Modern.az

Məmməd Aslanın qızı: “Heç bir ad günündə atamı təbrik edə bilmədim” - MÜSAHİBƏ

Məmməd Aslanın qızı: “Heç bir ad günündə atamı təbrik edə bilmədim” - MÜSAHİBƏ

Müsahibə

23 Dekabr 2016, 12:02

Dekabrın 24-ü mərhum şair Məmməd Aslanın 76 illiyidir. Məmməd Aslan 1939-cu ildə Kəlbəcərin Laçın kəndində ziyalı ailəsində anadan olub. Bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirilə başlayıb.

 

Modern.az saytı mərhumun qızı Təbrizə Aslandan atası ilə bağlı mini müsahibə alıb.

 

-Atanız Məmməd Aslan, doğum günlərini necə keçirməyi sevirdi?

 

-Atam heç vaxt doğum günlərinin keçirilməsini sevməyib. Deyirdi ki, təbrik edəndə nə deyək? Deyək ki, bu il də ömrümdən getdi?! Ona görə də ad günü mərasimlərinin keçirilməsini xoşlamırdı.  Hətta övladı olaraq, cürətlənib atamı təbrik edə bilməmişəm. Bilirdim ki, bunu heç sevmir.

 

-Ola bilərdimi, yaş üstünə yaş gəlməkdən qorxsun?

 

-Ola bilərdi. Amma 50 yaşında 75 yaşına baxanda daha cavan və gümrah idi.

 

-Nə vaxtsa Məmməd Aslan doğum günlərinə şeir həsr edibmi?

 

-Heç vaxt doğum günü ilə bağlı  şeirinə rast gəlməmişəm. Düzdür, tam deyə bilmərəm ki, atamın bütün yaradıcılığını izləmişəm. Yalan olar. Amma oxuduqlarımın arasında ad günü ilə bağlı sətirlərə rast gəlməmişəm. Atamın ad günlərində tort bişirildiyini xatırlamıram. Çünki belə bir şeyi heç vaxt sevməyib.

 

-Doğum günü keçirməyi sevməyən adam, hədiyyə qəbul etməyi də sevməyib o zaman.

 

-Bəlkə də, yaxın dostlarının verdiyi hədiyyəni qəbul edib. Onları geri qaytarmazdı. Amma ailə üzvləri olaraq, ona hədiyyə almamışıq. Bir məqam yadımdadır. Atam 70 yaşında Zaqatalaya gəlmişdi. Atamın xəbəri olmadan dostlarını bir araya yığıb ona 70 illik doğum günü keçirdik. Atamın 60 yaşı olanda Sumqayıtda yaşayırdı. Sumqayıtın icra başçısının təşəbbüsü ilə atamın 60 illiyi qeyd edilmişdi. Həm də atam sevmirdi ki, kimsə onun ad günü üçün əziyyət çəkib nəsə etsin. Bir məqamı xüsusi vurğulamaq istəyirəm.  Nə Yazıçılar Birliyi, nə də digər qurumlar atamın yubileyini qeyd edib. Halbuki, Yazıçılar Birliyi tərəfindən doğum günü ilə bağlı nəsə keçirilə bilərdi. Respublika səviyyəsində 70 illiyi ilə bağlı da nəsə edilə bilərdi. Amma olmadı.

 

-Mənə bir məqam da maraqlıdır. Məmməd müəllim öz doğum günlərinin keçirilməsini sevməsə də, övladlarının doğum günlərində şadlana bilirdimi?

 

-Atam nəvələrini hər zaman çox istəyib. Onların doğum günlərində çox sevinərdi. Uşaqları təbrik də edirdi.

 

-Qızı olaraq atanızın hansı arzusunu bu doğum günündə həyata keçirmək istəmisiniz.

 

-Atamın 2 ədəd çap olunası kitabı var. “Sözün özü” və “Adəmdən bu günə”. Bu kitablar  sağlığında işıq üzü görməyib. Bunun da səbəbləri var. Övladı olaraq bu kitabları çap edə bilməmişəm. Çox istərdim ki, çap etdirim. Kitablar evdə qalıb. Sağlığında atam kitablarının nəşr edilməsinə çox çalışıb. Ölümündən 10 gün qabaq “Şair səlahiyyətləri” kitabı nəşr olundu. Gördüyü axırıncı kitab oldu. Bu iki kitabın çap olunmasını çox istəyərdim. Sadəcə vaxt baxımından çap etdirməyə imkanım yoxdur.

 

-Səhv etmirəmsə, atanızın kitabxanasını da qaydaya salmağı düşünürsünüz.

 

-Atamın kitabxanasını hələ də düzəldə bilməmişəm. Bütün kitablar Xırdalandakı evimizdədir. Özüm də Zaqatalada yaşayıram.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu