eləyirdi. Tam donmasın deyə evə tələsdi. 

 

Azad Müzəffərli

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi