Modern.az

Mübariz Əsgərov: "“Qulp” Baba Pünhanın xatirəsinə yeni proqram hazırlayacaq”

Mübariz Əsgərov: "“Qulp” Baba Pünhanın xatirəsinə yeni proqram hazırlayacaq”

Müsahibə

14 Mart 2011, 12:36

ANS TV-nin populyar “Qulp" verilişinin aparıcısı Mübariz Əsgərov anspress.com-a müsahibə verib. Modern.az saytı həmin müsahibəni təqdim edir. - Özünüzü təqdim edin. - Əvvəla deyim ki, nə qədər parodoksal olsa da, mən müsahibə götürməyi xoşlayıram, lakin müsahibə verməyi heç sevmirəm... 1962-ci ilin 20 yanvar tarixində dünyaya gəlmişəm. Lakin məlum qanlı 20 Yanvar hadisələri baş verəndən sonra ad günümü qeyd etmirəm. Müxtəlif ali məktəblərdə təhsil almışam. Sonuncu təhsil yerim Moskva Dövlət Universiteti olub. Hətta söyləməyi özümə sığışdırmasam da, deyim ki, Jurnalistika fakultəsini qırmızı diplomla bitirmişəm (gülür). Ailəliyəm, 3 uşaq atasıyam. İki oğlan bir qız. Biri ali məktəbdə təhsil alır, ortancıl türk liseyində oxuyur, balacası isə baxçaya gedir. Hələ baba olmamışam, lakin yaxın vaxtlarda buna ümid edirəm. İlk verilişim ANS-də efirə gedən “Qulp” proqramı olub. Artıq 19 ildir telekanalın efirində bu proqramı hazırlayıram, qulp qoya-qoya, qulpundan yapışa-yapışa gedirəm. - “Qulp” olmasaydı sizi necə tanıyardıq? - “Qulp” mənim televiziyada görmək istədiyim yeganə proqram deyil. Mən çoxdan yeni proqramlar hazırlamaq istəyirdim. Sadəcə tamaşaçıların ehtiyacını nəzərə alıb onu uzun müddətli, davamlı hazırladım. Hazırda başqa proqramlar hazırlamaq istəyirəm. Son vaxtlar “Qulp”dan əlavə başqa proqramlar hazırlamağı düşünürəm. - Qulp qoymadığınız nə isə qalıb? - Açığını desəm, çoxları “Qulp” sözünü eşidəndə elə bilir ki, bu ancaq nəyəsə qulp qoymaq deməkdir, amma bunun daha böyük anlamı var. Yəni xalq arasında da var ki, “bir işin qulpundan yapışmaq”. Yəni mən problemlərə qulp qoyub onun qulpundan yapışmaq üçün bu verilişi hazırlayıram ki, onları həll etmək asan olsun. Yəni bu çoxlarının qəbul etdiyi kimi, qulp qoymaq deyil, elə qulpundan yapışmaq kimi bir şeydir. Azərbaycan elə bir məkandır ki, burada “Qulp” həmişə aktual olaraq qalır. Və inanın ki, qulp qoyulmalı problemlərimiz çoxdur. Təki elə problemlər yox olsun və heç “Qulp” proqramına da ehtiyac olmasın. Mən bunu ürəkdən istəyirəm. - Sizə qulp qoyan olub? - Vallah xalq arasında yaxşı bir söz var: yol qırağında ev tikənin incinarı (mühəndisi) çox olar. “Qulp” özü baxımlı proqramdır, çoxları bu verilişi seyr edir. Hər halda göz qabağında olan işlərə qulp qoyanlar çox olub, nəinki qulpundan yapışan. Belə şeylər olub. Amma bir şeyi deyim ki, uzun illər ərzində “Qulp”dan küsən, inciyən və ya məhkəməyə verən olmayıb. Biz həmişə təhqirdən, şantajdan uzaq olmuşuq, bizdə sağlam tənqid olub. Həmişə səviyyəli bir proqram hazırlamağa, tamaşaçıların zövqünü nəzərə almağa çalışmışıq və çalışırıq da. Mənə elə gəlir ki, teleproqram teleşirkətə təkcə reytinq yox, həm də başucalığı gətirməlidir. Elə bu istiqamətdə də işləyirik. - Deyəsən, verilişlərinizin süjet xəttində dəyişiklik olub - Qulpda həmişə dəyişiklik və yeniliklər olur və bu daima belə olacaq. Yəni bu standart bir proqram deyil. Həftə ərzində bizim nəzərdə tutduğumuzdan əlavə elə hadisələr baş verir ki, onları tamaşaçılara çatdırmaq üçün bəzən müəyyən yeniliklər edirik. Düşünürük ki, bunu tamaşaçılara elə deyil, belə çatdırsaq daha yaxşı olar. İnsanlar sizə olan sevgi və ya nifrətlərini necə bildirirlər? - “Qulp”un çoxillik təcrübəsindən görmək olar ki, o, insanlara deyil, ümumi problemlərə qulp qoyur. Demək olar ki, verilişdə elə bir şey olmayıb ki, biz konkret olaraq kiminsə haqqında danışaq, ona qulp qoyaq və həmin adamın bizdən inciyib-incimədiyini sonradan öyrənib bilək. Belə hal olmayıb. “Qulp” həmişə problemlərə qulp qoyur və problemlərin qulpundan yapışmağa xidmət edir. Mən camaat içərisində, məclislərdə çox oluram. Yəni “Qulp” verilişinin uzun illər davam etməsinə stimul verən də elə xalqın bizə sevgisi olub. Yəni “Qulp”dan elə sözlər, elə sətiraltı mənalar tutub mənə deyirlər ki, açığını desəm elə vaxt olub ki, heç mən özüm o sətiraltı mənanı fikirləşməmişəm. Bu yaxınlarda tamaşaçılarla bağlı maraqlı bir hadisə də olub. Bir qeyri-azərbaycanlı (ərəb) – Qətərin Azərbaycandakı səfirliyinin mühasibi, məclislərin birində mənə yaxınlaşıb dedi ki, sizi tanıyıram, verilişinizə də baxıram. İndiyə kimi belə çox hadisələr olub. Məsələn, mən dağlara çıxmışam, ucqar dağ kəndlərində olmuşam, orada bizim verilişə baxanları görmüşəm. Lakin “Qulp”un bu tip insanlar arasında baxılması isə açığını desəm mənim üçün gözlənilməz oldu. - Qarşıdan Novruz bayramı gəlir. Siz hətta nə vaxtsa mərhum prezidentimizlə də yumurta döyüşdürmüsüz. Bəs indi nə planlaşdırırsınız? - Biz təkcə prezident Heydər Əliyevlə deyil, ümumiyyətlə Azərbaycanda üzdə olan dövlət adamları, siyasi liderlərlə yumurta döyüşdürmüşük. Biz hər dəfə bayramı “Qulp”un adına layiq, adına uyğun yerlərdə keçirməyə çalışırıq. Məsələn, Yeni ili dəfələrlə həbsxanalarda keçirmişik. Bu Novruz bayramında istəyirik ki, qocalar evində olaq, oradan veriliş hazırlayaq. - Sizə bugünə kimi veriliş efirə gedəndən sonra hədə-qorxu gələn olub? - Bayaq dediyim kimi, biz konkret adamlara deyil, ümumi problemlərə qulp qoyuruq. Və bu səbəbdən də hədə-qorxu gələn olmayıb. Yəni biz xalqın ümumi problemlərindən danışırıq və bunların konkret olaraq həllini istəyirik. Heç bir siyasi mövqe yoxdur. Sırf vətəndaş mövqeyi var. Biz istəyirik ki, Azərbaycanda problem olmasın. - “Ey Mübariz, çox demokrat ölkələr “bardaq” imiş, qulp qoyanda bax o bardaqlar yadından çıxmasın” və ya “Ol vəqti Mübariz də, “Qulp”nan çıxıb ekranda, qulpsuzlara qulp qoydu, ekran belə dirçəldi” beytləri sizə kimi xatırladır? - Siz bu beytlərdən birini belə söyləsəydiniz, mən o dəqiqə bunun kimə məxsus olduğunu deyərdim. Sitat gətirdiyiniz bu beytlər bizim “Qulp”da həmişə yeri görünən Baba Pünhanın qəzəllərindən olan nümunələrdir. Bizim aramızda onun yeri həmişə görünür. Arada Baba Pünhanla bağlı mənə sual verəndə, mən onun yox olduğuna inanmıram, elə bilirəm ki, o həmişə bizim yanımızda, ətrafımızdadır. Çünki onu yeganə çəkən də elə biz olmuşuq. Həmişə “Qulp”un arxivinə baxanda onu görürəm. Ona görə “Qulp” var olduqca, Baba Pünhanın qəzəlləri səsləndiriləcək, kadrları efirə gedəcək. Bu yaxınlarda onun ölüm günü, xatirə günü ilə bağlı həmişə olduğu kimi yenə bir proqram hazırlayacağıq. - Verilişinizin efirə gedən anonsları ictimai marağa səbəb olur, bir növ “Mozalan”ı xatırladır. Gələcəkdə bütün anonsların bir disk şəkilində hazırlanması və ya satışa çıxarılması kimi planlarınız varmı? - Müəyyən ideyalar var. Bu, tamaşaçıların çox xoşuna gəlir və özü də bir yenilikdir. Ümumiyyətlə o, anons yox, kiçik bir film kimidir və ANS-in ümumi efirini bəzəyir, onu daha mənalı və baxımlı edir. Gələcəkdə onları bir toplu – disk şəkilində buraxmaq kimi bir ideyamız hələ ki, yoxdur. Lakin bu kimi filmləri davam etdirmək və onun efirə getmə sayını çoxaltmaq kimi bir ideyamız var. - Verilişin adı bir ara dəyişdi. Nə ilə əlaqədar idi? - Düzdür, “Qulp”un adı bir ara dəyişdirilərək "Mübarizə" qoyuldu. Bu müəyyən məsələlərlə bağlı idi. Amma sonradan məsləhət görmədik və yenidən verilişin adını özünə qaytardıq. Hələ çox ideyalarımız, çox proqram və layihələrimiz var. Onlardan hansının baş tutacağı və efir üzü görəcəyi isə gələcəyin işidir. “Qulp” ola bilsin qaldı, lakin bəlkə bir az forması dəyişdi. Sonda demək istəyirəm ki, mən həmişə başımı aşağı salıb verilişimi hazırlamışam və heç kimin qarşısında başıaşağı olmamışam. Efirdə xalqın ürəyindən keçəni demişəm. ANS sağ olsun ki, həmişə mənə azad efir verib. “Qulp” həmişə qabağa gedib. İrəliyə getmək bəzi hallarda arxadan vurulan təpik nəticəsində olur. Lakin “Qulp”un qabağa getməyi heç vaxt belə olmayıb. Bir məqsədimiz, bir məramımız var ki, biz özümüzə gülməyi bacarmalıyıq ki, başqaları bizə gülməsinlər.

 

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir