Modern.az

Jurnalistlər 2016-nın ən yaddaqalan hadisələri haqda - “Daha heç kimə belə il arzulamıram”

Jurnalistlər 2016-nın ən yaddaqalan hadisələri haqda - “Daha heç kimə belə il arzulamıram”

21 Dekabr 2016, 10:10

2016-cı ilin bitməsinə sayılı günlər qalıb. Şübhəsiz ki, 2016-da da hər kəsin yaddan çıxarmadığı xatirələr, olaylar, yaxşı və ya pis günlər olub.  Elə jurnalistlərin də...

Modern.az saytı media nümayəndələrinin 2016-cı ildəki yaddan çıxarmadığı hadisələrin nələr olduğunu öyrənməyə çalışıb.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, 2016-cı il ümumilikdə dünya üçün çox gərgin keçib:

“Suriyada insanlıq dramı davam etdi, Türkiyədə ard-arda terror hadisələri, dövlət çevrilişinə cəhd, Azərbaycanda neftdən sonrakı dövrün gətirdiyi çətinliklər gündəmi zəbt etmiş oldu. Amma ilin müsbət məqamlarını da qeyd etmək istərdim. İlk növbədə iqtisadi islahatların dərinləşməsi, qeyri-neft iqtisadiyyatının yaradılması üçün atılan addımlar, qəzetimizin 135 illiyinin təntənəli şəkildə qeyd olunmasını qeyd etmək istərdim.
2016-cı il həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Aprel döyüşləri” ilə yadda qaldı. Azərbaycan Ordusu öz qüdrətini döyüş meydanında nümayiş etdirdi. “Dörd günlük müharibə” müddətində düşməni yerində oturtdu, böyük dövlətlərə də açıq şəkildə mesaj verdi ki, torpaqlarının işğalda saxlanılması ilə barışmayacaq. Təəssüf ki, il ərzində münaqişənin həlli ilə bağlı danışıqlar prosesində heç bir irəliləyiş əldə olunmadı.

İl ərzində həm də Konstitusiyaya dəyişikliklərin edilməsi ilə bağlı ümumxalq referendumunun keçirilməsini də qeyd etmək istərdim.

İlin əvvəlində qəzet kağızının bahalaşması çap mediası üçün obyektiv çətinliklər yaratdı. Amma, yaxşı ki, qəzetlər, o cümlədən bizim qəzet bu çətinlikləri dəf edə bildi.   

Ümumilikdə 2016-cı il çətin il oldu, amma yaxşı ki, müstəqil Azərbaycan regiondakı çətin şərtlərə baxmayaraq özünün, vətəndaşlarının təhlükəsizliyini qoruyub saxlamağı bacardı”.

 

“Trend” İnformasiya Agentliyinin baş direktor müavini Arzu Nağıyevin sözlərinə görə,  2016 Azərbaycan üçün sınaq ili oldu:

“2016-cı il Azərbaycan üçün siyasi, iqtisadi və hərbi baxımdan özünəməxsus il oldu. Düşünürəm ki, hərbi baxımdan Dağlıq Qarabağ məsələsi tam olaraq həllini tapmasa da, “Aprel hadisələri”ndə Azərbaycan öz gücünü nümayiş etdirdi.
İqtisadi baxımdan  dünyada  baş verən proseslər Azərbaycana da təsir etdi. Buna baxmayaraq,  aparılan islahatlar nəticəsində dünyanın bir çox ölkəsində baş verən hadisələr Azərbaycanda yaşanmadı. Yumşaq bir formada iqtisadi məsələlərin həllinə nail olundu.

Neftin qiymətinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən oldu, buna  baxmayaraq qeyri-neft sektorunda müsbət ənənələr göründü. Siyasi baxımdan yenə də Ermənistan-Azərbaycan münasibətlərinə nəzər salsaq, görərik ki, diplomatik sahədə də Azərbaycanın müəyyən uğurları var. Lakin bununla bərabər, şəhidlərimiz oldu, dənizdə müəyyən problemlərimiz oldu, neftçilər itkin düşdü. Təbii ki, tam şəkildə 2016-cı ilin Azərbaycan üçün uğurlu il olduğunu demək olmaz. Buna baxmayaraq, qonşu dövlətlərlə və digər ölkələrlə müqayisədə demək olar ki, 2016-cı il Azərbaycan üçün uğurlu olub. Arzu edirəm ki, 2017-ci il daha düşərli olsun, müxtəlif problemlərdən çıxa bilək, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olaq”.


“Azadinform” Agentliyinin baş redaktoru Niyaz Niftiyev bildirib ki, 2016 ümumiyyətlə yaxşı il olmadı:

“Əlbəttə, söhbət daha qlobal yanaşmadan gedir. Maliyyə böhranı, devalvasiya, milli valyutaların dəyərdən düşməsi kimi hadisələr vətəndaş olaraq bizim də ümumi əhval-ruhiyyəmizə, dolanışığımıza mənfi təsir göstərdi.  

Yaradıcılıqla bağlı qismən nailiyyətlərim oldu. 2015-ci ildə Azərbaycan dilində çap olunan “Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabımın 2016-cı ildə rus dilinə tərcüməsini yekunlaşdırdıq, ingilis dilinə tərcüməsi isə davam edir. Yəqin ki, hər iki dildə çap variantı 2017-ci ildə işıq üzü görər.    

Əslində illər bizə heç nə vermir, əksinə illər bizdən çox şey alır. Söhbət məsələnin mənəvi tərəfindən gedirsə qocalırıq, yaxınlarımızı bir-bir itiririk.

Maddi tərəfdən şəxsi həyatımda elə də ciddi irəliləyiş əldə etməmişəm. Mən özümü hər zaman kasıb yaşamağa öyrəşdirirəm. Əlbəttə, hamı daha yaxşı - bahalı yaşamağı arzulayır, səmimi deyim ki, mən heç zaman bunu arzulamamışam. Məsələn, neft 100 dollardan yuxarı olanda necə yaşayırdımsa, indi də elə yaşayıram. Düşünürəm ki, insan nəfsinin qurbanı olduğu gün, onun bitdiyi gündür”.

 

"Report" İnformasiya Agentliyinin şöbə redaktoru Pərvin Abbasov sözlərinə görə,  2016-cı il daha çox “Aprel döyüşləri” ilə yadda qaldı:

“ İşğalda olan torpaqlarımızın bir hissəsi geri qaytarıldı. Şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin!

Ölkədə əksər məhsul və xidmətlər bahalaşdı, referendum keçirildi. Türkiyədə dövlət çevrilişinə cəhd oldu. Milli mətbuat nöqteyi-nəzərindən xeyli məşhur olan, lakin indiyədək heç kəsin bata bilmədiyi “reket jurnalistlər” həbs edildi, ANS TV-nin və ANS ÇM radiosunun lisenziyaları ləğv edildi”.

İctimai Televiziyanın internet resursunun (itv.az) redaktoru Esmira Qasımova deyir ki, 2016-cı il ona görə ümumilikdə yaxşı keçdi:

“2016-cı il sakit keçdi. Aprel ayında baş verən döyüşlər 2016-cı ilə öz damğasını vurdu. “Aprel döyüşləri” qələbə əhval-ruhiyyəsini vətəndaşlara aşıladı. Bu döyüşlərdən belə bir nəticə ortaya çıxdı ki, əhalimiz torpaq itkisi ilə heç vaxt razılaşmayacaq. Bu, sevindirici haldır ki, millətimiz 20-ci əsrin əvvəllərində olduğu kimi, torpaq itkisi ilə razılaşmayacaq.
Azərbaycan manatının hər gün daha da zəifləməsi 2016-cı ilin yadda qalan hadisələrindən oldu”.


“Qafqazinfo”nun baş direktoru Elbrus Əruda görə, 2016-cı il əsasən 2 hadisə ilə yaddaşlarda qalır:

“Mən jurnalist olaraq deyə bilərəm ki, 2016-cı ilin ən mühüm hadisəsi aprel ayında baş verən döyüşlər olub. “Aprel döyüşləri”ndə Azərbaycanın gücü nümayiş olundu. Rövşən Lənkəraskinin öldürülməsi də 2016-cı ildə gündəmi zəbt edən hadisələrdən oldu. Bu xəbərlər ölkə mediasını silkələdi. Hər iki xəbər qeyri-adi olduğu üçün mənim yaddaşımdan çıxmır”.

 

APA-nın redaktoru Şahin Cəfərlinin sözlərinə görə, 2016-cı il ilk növbədə Azərbaycanda iqtisadi çətinliklərin özünü göstərməyə başlaması ilə yadda qaldı:

“ Bunu artıq hər kəs öz üzərində hiss edir. Əhaliyə verilən elektrik enerjisi və təbii qazın qiymətinin artırılmasını bu sahədə ən önəmli hadisə kimi qeyd etmək olar. Milli valyutanın dəyərdən düşməyə davam etməsi də əhalini maraqlandıran və narahat edən gündəlik mövzulardan biridir.

Cəbhə xəttində qısamüddətli “Aprel döyüşləri” 2016-cı ilin ölkəmizlə bağlı növbəti unudulmaz hadisəsidir. Təəssüf ki, ümid və gözləntilərin əksinə olaraq, qazanılan lokal hərbi uğurun diplomatik müstəvidə hər hansı təsiri olmadı və münaqişənin “don”u hələ ki açılmamış qalır.

Beynəlxalq miqyasda ən ciddi hadisə şübhəsiz ki, ABŞ-dakı prezident seçkilərində Donald Trampın qələbəsidir. Bu faktın dünyanın bundan sonrakı gedişatına ciddi təsiri olacaq. “Brexit” olayını - Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı keçirilən referendumun nəticəsini də qeyd etmək lazımdır.
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdi də başa çatmaqda olan ilin mühüm beynəlxalq hadisələrindəndir.  Suriya problemi ilboyu beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qaldı. Bu mövzu ilə əlaqəli iki mühüm hadisə - Hələbin Əsəd qüvvələrinin nəzarətinə keçməsi və Türkiyədə Rusiya səfirinin öldürülməsi də 2016-cı ilin unudulmaz olayları sırasında yerini aldı”.

 

“Discovery Azerbaijan” jurnalının baş reaktoru Rəna Kərimli də 2016-cı ili bir çox yaddaqalan hadisələrlə xatırlayacaq:

“Manatın dollara və digər xarici valyutalara nisbətən ucuzlaşması 2016-cı ilin yaddan çıxmayan hadisələri sırasındadır. Əhalidə 3-cü  kəskin devalvasiya qorxusu yarandı. Aprel ayında cəbhə xəttində baş verən döyüşlər də 2016-cı ilin silinməz xatirələri arasında xüsusi yer alıb. Bakıda keçirilən “Formula 1” oyunları da çox xatırlanan hadisələrdəndir.
Bütün bunlardan əlavə Azərbaycanın xalq artisti İlhamə Quliyevanın vəfatı və onunla bağlı qalmaqallar ölkə gündəmini zəbt edən hadisələrdəndir.

Əgər dünyada baş verən hadisələri nəzərdə tutsaq, hər birimizin tez-tez baş çəkdiyi Türkiyədə terror hadisələrinin artması və 15 iyul dövlət çevrilişinə cəhd yaddaşlarda qaldı”.


2016-cı il “Azvision.az” saytının əməkdaşı Şəhanə Rəhimovanın yaddaşında devalvasiya, “Aprel döyüşləri” və Xəzərdə neftçilərin ölümü ilə qalacaq:

“ İlk dəfə “üzən məzənnə” terminini eşitdim.  İqtisadiyyata bir az da yaxın əyləşdim.  Əvvəllər dolların, neftin qiyməti ilə qəti maraqlanmırdım.  Hər səhər düşünürdüm ki, əşi bilsəm və ya bilməsən nə olacaq?.. Devalvasiyadan sonra kimsə dollar adı çəkəndə hətta qulağımdan "nauçniki" belə, çıxarıb diqqətlə dinləməyə çalışıram.
Manatımızdan fərqli olaraq, neftçilərimiz Xəzərdə üzə bilmədilər.  Artıq hər il qış gələndə, bu ay  yaxınlaşanda Xəzərdən qorxmağa başlayıram.
“Aprel döyüşləri” isə məni uşaqlığıma apardı.  90-cı illər, döyüş gedən kadrları xatırladım. Dostlarımızla aramızda müzakirələr etdik, müharibə bizə lazımdırmı deyə?”..

 

“Pressday.az” saytının baş redaktoru Azər Hüseynbalanın sözlərinə görə, 2016-cı ilin ən yaddaqalan hadisəsi Dağlıq Qarabağda qeydə alınan “Aprel döyüşləri”dir.

“Uzun illərdən bəri ilk dəfə düşmənə həm ciddi zərbə vuruldu, həm də işğal altındakı torpaqlarımızın cüzi hissəsi də olsa, düşmən tapdağından azad edildi. Məncə, bu hadisəni ilin həm də ən böyük və başlıca hadisəsi hesab etmək olar.

Sosial sahədə əksəriyyət kimi mən də bu il ərzində ciddi problemlərlə üzləşmişəm. Ən başlıcası odur ki, milli valyutamızın dəyərdən düşməsi istər-istəməz hər kəsin, həm də ailə başçısı olan şəxsin dolanışığını çətinləşdirir. Bu problemin elə 2016-da qalmasını arzulayıram.

Şəxsi mənada da ilin özüm üçün uğurlu keçdiyini deyə bilmərəm. Amma ən başlıcası odur ki, ili başa vurmaq ərəfəsindəyik. Azərbaycana və təbii ki, özümə bir daha belə uğursuz il arzulamıram”.

 

Qafar Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi