Modern.az

Fəsillərin kəllə-mayallaq gəlməsi - dolabdan asılı qalan geyimlər...

Fəsillərin kəllə-mayallaq gəlməsi - dolabdan asılı qalan geyimlər...

21 Dekabr 2016, 11:25

Artıq neçə illərdir ki, alimlər, iqlimşünaslar iqlim dəyişikliyi, dəhşətli istilər, quraqlıqla bağlı xəbərdarlıq edirlər. Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi ilə mübarizəyə həsr etdiyi hesabatlarında göstərilir ki, son 150 ildə 2007-ci il ən isti il olub. Yer kürəsində temperatur isə son 150 ildə 1 dərəcə yüksəlib. Mütəxəssislərin fikrincə, temperatur bu sürətlə yüksəlməkdə davam edərsə, 2050-ci ilə qədər hərarət  2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyədək yüksələ bilər. Bu isə yaxın 100 ildə planetimizdə suda və quruda yaşayan bir sıra canlıların tamamilə yox olmasına gətirib çıxarar.

 

Çıxarar, əgər alimlərin xəbərdarlığı reallığa çevrilərsə... Məsələ burasındadır ki, artıq illər dəyişdikcə, fəsilləri izləmək müşkülə çevrilib. Yay bitib payız gəlir deyəndə, qəfildən kəskin soyuqlar düşür. Yaxud əksinə, qış bitir, yaz gəlir deyə sevinəndə anormal istilərlə qovurulmağa başlayırıq.

 

Hər il 21 dekabrda Azərbaycanda təbiət hadisəsi baş verir. Bu gün elə həmin gündür. Xəbəriniz olsun ki, saat 14:44:12-də qış mübarək qədəmlərini vətənimizə qoyacaq. Hər zaman qışın gəlişi günü kimi yaddaşımıza həkk olan 21 dekabr ötən ildən etibarən çiyinlərinə daha ağır “yük” götürüb. Ümumiyyətlə, son  2 ildə “21” xalq arasında uğursuz rəqəm kimi dəyərləndirilir. Səbəbini isə 21 fevral və 21 dekabr kəskin devalvasiyalarının acı nəticələrindən çox yaxşı bilirik.

O devalvasiya ki, təsirlərindən ötən ilin 21 dekabrında iqtisadi hadisələri təbiət hadisəsinə elə qarışdı ki, hər şey kəllə-mayallaq oldu. Beləcə manatımız, onun ardınca yediklərimiz, içkidklərimiz, geyindiklərimiz devalvasiyaya uğramağa başladı. Lap elə fəsillər kimi... Axı fəsilləri də doğru-dürüst yaşaya bilmirik.

 

Mövsüm dəyişikliyi hələ bu gün baş verəcək. Amma biz qışın daxil olmamasına baxmayaraq qarı da, çovğunu da, boranı da elə payızın son ayında-noyabrda gördük, soyuğunu iliyimizə qədər hiss edirdi. Hərdən fəsillər də şıltaqlıq edə bilər deyə düşünürsən. Amma bu şıltaqlıq vərdişə çevriləndə narahat olmağa başlayırsan. Həm iqlimin sürətlə dəyişməsinə, həm də dolabdan asılı qalan yaz-payız geyimlərinə görə...

 

Çünki şıltaqlıq artdıqca, bəh-bəhlə alınan kostyumlar, jaketlər, koftalar hələ də geynilməsini gözləyir, dolabdan asılı qalır. Hərdən düşünürsən ki, Azərbaycanda elə yalnız nazik yay geyimləri və qalın qış geyimləri almaq kifayətdir. Onsuz da alınan bütün yaz-payız geyimləri dolabdan asılı qalacaq... Lap devalvasiyaya uğramış kimi...

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı