Modern.az

22 noyabr 1988-ci ildən bir xatirə

22 noyabr 1988-ci ildən bir xatirə

24 Dekabr 2016, 16:12

Böyük sənətkarımız Zeynəb xanım Xanlarovanın ifaçılıq məharəti, səhnə mədəniyyəti, ümumiyyətlə ölkəmizin mədəni həyatındakı yeri, rolu barədə saysız- hesabsız məqalələr, kitablar yazılmışdır. Yeri gəlmişkən,  istedadlı şair- publisist Fazil Rəhmanzadə Zeynəb xanım haqqındakı kitabında müğənninin portretini çox uğurla yaratmışdır. Ölkəmizdə və xaricdə milyonların qəlbini fəth etmiş sənətkar haqqında bundan sonra da saysız- hesabsız yazıların qələmə alınacağı şəksiz, şübhəsizdir.Qısaca desəm, Z. Xanlarova Azərbaycan mədəniyyəti tarixində əbədi yaşamaq haqqını qazanmışdır.

 

Zeynəb xanım, həm də Azərbaycanı, onun hər bir övladını, Vətənimizin istiqlalını bütün varlığı- qəlbi və canı ilə sevən bir insandır. Onun dünyanın ən mötəbər səhnə və tribunalarındakı çıxışları, fədakar fəaliyyəti deyilənləri təsdiqləyir. Bəzən bir söz, bir hərəkət insan təbiətini, xarakterini açmağa, onun əqidəsi, amal haqqında fikir yürütməyə kifayət edir.

 

... 22 noyabr 1988- ci il. Mənfur ermənilərin Azərbaycana torpaq iddiası xalqımızın kəskin etirazına səbəb olmuşdu, yüz minlərlə insan gecə-gündüz Azadlıq meydanında  Moskvanın ədalətsiz, ermənipərəst siyasətinə etiraz edir, haqsızlığa dərhal son qoyulmasını tələb edirdi. Saat 17 radələrində çıxış üçün söz aldım: - Xəzərdə neft fontan vuranda Moskva 5 dəqiqə sonra bu xəbəri   eşidir. İndi neçə gündür ki, bir milyon insan haykırır. Sanki Moskvanın qulaqlarına pambıq tıxanmışdır- deyə  tələblərimi bəyan etməklə çıxışımı sona çatdırdım (bax:Ədalət Tahirzadə. Meydan: 4 il 4 ay. 2 cilddə I cild. Bakı, “ Ay- ulduz” nəşriyyatı, 1997, səh. 152, 488 səh.).

 

O vaxtlar “Vətən” Cəmiyyətində- “Odlar yurdu” qəzetində işləyirdim. Ertəsi işə gəldim. Cəmiyyətin Rəyasət Heyətinin sədri Elçin müəllim məni kabinetinə dəvət etdi. “Afərin, dünənki çıxışınla  ürəyimizdən tikan çıxardın.Bilirsənmi, sən çıxış edən zaman Azərbaycan televiziyası meydandan canlı yayım verirdi. Sənin çıxışın bitmişdi ki, Zeynəb xanım mənə zəng etdi , dedi ki, ay Elçin müəllim, adını bilmədim, amma bir nəfər “Vətən” cəmiyyətinin adından çıxış etdi. O qədər təsirləndim , kövrəldim ki, hisslərimi ifadə edə bilmirəm.Allah bu ermənilərin də, Moskvanın da bəlasını versin. Elçin müəllim sonra da gülə-gülə əlavə etdi: - Zeynəb xanım xahiş etdi ki,onun adından da sənə “sağ ol”- deyim.

 

Dediklərim indi unudulmaz xatirədir, eyni zamanda Zeynəb xanımın böyük ürək sahibi, həqiqi vətənpərvər, həssas bir insan olduğuna dəlalət edir. Mən də milyonların təbrikinə qoşulr, Zeynəb xanımı yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ən xoş arzularımı bildirirəm.

 

Abid Tahirli

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı