Modern.az

Zeynəb Xanlarovaya yubiley TƏBRiKLƏRİ: “60 dərəcə istidə 2 saat yarım konsert verdi”

Zeynəb Xanlarovaya yubiley TƏBRiKLƏRİ: “60 dərəcə istidə 2 saat yarım konsert verdi”

24 Dekabr 2016, 12:54

Dekabrın 28-də  xalq artisti, deputat  Zeynəb Xanlarovanın 80 yaşı tamam olacaq.

Modern.az saytı Zeynəb Xanlarovanın 80 illik yubileyi ilə bağlı bir neçə şəxsin təəssüratlarını öyrənib.

 

Zeynəb Xanlarovanın yaratdığı Dövlət Ansamblının direktoru İldırım Qasımov, Zeynəb Xanlarovanın 80 illiyi bağlı danışarkən, ən xoş arzularını bildirib.

 

“Azərbaycanda ikinci Zeynəb Xanlarova yoxdur. Onunla çox ölkələrdə olmuşam. Hansı ölkədə konsertlər veribsə, onu alqışlayıblar. Maraqlı bir epizod danışım. Bir dəfə Yəməndə konsert verməli idi. Yəmən prezidenti xahiş etdi ki, klublarımız balacadır, meydançada çıxış edin. “Həm də  20 dəqiqəlik konsert verə bilərsiz” dedi.

Təsəvvür edin: Bayırda da havanın temperaturu 60 dərəcədir. Zeynəb xanım, 40 dəqiqənin yerinə, düz 2 saat yarım konsert verdi. Baxın, bizim Zeynəbimiz belə insandır. Ağıllı, ürəyi təmiz, qadın kimi çox ləyaqətli insandır. 40 ildir ki, Zeynəb Xanlarova ilə bir yerdə çalışıram.

 

Bu doğum günündə Zeynəb xanıma can sağlığı, uzun ömür arzulayıram. Nə arzuları varsa, onlar gerçək olsun. Nəvələrinin xoşbəxtliyini görsün. Allah onun canını sağ eləsin”.

 

Ansamblın üzvü, xalq artisti, tarzən Zakir Məmmədov, Zeynəb Xanlarovanın əvəzolunmaz sənətkar olduğunu deyib.

 

“Hal-hazırda da Zeynəb xanımla bir yerdə çalışıram. Onun haqqında o qədər xoş sözlər söyləmək olar ki! Zeynəb xanım əvəzolunmaz sənətkardır. Onun kimi gözəl insan, istedadlı müğənni tanımıram. 1990-cı ildən bu günə kimi onunla bir yerdə çalışıram. Onunla bağlı o qədər xoş xatirələr var ki!

 

Bir neçəsini demək istəyirəm. 1992-ci ildə Avstraliyada konsert vermişik. Zeynəb xanım təkcə ansamblın gücünə oxuyan müğənnilərdən olmayıb. Həmin vaxt  mən, klarnet çalan rəhmətlik Vəli və nağaraçalanla birgə Avstraliyaya getmişik.

 

Konsert yüksək səviyyədə keçmişdi. Zeynəb xanımla 3 saat, 4 saat yarım konsertlər verdik. Bunu da hər sənətçi bacarmır. 1991-ci ildə Türkiyədə konsert verərkən 40 min adam vardı. Həmin konsert vaxtı insanların çoxu kənarda qalmışdı. Yadımdadır, Zeynəb xanım xahiş etmişdi ki, insanlar bayırda qalmasın. Konsert stadionda baş tutmuşdu. Hətta, bu yaxınlarda Zeynəb xanımla birgə xarici ölkələrin birində konsertimiz olacaq. Bizim onunla bağlı xoş xatirələrimiz var. Bu doğum günündə ona can sağlığı arzulayıram.

 

Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov da Zeynəb Xanlarova ilə bağlı xoş təəssüratlarını bölüşüb.

 

“Zeynəb Xanlarova elə sənətkardır ki, onun haqqında günlərlə aylarla danışsaq belə, yorulmarıq. Onunla bir neçə dəfə görüşlərimiz olub.

 

Doğrudan da, Zeynəb Xanlarova canlı əfsanədir. Onunla bağlı o qədər xoş sözlər demək olar ki! Əvəzolunmaz sənətkardır. Zeynəb xanıma salam və təbriklərimi çatdırıram!”

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir