Modern.az

“Vicdanın necə, ağrımadı ki?..”

“Vicdanın necə, ağrımadı ki?..”

20 Dekabr 2016, 12:51

Akif Cabbarlı

Həyat etüdləri


Metro vaqonunda tünlük idi. İşin axırı, “pik” vaxtı olduğundan ayaq üstə dayananlar yana-yörəyə heç on beş dərəcə də dönə bilmirdilər. Mənimlə yanaşı dayanan hamilə qadın, yanında da beş-altı yaşlı uşaq çox əzablı anlar yaşayırdı. Uşaq ağlayır, anasından oturmaq üçün yer tapmasını israrla tələb edirdi.


Qarşımda isə bir oğlanla bir qız oturub şirin-şirin saqqız çeynəyirdilər. Hər ikisinin əlində geniş ekranlı smartfon vardı, qulaqlarından isə ağlı-qaralı mikrofon şunurları uzanıb dizlərinə dəyirdi. Canlı ATS idilərdi ki, durmuşdular. Təbii ki, vaqonda danışılanları, uşaqların ağlaşmasını, stansiyalar barədə verilən elanları qətiyyən eşitmirdilər. Odur ki, ehmalca əlimi uzadıb oğlanın çiyninə vurdum.

-Cavan oğlan, zəhmət olmasa, yerinizi bu qadına verin, görürsünüz də…

-Nəyi görürəm, dayday? Bütün günü dərsdə olmuşam, başım ağrıyır, ayaqlarım şişib, böyrəyim sızıldayır, gözlərim sancır. Oturmasam, Əhmədliyə sağ-salamat çatmaram axı…

-Hə, bala, anladım, sən auditoriyadan yox, yəqin Qaradağ daş karxanasından gəlirsən. Bu, aydındır, bəs vicdanın necə, zərrə qədər də ağrıyıb-eləmir ki? – deyə oğlanın üzünə baxmaq istəyirdim ki, gördüm başını qızın çiyninə qoyub mışıl-mışıl yatır, özü də ağzı qulağının dibinədək açıq vəziyyətdə.


“Dayday, pavarotnikini nöşün yandırmırsan?”


Elə bilərsiniz ki, bu sual hansısa sürücünün digər sürücüyə, maşın sükanı arxasındakı birisinə ünvanlanıb, səhv edərsiniz. Yaxşısı budur, şahidi olduğum əhvalatı nağıl edim, siz də agah olun.


…Mətbuat prospektini keçib, BDU istiqamətinə yollanan ağsaqqal ara yolda yamanca ilişmişdi. “Mercedes” avtomobili yavaş-yavaş hərəkət edirdi. Kişinin yolu adlaması üçün guya şərait yaratmaq niyyəti ilə sürücü sürəti gah azaldır, arabir də dayanırdı. Ağsaqqal növbəti addımını atan kimi isə maşın da hərəkətə keçirdi.


Beləliklə, Allah bilir neçə dəqiqə siçan-pişik oyunu getdi. Kişi irəliləyən kimi sürücü də maşını yerindən tərpədir, ağsaqqal təkərlərin altından xilas olmaq üçün dayananda da maşın sanki ley kimi üstünə cumurdu. Ürək-göbəyini yeyən ağsaqqal özünü itirmiş, sifətini tər götürmüşdü. Adamlar da çaşıb qalmışdılar. Elə bir vəziyyət də yaranmırdı ki, maşının qənşərinə keçib kişini qırağa çəkəsən. Elə bu vaxt sürücünün yanında əyləşmiş uzunboğaz, nazikbığ bir gədə başını pəncərədən çıxarıb nə desə yaxşıdır: - Dayday, nöşün pavarotniküvü yandırmırsan? İndicə inspektor gəlib səni ştraf eləyəcək axı…

 

“Siz sağ olun…”

 

Bir blok qonşumuz var – orta boylu, tosqun bədənli, həm də zəhmli. Həmişə dəbə uyğun geyinir, liftimiz birinci mərtəbəyə düşənədək güzgüyə baxıb saçını, qalın qaşlarını darayır, ağzını açıb sədəf kimi ağappaq dişlərini şaqqıldadır, gözlərini gah geniş açır, gah da son dərəcə qıyır. Bu, adətdir, yaxud idman əvəzi bir təmrin – deyə bilmərəm, amma lap əttökən bir işdir. Üç-dörd dəqqiə ərzində bütün bunları seyr eləmək adamı lap əsəbiləşdirir. Bu kişinin şit hərəkəti işə tələsdikləri səbəbindən qaçıb liftə doluşanların ürəyini bulandırır, ovqatını korlayır.

Bu yekəpərin bir adəti də var. Blokun qapısı ağzında süni şəkildə elə situasiya yaradır ki, guya kimsə qapını açıb adama deməlidir ki, “buyurun, keçin”. Bu vəziyyət demək olar ki, hər dəfə təkrar olunur və bədheybət kişi də heç vaxt bu jestin qarşılığında bir kəsə Allahın quru “sağ ol”unu da demir. Bir dəfə dözmədim, qapını açıb adamı bayıra ötürəndən sonar möhkəmcə səsləndim: “Siz də sağ olun”.

-         Bu, nə sözdür, prikolşik-zadsan? – deyə ucadan səsləndi.

-         Yox, niyə, ağsaqqal, sizə əziyyət olmasın deyə, ürəyimdə sizin adınızdan özümə təşəkkür elədim və cavabını da siz eşidəsiniz deyə ucadan qaytardım. Narahat olmayın, sizə sataşanın cavabını özüm verərəm, işinizdə olun.

-         Deyirəm axı…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir