Modern.az

64 yaşlı jurnalist: “22 dekabr ailəmizdə 4 nəfərin ad günüdür” - MÜSAHİBƏ

64 yaşlı jurnalist: “22 dekabr ailəmizdə 4 nəfərin ad günüdür” - MÜSAHİBƏ

22 Dekabr 2016, 13:40

Tanınmış publisist-jurnalist Məzahir Süleymanzadənin bu gün 64 yaşı tamam olur. Məzahir Süleymanzadə 1952-ci ilin bu günü Bakıda doğulub. 1974-79-cu illərdə Bakı Dövlət Universitetinin Jurnalsitika fakültəsində təhsil alıb. 1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» ali mükafatına layiq görülüb. 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Həmin il müstəqil Azərbaycan mətbuatının ilk qaranquşlarından sayılan «Səhər» qəzetini təsis edib.  

Modern.az  saytı 64 yaşlı Məzahir Süleymanzadədən ad günü təəssüratlarını soruşub.


 -64 yaşlı Məzahir Süleymanzadə üçün doğum gününün özəlliyi nədir?

-Bizim ailədə doğum günü qeyri-adiliyi ilə seçilir. Həm rəhmətlik anamın, həm qardaşım Tahir Süleymanovun, həm də oğlumun ad günü 22 dekabrdadır. Ona görə də 22 dekabr bizim ailə günümüzə çevrilib. Böyük yubileylər öz yerində, digər doğum günlərində də dostlar, tanışlar yada salıb təbrik edirlər. Ad günlərimiz adi keçsə də, bir ailədən 4 nəfərin eyni günə təsadüf etməsi günə daha da özəllik qatır. Bizi tanıyanlar sağ olsunlar ki, xoş münasibətlərini bildirirlər.

-Adətən, doğum günlərinizi necə keçirirsiz? Daha çox kimlər sizinlə birgə olur?

-Əsas nəvələr bir yerə toplaşır, babalarının adına bişirilən tortdan dadırlar. Həm də həyatımın bütün şirinliyi nəvələrimlə bağlıdır. Nə uğurlarım varsa, onlara həsr edirəm və ondan zövq alıram. Ona görə də 64 illiyim nəvələrimlə birgə olacaq.

-64 yaşdan 2-3 addım əvvələ qayıdaq. 40 yaşınızda, 50 yaşınızda, hətta 60 yaşınızda  üeyd etdiyiniz doğum gününüzdən fərqli olaraq, 64 yaşda nə hisslər keçirirsiniz?

-Hər yaşın öz gözəlliyi, həyata baxışı var. Yaş artdıqca insanın həyata, hadisələrə münasibəti danışır. Şübhəsiz, mən də dəyişmişəm. İndi daha realistəm. Həyata baxışım daha kövrəkdir, daha realdır. Ona görə də dəyişiklikləri hiss edirəm. Amma ətrafa baxıb görürəm ki, yaxşı ab-hava var, gözəl mühit formalaşıb. Sağ olsunlar ki, keçdiyimiz yola qiymət verirlər. Bizi unutmurlar, vaxtaşırı xatırlayırlar. Bütün bunlar insanı yaşadan cəhətlərdir. Buna görə bir neçə il də yaşamağa dəyər.

-Yaş məsələsinə bir az da yaradıcılıq konteksindən yanaşaq. Yaradıcı insan olaraq, sizin üçün doğum günü keçirməyin fərqliliyi varmı?

-İnsan həyatı qiymətlidir. İnsan özü isə ən qiymətli varlıqdır. Amma məsələ bundadır ki, adi insan özü üçün, ailə üçün yaşayır. Yaradıcı insan isə onu əhatə edən insanlarındır, cəmiyyətindir. Çünki onun dediyi sözlər, cəmiyyətdə tutduğu mövqe önəmlidir. Eyni zamanda onun şəxsi nümunəsindən çox şey asılıdır. Buna görə yaradıcı insan daim cəmiyyəti, oxucuları, insanları düşünür. Həyatını ən azı ikiyə bölüb yarısını özü üçün yaşayırsa, digər yarısını cəmiyyət üçün yaşayır. Yaradıcı insana diqqət, tələb tamam başqadır. Biz də çalışırıq ki, həmişə adımız çəkiləndə ən azı dodaqlar qaçsın, gözlərdə sevgi əmələ gəlsin. Haqqımızda xoş sözlər desinlər.

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?