Modern.az

Müxalifətin İlham Əliyevlə bağlı ARZULARI

Müxalifətin İlham Əliyevlə bağlı ARZULARI

23 Dekabr 2016, 10:31

Dekabrın 24-ü Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. İlham Əliyev 1961-ci ilin 24 dekabr tarixində  Bakı şəhərində doğulub.

Milli Məclisdə təmsil olunan müxalifət partiyaları Modern.az saytı vasitəsilə ölkə prezidentinə təbrik ünvanlayıblar.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev:

“Mən bir müxalifət partiyasının rəhbəriyəm. Amma buna baxmayaraq ona şəxsi həyatında uğurlar, ailə səadəti arzulayıram. Hesab edirəm ki, İlham Əliyev çox səbrli, olduqca sadə və təvazökar bir insandı. Çox gözəl bir ailəsi var, babadır. Ölkə prezidenti kimi çox böyük çətinliklərə baxmayaraq ciddi şəkildə islahatlara gedən, Azərbaycanın müdafiə qabiliyətini artıran Ali Baş Komandandır. O, ermənilərin və ağalarının təpkilərinə baxmayaraq nəinki Dağlıq Qarabağ münaqişəsində güzəşt olunmayacağını, hətta Ermənistanın yerləşdiyi torpaqların da Azərbaycana aid olduğunu deyən  prezidentdir. İlham Əliyev 50 milyonluq Azərbaycan xalqının prezidentidir. Mən də prezidentimizi doğum günü münasibəti ilə təbrik edirəm”.

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli:

“Cənab prezidentin 55 yaşı yubiley də sayıla bilər. İlham Əliyevin doğum günü ciddi dövrə - postneft erasında yeni islahatların elan olunduğu bir zamana təsadüf edir. Bu günlərdə prezident özü də 11 istiqamət üzrə strateji planlar tərtib edib. Mən prezidentimizə ilk növbədə can sağlığı və bu islahatları uğurla başa çatdırmasını arzu edirəm. İnanıram ki, vaxtilə Malayziyada, Sinqapurda olduğu kimi, Azərbaycanda da islahatlar uğurlu nəticələr verəcək. Arzu edirəm ki, Azərbaycanda da neftdən asılılıq azalsın və prezidentin dediyi kimi, neft kapitalı insan kapitalına çevrilsin. Ciddi şəkildə korrupsiyanın kökü kəsilsin və insanların rifahı yüksəlsin.  Bu istiqamətdə ancaq uğurlar diləyirəm və hesab edirəm ki, Azərbaycan sabitlik təmin olunub. Sabitlik təmin olunmayan ölkələr hazırda müharibə meydanıdır. Prezidentimizə müvəffəqiyyətlər arzu edirəm, bizlər də deputat olaraq hər zaman ona dəstək verməyə hazırıq”.


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa:

“Əlbəttə prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan bölgədə ən sabit ölkədir. Bəzi çətinliklər yaşasaq da, sabitlik əsas meyarlardan biridir. Bu istiqamətdə ölkə prezidenti böyük zəhmət ortaya qoyub. Xarici siyasətdə balansın saxlanılması da Azərbaycanın normal inkişaf etməsinə şərait yaradır. Bütün hallarda mən İlham Əliyevi təbrik edirəm və ümid edirəm ki, bundan sonrakı illərdə də ölkə prezidentinin səyləri nəticəsində Azərbaycan cəmiyyəti ancaq inkişaf istiqamətində düşünəcək, daha böyük tərəqqi əldə edə biləcək.
Tezliklə Qarabağ probleminin həlli istiqamətində də nəticələrə nail olmağı arzu edirəm. Ölkə prezidentinə təbriklərimizi və diləklərimizi çatdırırıq”.

Deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası:

“İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmdə  bir çox uğurlara  imza atıb. Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə tanıdılması istiqamətində kifayət qədər ciddi işlər görülüb.

 

Azərbaycan regionun önəmli bir dövlətinə çevrilib. Eyni zamanda Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi platforma kimi tanınıb. Azərbaycanda dünya miqyaslı tədbirlər keçirilib. Xüsusi olaraq beynəlxalq forumlar, idman oyunlarını qeyd etmək lazımdır.

Nəqliyyat dəhlizlərinin sayı artırıldı. Bu uğurlar Azərbaycan prezidentinin əldə etdiyi uğurların bir hissəsidir. Bu minvalla ölkə prezidentinə möhkəm can sağlığı və uğurlar arzulayırıq. Ona növbəti ildə Azərbaycanın qarşısında duran bütün çətinliklərin aradan qaldırılması istiqamətində müvəffəqiyyətlər diləyirik. Şübhəsiz ki, prezidentin can sağlığı hər bir Azərbaycan vətəndaşı üçün önəmlidir. Ölkənin ritmi məhz onun nəbzində döyünür. Bu baxımdan da hesab edirik ki, bu ritm nə qədər dəqiq və düzgün olarsa, Azərbaycanın inkişafında ciddi irəliləyişlərin şahidi olarıq. Tanrı prezidentimizi, millətimizi və bayrağımızı qorusun”.

 

Qafar Ağayev

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?