Modern.az

İstedadına güvənən sənətkar

İstedadına güvənən sənətkar

21 Dekabr 2016, 13:56

Xeyli müddətdir, onun haqqında bir məqalə yazmaq keçir könlümdən. Amma, nədəndir bilmirəm, əlimə qələm alıb yaza bilmədim.    İstəyirdim yazacağım bu məqalə ürəkdən gəlsin, onun bütün şəxsiyyətini, yaradıcılığını dolğunluqla öyrənim, qələmə alım. Nəhayət ki, bu gün yazmağa qərar verdim. Haqqında bəhs etdiyim o şəxs çox istedadlı müğənni, mahir kanon ustası, tanınmış, bacarıqlı aparıcı Rəşad İlyasovdur.


Ötən əsrin 90-cı illərinin əvvəlindən tanış olmuşam Rəşadla. O zamanlar AzTV-də ədəbi-dram verilişlər redaksiyası ilə əməkdaşlıq edirdim, tez-tez orada olurdum. Rəşadla tez-tez rastlaşırdım. İlk gündən diqqətimi çəkmişdi. Üzü mənə çox tanış gəlirdi. Sonradan bildim ki, o, Zərifə Eyvazovanın oğludur. Zərifə Eyvazova milli radiomuzda 40 ilə yaxın bir müddətdə jurnalist kimi fəaliyyət göstərib. Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfələr vermiş Eyvazovlar səcərəsinə mənsubdur. Xalq artisti, mahir kamança ustası Şəfiqə Eyvazova, əməkdar artist, ud ustası Yasəf Eyvazov da bu nəslin tanınmış nümayələrindən idi. Bu ailə Bakının məşhur Dağlı məhəlləsində seçilib-sayılan ailələrindən olub. Anam Nəcimə Nəzərli ilə Zərifə xanım Eyvazovanın uşaqlığı, gəncliyi bir yerdə keçib. Təbii ki, bu münasibətlərin olması bizi daha da yaxınlaşdırdı. O zamandan etibarən, bizim ünsiyyətimiz, dostluğumuz başladı.  


Azərbaycan Qızıl Aypara Cəmiyyətində işimlə əlaqədar, Cəmiyyət xətti ilə keçirilən tədbirlərin montaj edilib efirdə yayımlanması üçün tez-tez AzTV-nin Xəbərlər redaksiyasına gedərdim. Sujetləri məhz, Rəşad İlyasovla yığıb efirə verərdik. Rəşad xəbərlərin aparıcı rejissorlarından idi. Bu hal, bizim əlaqələrimizin günü-gündən möhkəmlənməsinə sirayət edirdi...          


Günlərin birində AzTV-də Rəşadın “Çardaş” klipi yayımlandı. Bu klip onu bir sənətçi kimi-kanon ustası kimi daha da tanıtdı. Böyük peşəkarlıqla, özünəməxsus tərzdə, şirinlikdə kanonu səsləndirməsi onun böyük musiqi dünyasından, istedadından xəbər verirdi. Bununla yanaşı o, məhz bu illər “Ümid” ansamblında, SSRİ Xalq artisti Zeynəb Xanlarova, Xalq artisti Nisə Qasımovanın ansambllarında çalışır. Arzusu isə müğənnilik etmək olur. Bu arzu ilə gərgin iş aparır, ayrı-ayrı konsert proqramlarında, toy şənliklərində özünü bir müğənni kimi göstərə bilir. Xoş bir təsadüf  Rəşadın müğənnilik kariyerasına körpü rolunu oynadı. İstedadlı bəstəkar Novruz Aslanovla tanışlıq buna rəvac verdi. Məhz, Novruz Aslanovun və xalq artisti İlhamə Quliyevanın birgə istəyi ilə “İncitmə qəlbimi yaxud Yaşın nə fərqi var” mahnısını İlhamə xanımla birgə duet oxuması Rəşada təklif olunur. Bu mahnı və ona çəkilmiş klip Rəşad İlyasovu daha da tanıtdı, onun yaradıcılığına işıq saçdı. O, artıq bir müğənni kimi özünü təsdiq edə bildi. Novruz Aslanovla bu mahnıdan başlanan iş birliyi Rəşadın repertuarını bu bəstəkarın mahnıları ilə bəzədi. C.Cahangirov, F.Sücəddinov, E.Sabitoğlu, E.İbrahimova, Ə.Tağıyev, A.Səmədzadə, O.Rəcəbov, G.Həsənzadə, T.Hacıyev və digər bəstəkarların mahnılarına da müraciət edərək, gözəl nəğmələr ifa etməyə, onları tamaşaçıya, dinləyiciyə sevdirməyə müvəffəq oldu.



Rəşad İlyasovu digərlərindən fərqləndirən cəhət odur ki, o dərin musiqi biliyinə, savadına malikdir. Musiqi savadı onu bu çətin işin öhdəsindən asanlıqla, məharətlə gəlməsinə yardımçı olur. Rəşadda çox gözəl musiqi duyumu var. O, oxuduğu mahnıların sözlərinədə önəm verir. Mahnı seçimində onu şanslı müğənni adlandırmaq olar. “ Sənin gülüşlərin”, “Sədaqətim var”, “Gəl qayıdaq o sahilə”, “Azərbaycan bayrağı”, “Şirvan bayatıları”, “Ay gözəlim”, “Qurban verərdim”,  “İnsaf da yaxşı şeydir”, “Azad bir quşdum”, “Sən gəlmədin” və s. Rəşadın ifasında ən sevilən, əzbərlənən, oxunan mahnılardandır.


Rəşad İlyasov şəxsiyyətində mən 3 cəhəti xüsusi qeyd etmək istəyirəm. Sənətinə məhəbbət və vurğunluq; yüksək mədəni və insani keyfiyyətlər; Vətənə, dövlətə, iqtidara sadiqlik. Məhz, bu cəhətlər Rəşadı səciyyələndirən keyfiyyətlərdəndir.    


Rəşad İlyasov daim çalışır, yeni-yeni musiqilər, mahnılar üzərində işləyir, repertuarını zənginləşdirir, yeniliklərə imza atır. Yaradıcılığında çox fəallıq göstərir. Tez-tez müxtəlif  televiziya və radio kanallarında, dövlət və digər tədbirlərdə, konsert proqramlarında çıxışlar edir, böyük coşqu və sevgi ilə qarşılanır.


O, bir insan kimi çox kövrək qəlbli, ürəyi təmiz, səmimi, ailəsinə, elinə, obasına bağlı olan bir insandır. O, yüksək əxlaqi-estetik mədəniyyəti ilə diqqət çəkir. Çox gözəl, savadlı nitq qabiliyyətinə, ədəbi dilə malik bir aparıcıdır. Onun AzTV-də verilişlər aparması gözlərimiz önündə olub. Hazırda AzTV-nin ən uğurlu, ən çox baxılan, qısa müddətdə böyük rəğbət, populyarlıq qazanan “Yaradanlar, yaşadanlar” verilişini böyük şövqlə, sevgi ilə, yüksək peşəkarlıqla aparmasını xüsusi vurğulamaq lazımdır.Bu veriliş əsasən, musiqili və ədəbi olduğu üçün çox baxımlıdır. Rəşadın peşəkarlığı, biliyi, musiqiyə və ədəbiyyata bələd olması, verilişin qəhrəmanı haqqında müfəssəl məlumata malik olması, iştirakçı qonaqlara müraciətləri diqqət çəkir, tamaşaçıda böyük zövq hissi aşılayır.          


Bir müddət öncə televiziyada yayımlanan “Bizimkilər” layihəsində Rəşad bir daha öz həssas musiqi duyumu, mahir ifa tərzi ilə tamaşaçıların zövqünü oxşamağa, onlarda rəğbət hissi aşılamağa müvəffəq oldu.


Ümumiyyətlə, Rəşadın başqa verilişlərdə də aparıcılığı həmişə fərqliliyi ilə, baxımlı olub. Təbii ki, o, illərin təcrübəsindən məharətlə özünəməxsus tərzdə bəhrələnib.


Rəşad İlyasov çox şirin, məlahətli səsə malik olan müğənnidir. Xalq və bəstəkar mahnılarını yüksək şövqlə, təkrarsız ifa tərzi ilə dinləyiciyə çatdıra bilir. O, əsla heç kimi təqlid etmir. Var qüvvəsini sənətə, musiqiyə sərf edir. Repertuarında türk və fars mahnılarına da vaxtaşırı yer verir, onu özününki edir, hər zaman dinləyicilərin, pərəstişkarlarının zövqünü oxşayır.


Mütaliəni, polemikaları çox sevən Rəşad yüksək dünya görüşünə malikdir. O, böyük ədəb-ərkana, əxlaqa malikdir. O, həm də yüksək estetik mədəniyyətə, efir və səhnə mədəniyyətinə malikdir. Heç bir zaman efirdə, səhnədə artıq hərəkətə yol verməz, lazımsız sözlər, ifadələr işlətməz. Çox ünsiyyətcil, diqqətcildir. Həssas qəlbli, təvazökar, həyatsevərdir. O, kimsənin qəlbini qırmaz, bacardığı yaxşılığı edər, dəstək verər. Hər zaman böyük-kiçik yeri bilən Rəşad kimsənin arxasınca danışmaz, intriqalara baş vurmaz. Rəşadın həyatda bir meyarı var : “ Musiqi, sənət, ifa, ailə “.


Rəşad İlyasovu səciyyələndirən bir cəhət də onun çox dəyərli, etibarlı, sədaqətli, sabitqədəm dost olmasındadır. 25 ildən artıq bir müddətdə dostluq münasibətimizdə mən onun məhz bu müsbət keyfiyyətlərini görmüşəm və müşahidə etmişəm. Uzaq bölgələrə səfərlərə çıxmışıq, tədbirlərdə iştirak etmişik. Hər dəfə o, əsl dost olmasını nümayiş etdirib. Yüksək əxlaq tərbiyəsi görmüş Rəşad həm də çox mehriban ailə başcısı, sevilən atadır. Ailə xoşbəxtliyinin sevincini yaşayır, xalqına, vətəninə, millətinə layiqli övladlar tərbiyələndirir.


O, vətənpərvər bir sənətkardır. Xarici qastrollarda da doğma Azərbaycanı ləyaqətlə təbliğ və tərənnüm edir. Dövlətə, dövlətçiliyə, iqtidara qırılmaz tellərlə, sevgi və məhəbbət hissləri ilə bağlıdır. Əksər dövlət tədbirlərində məmnuniyyətlə iştirak edir. Daim Prezident, Milli Məclis, bələdiyyə seçkilərində dövlət mənafeyindən çıxış edərək iqtidarın yanında olub, sadiqliyini nümayiş etdirib.

2009 və 2016-cı illərdə keçirilən Azərbaycan Respublikası referendumunda fəallıq göstərib, xüsusilə, Yasamal və Xızı rayonlarında təbliğatı işlərdə iştirak edib. Rəşad hər zaman fəxrlə deyir: “ Ulu öndər Heydər Əliyev şəxsiyyətinin, siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərlik etdiyi müstəqil Azərbaycan Respublikasının öncə vətəndaşı, sonra isə müğənnisi kimi fəxr edir, qürur hissi keçirirəm”.


Hazırda müğənnilik sənətini uğurla davam etdirən Rəşad dünya şöhrətli müğənni, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, Milli Məclisin deputatı, “Şöhrət” və “İstiqlal” ordenli Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda fəaliyyət göstərir, öz musiqiçi töhfəsini əsirgəmir.


Bu günlərdə AzTV-nin 60 illiyi təntənə ilə qeyd olunub. Fəxrlə demək olar ki, Rəşad İlyasovun həyatının 25 ili məhz, milli televiziyamızla bağlıdır. Bu Yubiley sevincindən ona da pay düşür desəm, yanılmaram. Milli Televiziyanın sıralarında rejissor, aparıcı, solist kimi fəaliyyətdə bulunaraq, həyatını bu doğma ocaqda – kollektivdə davam etdirir. O, öz istedadına, bacarığına güvənir, həyatın ona verdiyi nemətlərdən səmərəli istifadə edir.


Rəşad İlyasovla ünsiyyətdən, dostluqdan böyük zövq alıram. Çünki, onun yaradıcılığı çağdaş musiqi ifaçılığımızın müxtəsər musiqili ensiklopediyasıdır.


O, hər zaman gözəl siması, təmiz qəlbi, nümunəvi davranışı, həzin ifası ilə dinləyicilər, tamaşaçılar, fanatlar tərəfindən sevilir, mahnıları ilə evlərin, ailələrin mehmanı olur.

Tükənməz istedad sahibi olan Rəşad dağ çayı, dağ şəlaləsi kimi çağlayan bir müğənnidir.

Rəşad İlyasov uğurun, sənətin axarında şərəflə irəliləyir, uğurlara imza atır. Bu yolda ona müvəffəqiyyət arzulayıram. Tale yollarında Ulu Yaradan sənə yar olsun, Rəşad.


Hörmətlə:

Əməkdar jurnalist,  pedaqogika üzrə fəlsəfə doktoru,
“Tərəqqi” medalçısı  Qafar Əsgərzadə

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir