Modern.az

Azərbaycanda tüğyan edən xəstəlik qripdən də təhlükəlidir

Azərbaycanda tüğyan edən xəstəlik qripdən də təhlükəlidir

24 Dekabr 2016, 11:44

Hazırda ölkə ərazisində hər birimizin ən yüngül xəstəlik sandığımız , həkimə getmədən evdə müalicə etməyə çalışdığımız soyuqdəymə, qripə yoluxma halları kəskin artıb.

 

Ailə üzvlərindən dörd nəfərindən ikisi, işdə yoldaşlarımızdan isə hər üç nəfərdən biri “qripəm” deyir.

 

Əslində qrip virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilkin əlamətləri asqırma və qızdırma olur. Qrip virus tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəmə çevrilir, ağrılaşma hallarında isə ölümlə nəticələnir. Biz isə evdə zoğal mürəbbəsi ilə qripdən yaxa qurtarmağa çalışırıq.

 

Səhiyyə Nazirliyi (SN) Respublika Taun Əleyhinə Stansiyanın (RTƏS) Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılova Modern.az-a açıqlamasında deyib ki, özündə qrip əlamətləri hiss edən şəxslər mütləq həkimə müraciət etməlidirlər:

 

“Bizdə əksəriyyət ev şəraitində müalicə alır. Ağırlaşma olanda isə “qripdir, keçəcək” deyirlər. Əslində isə həkimə müraciət etmək lazımdır. Oktyabr ayının əvvəlindən indiyədək tibb müəssisələrindən Respublika Taun Əleyhinə Stansiyaya xəstələrdən götürülmüş 240 müayinə materialı daxil olub. Müayinələr zamanı həmin nümunələrdə paraqrip, adena virus, kəskin respirator infeksiyalar aşkar olunub. Amma onların heç birində qrip, o cümlədən patogen qrip aşkarlanmayıb”.

 

R.İsmayılova  “hazırda müşahidə edilən viruslu infeksiya qrip olmadığına görədirmi ki, uzun müddət davam edir” sualına cavab olaraq deyib:

“Hər bir xəstəliyin inkubasiya, klinik dövrü var. Bütün respirator infeskiyalarda sağalma bir həftəyə baş verir. Həkimə müraciət etməyəndə ağırlaşmalar və fəsadlar meydana çıxa bilər. Bildiyiniz kimi respirator infeksiyalarda ağırlaşmalar acı fəsadlara yol aça bilər. Ona görə də həkimə müraciət mütləqdir”.

 

Onun sözlərinə görə, daxil olan müraciətlərdə bütün yaş qrupuna aid olan nümunələr var:

“Bizə daxil olan nümunələr yüksək hərarət, başağrısı, öskürək kimi əlamətlər müşahidə edilən xəstələrdən götürülüb. Həmin xəstələrin heç birində ağırlaşma müşahidə edilməyib”.

 

Gülşən RAUFQIZI

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir