Modern.az

Toy tərifi

Toy tərifi

Ədəbi̇yyat

17 Dekabr 2016, 10:46

                                                                      (hekayə)

Yaşıltəpə Ərazi İdarəsinin ayda bir dəfə keçirilən geniş iclası sözün əsl mənasında məzhəkəyə dönmüşdü. Yığıncaq əvvəllər çox dəbdə olan estrada teatrını da xatırladırdı. İdarə rəisinin ürəkçəkən, uzun-uzadı çıxışı zamanı şöbə müdirlərindən birinə bilərəkdən, yaxud təsadüfən “eşşək” deməsi aləmi qatmışdı bir-birinə. Söyüşü heç cür sınıra bilməyən Səbzalı müəllim isə onu gözləyən vəzifə perspektivini, üç işsiz oğlunu, daracaq mənzilinin nə vaxtsa genişlənəcəyi ümidini qoymuşdu bir qırağa, qayıdıb rəisin üzünə şax demişdi ki, düzdür, bəlkə də mən eşşəyə oxşayıram, xarakterim bu heyvanın xasiyyəti ilə üst-üstə düşür, amma mən sənə “eşşək” yox, “donuz” deyirəm. Çünki sən insanlıqdan və ziyalılıqdan çox uzaq adamsanmış. Ona görə də mən səni öz regional və həssaslıqda əvəzi olmayan heyvanımıza yox, donuza oxşadıram və bu iclasda da sənə bu adı verirəm. Yüz faiz əminəm ki, üzə vurmasalar da, qorxularından səslərini çıxarmasalar da, iclas iştirakçıları ürəklərində mənimlə yüz faiz razıdır.

 

İclasın katibi bu sözləri eşitcək, yerindən qalxıb Səbzalının yanına cumdu, bu ucaboy kişiyə qəfil yumruq atdı. Boyu çatmadığından yumruq nəzərdə tutlan nöqtəyə - yəni Səbzalınnı gözünün altına yox, çiyninə dəydi. Qadın xasiyyətli, yupyumşaq katibin zərbəsini saymazyana qəbul edən Səbzalı onu ehmalca qucağına alıb, düz tribunanın qənşərində yerə buraxdı.

 

-Cənab rəis, illərlə belələrinin müdafiəsinə arxayın olmusan ki, hamının gözündən düşmüsən də. Sənə həmişə sədaqətlə xidmət etmişəm. Bir tikə çörəyimin, balalarımın gələcəyinin xatirinə üzünə ağ olmamışam, başımı aşağı salıb, adını çəkdiyin heyvan kimi işləmişəm, əlləşib-vuruşmuşam. Görürəm inciyirsən, əgər belədirsə, bir qrafin su içərsən, keçib-gedər. Eşşək dedin hə, razıyam, çünki bu heyvan çox ağıllı bir varlıqdır. Bu mətləbi gərək sən qanıb başa düşəydin. Kənddə böyümüsən, niyə çox şeyləri unutmusan, yaddan çıxarmısan? Atın, maşının girmədiyi yerə yalnız eşşəklə gedirlər, arabaya qoşurlar, yük daşıyır, odun yükləyir, daha hansı cür istismar edirlər, bunları sən hamıdan yaxşı bilməlisən axı... İndi BMW-də oturursan, eşşəyin belini yağır elədiyin günləri niyə unudursan, ay rəis? Çünki donuz xislətlisən, qədirbilməzsən. Amma mən hər cür əzab çəksəm də, çörək itirməyən, üzüyola adamam, yaxşılığı unutmaram. Bənzətdiyin dördayaqlı da belədir. Nə yaxşı ki, elə ona oxşatmısan məni. Bax, bu iclasda oturanlar var ey, diqqət eləsən, tülküsü də, canavarı da, goreşəni də, timsahı da var içlərində. Hələ gecə-gündüz havayı yerə banlayan xoruzlardan, həyət-bacada toyuq-cücəyə girişən çaqqallardan və siçovullardan, yetim-yesirin mal-qarasına qənim kəsilən canavarlardan danışmıram. Vallah, nə deyim, içinizdə bir üzüyola, bir tikə çörəyə qane adam varsa, o da lovğalıq olmasın, mənəm. Adımı da, sağ ol, ürəyimcə olan heyvanla qoşalaşdırdın. Çox minnətdaram sənə. Amma sənə dediyim “donuz” sözünə görə məni qınama. Çoxdan bu barədə fikirləşirdim, məqamı gəldi, açıqladım. Nə cəzam var, ver, amma kişi kimi etiraf elə ki, bu adı sənə verməyim haqdan gəlir, yalanı-palanı yoxdur.

 

İclas zalına əməlli-başlı sükut çökmüşdü. Rəis Qasan Quseynoviçin gözləri bərələ qalsa da, fikri çox uzaqlara getmişdi. Orta məktəbdə oxuyarkən yolunu tez-tez kolxozun anbardarı və eyni zamanda kassiri işləyən atası Hüseynin yanından salar, axşam kinoya getməyə, yolüstü də bir limonad və peçenye almağa pul qoparardı. Orta məktəbin son siniflərində oxuyanda dədəsindən aldığı məbləği xeyli artırmışdı da. Çünki artıq pivə və araq içir, siqaret çəkir, sinif qızlarını kinoya dəvət edirdi. Bazar günlərində də rayon mərkəzindəki kafelərin birində tay-tuşları ilə əməlli-başlı kef edirdi. Təbii ki, bütün bunlardan atasının xəbəri vardı və ürəyində sevinirdi ki, oğlu da onun yolunu davam etdirir, həyatın ləzzətini-dadını elə onun özü kimi çıxara bilirdi.

 

Həsən (yəni ki, Qasan Quseynoviç) atası ilə anbarın qarşısında görüşəndə kişinin tay-tuşları ilə açıq-saçıq zarafatlarını eşidərkən həmişə ürəyindən qara qanlar axırdı. Çünki kolxoz sədri, baş mühasib, partkom, baş aqronom, xülasə vəzifəcə Hüseyndən böyük olanların hamısı camaat eşidə-eşidə kişinin üzünə “donuz” deyir, məsxərəyə qoyurdular. Hətta bir dəfə kolxoz sədri Murtuz kişi lap ağ eləmişdi.

-Ə, Qusik, adına uyğun sənə “qaz” da demək olar, amma əsl donuzsan ki, durmusan. Bu anbarlara tığlanan taxıla gecə-gündüz donuz kimi fınxıra-fınxıra elə girişirsən ki, mövsümün axırına heç beş-on kisə də dən qalmır. Ay donuz, noolar, bir camaata da yazığın gəlsin, axı...

Aradan illər keçsə də, Həsən atasına deyilən ayamanı yaddan çıxarmır, bu sözün xəcalətini özü çəkirdi. İndi də Səbzalı müəllim onu “donuz” adlandıranda uzaq illərin söz-söhbəti yadına düşdü. Fikirləşdi ki, yəqin bu adam atamla bağlı nə isə bilir ki, ürək edib mənə “donuz” deyir. Yəni “donuz oğlu donuz”, hə?..

Bayaqdan bəri ürəyində özü ilə kəlmələşən, acı xatirələrin girdabından xilas olmağa çalışan rəis asta-asta mızıldandı:

 

-Darıxma, sabahdan səni də göndərərəm bu zalda oturanların arasına, dağıdarlar, parçalayarlar səni, adlarını çəkdiyin, qana susayan heyvanlar da sür-sümüyünü, dərini çeynəyib ləzzət alarlar, Səbzalı.

Ərazi İdarəsinin iclası o qədər gərgin və maraqlı, eləcə də əsl toy tərifi üstündə keçdi ki, ikinci məsələyə keçmək də, protokol tərtibi də yaddan çıxdı.

 

 

Akif Cabbarlı

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır